Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3597/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” MMC-nin vəkili X4, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh ”xxxx” MMC-yə qarşı “binanın dam örtüyünün təmir edilməsinin həvalə edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı – Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 4 saylı binanın dam örtüyünün təmir edilməsinin cavabdehə həvalə edilməsi, ona vurulmuş 3500 manat maddi zərərin, 3000 manat mənəvi zərərin və dövlət rüsumu qismində ödədiyi 30 manatın əvəzinin, ümumilikdə 6530 manatın cavabdehdən tutulub ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən 5 mərtəbəli, 4 saylı ev cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansındadır. Qeyd olunan binanın ümumi sahəsi 84,71 kv.metr olan 3 otaqlı, 19 saylı mənzili şəxsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 2013cü il tarixdə yaşadığları binanın üstündə mansar inşa etdirmişdir. 23.06.2016-cı il tarixdə, saat 05:23 radələrində yeni inşa edilən mansardan təxminən 100 kq çəkidə “ağlay” üzlük daşları mənzilin eyvanındakı “BK-2400” markalı kondisionerin, künc divanın, dəmir məhəccərin və yerə döşənmiş metlaxın üzərinə düşərək həmin əmlakları tam yararsız hala salmışdır. “Ağlay” üzlük daşlarının qopub düşməsi nəticəsində mansardla binanın damının arasında əmələ gəlmiş açıq sahədən mənzilinin işərisinə tavan vasitəsi ilə yağış suları axaraq yanaşı yerləşən hər iki otaqlarının tam təmirli tavanlarını zay etmiş, elektrik xəttini korlamış, oboylarını qopartmış, tavanda, divarlarda sarı ləkələr, çatlar, kiflər əmələ gəlmiş, döşəmənin paketləri qopmuş və ya qabarmış, ümumi blokun tavanın suvağını zay etmiş, beləliklə iddiaçıya 3500 manat məbləğində maddi zərər dəymişdir. Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən 5 mərtəbəli, 4 saylı evin dam örtüyünün təmir edilməsi barədə 2016-cı il tarixdən hazıradək müntəzəm olaraq Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncunun əməkdaşları yalnız “ağlay” üzlük daşlarını balkonundan daşıyıb aparmaqla kifayətlənmiş, binanın dam örtüyünü təmir etməmişdir. Hansı ki, sözügedən binanın Xətai rayon İcra Hakimiyyətinin balansında olması ilə əlaqədər olaraq cavabdehin hesabına hər il hər bir sakin mənzillərinin kv.metrindən asılı olaraq müəyyən məbləğdə mənzil kommunal xidmət haqqı ödəyir. İddiaçı da 3 otaqlı mənzilinin 84,71 kvadrat olması ilə əlaqədər olaraq hər il 27 manat məbləğində kommunal xidmətlər haqqı ödəyir. Bu baxımdan sözügedən binanın dam örtüyünün təmir edilməsi cavabdehin vəzifəsidir. Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən 4 saylı evin dam örtüyünün təmir edilməsi barədə sonuncu dəfə 08.11.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət etmiş, Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının iddiaçıya ünvanlandığı 21.12.2018-ci il tarixli, S-195 №-li məktubunda qeyd edilmişdir ki, Yusif Səfərov küçəsi 4 saylı binanın fəsad hissəsində üzlük daşlar bərpa olunmuş, aynabənd tikinti tullantılarından təmizlənmişdir. Mənzildə axıntı ilə əlaqədər binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh2 həmin cavabı həqiqəti əks etdirmir. Belə ki, binanın fəsad hissəsində üzlük daşlar bərpa olunsa da, keyfiyyətli bərpa olunmamış, su axını yerləri açıq qalmışdır. 23.06.2016-cı il tarixdə, saat 05:23 radələrində yeni inşa edilən mansarda təxminən 100 kq çəkidə “ağlay” üzlük daşların mənzilin eyvanına düşməsi ilə əlaqədər olaraq yüksək səs-küy qoparması nəticəsində iddiaçı özünü, qızı X1 və nəvəsi X2 böyük sarsıntılar keçirmiş, təxminən bir həftə şok vəziyyətində qalmışlar. “Ağlay” üzlük daşlarının eyvanlarına düşməsi elə səs qoparmışdır ki, müharibənin Bakı şəhərində də aparıldığını və düşmən mərmisinin mənzillərinə düşməsini güman etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 4 saylı binanın dam örtüyünün təmir edilməsinin “xxxx” MMC-yə həvalə edilməsi, 3405 (üç min dörd yüz beş) manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx” MMC-dən alınaraq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin “xxxx” MMC–dən alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Lalə Rəhimli). Qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti cavabdeh qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında heç bir mötəbər sübut olmadığı halda, məhkəmə qeyd edilən ünvanda inşa, təmir-tikinti işlərinin “xxxx” MMC tərəfindən həyata keçirildiyi nəticəsinə gəlmişdir. Bu nəticəyə gələrkən məhkəmə Xətai RİH Başçısının Aparatı tərəfindən verilmiş 1944 nömrəli 31.01.2020-ci il tarixli və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 966 saylı 20.12.2019-cu il tarixli məktubları əsas götürmüşdür. İş materiallarında qeyd edilən işlərin “xxxx” tərəfindən görülməsini təsdiq edən hər hansı müqavilə, həmin işlərin təhvil-təslim edilməsini təsdiq edən aktlar və hesabat sənədləri (forma 1,2,3) və bu işlərə görə ödənişlər olunmasını təsdiqləyən heç bir sənəd mövcud deyildir. Belə sənədlərin olmadığı təqdirdə, tikintinin cavabdeh tərəfindən və həm də keyfiyyətsiz aparılması barədə məhkəmənin gəldiyi nəticələr əsassız və qanunsuzdur. Məhkəmənin sübut qismində istinad etdiyi məktublar isə iş üzrə cavabdeh qismində cəlb edilmiş maraqlı təşkilatın (Xətai RİH) ziddiyyətli məktublarına əsaslanır. Belə ki, iddiaçının müraciətinə cavab olaraq Xətai RİH Başçısının Aparatı tərəfindən ünvanlanmış S195 nömrəli 21 dekabr 2018-ci il tarixli məktubda bildirilmişdir ki, binanın fasad hissəsində üzlük daşlar bərpa olunmuş, aynabənd tikinti tullantılarından təmizlənmişdir. Mənzildə axıntı ilə əlaqədar binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. Həmin məktubda binada “xxxx” MMC tərəfindən hər hansı işlərin aparıldığı, sonuncunun dəymiş zərəri aradan qaldırmaq və ya hansısa təmir-tikinti işləri görməli olması barədə heç bir məlumat verilməmişdir. Həmin məktub verilərkən tərəflər arasında heç bir məhkəmə mübahisəsi olmamışdır (2018-ci ildə). Lakin sonradan məhkəməyə cavabdeh qismində cəlb edildikdən sonra məsuliyyəti öz üzərindən atmaq üçün guya işlərin “xxxx” MMC tərəfindən görüldüyü barədə məhkəməyə məktub təqdim edilmişdir (2020-ci ildə). Məhkəmə iddiaçıya məxsus mənzilə və ümumi istifadədə olan bloka su sızması nəticəsində zərər dəyməsinə Xətai RİH əməkdaşlarının 2016-cı ildə apardığı keyfiyyətsiz təmir-bərpa işlərinin səbəb olması barədə iş materiallarındakı mübahisəsiz sübutlara da düzgün qiymət verməmişdir. Belə ki, həm iddiaçının, həm də Xətai RİH-nin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, 2016-cı ildə Xətai RİH tərəfindən binanın fasad hissəsindən düşmüş üzlük daşları bərpa olunmuş, iddiaçıya məxsus aynabənd tikinti tullantılarından təmizlənmişdir (işin faktiki halları bölməsində 4 – 6-cı bəndlərə bax). İddia ərizəsində də göstərilmişdir ki, Xətai RİH tərəfindənbinanın fasad hissəsində üzlük daşlar bərpa olunsa da, keyfiyyətli bərpa olunmamış, su axını yerləri açıq qalmışdır ki, mansardla binanın damının arasında əmələ gəlmiş açıq sahədən mənzilinin içərisinə tavan vasitəsi ilə yağış suları axaraq yanaşı yerləşən hər iki otaqlarının tam təmirli tavanlarını zay etmiş, elektrik xəttini korlamış, oboylarını qopartmış, tavanda, divarlarda sarı ləkələr, çatlar, kiflər əmələ gəlmiş, döşəmənin paketləri qopmuş və ya qabarmış, ümumi blokun tavanının suvağını zay etmiş, beləliklə iddiaçıya 3500 manat məbləğində maddi zərər dəymişdir. Göründüyü kimi, məhz 2016-cı ildə üzlük aqlay daşlarını yerinə bərpa edən Xətai RİH əməkdaşlarının bu işi keyfiyyətsiz görməsi nəticəsində su axını yerləri açıq qalmışdır ki, mansardla binanın damının arasında əmələ gəlmiş açıq sahədən iddiaçının mənzilinin içərisinə tavan vasitəsi ilə yağış suları axaraq sızmışdır. 2013-cü ildən 2020-ci ilədək “xxxx” MMCyə nə iddiaçı, nə də Xətai RİH tərəfindən bu mübahisə ilə bağlı hər hansı bir irad daxil olmamış, əksinə Xətai RİH əməkdaşları tərəfindən qeyd edilən binada təmir-bərpa işləri aparılmışdır. İş materiallarından da mübahisəsiz müəyyən edildiyi kimi, iddiaçıya dəymiş ziyan 2016-cı il tarixdə Xətai RİH tərəfindən görülmüş keyfiyyətsiz işlərlə bağlı olmuşdur. Xətai RİH bunu etiraf edərək, iddiaçıya ünvanlanmış 21 dekabr 2018-ci il tarixli, S-195 saylı məktubunda həmçinin mənzildə axıntı ilə əlaqədar binanın dam örtüyünün cari təmir olunmasının nəzərdə tutulduğunu qeyd etmişdir. İşin bu mühüm əhəmiyyətli faktiki halları məhkəmə tərəfindən düzgün müəyyən edilməmiş və qiymətləndirilməmişdir ki, nəticədə bizim hüquqlarımızı pozan qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Məhkəmə iddiaçının mənzilə və ümumi istifadədə olan bloka su sızması ilə bağlı Xətai RİH-nə və digər əlaqədar orqanlara müraciətlərini təqdim etməməsinə əhəmiyyət verməmişdir. İddiaçı ərizəsində evinin dam örtüyünün təmir edilməsi barədə 2016-cı il tarixdən hazıradək müntəzəm olaraq Xətai RİH-nə müraciət etdiyini göstərmişdir. Lakin işə iddiaçı tərəfindən bu müraciətlərdən heç biri əlavə olunmamışdır. İşdə yalnız Xətai RİH-nin 21 dekabr 2018-ci il tarixli, S- 195 saylı və 31 yanvar 2020-ci il tarixli, 1944 saylı bir-biri ilə ziddiyyət təşkil edən məktubları mövcuddur. Həmin müraciətlərin məzmunu və müraciətə verilmiş cavab məktubları mübahisənin düzgün həlli üçün əhəmiyyətlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi natamam qoyulmuş suallar səbəbindən tam deyildir və düzgün qiymətləndirilməmişdir. Ekspertiza nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 binada yerləşən 19 saylı mənzilə, su axması binanın fasadının, damının, mansardın təmir-tikinti işlərinin keyfiyyətsiz aparılması səbəbindən ola bilər. Qeyd edilən ekspert rəyi birmənalı şəkildə su axmasının səbəbini müəyyən etmir. “Ola bilər” anlayışı eyni zamanda “olmaya bilər” anlayışı ilə eyniyyət təşkil edir. Ekspert tərəfindən konkret müəyyən edilməli idi ki, mənzilə su axını binanın fasadından, damından yoxsa mansardındandırmı? Bundan başqa, işdən müəyyən olunur ki, binada həm 2013-cü, həm də 2016-cı ildə təmir-tikinti işləri aparılıb. Belə olan halda, məhkəmə tərəfindən su axınının 2013-cü yoxsa 2016-cı ildə aparılmış işlərin keyfiyyətsizliyi nəticəsində baş verə biləcəyi müəyyən edilməli idi. Bina 1958-ci ildə tikilməklə, istismar müddətini başa vurmuş, xüsusi qulluq tələb edir. Binanın istismar müddətinin bitməsi və köhnəlmə nəticəsində dəyə biləcək ziyanla bağlı ekspert qarşısında ümumiyətlə sual qoyulmamışdır. Qeyd edilənlərə əhəmiyyət verməyən məhkəmə “...verilmiş ekpert rəyi ilə razılaşır və hesab edir ki, ünvan 4 ünvanda yerləşən 4 girişli, 50 mənzilli binada aparılmış təmir-tikinti işlərinin yenidən aparılması vəzifəsi cavabdeh “xxxx” MMC-yə həvalə edilməli və daha əvvəl cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinin keyfiyyətsiz olması səbəbindən iddiaçının mənzilinə dəymiş maddi zərər ekspert rəyində müəyyən olunan həcmdə cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qeyd edilən hissədə qismən təmin olunmalıdr...” kimi qanunsuz və əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin işin faktiki hallarının araşdırılması, müəyyən edilməsi və düzgün qiymətləndirilməsi ilə bağlı yol verdiyi yuxarıdakı nöqsanlar maddi və prosessual hüquq normalarının səhv tətbiqi ilə nəticələnmişdir. Hazırkı halda zərəri vuran Xətai RİH-dir. 2013-cü ildə binanın dam örtüyü (mansard tipdə), fasadı (aqlay üzlüklü) və eyvanları təmir olunmuşdur. 2016-cı ildə üzlük aqlay daşlarının qopması nəticəsində təmirə ehtiyac yaranmışdır ki, bu işləri yerinə yetirən Xətai RİH əməkdaşlarının bu işi keyfiyyətsiz görməsi nəticəsində su axını yerləri açıq qalmışdır ki, mansardla binanın damının arasında əmələ gəlmiş açıq sahədən iddiaçının mənzilinin içərisinə tavan vasitəsi ilə yağış suları axaraq sızmış və iddiaçıya ziyan dəymişdır. Ziyan vuran qismində ödəmə öhdəliyi Xətai RİH-nin üzərinə düşür. Binanın sahibi Xətai rayon Mənzil Kommunal Birliyidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 20 dekabr 2019-cu il tarixli, 966 saylı məktubundan görünür ki, bina dövlət mənzil fonduna aid olmaqla, Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mülkiyyətçi (sahib) qismində ödəmə öhdəliyi Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin üzərinə düşür. Azərbaycan Respublikası mülki qanunvericiliyinə görə mülki mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, delikt törətmiş şəxs tərəfindən fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. (Mülki Məcəllənin 1096.2-ci və 1097.1-ci maddələri). AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İstinad edilən hər iki maddi hüquq normasının məzmunundan göründüyü kimi, zərərin əvəzini ödəmək vəzifəsi ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətini həyata keçirən şəxsin (konkret halda təmir-tikinti işlərinin həyata keçirən Xətai RİH-nin) və binaya mülkiyyət (sahiblik) hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən hüquqi şəxsin (Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin) öhdəsinə qoyulur. Lakin birinci instansiya məhkəməsi zərərin “xxxx” MMC-dən tutulmasını qət edərkən, maddi qanunun yuxarıdakı normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən binanın hazırda istismar vəziyyəti, lazımınca saxlanması qaydalarına riayət edilməməsi ilə bağlı qanunvericiliyin şərtlərinin pozulması ilə bağlı iddiaçıya ziyan dəyməsinə də əhəmiyyət verməmişdir. İş materiallarından görünür ki, İddiaçı ərizəsində evinin dam örtüyünün təmir edilməsi barədə 2016-cı il tarixdən hazıradək müntəzəm olaraq Xətai RİH-nə müraciət etdiyini göstərmişdir: “...lakin sonuncunun əməkdaşları yalnız “ağlay” üzlük daşlarını balkonundan daşıyıb aparmaqla kifayətlənmiş, binanın dam örtüyünü təmir etməmişdir. Hansı ki, sözügedən binanın Xətai rayon İcra Hakimiyyətinin balansında olması ilə əlaqədər olaraq cavabdehin hesabına hər il hər bir sakin mənzillərinin kv.metrindən asılı olaraq müəyyən məbləğdə mənzil kommunal xidmət haqqı ödəyir. İddiaçı da 3 otaqlı mənzilinin 84,71 kvadrat olması ilə əlaqədər olaraq hər il 27 manat məbləğində kommunal xidmətlər haqqı ödəyir. Bu baxımdan sözügedən binanın dam örtüyünün təmir edilməsi cavabdehin vəzifəsidir. Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən 4 saylı evin dam örtüyünün təmir edilməsi barədə sonuncu dəfə 08.11.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət etmiş, Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının iddiaçıya ünvanlandığı 21.12.2018-ci il tarixli, S-195 №- li məktubunda qeyd edilmişdir ki, Yusif Səfərov küçəsi 4 saylı binanın fəsad hissəsində üzlük daşlar bərpa olunmuş, aynabənd tikinti tullantılarından təmizlənmişdir. Mənzildə axıntı ilə əlaqədər binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur...”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.1-ci maddəsinə əsasən, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Göründüyü kimi, iddiaçının binanın damını təmir etmək haqda müraciətlərinə əhəmiyyət verməyərək, binanı lazımi qaydada saxlamaq və qüsurları aradan qaldırmaq vəzifəsini icra etməyən Xətai RİH və Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi iddiaçıya dəyən ziyanı istinad edilən hüquq normasına əsasən də ödəmək öhdəliyi daşıyırlar. Bunun əvəzində zərəri heç bir təqsiri və maddi vəsaiti olmayan “xxxx” MMC-nin üzərinə atmaq məqsədi güdmüşlər. Məhkəmə prosesində iştirakımız təmin edilmədiyi və məhkəmə baxışı haqqında heç bir məlumat almadığımız üçün etirazımızı əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşuq. Apellyasiya instansiyası məhkəməsində İddiaçı ərizə təqdim edərək, Xətai Rayon İcra Hakimiyyətinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, o daha əvvəl Xətai rayon İcra Hakimiyyətini cavabdeh qismində qeyd etmiş, sonra birinci instansiya məhkəməsində cavabdehin Ağdülü şirkəti olması qənaətinə gəlindiyindən o da cavabdehin dəyişilməsi barədə ərizə vermişdir. Lakin, hazırda kimin cavabdeh qismində cəlb edilməsinin onun üçün o qədər də əhəmiyyəti yoxdur. İddiaçı ona dəymiş maddi zərərin ödənilməsində maraqlıdır. Eyni zamanda, iddiaçı məhkəmə prosesinin daha uzadılmamasını, hər dəfə işdən icazə alıb məhkəməyə gələ bilməməsini, artıq mülki işin baxılaraq yekunlaşdırılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin vəkili E.Şükürov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi C.Əliyev apellyasya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş S-195 nömrəli 21.12.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilir ki, Y.Səfərov küçəsi 4 saylı binanın fasad hissəsində üzlük daşlar bərpa olunmuş, aynabənd tikinti tullantılarından təmizlənmişdir. Mənzildə axıntı ilə əlaqədar binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 1944 nömrəli 31.01.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 6 saylı binanın təmirtikinti işlərinin aparılması hüquqi qeydiyyat ünvanı üzrə ünvan 5 MMC tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 966 saylı 20.12.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən dövlət mənzil fonduna aid 1958-ci ildə inşa edilmiş, 4 mərtəbəli, 4 girişli, 50 mənzilli yaşayış binası Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin Birliyin 17.12.2019-cu il tarixli, 183 saylı məlumatına əsasən binanın dam örtüyü (mansard tipdə), fasadı (aqlay üzlüklü) və eyvanları Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə 2013-cü ildə “xxxx” MMC tərəfindən təmir olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 27.07.2020-ci il 10/1044 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 binanın dam örtüyündən həmin binada yerləşən İddiaçı məxsus 19 saylı mənzilə su axdığı müəyyən edilir. Hal hazırda su axmasının mümkünlüyü ehtimal olunur. Həmin mənzilə su sızması nəticəsində zərərin dəydiyi müəyyən edilir. ünvan 4 binada yerləşən 19 saylı mənzilə, su axması binanın fəsadının, damının mansardın təmir-tikinti işlərinin keyfiyyətsiz aparılması səbəbindən ola bilər. ünvan 4 binada yerləşən 19 saylı mənzilə su axmanın aradan qaldırılması üçün həmin binanın dam örtüyündə yenidən təmir bərpa işləri aparılmalıdır. ünvan 4 binada yerləşən 19 saylı mənzilə su axıdılması nəticəsində mənzilin qonaq və yataq otaqlarının divarları üzərinə vurulmuş divar kağızına, tavanına vurulmuş alçipan, boya qatı və döşəməyə vurulmuş parket materialına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3405 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və belə nəticəyə gəlmişdir ki, cavabdeh “xxxx” MMC tərəfindən ünvan 6 ünvanında yerləşən 4 girişli 50 mənzilli yaşayış binasının mansardının inşa edilməsi və keyfiyyətsiz aparılmış təmir-tikinti işləri nəticəsində iddiaçının yaşadığı həmin binanın 19 saylı mənzilinə ziyan dəymişdir. Məhkəmə verilmiş ekpert rəyi ilə razılaşaraq hesab etmişdir ki, ünvan 4 ünvanda yerləşən 4 girişli, 50 mənzilli binada aparılmış təmir-tikinti işlərinin yenidən aparılması vəzifəsi cavabdeh “xxxx” MMC-yə həvalə edilməli və daha əvvəl cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinin keyfiyyətsiz olması səbəbindən iddiaçının mənzilinə dəymiş maddi zərər ekspert rəyində müəyyən olunan həcmdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 966 saylı 20.12.2019-cu il tarixli məktublarından görünür ki, mənzildə axıntı ilə əlaqədar binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. Bakı şəhəri Xətai RİH Başçısının Aparatı tərəfindən verilmiş 1944 nömrəli 31.01.2020-ci il tarixli məktubunda isə sözügedən yaşayış binası Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Həmin Birliyin 17.12.2019-cu il tarixli, 183 saylı məlumatına əsasən, binanın dam örtüyü, fasadı və eyvanları Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə 2013-cü ildə “xxxx” MMC tərəfindən təmir olunmuşdur. Kollegiya qeyd edir ki, məktubda sözügedən binanın “xxxx” MMC tərəfindən təmir edilməsi bildirilsə də, iş materiallarında işlərin həqiqətən də “xxxx” MMC tərəfindən görülməsini təsdiq edən hər hansı müqavilə, həmin işlərin təhvil-təslim edilməsini təsdiq edən aktlar və hesabat sənədləri (forma 1,2,3) və bu işlərə görə ödənişlər olunmasını təsdiqləyən hər hansı bir sənəd mövcud deyildir. Belə sənədlərin olmadığı təqdirdə, tikintinin cavabdeh şirkət tərəfindən aparılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsassız və qanunsuzdur. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti cavabdeh qismində cəlb edilmiş və kollegiya iclasında iştirakı təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi C.Əliyev izahatında bildirmişdir ki, bir neçə il əvvəl “xxxx” firması ilə Rayon Təsərrüfat Birliyi arasında razılaşma olmuşdur, lakin hazırda onlarda belə bir razılaşmanın olmasına dair hər hansı rəsmi sənəd mövcud olmadığından dediklərini təsdiq edəcək hər hansı bir dəlili məhkəməyə tədim edə bilmir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin sübut qismində istinad etdiyi məktublar iş üzrə cavabdeh qismində cəlb edilmiş Xətai RİH-nin ziddiyyətli məktublarına əsaslanır. Belə ki, iddiaçının müraciətinə cavab olaraq Xətai RİH Başçısının Aparatı tərəfindən ünvanlanmış S195 nömrəli 21 dekabr 2018-ci il tarixli məktubda bildirilmişdir ki, binanın fasad hissəsində üzlük daşlar bərpa olunmuş, aynabənd tikinti tullantılarından təmizlənmişdir. Mənzildə axıntı ilə əlaqədar binanın dam örtüyünün cari təmir olunması nəzərdə tutulmuşdur. Həmin məktubda, yəni 2018-ci ildə binada “xxxx” MMC tərəfindən hər hansı işlərin aparıldığı, sonuncuya dəymiş zərəri aradan qaldırmaq və ya hansısa təmir-tikinti işləri görməli olması barədə heç bir məlumat verilməmişdir. Həmin məktub verilərkən tərəflər arasında heç bir məhkəmə mübahisəsi olmamışdır. İş materiallarından müəyyən olunur ki, 2016-cı ildə Xətai RİH tərəfindən binanın fasad hissəsindən qopub düşmüş üzlük daşları bərpa olunmuş, iddiaçıya məxsus aynabənd tikinti tullantılarından təmizlənmişdir. İddia ərizəsində də göstərilmişdir ki, Xətai RİH tərəfindən binanın fasad hissəsində üzlük daşlar bərpa olunsa da, keyfiyyətli bərpa olunmamış, su axını yerləri açıq qalmışdır ki, mansardla binanın damının arasında əmələ gəlmiş açıq sahədən mənzilinin içərisinə tavan vasitəsi ilə yağış suları axaraq yanaşı yerləşən hər iki otaqlarının tam təmirli tavanlarını zay etmiş, elektrik xəttini korlamış, divar kağızlarını qopartmış, tavanda, divarlarda sarı ləkələr, çatlar, kiflər əmələ gəlmiş, döşəmənin paketləri qopmuş və ya qabarmış, ümumi blokun tavanının suvağını zay etmiş, beləliklə iddiaçıya maddi zərər dəymişdir. Göründüyü kimi, iddiaçıya dəymiş ziyan 2016-cı il tarixdə “xxxx” MMC tərəfindən deyil, Xətai RİH tərəfindən görülmüş keyfiyyətsiz işlərlə bağlı olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 27.07.2020-ci il 10/1044 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 4 binanın dam örtüyündən həmin binada yerləşən İddiaçı məxsus 19 saylı mənzilə su axdığı müəyyən edilir. Hal hazırda su axmasının mümkünlüyü ehtimal olunur. Həmin mənzilə su sızması nəticəsində zərərin dəydiyi müəyyən edilir. ünvan 4 binada yerləşən 19 saylı mənzilə, su axması binanın fəsadının, damının mansardın təmir-tikinti işlərinin keyfiyyətsiz aparılması səbəbindən ola bilər. ünvan 4 binada yerləşən 19 saylı mənzilə su axmanın aradan qaldırılması üçün həmin binanın dam örtüyündə yenidən təmir bərpa işləri aparılmalıdır. ünvan 4 binada yerləşən 19 saylı mənzilə su axıdılması nəticəsində mənzilin qonaq və yataq otaqlarının divarları üzərinə vurulmuş divar kağızına, tavanına vurulmuş alçipan, boya qatı və döşəməyə vurulmuş parket materialına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3405 manat məbləğində müəyyən olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 4 saylı binanın dam örtüyünün təmir edilməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. 3405 (üç min dörd yüz beş) manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaiti cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən alınaraq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3597/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3597/2021
11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver