Məhkəmə qərarları › İş №2(103)-3596/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3596/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3596/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilən şikayət üzrə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında ona məxsus həyətin hasarının cavabdeh təşkilat tərəfindən qəzalı vəziyyətə düşməsinə səbəb olan kanallizasiya xətinin çəkilməsi ilə bağlı dəymiş 3000 manat maddi ziyanın ödənilməsi və ya hasarın sökülərək fundamentinin tökülməsi, yenidən hasarın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 4155 (dörd min yüz əlli beş) manat maddi ziyan tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmişdir. Qərardaddan cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şikayət AR MPM-nin 361.1-ci maddəsinə uyğun verilmədiyi əsası ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət AR MPM-in 361.1-ci maddəsinə uyğun verilmədiyinə görə, eyni zamanda qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh bu qərardaddan da şikayət vermişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qərardaddan şikayət vermə müddəti buraxıldığından geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddət bərpa edilmişdir. İddiaçı sonuncu qərardaddan şikayət vermiş, şikayət müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən sübutların təqdim edilməməsi ilə əsaslandırılmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3050/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırda birinci instansiya məhkəməsi tərəfindən mülki iş Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilən şikayətə baxılması üçün Bakı Apellyaiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 269-cu maddəsinə əsasən qərardaddan verilən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Əgər şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki işin materiallarından göründüyü kimi Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddət bərpa edilmişdir. Bundan sonra həmin qərardaddan iddiaçının verdiyi şikayətə baxılaraq şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilərilmiş, məhkəmə də məhz xx.xx.2023-cü il tarixdən iddiaçının verdiyi şikayətə baxaraq, şikayəti təmin etməmiş, iş birinci instansiya məhkəməsinə göndərilmiş, həmin məhkəmə tərəfindən isə xx.xx.2022-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə hər hansı münasibət bildirilmədən, MPM-in 269cu maddəsinin tələblərinə əməl olunmadan həmin şikayət iş materiallarına əlavə edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün üçün ötürülmüş müddət bərpa edildiyindən, hazırda verilmiş şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə əsasən yenidən baxmalı və müvafiq münasibət bildirməli olduğu halda, rayon məhkəməsi bunu etməmiş və həmin şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixli qərardaddan cavabdeh tərəfindən verilən şikayətə Səbail Rayon Məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada münasibət bildirilmədiyindən, şikayət üzrə apellyasiya qeyrimümkün hesab olunmalı və şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə riayət olunması üçün Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 397, 400, 402, 405, 406-cı maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət olunması üçün Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar