Məhkəmə qərarları › İş №2(103)-3606/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3606/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3606/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sudeyif oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinə xitam verilməsi, girov predmetinin qaytarılması) X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı Sudeyif oğlunun, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Sudeyif oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilə öhdəliklərinə xitam verilməsi, girov predmetinin qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh "xxxx" MMC ilə İddiaçı Sudeyif oğlu (bundan sonra iddiaçı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 133 saylı kredit (borc) və girov müqaviləsinə əsasən iddiaçıya illik 5 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 12 ay müddətinə 4.765 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdehin iddiaçıya kredit verdiyi pul vəsaitinin, ona hesablanmış faizlərin, cavabdeh tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məhkəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin qaytarılmasını təmin etmək məqsədi ilə xx.xx.2015-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş, 4.765 ABŞ dolları məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları onun mülkiyyətçisi olan iddiaçı tərəfindən girov qoyulmuşdur. Tərəflər müqavilə üzrə öhdəliklər icra edilmədikdə və ya layigincə icra edilmədikdə, girov predmetinin iddiaçının razılığı olmadan satılaraq, borcun ödənilməsinə yönəldilməsi ilə bağlı razılığa gəlmişlər və həmin razılığa uyğun olaraq iddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyə dair iltizam vermişdir. xx.xx.2015-ci il tarixli "xxxx" MMC-yə girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə aktına əsasən girov predmeti olan 1 ədəd 583 əyyarlı 203 qram çəkidə olan və 3.230 ABŞ dolları, habelə 1 ədəd 750 əyyarl, 85-10 qram çəkidə olan və 1.535 ABŞ dolları məbləğində qiymətləndirilmiş mexaniki saat (ümumi qiymət 4.765 ABŞ dolları təşkil edir) iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və bu hal onların imzası ilə təsdiq edilmişdir. Müqavilə üzrə müəyyən edilmiş məbləğ, eyni zamanda xx.xx.2015-ci il tarixli, AFƏ serialı, 370933 nömrəli girov bileti cavabdeh tərəfindən iddiaçıya verilmişdir.

2. Cavabdeh "xxxx" MMC ilə İddiaçı Sudeyif oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit, 337 saylı (borc) və girov müqaviləsinə əsasən iddiaçıya illik 5 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 12 ay müddətinə 6.528 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdehin iddiaçıya kredit verdiyi pul vəsaitinin, ona hesablanmış faizlərin, cavabdeh tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məhkəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin qaytarılmasını təmin etmək məqsədi ilə xx.xx.2016-cı il tarixli zərgər aktı ilə təsdiq edilmiş, 4.810 ABŞ dolları məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları onun mülkiyyətçisi olan iddiaçı tərəfindən girov qoyulmuşdur. Tərəflər müqavilə üzrə öhdəliklər icra edilmədikdə və ya layigincə icra edilmədikdə, girov predmetinin iddiaçının razılığı olmadan satılaraq, borcun ödənilməsinə yönəldilməsi ilə bağlı razılığa gəlmişlər və həmin razılığa uyğun olaraq iddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyə dair iltizam vermişdir. xx.xx.2016-cı il tarixli "xxxx" MMC-yə girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə aktına əsasən girov predmeti olan 1 ədəd 583 əyyarlı 203 qram çəkidə olan və 3.260 ABŞ dolları, habelə 1 ədəd 750 əyyarl, 85-10 qram çəkidə olan və 1.550 ABŞ dolları məbləğində qiymətləndirilmiş mexaniki saat (ümumi qiymət 4.810 ABŞ dolları təşkil edir) iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və bu hal onların imzası ilə təsdiq edilmişdir. Müqavilə üzrə müəyyən edilmiş məbləğ xx.xx.2016-cı il tarixli məxaric orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya verilmişdir.

3. Cavabdeh "xxxx" MMC ilə İddiaçı Sudeyif oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit (borc) və girov müqaviləsinə əsasən iddiaçıya illik 5 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 12 ay müddətinə 5.308 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdehin iddiaçıya kredit verdiyi pul vəsaitinin, ona hesablanmış faizlərin, cavabdeh tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məhkəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin qaytarılmasını təmin etmək məqsədi ilə xx.xx.2016-cı il tarixli zərgər aktı ilə təsdiq edilmiş, 4.810 ABŞ dolları məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları onun mülkiyyətçisi olan iddiaçı tərəfindən girov qoyulmuşdur. Tərəflər müqavilə üzrə öhdəliklər icra edilmədikdə və ya layigincə icra edilmədikdə, girov predmetinin iddiaçının razılığı olmadan satılaraq, borcun ödənilməsinə yönəldilməsi ilə bağlı razılığa gəlmişlər və həmin razılığa uyğun olaraq iddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyə dair iltizam vermişdir. xx.xx.2016-cı il tarixli "xxxx" MMC-yə girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə aktına əsasən girov predmeti 1 ədəd 583 əyyarlı 203 qram çəkidə olan və 3.260 ABŞ dolları məbləğində qiymətləndirilmiş sepdən və 1 ədəd 750 əyyarl, 85-10 qram çəkidə olan və 1.550 ABŞ dolları məbləğində qiymətləndirilmiş mexaniki saatdan (ümumi qiymət 4.810 ABŞ dolları təşkil edir) ibarətdir. Müqavilə üzrə müəyyən edilmiş məbləğ məxaric orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya verilmişdir.

4. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçının xx.xx.2015-i il tarixli müqavilə üzrə 3.565 ABŞ dolları məbləğində əsas, 7.843 ABŞ dolları məbləğində faiz, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 4.328 ABŞ dolları məbləğində əsas, 9.305 ABŞ dolları məbləğində faiz, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 4.705 ABŞ dolları məbləğində əsas, 9.645 ABŞ dolları məbləğində faiz, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 4.050 ABŞ dolları məbləğində əsas, 8.302 ABŞ dolları məbləğində faiz borcu var.

5. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən iddiaçının xx.xx.2015-i il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2016cı il tarixli müqavilələr üzrə borcu yoxdur. Borc üzrə silinmiş məbləğin 7.400 ABŞ dolları İddiaçı Sudeyif oğlunun təqdim etdiyi girovun satışından əldə edilmiş vəsait hesabına olmuşdur.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 1002/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-dən İddiaçı Sudeyif oğluna məxsus 583 əyyarlı 203 qram çəkidə sep, 750 əyyarlı 85-10 qram çəkidə qol saatının İddiaçı Sudeyif oğluna geri qaytarılması və qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 1002/2019 saylı qətnaməsi qismən, yəni "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-dən İddiaçı Sudeyif oğluna məxsus 583 əyyarlı 203 qram çəkidə sep, 750 əyyarlı 85-10 qram çəkidə qol saatının İddiaçı Sudeyif oğluna geri qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Bu qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2258/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11670/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2992-9/3055 saylı ekspert rəyinə əsasən 1 ədəd 583 əyyarlı 203 qram çəkisi olan sepin 2020-ci ilin avqust ayına olan (satış aktında göstərlən tarixə) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12.180 manat müəyyən edilir, 1 ədəd qol saatının markası markası (modeli) və təmiz qızıl çəkisi barədə məlumatlar təqdim edilmədiyindən həmin saatın qiymətini müəyyən etmək mümkün olmamdı.

8. Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X9, tələbkar İddiaçı Sudeyif oğlu, borclu Cavabdeh2, hal şahidi X15 tərəfindən imzalanan xx.xx.2018-ci il tarixli akta əsasən 1 ədəd zəncirin qramının 202 qram, qol saatının isə 135 qram olması göstərilmişdir.

9. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli aktına əsasən "xxxx" MMC-dən bir neçə kredit müqviləsi üzrə borc götürülmüş, kreit müqavilələri üzrə müddətin bitməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş İddiaçı Sudeyif oğlunun həmin öhdəliklərin təminatı olaraq, girov qoyduğu qızıl-zinət əşyaları satılması üçün götürülmüş və kisə açılmışdır. Nəticədə 1 ədəd 583 əyyarlı 203 ram çəkidə 1 ədəd qızıl sep 11.165 manata, 1 ədəd 583 əyyarlı 30 qram çəkidə qol saatı 1.650 manata zərgər X2 və əldə edilmiş 12.815 manat məbləğində vəsait kassaya mədaxil edilərək, İddiaçı Sudeyif oğlunun borcundan silinmişdir.

10. "xxxx" MMC-nin filial müdiri Ayaz Hacıəliyev barəsində filialdakı fəaliyyəti ilə əlaqədar cinayət işi başlanmış, cinayət işinin istintaqında kredit portfelinin təhlili zamanı müəyyən olunmuşdur ki, onun tərəfindən cəmi 19 müştərinin adına kredit rəsmiləşdirilərkən yol verdiyi qanun pozuntuları nəticəsində, müəssisəyə cəmi 94.248 ABŞ dolları ziyan dəymişdir. Kassadan əksik gələn nağd vəsait də nəzər alındıqda "xxxx" MMCyə dəyən zərərin həcmi cəmi 106.852 ABŞ dolları təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı Sudeyif oğlu iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 09 dekabr 2015-ci il, 13 fevral 2016-cı il, 29 mart 2016-ci il və 11 aprel 2016-cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqavilələrə əsasən girov öhdəliklərinə xitam verilməsi, ona məxsus 583 əyarlı 203 qram çəkisi olan qızıl zəncirin və 750 əyyarlı çəkisi 135 qram olan qızıl qol saatının cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqavilələri üzrə ödəniş edildikdən sonra yekunda cavabdehə heç bir kredit borcu olmasa da, cavabdeh tərəfindən ona məxsus qızıl-zinət əşyaları geri qaytarılmır. Əsas kimi isə cavabdehin keçmiş işçisi tərəfindən dələduzluq cinayəti törədilməsi, onun və başqa şəxslərin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməsi olmasıdır. Cavabdeh tərəfindən onun xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə borcu olması bildirilir. Lakin göstərilən son 3 müqavilənin saxta olması, ümumiyyətlə müqavilələrin mövcud olmaması cavabdehin borc tələb etmək hüququnu istisna edir. Bundan başqa, əvvəlki kredit müqavilələri üzrə borc tam ödənilsə də, ödəniş qəbzləri onda qalmadığından bunu təsdiq etməkdə çətinlik çəkir. Qeyd olunan kredit müqavilələri üzrə iddia müddətləri keçmişdir və cavabdeh tərəfindən müqavilələr üzrə pul tələb etmək hüququ qalmamışdır. Belə ki, hər bir kredit müqaviləsinin müddəti 12 aylıq olmuş və 3 illik iddia müddəti nəzərə alınarsa, 2020-ci il üçün, yəni onun hazırda iddia ərizəsi verdiyi tarixə iddia müddətləri ötmüşdür. Bundan əvvəl qızılların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi onun xeyrinə qətnamə qəbul etsə də, apellyasiya və ali məhkəmə onun ziyanına qərar çıxarmışdır. Həmin məhkəmə mübahisələri gedən zaman cavabdeh iddia müddətini ötürmədiyi vaxt idi və həmin vaxt iddia qaldıra bilərdi. Lakin iddianın əsassız olacağı və təmin edilməyəcəyi üçün belə bir iddia verməmiş, hazırda isə cavabdehin borc tələb etməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Əvvəl verdiyi iddia ilə hazırkı iddia eynilik təşkil etmir və fərqli əsaslar təşkil edir. Cavabdeh "xxxx" MMC-nin rəhbəri Cavabdeh2 ona qarşı edilən qanuni tələbləri icra etmir, əksinə ona məxsus qızılları satacağını bildirir.

13. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 681/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Sudeyif oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqavilələrə əsasən girov öhdəliklərinə xitam verilməsi, iddiaçıya məxsus 583 əyyarlı 203 qram çəkisi olan sep və 750 əyyarlı çəkisi 135 qram çəkisi olan qol saatının cavabdehlərdən alınaraq, iddiaçıya qaytarılması qət edilmişdir. (hakim X12)

14. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə İddiaçı Sudeyif oğlunun cavabdeh "xxxx" MMC-yə heç bir kredit borcu olmasa da, cavabdeh tərəfindən iddiaçıya məxsus qızıl-zinət əşyaları geri qaytarılmamış və həmin kredit müqavilələri üzrə 3 illik iddia müddətləri də keçmişdir.

15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443.1-ci, 445.2-ci, 445.2.1-ci, 448.1-ci, 448.2-ci, 373.2-ci, 550-ci, 556.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdilər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə digər Cavabdeh2 arasında heç bir müqavilə münasibəti olmadığı halda, o da cavabdeh kimi göstərilmişdir. Halbuki, Cavabdeh2 sadəcə Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur. Müqavilələr isə Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmışdır. Buna görə də, Cavabdeh2 cavabdeh ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11670/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ”Karat L” MMC qarşısında kredit öhdəliyi qalmaqdadır. Həmin qətnamə Ali Məhkəmənin 2(102)-2258/2020 saylı, 8 iyun 2020-ci il tarixli qərarı ilə də qüvvədə saxlanılmışdır. İddiaçı öhdəliyini icra etmədiyinə görə, girov əmlak qanunla müəyyən edilmiş qaydada satılmış və gəlir borca yönəldilmişdir, lakin borc tam bağlanmamış və qalmaqdadır. Digər tərəfdən, iddiaçının iddiasının bir hissəsi məhz daha əvvəl qaldırılmış və təmin edilməmiş iddia tələbləri ilə eynidir ki, belə halda iddiaya təkrar baxıla bilinməz. Həmçinin, ”Karat L” MMCnin işçisi Ayaz Hacıəliyevin barəsində cinayət işi yekunlaşmadığına görə, İddiaçı bütün öhdəliklərini tam müəyyən etmək mümkün olmamış və buna görə də, hələ də İddiaçı qarşı borcun tələbi haqqında məhkəmədə iddia qaldırıla bilinməmişdir. İddia müddətinin ötməsi öhdəliyə xitam vermir. İddia müddətinin ötməsi kreditor iddia qaldırdığı halda borclunun (cavabdehin) yazılı ərizəsi əsasında tətbiq edilir. Məhkəmə səhv olaraq iddia müddətinin ötməsi əsasında öhdəliyə xitam vermişdir. Halbuki, həmin maddə ilə müəyyən edilmiş müddət keçməmişdir. Məhkəmə qeyd etmişdir ki, öhdəliyin icrası tərəflərin cavabdeh olmadığı haldan irəli gələrək mümkün olmadıqda öhdəliyə xitam verilir. Məhkəmə mövcud mübahisədə öhdəliyin icrasını mümkün etməyən halın nədən ibarət olduğunu qeyd etməmişdir. Çünki belə bir hal mövcüd deyildir. Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamədən sonra İddiaçı borcunu ödəmədiyinə və buna dair sübut təqdim etməməyinə baxmayaraq, məhkəmə əsassız yerə hesab etmişdir ki, o öz öhdəliyini icra etmişdir.

18. İddiaçı Sudeyif oğlu apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, onun tərəfindən ilk dəfə qaldırılan iddia xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələrin saxta olması və həmin saxta müqavilələrə əsasən girov saxlanılan qızılların qaytarılması barədə olmuşdur. Hazırda isə daha əvvəlki tarixlərdə bağlanmış müqavilələr mübahisləndirilir. Cavabdeh onun müqavilələr üzrə borcunun olduğunu bildirir. Buna baxmayaraq, ona qarşı pulun tutulması tələbi ilə iddia qaldırmamışdır. Əvvəlki iddiasına baxılan zaman da bu sual verilmiş, lakin cavab alınmamışdır. Əvvəlki iddiaya baxılan zaman da cavabdeh saxta maliyyə arayışı təqdim etmiş və maliyyə arayışında göstərilən borcun necə hesablanmasına aydınlıq gətirə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin icraatında olan cinayət işi materiallarında cavabdehin şikayət ərizəsində Ayaz adlı işçinin qanunsuz əməlləri nəticəsində 19 kredit müqaviləsi üzrə 49.709 ABŞ dolları zərər göstərilsə də, məhkəməyə təqdim edilmiş maliyyə arayışında yalnız onun borcu ümumi zərər məbləğini keçir. Bununla da, həmin maliyyə arayışının saxta olması öz təsdiqini tapır. Onun 50.000 manatdan çox borcu olduğu halda, sonrakı tarixlərdə 3 müqavilənin hansı qaydada cavabdeh tərəfindən təsdiq edilməsi də sual doğurur. Bu məbləğ girovda olan qızılların dəyərindən bir neçə dəfə çoxdur. Hazırda da cavabdeh onun kredit müqavilələri üzrə hər hansı borcunun olmasını təsdiq edə bilmir. İstənilən vaxt redaktə edilməsi mümkün olan komputer bazasına istinad edilir. Real borc olduğu halda, ən azından hesabdan çıxarış təqdim edilmiş olardı. Apellyasiya şikayətində cavabdeh girov qoyulmuş qızılları satılıb, boca yönəldiyini qeyd edir. Halbuki, əvvəlki iddia tələbinə baxılan zaman qızılların üzərinə həbs qoyulmuş, icra məmuru cavabdeh dəvət etmiş, iltizam ilə qızılların saxlanılmasını cavabdehə həvalə etmişdir. Həmin həbs qərardadı qüvvədə olduğu müddətdə hazırki iddia tələbi qaldırılmış və yenidən iddia təmini tətbiqi olaraq, qızılların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Lakin icra məmuru dəvət edən zaman cavabdeh qızılları satdığını bildirmişdir. Üzərində həbs olan qızılları satması cavabdehin qanunsuz əməllərini bir daha sübut edir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2334/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov)

Kassasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 938/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2334/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar vasitəsilə sahibkarlıq fəaliyyəti özünəməxsusluğu ilə seçilir və əsasən fiziki şəxslərin şəxsi istehlak üçün qısamüddətli kreditlə təmin olunmasını həyata keçirir. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə etməklə (satmaqla) krediti bağlaya bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir, məbləğ artıq olduqda isə girovqoyanın həmin artıq məbləği tələb etmək hüququ vardır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 1167/2019 nömrəli qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" MMC-yə xx.xx.2015-ci, xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə borcunun olması müəyyən edilmiş, ona görə də iddiaçının lombarda girov qoyduğu qızıl əşyalarının qaytarılmasına dair iddia tələbi rədd edilmişdir. Qətnamə ilə xx.xx.2015-ci il tarixli, 133 nömrəli kredit və girov müqaviləsi 3.565 manat əsas, 7.843 manat faiz, xx.xx.2016-cı il tarixli 337 nömrəli kredit və girov müqaviləsi üzrə 4.328 manat əsas, 9.305 manat faiz və xx.xx.2016-cı il tarixli 422 nömrəli kredit və girov müqaviləsi üzrə 4.705 manat əsas, 9.645 manat faiz borclunun qalması müəyyən edilmişdir. Həmin qətnamənin qəbulundan sonra da iddiaçı tərəfindən hər hansı bir ödənişin həyata keçirilməsi və kredit borcunun qaytarılması müəyyən edilmir. Hazırkı iş üzrə də iddiaçı yuxarıda göstərilən üç müqavilə üzrə cavabdeh MMC-dən borc aldığını etiraf etmiş, lakin həmin borcun qaytarılmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının borclu olmasının sübuta yetirilməsi vəzifəsinin cavabdeh MMC üzərinə düşməsi qənaətinə gəlmiş, nəzərə almamışdır ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazrıkı vəziyyətdə borcun qaytarılmasını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Digər tərəfdən isə işdən görünür ki, iddiaçı kredit müqavilələri üzrə öhdəliklərin xitamının əsası kimi borcu tam qaytarmasını və müqavilə öhdəlilkrini icra etməsini deyil, borcu tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətin cavabbeh tərəfindən buraxılmasına görə müqavilə öhdəliklərinə xitam verilməsini, sonrakı mərhələ kimi girov predmetlərinin qaytarılmasını xahiş etmişdir. İşə birinci instansiyada baxan məhkəmə də iddianın təmini əsası kimi borcu tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətinin cavabdeh tərəfindən buraxılmasını göstərmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətin düzgün olmadığını qeyd etsə də, iddianı təmin edərkən iddia tələblərində irəli sürülməyən hallara əsaslanmışdır. Beləliklə, işin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının təşəbbüsü ilə X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

25. Təkrar məhkəmə iclasında cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

26. Təkrar məhkəmə iclasında İddiaçı Sudeyif oğlu və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin, habelə apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdilər.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə olnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 294.1.1-ci və 294.1.2-ci maddələrinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə və ya bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə girova xitam verilir; 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər; 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir; 302.3-cü maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir; 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 528-ci maddəsinə əsasən Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu baxımdan, iddia müddəti subyektiv hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

36. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətində qətnamələrin ləğv olunub iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasının xahiş olunduğunu nəzərə alıb, qətnaməni tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

38. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsindən irəli gələn münasibətlər iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında yaranmış və mübahisə predmetini təşkil edən qızıl-zinət əşyaları yaranmış kredit öhdəliklərinin təminatı olaraq məhz bu cəmiyyət qarşısında girovla yüklü edilmişdir. İddia üzrə cavabdeh qismində müəyyən edilmiş Cavabdeh2 bu münasibətlərdə onun qanuni təmsilçisi olaraq "xxxx" MMC-ni təmsil etmiş və hüquqi nəticə etibarı ilə sonuncunun adından hərəkət və çıxış etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda da mübahisəli əşyaların ona məhz "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olaraq verildiyi göstərilmişdir. Bu səbəbdən müqavilə öhdəliklərinə xitam verilməsinin və girov predmetinin ondan tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur. Bu da öz növbəsində apellyasiya şikayətinin dəlillərinin bu hissədə əsaslı olmasına dəlalət edir və hazırki iddianın ona aid hissədə rədd edilməsini şərtləndirir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən cavabdeh "xxxx" MMC-yə münasibətdə vurğulayır ki, iddiaçı hazırda mübahisə predmetini təşkil edən əşyaların qaytarılması tələbi ilə cavabdeh"xxxx" MMC-yə qarşı iddia qaldırmış və iddiasını cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, girov predmetinin ona qaytarılmaması, onun adından saxta kredit müqavilələrinin bağlanması və əsassız olaraq, ona borc yazılması ilə əsaslandırmışdır. Lakin aparılmış araşdırma zamanı iddiaçının cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələr üzrə hələ də borcunun olduğu müəyyən edilmiş və bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2258/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə bu nəticə ilə razılaşmışdır.

40. Hazırda isə iddiaçı qeyd edilən müqavilələr üzrə kreditin 12 ay müddətinə verildiyini və bu müqavilələr üzrə Mülki Məcəllə ilə müəyyən edilmiş 3 illik iddia müddətinin ötürüldüyünü, lakin ilk dəfə iddia qaldıran zaman bu müddətin hələ ötməməsi səbəbindən həmin vaxt hazırki mövqeyindən çıxış edə bilmədiyini bildirir və iddia müddətinin ötməsi əsası ilə müqavilə öhdəliklərinə xitam verilməsini və girov predmetini təşkil edən əşyaların ona qaytarılmasını tələb edir. Başqa sözlə, iddiaçı ilk dəfə öhdəliklərin icra olunması, hazırda isə iddia müddətinin ötürülməsi əsasından çıxış edir.

41. Məhkəmə kollegiyası qanunvericiliyin bu sahəni tənzimləyən müddəalarını nəzərə alıb, habelə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, vurğulayır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddətinin bitməsi faktı bu müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olmur. Belə ki, öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Məhz bu səbəbdən iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla belə, iddia müddətinin keçməsi özüözlüyündə öhdəliyin xitamına səbəb olmur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Əks halda, icra zamanı iddia müddətinin bitdiyini bilməmiş və vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmiş borclu icra etdiyini geri tələb edə bilərdi (MM 383-cü maddə) və ya iddia müddətinin ötürülməsinə baxmayaraq, iddia müddətinin tətbiq edilməsi barədə borclunun ərizəsi olmadan məhkəmələr bu hala istinad edib iddiaları rədd etmiş olardılar (MM 375.2-ci maddə). Qeyd edilənlər də öz növbəsində hüquqi nəticə etibarı ilə iddiaçının hazırki iddiasının müqavilə öhdəliklərinə xitam verilməsi tələbinə dair hissədə əsassız olmasını təsdiq edir və onun rədd edilməsini şərtləndirir.

42. Məhkəmə kollegiyası iddia üzrə "müqavilə öhdəliklərinə xitam verilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "girov predmetinin qaytarılması" hissəsinin törəmə tələb olduğunu və bu hissənin təminolunub olunmamasının bilavasitə "müqavilə öhdəliklərinə xitam verilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alıb belə qənaətə gəlir ki, iddia tələbi "girov predmetinin qaytarılması" hissəsində də əsassızdır və rədd edilməlidir.

43. Məhkəmə kollegiyası iddianın faktiki və hüquqi əsasından asılı olmayaraq, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən qanunvericiliyə istinadən o halı da qeyd edir ki, iddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış kredit müqaviləsində irəli gələn öhdəlikləri lazımi qaydada icra etməməsi səbəbindən cavabdehin həmin öhdəliklərin təminatı olaraq girov qoyulmuş əşyaları satmaq hüququ yaranmış və cavabdeh bu hüququndan istifadə edərək, həmin əşyaları sataraq, əldə edilmiş vəsaiti iddiaçının mövcud olan borcuna yönəltmişdir. Başqa sözlə, cavabdeh həmin əşyanı satan zaman bu əməliyyatı aparmağa tam hüquqlu olmuş və mülki qanunvericiliyin ona verdiyi imkanlar çərçivəsində hərəkət etmişdir. Bundan sonra da qalıq borc qalmasına baxmayaraq, həmin məbləği artıq tələb etmək hüququna malik deyil. Bu baxımdan tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə hüquqi nəticə etibarı ilə artıq xitam verilmişdir.

44. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, idiaçının ilk iddiası üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2258/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə bitmişdir. Girov predmeti isə xx.xx.2020-ci il tarixdə satılmışdır. Hazırki iddia üzrə müvəqqəti təminat tədbiri qaydasında girov predmetinin satışı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qadağa edilmişdir. Başqa sözlə, xx.xx.2020-ci il tarixdə girov predmeti ilə bağlı tərəflər arasında hər hansı məhkəmə mübahisəsi olmamış, müvəqqəti təminat tədbiri isə artıq girov predmeti satıldıqdan sonra tətbiq edilmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 3 illik iddia müddətinin keçməsi əsası ilə iddianı təmin etməkdə haqlı olmamış, konkret olaraq hüquq normasının tətbiq edilməsində səhvə yol vermişdir. Həm bu, həm də məhkəmə kollegiyası tərəfindən qeyd edilən digər əsaslardan birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Sudeyif oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinə xitam verilməsi, girov predmetinin qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı Sudeyif oğluna aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Sudeyif oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinə xitam verilməsi, girov predmetinin qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı Sudeyif oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar