Məhkəmə qərarları › İş №2(103)-3598/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3598/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3598/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-126/2024 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh MTK (bundan sonra cavabdeh) arasında bağlanmış 095 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa etdiyi 1a nömrəli binanın 5 mərtəbəsində 22 nömrəli, ümumi yaşayış sahəsi 202 kv.m təşkil edən 4 otaqlı mənzili onun dəyəri iddiaçı tərəfindən tam ödənildikdən sonra ona təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə iddiaçıya təhvil verilməli olan mənzilin ümumi sahəsinin 202 kv.m, ümumi dəyərinin isə 131.000,50 manat olduğu göstərilmişdir. Eyni tərəflər arasında bağlanmış eyni tarixli, eyni nömrəli digər müqaviləyə əsasən cavabdeh eyni mənzilin onun dəyəri iddiaçı tərəfindən tam ödənildikdən sonra ona təhvil verməyi öhdəsinə götürmüş, lakin həmin müqavilədə ümumi yaşayış sahəsinin ölçüsünün 192,59 kv.m., bu sahənin ümumi dəyərinin isə yenə də 131.000,50 manat təşkil etdiyi göstərilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən cavabdehə tam ödənilmiş, cavabdeh kooperativin xx.xx.2019-cu il tarixdə keçirilmiş üzvlərinin ümumi iclasında iddiaçı kooperativə üzv qəbul edilmiş və yuxarıda göstərilən müqavilədə əks olunmuş mənzilin iddiaçının tam mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. Bu iclasın nəticələrinə dair tərtib edilmiş 015 saylı protokolda, habelə mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışında mənzilin sahəsinin 192,59 kv.m. ölçüdə olduğu göstərilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu halı təsdiq edən çıxarışda mənzilin sahəsinin 175,2 kv.m. olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1006 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən, 1 saylı evin, 22 saylı mənzilinin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birlikdə) 192,3 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin divar və arakəsmələri, dəhliz, eyvan və digər yardımçı sahələri daxil edilməklə, ümumi sahəsinin 205,8 kv.m (44,3 + 38,1 +2,7 + 3,6 + 23,3 + 17,4 + 7,0 + 19,0 + 39,9 + 10,5) təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə, tədqiq olunan mənzilin ümumi sahəsinin 175,5 kv.m müəyyən olunduğunu, eləcə də xx.xx.2019-cu il tarixli çıxarışda həmin mənzilin ümumi sahəsinin 175,2 kv.m göstərildiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin, həmin mənzilə dair çıxarışda göstərilən sahə ilə uyğunluq təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6054 nömrəli ekspert rəyinə əsasən mənzilin ümumi faktiki sahəsi yaşayış və köməkçi sahə ilə birgə hesablandıqda 192.1 kv.metr, divar və arakəsmələr, dəhliz, eyvan və yardımçı sahələr daxil edilməklə hesablandıqda ümumi sahəsi 205.8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8. bəndinin tələbləri nəzərə alınmaqla hesablandıqda isə, tədqiq olunan mənzilin ümumi sahəsi 175.2 kv.metr təşkil edir. Belə olan halda mənzilin ümumi sahəsinin xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən sahə ilə, yəni 175.2 kv.metr sahə ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 17.420 manat artıq alınmış pul vəsaitinin, 34.680 manat əldən çıxmış gəlirin, 4.706 manat artıq hesablanmış kommunal xidmətlərin, cəmi 56.806 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2006-cı il tarixdə 095 saylı müqavilə bağlamış və ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilən hündürmərtəbəli binanın 5-ci mərtəbəsi, 4 otaqlı, 22 saylı 202 kv.m ümumi sahəsi olan mənzilin dəyərini təşkil edən 131.000,50 manat məbləğində pulu ödəməklə almışdır. xx.xx.2010-cu il tarixli, 038 saylı müqavilə əsasında kommunal xərclərin dairəsi və dəyəri müəyyən edilmiş və müqavilədə göstərilən şərtlər daxilində ödənişləri aparmışdır. 2019-cu ildə mənzili özəlləşdirərkən ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 175,2 kv.m təşkil edir və bu barədə MTK-nın rəhbərliyinə məlumat vermiş, 26,8 kv.m çatışmayan sahənin dəyərinin qaytarılmasını tələb etmişdir. MTK-nin rəhbəri olan Qaraxan Yaqubov müxtəlif bəhanələr gətirmiş, lakin pul vəsaitini ödəməmişdir. 26.8 kv.m. sahənin qiyməti 1 kv.m 650 manat olmaqla, 26.8 kv.m x 650 manat = 17.420 manat təşkil edir. Cavabdeh ona məxsus 17.420 manat pul vəsaitini 2006-cı ildən 2022-ci ilə qədər buna əsas olmadan özündə saxlamış, bu zaman o, pul vəsaitindən təyinatı üzrə istifadə edə bilmədiyi üçün əldən çıxmış gəlir formasında ona ziyan vurmuş, yəni 17.420 manat - 1,7 minimum bank faizləri bir ay üçün = 170 manat x bir il yaxud 12 ay = 2.040 manat x 17 il, yaxud 204 ay = 34 680 manat. 17 il ərzində ona məxsus pul vəsaiti tərəfindən banka qoyula bilərdi və hər ay 170 manat faiz almaqla bir ildə 2.040 manat, 17 ildə isə 34.680 manat gəlir əldə edə bilərdi. Həmçinin, cavabdeh 17 il ərzində ondan kommunal xərclərini mənzilin real həcmilə - 175.2 kv.m yox, 202 kv.m həcmi ilə hesablamış və hər il üçün 362 manat əlavə pul almışdır. Mənzil 2009-cu ildən istismara verilmiş və 13 il ərzində cavabdeh ondan ümumilikdə 4.706 manat artıq pul vəsaiti almışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 126/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 095 nömrəli, xx.xx.2006cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Y.Əliyev küçəsində yerləşən 1 saylı evin, 22 saylı mənzilinə görə 26,5 kv.m sahə üçün artıq ödənilmiş 17.185,51 manat, 14.607,59 manat əldən çıxmış fayda olmaqla, cəmi 31.793,10 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat məbləğində pulun İddiaçı və Cavabdeh MTK-dan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim X5).

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri baxımından onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, yəni 202 kv.m mənzilə görə cavabdehə 131.000,50 manat məbləğində pul ödəsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini icra etməməklə iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizalarının rəylərinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərinin, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8. bəndinin tələbləri nəzərə alınmaqla hesablandıqda tədqiq olunan mənzilin ümumi sahəsinin 175.5 kv.metr təşkil etdiyi, belə olan halda da mənzilin ümumi sahəsinin xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən sahə ilə, yəni 175.2 kv.metr sahə ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının Cavabdeh MTK tərəfindən ona təhvil verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin, 22 saylı mənzilinin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olması qənaətinə gəlmişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, iddia tələbi birinci, yəni müqavilədə nəzərdə tutulmuş sahədən daha az sahənin təhvil verilməsi səbəbindən artıq sahəyə görə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməli, müqavilədə mənzilin ümumi sahəsinin 202 kv.m, dəyərinin 131.000,50 manat qeyd edildiyi nəzərə alınaraq, 1 kv.m mənzilin qiyməti 648,51 manat (131.000,50 : 202 = 648,51) müəyyən edilməklə, 26,5 kv.m (202 kv.m-175,5 kv.m) artıq sahəyə görə 17.185,51 manat (26,5 kv.m x 648,51 manat) məbləğində pul vəsaiti Cavabdeh MTK-dən tutularaq İddiaçı verilməlidir.

6. Məhkəmə, iddia tələbini əldən çıxmış faydanın ödənilməsi hissəsində də qismən əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı ümumi sahəsi 202 kv.m təşkil edən mənzilə görə cavabdehə 131.000,50 manat məbləğində pul ödəsə də, iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 175,5 kv.m təşkil edir. Cavabdeh artıq sahəyə görə iddiaçıdan aldığı 17.185,51 manat məbləğində pulu 17 il ərzində, yəni müqavilənin bağlandığı xx.xx.2006-cı il tarixdən hazırkı vaxtadək qanunsuz olaraq özündə saxlamaqla, həmin vəsaitdən faydalanmışdır. Bu səbəbdən də iddiaçının əldən çıxmış faydanı tələb etmək üçün subyektiv hüququ yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin birinci hissəsi qismən, yəni 17.185,51 manat artıq ödənilmiş pul vəsaitinin tutulması hissəsində təmin edildiyinə görə əldən çıxmış fayda da həmin məbləğə əsasən müəyyən edilməli, cavabdehdən 14.607,59 manat (17.185,51 manat məbləğində pulun 5%-i 1 il üçün = 859,27 manat; 859,27 x 17 il = 14.607,59 manat) məbləğində əldən çıxmış fayda tutularaq iddiaçıya ödəniməlidir.

7. Məhkəmə, kommunal xidmət haqlarının tutulması hissəsində iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, mübahisəli mənzilin kommunal xidmət haqqı mənzilin faktiki sahəsinə (175 kv.m) və 038 nömrəli, xx.xx.2010-cu il tarixli müqaviləyə uyğun, yəni 1 kv.m sahə üçün 0,20 manat hesablanmışdır ki, belə olan halda, 175 kv.m mənzilin aylıq kommunal xidmət haqqı 35 (175 kv.m x 0,20 manat = 35 manat) manat, illik 420 isə manat (35 manat x 12 ay = 420 manat) təşkil edir. Məhkəmə, X6 Company tərəfindən verilmiş 20 nömrəli qəbzdə iddiaçının illik kommunal xidmət haqqı kimi 420 manat məbləğində pul ödədiyini, həmin məbləğin də müqaviləyə və mənzilin sahəsinə uyğun olaraq düzgün hesablandığını, həmçinin, 202 kv.m sahəyə görə kommunal xidmət haqqı ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 4.706 manat artıq hesablanmış kommunal xidmət haqqının tutulması hissəsində əsassızdır və rədd ediməlidir.

8. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına köçürülməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 385.1-ci, 386.1-ci, 404-cü, 445.7-ci, 449-cu, 752.1-ci, 762-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın qismən təmin edilən və ekspert tədqiqatının dəyəri olan cəmi 150 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin düzgün həlli üçün müqavilənin mənzil sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olması, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı formalaşmış işgüzar adətlər nəzərə alınmalıdır. Odur ki, oxşar mübahisələr üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Məhkəmə MTK-nın etirazında göstərdiyi dəlillərə ümumiyyətlə münasibət bildirməmiş və həmin dəlillərin hansı səbəbdən qəbul etmədiyini qətnamədə açıqlamamışdır. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza cavabdeh təşkilatın vəsatəti əsasında təyin edilsə də, lakin təklif edilən 3 sual ekspert qarşısında qoyulmamışdır. Eyni tarixli müqavilələrdəki mənzilin ölçüsündə yaranmış ölçü fərqinə, yəni mənzilin ümumi sahəsinin ölçüsünün azaldılmasına baxmayaraq və eləcə də azalmaya doğru ölçü fərqi yaransa da iddiaçıya təhvil verilən mənzilin ümumilikdə dəyərinin dəyişməz qalmasına, yəni 131.000,50 manat məbləğin ümumən azaldılmamasına aydınlıq gətirilmədən, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyən etmək qəbul edilən deyil. Yaşayış və köməkçi sahə ilə birlikdə mənzilinin ümumi sahəsinin 192 kv.m. təşkil etməsi və mənzilinin divar və arakəsmələri, dəhliz, eyvan və digər yardımçı sahələri daxil edilməklə, ümumi sahəsinin 205,8 kv.m. təşkil etməsi (yəni layihəyə uyğun inşa edilməsi) faktları- Məhkəmə Ekspertizası Mərkəzinin hər 2 rəyində öz təsdiqini tapmışdır. Müqavilə şərtlərinə görə - MTK podratçı qismində layihəyə uyğun inşa etdiyi ümumi sahəsi 202 kv.m. olan mənzili tam olaraq iddiaçıya, yəni sifarişçiyə təhvil verməyi və bunun əvəzində 131.000,50 manat muzdu sifarişçidən qəbul etməlidir. İddiaçı tərəfindən mənzil 2009-cu ildə təhvil götürülmüş, 2019-cu ildə özəlləşdirərkən mənzilin ümumi sahəsinin 175,2 kv.m. təşkil etməsi müəyyən edilmiş və bundan sonra, yəni 10 ildən sonra mənzilin qüsuru (ölçüsünün az olması) barədə pretenziya irəli sürmüşdür. Belə olan halda iddiaçı mənzili təhvil götürərkən mənzilin həmin dövrdə qüsuru olmadığı üçün pretenziya irəli sürmədən onu qəbul etmişdir; və ya qüsuru olsa da iddiaçı bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etmişdir. İddiaçı pretenziya irəli sürmədən mənzili qəbul etmiş, mənzildə təmir işləri apardıqdan və ailəsi ilə birlikdə orada uzun müddət yaşadıqdan sonra, yəni 10 il istismar etdikdən sonra bu qüsurlarla bağlı tələb irəli sürmüşdür. Məhkəmə işin hallarına, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinin tələblərini düzgün tətbiq etməmiş və nəticədə əsassız və qanunsuz qətnamə çıxarmışdır.

12. Bundan sonra Cavabdeh MTK apellyasiya şikayətinə əlavə təqdim etmiş, apellyasiya şikayətinə əlavə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-126/2024 nömrəli xüsusi qərardadının məzmunundan şikayət mahiyyəti daşımışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzillə bağlı müqavilə iddiaçının oğlu ilə bağlanmışdır. Lakin sonradan iddiaçının oğlu intihar etmiş və mənzilin vərəsəlik qaydasında rəsmiləşdirilməsi vaxt tələb etdiyindən aralarında olan razılığa əsasən mənzillə bağlı iddiaçı ilə yenidən müqavilə bağlanmışdır. Həmin müqavilənin xx.xx.2006-cı il tarixli olduğu göstərilsə də, həqiqətdə müqavilə 2009-cu il tarixdən sonra bağlanmışdır. Bu səbəbdən müqavilədə iddiaçıya 2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsi qeyd edilmiş və mənzilin ümumi sahəsi layihəyə uyğun olaraq aparılmış hesablamaya əsasən (çöl divarların alt sahəsi də daxil edilməklə) 202 kv.m. göstərilmişdir. Bundan sonra iddiaçı mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq istəyərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti yalnız divar daxili sahəni hesabladığından sahənin azaldılmasına zərurət yaranmış və bu səbəbdən iddiaçı ilə eyni mənzilə dair eyni tarixli və eyni məzmunlu müqavilə bağlanmış, yalnız sahə ilə bağlı hissəyə dəyişiklik edilərək, mənzilin 192,59 kv.m. ölçüdə olduğu göstərilmişdir. Mənzilin qiyməti də dəyişdirilmədən saxlanılmışdır. İkinci müqavilədə də sonradan bağlanmışdır. Başqa sözlə, hər iki müqavilə iddiaçı tərəfindən imzalanmış və iddiaçı müqavilələrin hansı tarixdə bağlandığını dəqiq bilmişdir. Eyni zamanda, mənzilin müqavilədə göstərilən sahəsini görmüşdür. Nəticə etibarı ilə həmin müqavilə, digər aidiyyəti sənədlərlə birlikdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş və mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırmaq üçün bütün aidiyyəti sənədlər, o cümlədən müqavilə iddiaçının özü tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə təqdim edilmişdir. Mənzilin sahəsinin müəyyən edilməsi üçün iki dəfə ekspert tədqiqatı keçirilmiş və hər iki halda mənzilin məhz müqavilələrdə göstərilən ölçüdə olması ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

19. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən Mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin edilən və ekspert tədqiqatının dəyərinin cavabdehdən tutulan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini, iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməsi və ekspert tədqiqatının dəyərinin həmçinin, cavabdehdən tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinə əlavə üzrə irəli sürülmüş dəlillərin məzmunca Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 126/2024 nömrəli xüsusi qərardadından şikayət mahiyyətli olduğunu, həmin qərardaddan verilmiş şikayətin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarıldığını, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının da 2(103)-3131/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə bu nəticə ilə razılaşdığını nəzərə alıb, hazırki icraat çərçivəsində apellyasiya şikayətinə əlavəyə münasibət bildirilməsinə hər hansı zərurət görmür.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, tərəflər arasında eyni mənzillə bağlı eyni tarixli, eyni nömrəli və mənzilin ümumi yaşayış sahəsi istisna olmaqla eyni məzmunlu iki müqavilə imzalanmışdır. Belə ki, bir müqavilədə mənzilin ümumi yaşayış sahəsinin 202 kv.m., digərində isə 192,59 kv.m. olduğu göstərilmişdir. Həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu halı təsdiq edən çıxarışa əsasən mənzilin ümumi sahəsinin 175,2 kv.m. ölçüdə olduğu göstərilmişdir.

27. Hazırda iddiaçı müqaviləyə istinadən ona 202 kv.metr ölçüdə mənzilin verilməli olduğunu, lakin mənzilin özəlləşdirilməsi zamanı ona təhvil verilmiş ümumi sahənin 175.2 kv.m. ölçüdə olduğunu bildirir və yaranmış 26.8 kv.metr ölçüdə fərqin dəyəri olan 17.420 manat məbləğin, həmin məbləğin 17 il ərzində cavabdehdə qalmasına görə 34.680 manat məbləğində əldən çıxmış faydanın, habelə sahə fərqinə görə artıq ödənilmiş 4.706 manat məbləğində kommunal xərclərin ona ödənilməsini tələb edir.

28. Cavabdeh iddianı qəbul etmir, mübahisəli mənzillə bağlı müqavilənin ilk olaraq iddiaçının oğlu ilə bağlandığını, sonradan onun intihar etməsi və mənzilin vərəsəlik qaydasında rəsmiləşdirilməsinin vaxt tələb etdiyindən aralarında olan razılığa əsasən mənzillə bağlı iddiaçı ilə yenidən müqavilə bağlandığını və müqavilədə mənzilin ümumi sahəsinin layihəyə uyğun olaraq aparılmış hesablamaya əsasən (çöl divarların alt sahəsi də daxil edilməklə) 202 kv.m. göstərildiyini, iddiaçının mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınan zaman isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti yalnız divar daxili sahəni hesabladığından iddiaçı ilə eyni mənzilə dair eyni tarixli və eyni məzmunlu müqavilə bağlandığını və mənzilin sahəsinin 192,59 kv.m. göstərildiyini, hər iki müqavilənin iddiaçıya məlum şəkildə və onun iştirakı ilə 2006-cı il tarixi altında, lakin həqiqətdə 2009-cu ildən sonra bağlandığını, bu səbəbdən müqavilələrdə iddiaçıya 2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin göstərildiyini, iddiaçının mənzilin müqavilədə göstərilən sahəsini gördüyünü, nəticə etibarı ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırmaq üçün bütün aidiyyəti sənədlərin, o cümlədən müqavilənin iddiaçının özü tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə təqdim edildiyini, iş üzrə iki dəfə keçirilmiş ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş hər iki ekspert rəyində mənzilin məhz müqavilələrdə göstərilən ölçülərdə olmasının təsdiq olunduğunu bildirir.

29. Bununla belə, tərəflər arasında hüquqi nəticə etibarı ilə podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində cavabdeh müqavilədə göstərilən mənzili inşa edib iddiaçıya təhvil verilməsi, iddiaçı isə mənzilin müqavilə üzrə göstərilən dəyərinin cavabdehə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin mənzilə dair ümumilikdə 3 müqavilə imzalanmışdır. İddiaçı bu halı, o cümlədən mənzilə dair ilk müqavilənin onun oğlu ilə bağlanmasını (hazırki vəziyyətdə iş üçün hər hansı əhəmiyyəti olmadığından məhkəmə bu məsələyə hüquqi qiymət verilməsini zəruri hesab etməmişdir), habelə növbəti iki müqavilənin onunla və müqavilədə göstərilən xx.xx.2006-cı il tarixdən sonra bağlanmasını mübahisələndirmir. İş materiallarının 110 səhifəsində yerləşən və iddiaçı tərəfindən yazılmış (70-ci, 76-77-ci səhifələrdə əks olunmuş imzaların iddiaçıya məxsus olmaması, saxtalaşdırılması məzmununlu) ərizə isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, iş materiallarının 70-ci səhifəsində cavabdehin nümayəndəsi və vəkili tərəfindən yazılmış elektron ərizə, 76-77-ci səhifələrdə isə cavabdeh tərəfindən təqdim edilmiş lahiyənin aidiyyəti hissələri yerləşir və həmin sənədlərdə ümumiyyətlə iddiaçının imzası mövcud deyil. Digər tərəfdən bu ərizənin iddiaçı (onun vəkili və nümayəndəsi) tərəfindən verilməsi nə məhkəmə iclasının protokolunda qeydə alınmış, nədə ki, məhkəmə iclaslarının fasiləsiz video-audio yazısından görünür. Başqa sözlə, ərizənin iş materiallarına hansı qaydada daxil edilməsi məlum deyil.

30. Nəticə etibarı ilə tərəflər arasında bağlanmış hər iki müqavilə xx.xx.2006-cı il tarixli olsa da, ilk bağlanmış müqavilədə mənzilin ümumi yaşayış sahəsi (hesablama ümumi sahəni əhatə edən divarların çöl tərəfindən (xaricindən) aparıldığından) 202 kv.m. göstərilmişdir. Sonradan bağlanmış eyni tarixli və nömrəli müqavilədə isə mənzilin ümumi yaşayış sahəsi (hesablama ümumi sahəni əhatə edən divarların daxilindən aparıldığından) 192,59 kv.m. göstərilmiş, digər hissələrdə müqavilələr məzmun etibarı ilə eyni olmuşdur. Nəticə etibarı ilə eyni sahə bir müqavilə üzrə divarların xaricindən, digər müqavilə üzrə isə divarların daxilindən hesablanmış, lakin hər iki halda sahələr (hətta ilk halda 202 kv.m. artıq) müqavilələrdə göstərilən ölçülərdə olmuşdur. Bu hal məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyləri ilə də öz təsdiqini tapır. Eyni zamanda, hər iki müqavilə tərəflər, xüsusilə də iddiaçı üçün məlum, habelə açıq və aydın olan bir şəkildə 2009-cu ildən sonra bağlanmışdır.

31. Məhkəmə kollegiyası öz mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 404-cü maddəsinə istinadən onu da qeyd edir ki, mənzilin ümumi yaşayış sahəsinin 202 kv.m. göstərildiyi müqavilənin olduğu bir halda, tərəflər arasında yenidən müqavilə bağlamaqla onun məzmununda yalnız mənzilin ümumi yaşayış sahəsi ilə bağlı hissədə dəyişikliyin edilərək, 192,59 kv.m. göstərilməsi ilə yanaşı xx.xx.2019-cu il tarixli maliyyə arayışında iddiaçının məhz bu sahədə mənzilin dəyərinin tam ödənildiyi qeyd edilmiş, habelə cavabdeh kooperativin ümumi yığıncağının xx.xx.2019-cu il tarixdə keçirilmiş iclasında iddiaçının kooperativə üzv qəbul edilməklə, məhz 192,59 kv.m. ölçüdə mənzilin onun tam mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı da bu sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə təqdim edərək, mənzilə dair mülkiyyət hüququnu xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır.

32. Qeyd edilənlər, o cümlədən iddiaçının sonrakı hərəkətləri tərəflərin ikinci dəfə müqavilə bağlananadək danışıqlar aparmasını təsdiq edir, eyni zamanda müqaviləni bağlayarkən onların iradə ifadələrinin həqiqi mənasını (mənzilin ümumi yaşayış sahəsinin divarların daxilindən hesablama aparılmaqla göstərilməsi ilə bağlı razılaşmalarını) əks etdirir. Hər bir halda, ikinci dəfə müqavilənin bağlanması üçün tərəflərin hər hansı birinin, xüsusilə də mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq niyyətində və marağında olan iddiaçının cavabdehə müraciət etməsi zəruridir. Digər tərəfdən iddiaçının mənzilin 192,59 kv.m. ölçüdə olması barədə müqaviləni imzalaması və bu sənədi, mənzilin sahəsinin 192,59 kv.m. ölçüdə olmasını əks etdirən digər sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə təqdim edilməsi onun hesablamanın bu qaydada aparılmasını qəbul etdiyini və bəyəndiyini, mənzilin divar daxil hesablama ilə məhz 192,59 kv.m. ölçüdə olması ilə razılaşmasını təsdiq edir. Bununla belə, tərəflər arasında müqavilələrin 2006-cı il tarixdə deyil, həqiqətdə 2009-cu ildən sonra (yuxarıda istina edilən maliyyə arayışının və protokolun 2019-cu il tarixli olması səbəbindən ikinci müqavilənin 2019-cu il tarixdə bağlanması ehtimal olunur) bağlanması onların etibarsız hesab edilməsi üçün əsas yaratmır. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya müqavilələrdə göstərilən sahədən daha az sahədə mənzilin təhvil verilməsi qənaətinə gəlmək üçün də hər hansı əsas yoxdur.

33. Məhkəmə kollegiyası mənzilin çıxarışda göstərilən ölçüsü ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində yaşayış binalarında mənzillərin ümumi sahəsinə daxil olan sahələrin siyahısı göstərilmişdir. Bu siyahıya balkon daxil edilməsə də, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndində balkon və lociya mənzilin ümumi sahəsinə daxil edilən bir sahə kimi qeyd edilmiş və mənzilin ümumi sahəsinin hesablanması zamanı bu sahələrin də xüsusi hesablanması qaydası müəyyən edilmişdir. Belə ki, həmin qaydaya uyğun olaraq balkonun sahəsi 0,3, lociyanın sahəsi isə 0,5 azaltma əmsallarına vurulmaqla hesablanır. Bu səbəbdən çıxarışda daha az sahə göstərilir. Lakin balkon və lociyalar da mənzillərin ümumi sahəsinə daxil olan bir sahələrdir və bu səbəbdən əsaslı olaraq cavabdeh tərəfindən mənzilin ümumi sahəsinə daxil edilmiş və iddiaçıya nəticə etibarı ilə azaltma əmsallarına uyğun sahə deyil, real sahə təhvil verilmişdir.

34. Bununla belə, mənzilin ümumi yaşayış sahəsinin ölçüsü ilə bağlı qeyd edilməlidir ki, yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzildə olan 1 ədəd balkonun sahəsinin hesablanması 0,3, 2 ədəd lociyanın sahəsinin hesablanması isə 0,5 azaltma əmsallarına vurulmaqla aparılmışdır. Balkonun və lociyaların real sahələrinin də müvafiq olaraq 9,9, 3,6 və 5,9 olmaları nəzərə alındığı təqdirdə qeyd edilən mənzillə bağlı tərtib edilmiş plana (texniki pasporta) əsasən mənzilin ümumi sahəsi (35,7 + 5,1 + 20,6 + 16,2 + 16,5 + 34,7 + 23,3 + 5,3 + 10 + 9,9 + 3,6 + 5,9) 186,8 kv.m. təşkil edir.

35. Mənzilin ümumi sahəsinin texniki pasporta əsasən 186.8 kv.m., ekspert rəylərinində isə müvafiq olaraq 192,3 və 192,1 kv.m. göstərilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzili təmirlidir və iddiaçı 2009-cu ildən orada yaşayır. Formalaşmış təcrübəyə əsasən mənzildə suvanma işlərinin aparılması divarların (nisbi əyriliyi nəzərə alınmaqla) 2-3 sm qalınlaşması (qabağa gəlməsi) ilə nəticələnir ki, bu da öz növbəsində mənzilin ümumi sahəsinin ən azı 5 kv.m. azalmasına səbəb olur. Bu qənaətə gəlmək üçün xüsusi biliyə malik olmağa hər hansı ehtiyac yoxdur. Sadə məntiqlə də bu qənaətə gəlmək mümkündür. Bu hal da nəzərə alınaraq, nəticə etibarı ilə həm texniki pasportda, həm də ekspert rəylərində göstərilən sahə ölçü etibarı ilə müqavilədə göstərilən sahə ilə demək olar ki, eynilik təşkil edir.

36. Bütün bunlar, öz növbəsində iddianın “müqavilədə göstərilmiş sahədən az sahənin təqdim edilməsinə görə artıq ödənilmiş pulun qaytarılması” hissəsində əsassız, apellyasiya şikayətinin dəlillərinin isə əsaslı olduğunu təsdiq edir və iddiaçının ona müqavilədə göstərilən ölçüdə sahədən az sahə təhvil verilməsi ilə bağlı mövqeyini əsassız edir.

37. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin “müqavilədə göstərilmiş sahədən az sahənin təqdim edilməsinə görə artıq ödənilmiş pulun qaytarılması” hissəsinin təmin edilməməsi iddianın “əldən çıxmış faydanın tutulması” ilə bağlı hissəsinin də təmin edilməməsini şərtləndirir. Belə ki, “müqavilədə göstərilmiş sahədən az sahənin təqdim edilməsinə görə artıq ödənilmiş pulun qaytarılması” tələbinin rədd edilməsi, hüquqi nəticə etibarı ilə iddianın digər hissəsinin də əsaslılığını tam aradan qaldırmış olur. Belə ki, həmin tələb ona münasibətdə əsas tələb qismində çıxış edən, bu tələbdən irəli gələn törəmə tələb hesab olunur. Göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsini şərtləndirir.

38. Məhkəmə kollegiyası hazırki mübahisə üzrə mövqeyini nəzərə alıb, qətnamənin ekspert tədqiqatının dəyərinin həmçinin cavabdehdən tutulması hissəsində də ləğv edilməsi və ekspert tədqiqatının ümumi dəyərini təşkil edən 150 manat məbləğində pulun iddiaçıdan tutularaq dövlət gəlirlərinə alınması qənaətinə gəlir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 126/2024 saylı qətnaməsi mübahisələndirilən, yəni “iddianın qismən təmin edilməsi, habelə ekspert tədqiqatının dəyərini təşkil edən pulun həmçinin cavabdehdən tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə də rədd edilməli, ekspert tədqiqatının ümumi dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət gəlirlərinə alınmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-126/2024 saylı qətnaməsi mübahisələndirilən, yəni “iddianın qismən təmin edilməsi, habelə ekspert tədqiqatının dəyərini təşkil edən pulun həmçinin Cavabdeh MTK-dan tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə də rədd edilsin. Ekspert tədqiqatının ümumi dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət gəlirlərinə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-ya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar