Məhkəmə qərarları › İş №2(103)-3596/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3596/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3596/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında 28 dekabr 2019-cu il tarixdə bağlanaraq, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-1777 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. Borc verən Borc alana 64000 manat 00 qəpik (altımış dörd min manat sıfır qəpik) məbləğində pul borc verir. 2. Borc alan krediti xx.xx.2021-ci il tarixədək Borc verənə xx.xx.2020-ci il tarixindən başlayaraq hər ödəniş ayının 5-ci günü aylıq 2667 (iki min altı yüz altmış yeddi) manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.

2. 16.03.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 284 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Bakı şəhəri 51 saylı Notarial ofisində bağlanmış 28 dekabr 2019-cu il tarixli 3M-1777 reyestr nömrəli Kredit müqaviləsinə əsasən, o pulu 28 dekabr 2021-ci il tarixinədək qaytarmağı öhdəsinə gölürmüşdür. Müqavilə müddəti 28 dekabr 2021-ci il tarixində bitməsinə baxmayaraq, cavabdeh ondan aldığı 64000 manatı ona qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət edərək ona olan borcunu qaytarmağını xahiş və tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, mübahisənin qanun çərçivəsində məhkəmələr tərəfindən həll edilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 60900 (altımış min doqquz yüz) manat məbləğində borcun və ödənilmiş 268,34 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması və ödənilmiş dövlət rüsumunun 13,66 manatı İddiaçı aid edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki,28 dekabr 2019-cu il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 64000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin 28 dekabr 2019-cu il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi 28 dekabr 2021-ci il tarixindən sonra cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki,iş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Nizami RPİ-də yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı polis idarəsində vermiş olduğu xx.xx.2021-ci il tarixli izahatında cavabdeh tərəfindən hazırkı vaxtadək 2500 manat qaytardığını, məhkəmə iclasında isə xx.xx.2023-cü il tarixdə 600 manat ödəniş etdiyini qeyd etmişdir. Belə ki, iddiaçının qeyd etdiyi məlumatlara əsasən borcdan ümumilikdə 3100 manat ödəniş edilmişdir. Cavabdehin polis idarəsində izahatında göstərdikləri ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının ona borc pul vermədiyini, mal aldığını, iddiaçının onu aldadaraq notariusda müqavilə bağladığını göstərsə də, qeyd edilənləri təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən cavabdehə iştirakını təmin etmək və sübutlarını təqdim etmək üçün kifayət qədər vaxt verilmişdir. Belə olan halda, məhkəmə cavabdehin göstərdiklərini əsaslı hesab etmir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2,331.1,334.1,385.1,390.1,448.1,739.1, 739.2,740.1,740.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 216-220 ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2 (007)-1660/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxan məhkəmə iddiaçının tələbi ilə bağlı işin faktiki hallarını müəyyən etməmişdir. Həmin əqdin real olub-olmaması ilə bağlı məhkəmə aşağıdakı səhvlərə yol vermişdir: 1) cavabdehin iştirakını təmin etməmişdir; 2) həmin əqd üzrə pulun reallıqda verilib-verilmədiyini araşdırmamışdır; 3) cavabdehin Nizami RPİ-də yazmış olduğu izahatının məzmunu üzrə araşdırma aparmamışdır. Bu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385-ci maddəsinə əsasən iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehə pul verilib-verilmədiyini araşdırmamış, notariat kontorundan bu barədə müvafiq sənədləri tələb etməmiş, mübahisəni formal mülahizə əsasında həll etməyə çalışmış, nəticədə iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. İşin halları budur ki,iddiaçı ilə cavabdeh arasında dərman preparatlarının satışı ilə bağlı mülki hüquqi münasibətlər yaranmış, cavabdehə satması üçün mallar verilmiş, əvəzində görüntü üçün kredit müqaviləsi bağlanılmış, dərman malları yararlıq müddəti az olduğu üçün, kəmiyyət uyğunsuzluğu olduğu üçün satılmamış, nəticədə hazırkı mübahisə yaranmışdır. Məhkəmə isə işin bu hallarını araşdırmadan cavabdehdən 60900 (altmış min doqquz yüz) manat tutulması barədə nəticəyə gəlmişdir. Bu isə işin müəyyən edilən halı ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluqdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixində qəbul etdiyi qətnamə işin faktiki hallarına uyğun əsaslandırılmamışdır.Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə prosesində iştirak etməyib,onun ünvanına bildiriş göndərilməyib. Məhkəmədə icraat gedən zaman cavabdeh Azərbaycan Respublikasında olmayıb,işi ilə əlaqədar ölkə xairicində olmuşdur. Məhkəmə cavabdehin iştirakını təmin etməyib, prosessual pozuntudur. Belə olan halda sübutlar təqdim etmək imkanı olmayıb.Birinci instansiya məhkəməsinə təqdim etmək imkanları olmadığı üçün diski burada təqdim etdilər. Bildirişlərin göndərildiyi ünvan cavabdehin yaşadığı ünvan olmayıb,cavabdeh həmin mənzili satıb və məhkəmə bunu araşdırmayıb. Cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməyib.Cavabdehin məhkəmə iclasında iştirakı təmin edildiyi halda müqavilənin formal bağlandığını sübut edə bilərdi.Həm Cavabdeh,həm də İddiaçı dərman preparatlarının saxlanması, ticarəti, paylanması işləri ilə məşğul olublar.Onlar əməkdaşlıq ediblər. Cavabdeh bildirib ki,o İddiaçı ilə tanış olduqda malları olduğunu və malları bazara,apteklərə paylamaq istədiyini bildirib. Cavabdeh bildirib ki, onun Yasamal rayonunda dərmanları bazara çıxarmaq üçün saxladığı anbarı var. Cavabdeh dərmanların İddiaçı qəbul edlib saxlanılması və bazara çıxararaq satılması işini təşkil edəcəyini bildirib.Cavabdeh sonradan dərman qablarında dərmanların kəmiyyətcə az olduğunu aşkar edib. Qutunun içərisində 60 tabletka yazılmasına baxmayaraq 30 ədəd çıxması nəticəsində kəmiyyət fərqi yarandı.Dərman preparatlarının çoxunda istehlak müddəti çox az qalmışdır,apteklər qəbul etməyib.Cavabdeh dərhal iddiaçıya bu dərmanlarla bağlı belə bir problem olduğunu bildirib.İddiaçı elə olmadığını deyib və yaranmış fikir ayrılığı bu müqavilənin bağlanılmasına səbəb olub. Ümumiyyətlə,onların arasında pul münasibəti olmayıb.Ona görə də iddiaya etiraz edir və qətnamə ilə razı deyil. İş materialları ilə ətraflı tanış olmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş edir.

12. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 çıxış edərək bildirdi ki, tərəflərin arasında əvvəl dərmanla bağlı münasibətləri olub. İddiaçının Elmin adında qohumu var, onun vasitəsi ilə tanış olublar.Bu münasibətin yaranmasının səbəbi iddiaçının həmin dərmanları satmaq istəməyərək Cavabdeh təklif edilməsi olmuşdur. Cavabdeh dərman alğı-satqısı ilə məşğul olduğundan bu dərmanların istifadə müddətinin bitməsinə çox qaldığına görə gəlir əldə edə biləcəyini hesab edib. Müqavilə bağlanıldıqdan sonra Cavabdeh anbardan zəng vuraraq aldadıldığını deyiblər. Dərmanların vaxtı bitib,bəzisinin vaxtına 2 ay qalıb,hansı ki,bunlar balıq yağı və s. Yay fəslində satılmayan dərmanlar olmuşdur. O, Cavabdehla ətraflı söhbət aparmışdır. O, 12.000 manatı qəbul edir. Digər hissədə isə aldadılıb və şişirdilmiş rəqəmlərdir.Tərəflər arasında danışıqlar gedir. Cavabdeh 12.000 manat vermək istəyir,qarşı tərəf isə daha çox verilməsini istəyir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirmişdir ki, o, Azərbaycan Tibb Universitetini bitirmişdir,dərman sektorunda 25 illik təcrübəsi var. Cavabdeh ona borc müqaviləsi ilə 64.000 manata imza edib.Buna heç kim onu məcbur etməyib, aldadılmadan söhbət gedə bilməz,o, bunu qəbul etmir və böhtan olduğunu hesab edir. Cavabdeh ona ayrı-ayrı 500 manat,1000 manat ödəyib,onu da o məcbur etməmişdir, 600 manat da xaricdən ödəyib. Cavabdeh icra şöbəsində də işi var. O, notariat qaydada təsdiq edilmiş 64.000 manat borcumu tələb edir. Cavabdeh iki vəkillə təmsil olunur, onlardan biri ya da cavabdehin özü iştirak edə bilərdi. Cavabdeh sadəcə vaxt uzatmağa çalışır. İcra şöbəsində 5-6 işi də var. Keçən iclasdan sonra vəkillərdən biri məbləğ təklif etdi, digəri də bildirdi ki, cavabdeh pis insan deyil.Tam məbləği tələb edir. Şikayətin təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, hazırkı iddiasında iddiaçı tərəflər arasında Bakı şəhəri 51 saylı Notarial ofisində bağlanmış 28 dekabr 2019-cu il tarixli 3M-1777 reyestr nömrəli kredit müqaviləsi üzrə 64000 (altımış dörd min) manat pulun və ödənilmiş 282 (iki yüz səksən iki) manat dövlət rüsumunun, ümumilikdə 64282 (altımış dörd min iki yüz səksən iki) manat pulun Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 60900 (altımış min doqquz yüz) manat məbləğində borcun və ödənilmiş 268,34 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması və ödənilmiş dövlət rüsumunun 13,66 manatı İddiaçı aid edilməsi qət edilmişdir.

22. Cavabdehin apellyasiya şikayətinin dəlilləri odur ki, birinci instansiya məhkəməsi onun iştirakını təmin etməmiş, mübahisələndirilən əqd üzrə pulun reallıqda verilibverilmədiyini araşdırmamış, cavabdehin Nizami RPİ-də yazmış olduğu izahatının məzmunu üzrə araşdırma aparmamışdır.

23. İlk növbədə qeyd olunmalıdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi və sms bildiriş göndərilməklə məlumat verilmişdir. Sms bildiriş çatdırılmışdır. Cavabdeh isə həmin dövrdə ölkədən kənarda olmuşdur.

24. Bundan əlavə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə və Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmiş və Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən 28 dekabr 2019-cu il tarixli 3M-1777 reyestr nömrəli kredit müqaviləsinin və digər sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.

25. Sorğu əsasında məhkəməyə təqdim edilmiş 28 dekabr 2019-cu il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 64000 manat pul "xxxx"ASC-nin Azadlıq Filialının bank hesabına mədaxil edilmişdir.

26. 28 dekabr 2019-cu il tarixli B-1816 nömrəli məktuba əsasən müəyyən edilir ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 64000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan AZ43MUGA**********2163AZM53 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

27. 28 dekabr 2019-cu il tarixli Cavabdeh tərəfindən Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu X2 ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki,Cavabdeh İddiaçı 64000 manat pul məbləğinin razılaşma müqaviləsinə əsasən alınması barədə razılığa gəlmişdirlər və həmin məbləğin müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra Bakı şəhəri 51 saylı Notariat Ofisinin depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah edilmişdir.

28. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021ci il tarixli qərardan görünür ki, İddiaçı Nizami RPİ-də yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı polis idarəsində vermiş olduğu xx.xx.2021-ci il tarixli izahatında cavabdeh tərəfindən hazırkı vaxtadək 2500 manat qaytardığını, məhkəmə iclasında isə xx.xx.2023-cü il tarixdə 600 manat ödəniş etdiyini qeyd etmişdir. Belə ki, iddiaçının qeyd etdiyi məlumatlara əsasən borcdan ümumilikdə 3100 manat ödəniş edilmişdir.

29. Cavabdeh polis idarəsində izahatında qeyd edir ki, iddiaçı ona borc pul verməmiş, mal almış, iddiaçı onu aldadaraq notariusda müqavilə bağlamışdır.

30. Məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir.

31. Etibarsızlıq, özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri, bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir).

32. Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.

33. Cavabdeh tərəf aldanıldığına istinad edir. Yəni iradəsinin zədələndiyi bildirməklə əqdi mübahisələndirir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir.

35. Nəzərə alınmalıdır ki, cavabdeh bu halı sübut edə bilmir, məhkəmə isə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmir.

36. O cümlədən, qeyd olunmalıdır ki, cavabdeh iddiaçının pul tələbini qismən qəbul edir. Belə ki, cavabdehin nümayəndə və vəkilləri cavabdeh tərəfindən 12000 manat məbləğində ödənişin edilməsi mümkünlüyünü qeyd edir. Göründüyü kimi cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olmasını inkar etmir.

37. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında notarial qaydada bağlanmış etibarlı müqavilə vardır. Müqavilə üzrə borc ödənilməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış 28 dekabr 2019-cu il tarixli 3M-1777 reyestr nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan borc məbləği ilə bağlı düzgün qənaətə gəlmişdir.

39. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1660/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən cavabdeh rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar