Məhkəmə qərarları › İş №2(103)-3604/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3604/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3604/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-744/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə 27.000 manat məbləğində borc verir, borc alan krediti xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə borcverənə qaytarmağı öhdəsinə götürür.

2. İddiaçının nümayəndəsi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya göndərmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh na xx.xx.2023-cü il tarixdə 21 Notariat Ofisində notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi əsasında 27.000 manat borc pul vermişdir. Həmin kredit müqaviləsinə əsasən “Borc alan” krediti xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən müddət tamam olduqdan sonra cavabdeh müəyyən bəhanələrlə iddiaçını aldadaraq ona olan borcunu verməkdən yayınmağa başlamışdır. Bu günə qədər o, cavabdehdən ona olan borcunu ala bilmir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh məhkəməyə iddia tələbini qəbul etməsi barədə yazılı ərizə təqdim etmişdir.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 744/2024 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia təmin edilmiş, Cavabdeh 27.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbi etiraf edilmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 27.000 manat məbləğində pul tutularaq ödənilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 740.1, 740.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 191.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etdiyindən əlavə araşdırmaya zərurət görməmiş və iddia tələbini təmin edilməsi qənaətinə gəlmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbində qeyd etdiyi hallar həqiqəti özündə əks etdirmir. Belə ki, iddiaçı cavabdehə olan borcundan yayınmaq üçün ona qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçıya həmin puldan kifayət qədər ödəniş etsə də, iddiaçı hazırda həmin ödənişləri etiraf etmir. Bundan əlavə, məhkəmə iclasının vaxtı barədə ona vaxtında məlumat verilmədiyindən məhkəmənin sonunda iştirak etmişdir. Yəni, sonuncu iclasda iştirak etmiş, bu səbəbdən də, hüquqlarının müdafiəsini təmin edə bilməmişdir. Məhkəmə iclaslarında onun iştirakı təmin edilmədiyindən tərəflərin çəkişmə prinsipi pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.

18. İşdən görünür ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı formada borc müqaviləsi bağlanmışdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddianı qəbul etdiyini etiraf etmiş, bunu məhkəmə iclasında izahatında da bildimiş, apellyasiya şikayətində isə həmin puldan ödənişlər etdiyini bildirmiş, lakin həmin məbləğin qaytarılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

20. Belə olan halda, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə cavabdehin həmin pul vəsaiti iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür.

21. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, belə olan vəziyyətdə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

22. Belə ki, Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-744/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar