Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3603/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu X1 qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə 14.07.2017-ci il tarixli “borcun etirafı barədə” mücərrəd müqavilə ilə bağlıdır. Həmin müqavilə iddiaçı ilə başqa şəxsin - Ksenia Kukovanın arasında bağlanıb. Müqaviləyə görə Ksenia Kukova iddiaçının qarşısında 185.000 manat borcunun olduğunu etiraf edib və müqavilə hazırkı iş üzrə cavabdeh tərəfindən notariat qaydasında təsdiq olunub. Lakin həmin müqavilə başqa iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 16.10.2019-cu il tarixli qətnamə ilə etibarsız hesab olunub və iddiaçının bu müqaviləyə əsasən Ksenia Kukovaya qarşı irəli sürdüyü 185.000 manat pulun ödənilməsi barədə tələb rədd olunub. Bundan sonra iddiaçı müqaviləni təsdiq etmiş notariusa qarşı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi 185.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia onunla əsaslandırılıb ki, cavabdeh müqaviləni notariat qaydasında təsdiq edərkən notariat hərəkətlərinin aparılması qaydasını pozub. Cavabdehin yol verdiyi pozuntu müqavilənin etibarsız hesab edilməsi barədə qətnamədə müəyyən edilib. Nəticədə iddiaçıya 185.000 manat maddi zərər dəyib. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, cavabdeh iddiaçıya zərər vurmayıb. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: “Borcun etirafı barədə” müqavilə etibarsız hesab edildikdən sonra iddiaçı müqavilə üzrə Ksenia Kukovadan almalı olduğu 185.000 manatı zərərin əvəzi kimi notariusdan tələb edir. Tələb əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qüvvədə olan 16.10.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunub ki, notarius müqaviləni notariat qaydasında təsdiq edərkən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərini pozub. Belə ki, müqavilə tərəfi Ksenia Kukova dövlət dilini bilmir. Qaydalara görə əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilən sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır, həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Məhkəmə həmin qətnamədə qeyd edib ki, tərcümənin Təlimata əsasən düzgünlüyü təsdiq edilmədiyindən müqabilənin notarius tərəfindən Ksenia Kukovaya tərcümə edilməsi müəyyən edilmir. Lakin notarius tərəfindən Təlimatın tələbinin pozulması öz-özlüyündə müqavilənin etibarsızlığına səbəb olmayıb. Belə ki, həmin müqavilə üçün notariat forma məcburi forma deyil. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Lakin nə qanunla, nə də tərəflərin qarşılıqlı razılığı ilə notariat forma “borcun etirafı barədə” mücərrəd müqavilə üçün məcburi forma kimi müəyyən edilməyib. Əgər “borcun etirafı barədə” mücərrəd müqavilənin notariat təsdiqi qanunvericiliyə uyğun aparılmayıbsa, belə halda həmin müqavilə sadə yazılı formalı əqd kimi etibarlı sayılır. Notariat təsdiqin qanunvericiliyin pozulması ilə aparılması o əqdin etibarsılığına səbəb olur ki, həmin əqd üçün notariat forma məcburi forma kimi müəyyən edilib. “Borcun etirafı barədə” mücərrəd müqavilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ona görə etibarsız sayılıb ki, o, Ksenia Kukovanın aldadılması nəticəsində bağlanıb. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunub: “... kollegiya belə qənaətə gəlir ki, 14.07.2017-ci il tarixli borc müqaviləsi ilkin iddiaçının aldadılması nəticəsində bağlanmış və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur”. Həmin qətnamədə hüquqi əsas kimi Mülki Məcəllənin 339.2-ci maddəsinin göstərişinə istinad olunub. Bu maddəyə görə şəxs əqd bağlanılması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Ksenia Kukovanın məhz notarius tərəfindən aldadılması müəyyən olunmayıb. Beləliklə, iddiaçı müqavilənin etibarsız sayılmasına görə zərərin əvəzinin ödənilməsini notariusdan tələb edə bilməz. Məhkəmə Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3603/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3603/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver