Məhkəmə qərarları › İş №2(103)-3595/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3595/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3595/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması, əlavə xərc ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X6 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, uşaqların yеtkinlik yаşınа çаtаnаdək analarının himayəsində saxlanılması, cavabdehdən 29 yanvar 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. X7 xx.xx.2023-cü il tarixində “Dayaq ortez və protez mərkəzi”ndə ortopedik müayinədən keçmişdir və müayinə əsasında anadangəlmə çəkmə döş diaqnozu qoyulmuşdur. Müalicə məqsədi ilə “Pectus Excavatum” ortezi təyin olunmuşdur. Təyin olunmuş ortezin qiyməti 950 manatdır. İddiaçı "xxxx" MMC-də kadrlar üzrə böyük mütəxəssis vəzifəsinə işləyir və aylıq əmək haqqı məbləği 1035 manat təşkil edir, cavabdehin əmək müqaviləsi haqqında məlumat aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşaq üçün 235 AZN olmaqla, cəmi 470 AZN sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, X3 xəstəliyi sağalanadək müalicəsi üçün çəkilən və gələcəkdə çəkiləcək olan əlavə xərclərin qarşılığı olaraq həmin uşaq üçün əlavə 215 AZN məbləğində xərcin hər ay cavabdehdən tutularaq ona ödənilməsi, 50 AZN mediasiya prosesi üçün çəkilən xərcin cavabddehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaq böyüdükcə artan xərclərinə kifayət etmir. Oğlu Nərimana “yüngül dərəcə Trikuspit qapaq çatışmazlığı” diaqnozu qoyulmuş və 6 ay sonra kontrol müayinə məsləhət görülüb. Ortopedik müayinədən keçib, müayinə əsasında anadangəlmə çəkmə döş diaqnozu qoyulub, təyin olunmuş ortezin qiyməti 950 AZN qeyd olunub. Eləcə də sinə deformasiyası tam aradan qalxanadək mütəmadi olaraq müalicə üçün hər ay yoxlanışın keçrilməsi və müşahidə altında tutulmasının vacibliyi vurğulanıb.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-746/24 saylı iş üzrə 01 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia qismən təmin edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi, cavabdehin xx.xx.2016-cı il tarixdə doğulmuş X4 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat pulun iddiaçının xeyrinə tutulması, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pulun cavabdehdən tutulub, iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, uşağın saxlanılması üçün 2021-ci ildə hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra iki ildən artıq müddət keçmişdir, bu müddətdə uşaqlar böyümüş, onların tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. İddiaçı cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. X1 anadangəlmə çəkmə döş diaqnozu ilə müalicə təyin olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəməyə uşağın xəstəliyi və müalicəsi ilə bağlı sənədlər təqdim edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76.2, 78.1, 112-ci maddələrinə və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin tutduğu məbləğ Nəriman Mürsəlzadənin xəstəliyinin sağalmasına gedən yolda hər ay xərclənən pulun təxminən 1/9 (doqquzda biri) deməkdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və AR Ailə Məcəlləsinin 56-ci maddəsinə zidd mövqedir. Məhkəmənin mövqeyindən belə çıxır ki, hər ay xəstəlik üçün ata 50 manat, ana isə təxminən 400 manat ödəyir və bu da ananın xərclərinin çoxalmasına, gəlirlərin uşaqların düzgün inkişafına yatırmağa və eləcə də azyaşlıNərimanın daha tez sağlamlığına qovuşmağına ciddi maneələr törədəcək, axsaqlıqlar yaradacaq. Cavabdeh məhkəmə prosesində şifahi şəkildə özünü təqdim etdiyi kimi imkansız və aliment ödəmə iqtidarında olmayan şəxs deyil, əksinə sağlam, bacarıqlı, tam fəaliyyət qabiliyyətli, bizneslə məşğul olan və hal-hazırda da kifayət qədər gəlirləri olan orta imkanlı şəxsdir və onun veridyi izahat aliment ödəməkdən yayınmaq, uşağı saxlamamaq məqsədi daşıyır. Qanunvericiliyin də tələbləri aydındır ki, 235 manat yaşayış minimumudur və ortalama bir ailənin uşağını götürsək, hazırda 235 manat belə uşağın tələbatlarını tam ödəmir. Nəzərə almaq lazımdır ki, iddiaçının işləyərək aldığı maaşla hər iki uşağı saxlamaq və yuxarıda adını çəkdiyi xəstəliklərdən əziyyət çəkən Nəriman Mürsəlzadənin xəstəliyinin sağalması üçün müalicə üçün pul ayırmaq çox çətindir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı

Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, cavabdeh isə apllyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

18. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbini, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 175 manatdan 200 manata artırmışdır.

19. Apellyasiya şikayətinin əlavə xərcin məbləğinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

20. Baxılan iş üzrə iddiaçı cavabdehin gəlirləri və daha çox əlavə xərc ödəmək imkanına malik olması barədə hər hansı sübut təqdim etməmişdir.

21. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 01 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar