Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3596/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X9 oğlunun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-944/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 nömrəli kredit müqaviləsindən görünür ki, Bank xx.xx.2025-ci il tarixinədək, illik 18 % dərəcəsi ilə 735 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Müqavilənin 1.3-cü bəndinə görə kreditin məqsədli təyinatı xx.xx.2021-ci il tarixli, 4013nkİNSH/21 nömrəli müqavilənin bağlanmasıdır.
3. Müqavilənin 1.4-cü bəndinə görə müqavilə üzrə ayrılmış kredit borcalanın cari hesabından bank tərəfindən akseptsiz qaydada silinir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsini istisna edir.
4. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh "xxxx" ASC-yə 265,61 manat məbləğində əsas borc, 15,86 manat faiz borcu və 10,63 manat cərimə borcu olmaqla, cəmi 292,10 manat məbləğində borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “X6” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 265,61 manat əsas, 15,86 manat faiz, 10,63 manat cərimə borcu olmaqla cəmi 292,10 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 31 ay müddətinə illik 18% ödəmək şərtilə 735 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-944/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə isə iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilən sübutlar yalnız xx.xx.2022-ci il tarixli müqavilə, müqaviləyə əlavə ödəniş cədvəli və bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş maliyyə arayışıdır. Nə qədər ki, kredit məbləğinin cavabdeh verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir, bu mövcud sübutlar əsasında iddianın təmin edilməsi yolverilməzdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 399.1, 442, 739.1, 743.1 və 743.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
10. İddiaçı "xxxx" Kommersiya Bankı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 2(004)-944/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 31 ay müddətinə illik 18% ödəmək şərtilə 735 manat məbləğində restrukturizasiya layihəsi çərçivəsində (əvvəlki kreditin sağlamlaşdırması) kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.” İddiaçı Unibank KB ASC ilə Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 saylı kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən, (kreditin məqsədli təyinatı) “xx.xx.2021-ci il tarixli, 4013nkİNSH/21saylı kredit müqaviləsinin bağlanılması (məbləğ 734,59 manat)” qeyd-şərti qeyd olunmuşdur. Beləliklə, xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 saylı kredit müqaviləsindən göründüyü kimi, bağlanmış kredit müqaviləsi əslində restrukturizasiya müqaviləsi olmuş, yəni 1.3-cü bəndində qeyd olunmuş kredit müqaviləsinin bağlanması şərtilə razılığa gəlinmiş və bununla da tərəflərin iradə ifadələri öz imzaları ilə təsdiq edilmişdir. Beləliklə burada kassa məxaric orderi və ya pulun faktiki olaraq verilməsini təsdiq edən hər hansı bir sənəddən söhbət gedə bilməz. Beləliklə, işə baxan məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023 nömrəli Qərarında olan dəlillərə istinad edib, hazırkı iş üzrə iddianı rədd etməklə tamamilə yanlış qənaətə gəlmişdir. Halbuki cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 saylı kredit müqaviləsinin 1.3 və 1.4-cü bəndləri kredit müqaviləsinin restrukturizasiya (kreditin sağlamlaşdırılması) olduğuna dəlalət etməklə, müqavilədə qeyd olunmuş məbləğin cavahdehə faktiki olaraq (nağd və ya nağdsız) verilməsini istisna edir. Eyni zamanda, müqavilənin 1.4-cü bəndinə əsasən, “Bu müqavilə üzrə ayrılmış kredit borcalanın xx.xx.2021-ci il tarixli, 4013nkİNSH/21 saylı kredit müqaviləsi üzrə borcalanın qalıq borcunun ödənilməsi üçün borcalanın cari hesabından Bank tərəfindən akspetsiz qaydada silinir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi, müqavilə üzrə borcalanın nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir.” Bundan əlavə, müqavilənin 1.5-ci bəndinə əsasən, “bu müqavilə üzrə kredit vəsaitinin borcalanın cari hesabına köçülürməsi, borcun akspetsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur.” Beləliklə müqavilədən göründüyü, Ali Məhkəmənin oxşar qərarlarına istinad etməklə, məhkəmənin gəldiyi qənaət tam əsassız olmaqla yanaşı, müqavilə rejimi üzrə tənzimlənən kredit münasibətlərinə (1,3 1.4 və 1.5-cü bəndlər) məhkəmə tərəfindən düzgün qiymət verilməməsi və kredit müqaviləsinin hərtərəfli araşdırılmaması (restrukturizasiya, sağlamlaşdırma olub-olmaması) nəticədə qanunsuz və qeyri-obyektiv qətnamənin çıxarılması ilə nəticələnmişdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasınn iclasında iştirak edən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyatora münasibətdə təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 23.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
24. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 25.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 27.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 28.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 29.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 30.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
31.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 32.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə).
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.
35. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 nömrəli kredit müqaviləsinə əsasən, Bank xx.xx.2021-ci il tarixli, 4013nkİNSH/21 nömrəli kredit müqaviləsinin bağlanması məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixinədək, illik 18 % dərəcəsi ilə 735 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunmuş, kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsi istisna edilmişdir.
36. "xxxx" ASC müqavilə ilə üzərinə düşən öhdəliyini icra etsə də, yəni cavabdehin adına açılmış hesaba xx.xx.2021-ci il tarixli, 4013nkİNSH/21 nömrəli müqaviləyə əsasən yaranmış borc məbləğində pul köçürsə də, sonuncu müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş, nəticədə onun banka həmin müqaviləyə görə xx.xx.2024-cü il tarixə 265,61 manat əsas borcu, 15,86 manat faiz borcu və 10,63 manat cərimə borcu yaranmışdır.
37. Cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir.
38. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə zidd şəkildə işin faktiki hallarını ətraflı müəyyənləşdirməyərək səhv hüquqi nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir.
39. Belə ki, məhkəmə, bank tərəfindən qarşı tərəfin kredit öhdəliyinin mövcudluğunu sübut etmək üçün kredit müqaviləsi üzrə kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyini, təqdim edilən sübutların yalnız xx.xx.2022-ci il tarixli müqavilə, müqaviləyə əlavə ödəniş cədvəli və bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş maliyyə arayışından ibarət olduğunu, kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyini qeyd edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023 nömrəli Qərarına əsasən, mövcud sübutlar əsasında iddianın təmin edilməsi yolverilməz olduğu qənaətinə gəlmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2-2(102)- 575/2023 nömrəli Qərarında həqiqətən göstərilmişdir ki, ... kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
41. Halbuki birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı işin hallarına görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 31 ay müddətinə illik 18% ödəmək şərtilə 735 manat məbləğində kredit məhz restrukturizasiya layihəsi çərçivəsində (əvvəlki kreditin sağlamlaşdırılması məqsədilə) verilmişdir. Bu xüsusat xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 saylı kredit müqaviləsinin 1.3-cü bəndində öz əksini tapmışdır.
42. Belə ki, xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 saylı kredit müqaviləsi əslində restrukturizasiya müqaviləsi olmuş, həmin müqaviləyə əsasən kredit vəsaitinin borcalana nağd qaydada verilməsi, yəni hesabdan məxaric edilməsi istisna edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023 nömrəli Qərarı ilə öz həllini tapmış kommersiya mübahisəsinin halları hazırkı işin hallarından fərqlidir, Ali Məhkəmənin o iş üzrə sərgilədiyi mövqe də bu işin halları ilə uzlaşmır. Kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlərin mövcud olub-olmamasının bu işin həlli üçün əhəmiyyəti yoxdur. Məhkəmənin sözügedən Qərara istinad etməklə gəldiyi qənaəti əsassız olmuş, qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir.
43. Beləliklə də iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 265,61 manat məbləğində əsas borc, 15,86 manat faiz borcu və 10,63 manat cərimə borcu olmaqla, cəmi 292,10 manat məbləğində borcu yaranmışdır. Borcun daha az məbləğdə olmasını şərtləndirə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehdən tutulmalı olan dəbbə pulu məbləğinin 10,63 manat həddində müəyyənləşdirilməsini də ağlabatan və ədalətli hesab edir.
44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 nömrəli kredit müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 265,61 manat; faiz borcu üzrə 15,86 manat; cərimə borcu üzrə 10,63 manat olmaqla, cəmi 292,10 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
45. Cavabdeh həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat, apellyasiya şikayətinin verilməsi üçün - 15 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
46. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-944/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 736nkİNSH/22 nömrəli kredit müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 265,61 manat; faiz borcu üzrə 15,86 manat; cərimə borcu üzrə 10,63 manat olmaqla, cəmi 292,10 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 15 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Günay Axundova