Məhkəmə qərarları › İş №2(103)-3603/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3603/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3603/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3726/2024 saylı, 30 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 04/7872 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

2. İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda müxtəlif tarixlərdə X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyriqanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********00086 abonent hesabına xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1.612,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.177,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 834,72 manat olmaqla, cəmi 5.926,78 manat məbləğində zərər hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 5.926,78 (beş min doqquz yüz iyirmi altı manat 78 qəpik) manat məbləğində zərərin və 79,26 (yetmiş doqquz manat 26 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6.006,04 (altı min altı manat 04 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində 04/7872 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00086 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1612,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2177.28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 777,60 manat, cəmi 5938,08 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 1.612,80 manat zərədən 12,30 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 5.926,78 (beş min doqquz yüz iyirmi altı manat 78 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3726/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 252 manat (iki yüz əlli iki manat) məbləğində dəymiş zərərin və 30 manat (otuz manat) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qaz işlədicilərinin orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 30 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x30=432 m3, 3x12x30=1080 m3, 2x1.4x12x30=1008 m3 olmaqla, cəmi 2.520 m3 hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 252 manat təşkil edir.

7. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.177,28 manat məbləğində ziyanın cavabdehdən tutulması əsassızdır.

8. xx.xx.2022-ci il tarixli ******* saylı aktla bağlı məhkəmə hesab etmişdir ki, həmin akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilmişdir. Lakin iddiaçı, cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında cavabdehin abunə koduna hesablanmış 362,88 manat zərərin tutulması hissəsində iddia tələbi rədd edilməlidir.

9. Son olaraq xx.xx.2024-cü il tarixli ******* saylı aktla bağlı araşdırma aparan məhkəmə hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən həmin akt əsasında cavabdehin abunə koduna hesablanmış 834,72 manat zərərin tutulması hissəsində də iddia tələbi rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 1.1, 1.3, 1.4, 3.4.1,4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.5, 6.6, 6.7, “Qaz təchizatı haqqında” qanunun 13.9, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 560.3.5.2 Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3726/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, rəy, borcun qəbul edilməsinə dair ərizə) Birliyə vurulmuş zərəri sübut edir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmənin “Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950.40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2177.28 manat məbləğində ziyanın cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir” mövqeyi ilə bağlı da bildirirlər ki, hər dəfə təbii qazdan qanunsuz istifadə halı aşkar edilən zaman qeyri-qanuni xətt tərəflərindən ləğv edilmişdir (bununla bağlı tərtib edilmiş aktlar iş materiallarında mövcuddur). Belə olan halda İddiaçı İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı) mövqe də nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, “aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Aşağı instansiya məhkəmələri həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi (Qərarın 51-52-ci bəndləri)”. Lakin qanunsuz qoşulmaya dair tərəflərindən kifayət qədər təsdiqedici sübutlar təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuş və Ali Məhkəmənin yuxarıda göstərilən qərarında formalaşdırdığı mövqeni nəzərə almamışdır.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apelyasiya instansiyası məhkəməsində ilkin icraat

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6665/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3726/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Azad İmanov, (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışınski).

15. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

16. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Əhməd Nurməmmədov) 2(102)- 953/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2024-cü il tarixli 2(103)- 6665/2024 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış ziyan məbləğinin ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdır.

18. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarla bağlı hissədə iddianın rədd edilməsi düzgün olmamış, həmin nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, iddia tələbinin həmin aktlarla bağlı hissəsində birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, qaz paylayıcısı qanunsuz qaz xəttini şəbəkədən ayırmamış, qazın verilməsini dayandırmamış və dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməmiş, əksinə qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Məhkəmə bu halı iddianın həmin hissədə rədd edilməsi üçün kifayət hesab etmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın həmin hissədə rədd edilməsinin əsası kimi iddiaçının öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonentin kənar xətdən istifadə etməsinin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Cavabdehin qanunsuz qaz xəttindən istifadə etməsi faktı mövcud olsa da, işə baxan məhkəmələr həmin faktın təsdiqi kimi tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktları zərərin məbləği ilə bağlı Mülki Məcəllənin 21.3-cü maddəsi kontekstində qiymətləndirməmişlər.

20. Kollegiya həmçinin qeyd etmişdir ki, iş üzrə mübahisənin ədalətli həllinə nail olunması üçün qiymətləndirmə aparılarkən bu aktlarda göstərilən məlumatların həqiqiliyi, o cümlədən müqaviləyə əsasən cavabdehin istifadəsində olan qaz cihazlarının sayı və qaz sərfiyyatı imkanlarına dair texniki göstəriciləri, qazdan qanunsuz istifadə edilmə günlərinin sayı, gündəlik istifadə saatları da müzakirə edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 25.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilir. Həmçnin nəzərə alımalıdır ki, kassasiya istansiyası məhkəməsi hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarını xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış ziyan məbləğinin ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

26.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 27.21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 28.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 29.560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 30.1096, 1096.2 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın

31.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir 32.1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 33.3.4.1-cü bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 34.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 35.4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 36.4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 37.4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 38.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 39.5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 40.5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 41.6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 42.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

43.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə (aktlar tərtib edildiyi zaman qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

44.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış ziyan məbləğinin ödənilməsinə dair iddianın rədd edilməsi” hissəsində ləğv edilməli, iddia bu hissədə qismən təmin edilməlidir.

47. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda müxtəlif tarixlərdə X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********00086 abonent hesabına xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1.612,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.177,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 834,72 manat olmaqla, cəmi 5.926,78 manat məbləğində zərər hesablanmışdır.

48. Birinci instansiya məhkəməsi cavabdehin ünvanına xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış ziyanın məbləği olaraq 252 manat cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı saysa da, sonrakı tarixlərdə paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmadığını, qazın verilməsi dayandırılmadığını və dəymiş zərərin ödənilməsinin cavabdehdən tələb edilmədiyini, əksinə hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablandığını vurğulayaraq, xx.xx.2022-ci il tarixli ******* saylı akt və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.177,28 manat məbləğində ziyanın cavabdehdən tutulmasını əsassız hesab etmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qətnamə xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarla bağlı olan hissədə düzgün olmamış, həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir, iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Halbuki bu cür yanaşma müvafiq qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz.

50. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində iddiaçının öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonentin kənar xətdən istifadə etməsinin qarşısını almadığı barədə gəldiyi qənaəti MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, iddiaçının dəlilləri üzrə hər hansı araşdırma aparmamış, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində abonentin adına tərtib edilmiş 2 akt üzrə cavabdehin mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yaranmadığı barədə mövqeyini tətbiq edilməli olan maddi hüquq normalarına istinadla əsaslandırmamış, cavabdeh tərəfindən mübahisəli dövr ərzində ödənişlər edilmədiyinə hər hansı münasibət bildirməmişdir.

51. Beləliklə də, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində tərtib olunmuş aktları nəzərə almaması düzgün hesab edilə bilməz. Zərərə münasibətdə də qeyd edilməlidir ki, bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ vardır.

52. Belə ki, “X2”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

53. Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

54. Məhkəmə kollegiyasl iş materiallarına əlavə edilmiş abonentin saldosuna əsasən müəyyən etmişdir ki, iddiaçı tərəf cavabdehin abonent koduna xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində müvafiq olaraq ******* saylı akt və ******* saylı akt üzrə itirilmiş qazın həcminə görə dəymiş zərər hesablanmışdır. Məhkəmə kollegiyası aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar müvafiq quruma, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə müracət etməsini zəruri saymış, cavabdehin **********10000 abonent hesabı üzrə mövcud borcun hesablanmasını həmin quruma həvalə etmişdir.

55. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavaba əsasən, abonent Cavabdeh Ələsgəralı qızına kənar xətt vasitəsilə qazdan qanunsuz istifadəyə görə 2021-ci və 2022-ci illərdə cəmi 4 aktın tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, 2021-ci ildə tərtib edilmiş aktlar üzrə hesablanmış 3420 m3 qaz həcminin dəyəri (1200 m3 x 0,12 + 1300 m3 x 0,20 manat + 920 m3 x 0,25 manat = 634) 634 manat; 2022-ci ildə hesablanmış 5.400 m3 qaz həcminin dəyəri (1200 m3 x 0,12 + 1300 m3 x 0,20 manat + 2900 m3 x 0,25 manat = 1.129) 1.129 manat; cəmi 2021-2022-ci illər üzrə tərtib edilmiş aktlar üzrə 634+1129 manat təşkil edir. Abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınarsa, qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 1.763 manat müəyyən edilə bilər. Abonent saldosunun təhlili, qeyd edilən borcun 12,30 manatının ödənilməsi müəyyən edilmişdir. Beləliklə abonentə hesablanmış borcun 1.763 manat təşkil edə biləcəyini və onun tərəfindən 12,30 manat ödənildiyini nəzərə almaqla cavabdehin borcu 1.763-12,30 manat təşkil edir.

56. Göründüyü kimi baxış predmeti olan hər iki aktın tərtib edilməsi qış aylarına təsadüf etmişdir. Mütəxəssis rəyinə görə qış ayları üzrə tərtib olunan aktlara əsasən qazpaylayıcısına dəymiş zərərin hesablanması (1,2 m3 + 1,5 m3 + 1,4 m3) x 12 saat x 30 gün = 1476 m3 düstura əsasən həyata keçirilir. Belə olan halda, 2022-ci ildə iki akta əsasən hesablanmış (1476x2) 2952 m3 qaz həcminin dəyəri (1200 m3 x 0,12 + 1300 m3 x 0,20 manat + 452 m3 x 0,25 manat = 1.129) 517 manat təşkil etməkdədir. Abonent saldosuna əsasən qeyd edilən borcun 12,30 manatının ödənilməsi müəyyən edildiyindən abonentə 517 manat məbləğində hesablanmış borcun (517-12,30) 504,7 manat təşkil etdiyi müəyyən olunur. Məbləğin bu formada müəyyən edilməsi, Mülki Məcəllənin 21.3-cü maddəsinin konteksti baxımından da daha ağlabatandır.

57. Beləliklə də, iddiaçı qazpaylayıcısına dəymiş zərərin 504,7 manat məbləğində olduğu üçün məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında zərərin əvəzi olaraq cavabdehdən ümumilikdə 504,7 manat məbləğində pul tutulmalıdır.

58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

60. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3726/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi qismən - mübahisələndirilən hissədə qismən ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ******* saylı akt və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında dəymiş zərər olaraq 504,7 (beş yüz dörd manat yetmiş qəpik) manat məbləğində pul tutularaq iddiaçı “İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar