Məhkəmə qərarları › İş №2(103)-3606/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3606/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3606/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı Ziyaddin oğlu, Cavabdeh2 iştirakı ilə, İddiaçı Ziyaddin oğlunun cavabdehlər 6 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı “kredit müqavilələrinə xitam verilməsi və icra qeydlərinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-772/2025 nömrəli 14 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Ziyaddin oğlu cavabdehlər 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı «kredit müqavilələrinə xitam verilməsi və icra qeydlərinin ləğv edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərin icra olunması ilə əlaqədar İddiaçı Ziyaddin oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinə xitam verilməsi və bu kredit müqavilələri əsasında 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 5 aprel 2023-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır və bu kredit müqaviləsinə görə onun tərəfindən iddiaçıya 10.000 (on min) manat məbləğində pul verilmişdir. Həmçinin aralarında 8 aprel 2023-cü il tarixində ikinci kredit müqaviləsi bağlanmışdır və bu müqaviləyə görə ona 20.000 (iyirmi min) manat məbləğində pul verilmişdir. Hər iki müqavilədə həmin borc pulun faizsiz verildiyi göstərilsə də, əslində Cavabdeh2 tərəfindən həmin pul ona yüksək faizlə verilmişdir. Cavabdehdən götürülmüş ümumilikdə 30.000 (otuz min) manat pulun əvəzinə iddiaçı tərəfindən ona 60.000 (altmış min) manat məbləğində pul ödənilmişdir. Həmin bu pulun qaytarılması həm onun tərəfindən şəxsən Cavabdeh2 özünə nağd şəkildə ödənilməklə, həm də bank köçürmələri vasitəsilə verilmişdir. Eyni zamanda Cavabdeh2 onun barəsində Bakı şəhəri, Nizami rayon polis idarəsinə şikayət ərizəsi verdiyi üçün polis idarəsinə aparılan araşdırma zamanı da iddiaçı tərəfindən cavabdehə 12.000 (on iki min) manat pul ödənilmişdir. Yəni, ümumilikdə 30.000 manat pul əvəzinə iddiaçı tərəfindən 60.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 artıq iddiaçının ona borcu olmadığını bildiyi halda həmin bu borc müqavilənin bağlandığı 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinə müraciət edərək həmin pulların ondan tutulması barədə 11 oktyabr 2024-cü il tarixli icra qeydi əldə etmiş və bu icra qeydləri 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. Əgər öhdəlik tam şəkildə icra olunmuşdursa onda öhdəliyin icra olunması əsası ilə həmin öhdəliyə xitam verilməlidir. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən həmin bu borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə icra olunmuş və onun Cavabdeh2 qarşısında heç bir öhdəliyi qalmamışdır. Lakin o, haqq-ədaləti unudaraq və vicdanlıq prinsipinə əməl etməyərək notariat ofisinə iddiaçının ona olan borcun ödənilməsi ilə əlaqədar ərizə verməmiş və bu da əsassız olaraq digər cavabdeh tərəfindən iddiaçı barədə icra qeydinin verilməsinə səbəb olmuşdur. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının qeyd etdiyi kimi həqiqətən də onunla iddiaçı arasında xx.xx.2023-cü il tarixlərində 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə bağladıqları kredit müqaviləsinin 2-ci bəndində qeyd edilir ki, “Borc alan” krediti 10.000 (on min) manat xx.xx.2023-cü il tarixədək “Borc verənə” notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. 08 aprel 2013-cü il tarixdə həmin notariat kontorunda 20.000 (iyirmi min) manat borcla əlaqədar olan kredit müqaviləsinin 2ci bəndində isə yenə “Borc alan” krediti xx.xx.2023-cü il tarixinədək “Borc verənə” notariusun depozit hesabı ilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan və hazırki iddia tələbi üzrə iddiaçı olan İddiaçı Ziyəddin oğlu hər iki kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, aralarında bağlanan kredit müqaviləsində pulun faizsiz verilməsi qeyd olunsa da, güya o, pulu fazilə vermişdir. Bu uydurma yalandır və əgər aralarında olan müqavilədə faizin almadığı notarial qaydada təsdiq edilirsə, nə borclu ona faiz verərdi, nə də borcverən ondan faiz tələb edə bilərdi. Bu addam onun iddiaçıya verdiyi pulu vermir, hansı faizdən söz gedə bilər. O, iddiaçıya borc pulu verdikdən bir müddət sonra bilmişdir ki, İddiaçı Ziyaddin oğlu ona qarşı etdiyi eyni məzmunlu əməllərə görə iki dəfə məhkum edilibdir. İddiaçı iddia tələbində qeyd edir ki, ona 60.000 (altmış min) manat məbləğində pul ödəyib. Dələduzluq cinayət əməllərində 2 dəfə həbs edilən bu şəxs cavabdehin ona borc verdiyi pulları notariat qaydasında verdiyini bildiyi halda heç bir vaxt ona qaytardığı pulu əlbəəl verə bilməzdi və verməyib də. İddiaçı ərizəsində qeyd edir ki, ona qaytardığı pulları bank köçürmələri vasitəsilə etmişdir. Notarial qaydada bağlanan “Borc müqaviləsi” əsasında İddiaçı ona borclu olduğu 30.000 (otuz min) manatdan əlavə o, özünün əlyazma qaydasında ona vermiş olduğu “müqavilə” əsasında ona 7.000 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Polisə müraciəti nəticəsində iddiaçı ona 7.000 ABŞ dollarını Azərbaycan puluna keçirməklə 11.000 (on bir min) manat qaytarmışdır, yəni 1.000 (bir min) manat hələ əksik olaraq qaytarmışdır. Rəsmi qaydada verilən 10.000 (on min), 20.000 (iyirmi min) və 7.000 (yeddi min) ABŞ dollarından əlavə İddiaçı 75.000 (yetmiş beş min) manatdan artıq pul vermişdir və birlikdə alver etmişlər. Bu pulları ona borc verməyi barədə ondan heç bir sənəd almamışdır. Lakin zaman keçdikcə onun hərəkətlərindən, haqq-hesab zamanı dürüst olmamasından şübhələndiyi və bu cür halları ona sübut etdiyi üçün sonradan ona verdiyi pulları qanunla müəyyən olunmuş rəsmi qaydada, yəni ya qəbz almaqla, ya da notarial qaydada verməyə başlamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-772/2025 nömrəli 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, icra qeydi üzrə icra icraatı icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə icra məmurunun hal-hazırkı iddia ərizəsində göstərilən məsələləri aydınlaşdırmaq və araşdırmaq səlahiyyəti yoxdur. İcra məmuru yalnız ona təqdim edilmiş icra sənədi əsasında icraat işini aparır. İddia ərizəsindən və iddia ərizəsinə əlavə etdiyi vəsatətlərdən də görünür ki, bu iddianın araşdırılması üçün müxtəlif banklara sorğuların verilməsi, polis idarəsindən araşdırma sənədlərinin alınması, şahidlərin dindirilməsi və s. barədə vəsatətlər vermişdir. Yəni, onun iddia ərizəsinin araşdırılması bir çox zəruri məlumatların əldə edilməsi nəticəsində mümkün idi ki, icra məmurunun da həmin səlahiyyətləri yoxdur. Həmçinin onun cavabdehə ödədiyi pul vəsaitləri həmin bu icra qeydləri verilənə qədər olmuşdur ki, praktikada da icra məmuru icraata başlamaq haqqında ona təqdim edilmiş icra sənədindən əvvəl edilmiş ödənişləri həmin icra işi üzrə ödəmiş kimi qəbul etmir. Təbii ki, bununla əlaqədar mübahisə yarandıqda da yenə həmin məsələyə məhkəmə müstəvisində baxılır. Bundan başqa bildirir ki, əgər iddiaya hal-hazırkı şəkildə baxılmalı deyildisə, onda hakim iddia ərizəsini onun icraatına gələn kimi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməli idi. Amma işin hallarından da görünür ki, onun iddia ərizəsi icraata götürülmüş və altı aydan artıq məhkəmə prosesi getdikdən sonra məhkəmə bu qənaətə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh isə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 8İ-40911 və 8İ-40910 reyestr saylı notariat işlərinin təsdiq olunmuş surətlərindən görünür ki, 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-40911 reyestr saylı icra qeydinə əsasən vaxtında ödənilməmiş 10.000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10.025 manat pul məbləği İddiaçı Ziyaddin oğlundan Cavabdeh2 xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10.000 manat borcun ödənilməsi ilə bağlı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” Cavabdeh2 tərəfindən İddiaçı Ziyaddin oğluna ünvanlanmışdır. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ- 40910 reyetr saylı icra qeydinə əsasən vaxtında ödənilməmiş 20.000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20.025 manat pul məbləği İddiaçı Ziyaddin oğlundan Cavabdeh2 xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10.000 manat borcun ödənilməsi ilə bağlı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” Cavabdeh2 tərəfindən İddiaçı Ziyaddin oğluna ünvanlanmışdır. (SS875281933AZ kodlu poçt qəbzinin surəti əlavə olunur). xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 20.000 manat borcun ödənilməsi ilə bağlı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” Cavabdeh2 tərəfindən İddiaçı Ziyaddin oğluna ünvanlanmışdır. (SS875281933AZ kodlu poçt qəbzinin surəti əlavə olunur). İş materiallarına əlavə edilmiş poçt göndərişlərinin çatdırılma vərəqəsindən görünür ki, SS875281933AZ kodlu poçt göndərişi İddiaçı Ziyaddin oğluna çatdırılmış və yoldaşı Gülbəniz Abdullayeva tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh2 (“Borc verən”) ilə İddiaçı Ziyaddin oğlu (“Borc alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” tərəfindən “Borc alana” xx.xx.2023- cü il tarixinədək 10.000 (on min) manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. İş materiallarında olan Cavabdeh2 (“Borc verən”) ilə İddiaçı Ziyaddin oğlu (“Borc alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” tərəfindən “Borc alana” xx.xx.2023- cü il tarixinədək 20.000 (iyirmi min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami RPİ İŞ-nin müstəntiqi Cəmşid Sadıqovun icraatında olan material üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixli izahatında qeyd edilmişdir ki, sonuncu X2 ilə ortaq tanışların vasitəsilə tanış olmuşdur. O, həmin pulu ona dost kimi borc vermişdir. Həmin pulun üstündə Babək ona bir manat da olsun əlavə pul verməyib. 2023-cü ilin aprel ayının əvvəllərində Babək ilə Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığındakı çayxanada oturub çay içən zamanı o Babəkə oğlunun yaşı keçmədiyini, lakin hələ işə düzəldə bilmədiyini bildirdi. Babək ona heç bir problem olmadığını, onun Baş Dövlət Yol Polisi İdarəsindı işləyən qardaşının oğlunun həmin qurumda işə götürülməsinə kömək edə biləcəyini bildirdi. Qardaşı ilə danışdıqdan sonra hansı sənədlərin və nə qədər pulun lazım olduğunu ona deyəcəyini söylədi. O, Babəklə razılaşmamışdır. Təxminən 2 gün sonra Babəklə görüşən zaman o qardaşı ilə görüşüb danışdığını, Baş Dövlət Yol Polisi İdarəsində işə düzəlmək üçün övladı 26 aprel 1994-cü il təvəllüdlü X4 yol nəqliyyat ixtisası üzrə kolleci bitirdiyi barədə diplom alınması qarşılığında 10.000 manat pul lazım olduğunu dedi. O etiraz etməmişdir və 2023-cü ilin aprel ayının 5-də Babək ilə Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşüb 10.000 manat pulu ona vermək istəmişdir. Babək ürəyinin rahat olması üçün həmin pulu notarial qaydada verməyini təklif etmişdi. O, Babəklə razılaşdı. Həmin vaxt yanlarında olan Qəhrəman adlı ümumi tanışları aralarında olan söhbətlərin şahidi olmuşdur. Onlar birlikdə Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsi adlanan ərazinin yaxınlığındakı 6 saylı “ASAN” xidmət mərkəzinə getmişdirlər. Orada onunla Babək arasında notarial qaydada 10.000 manat pulun onun tərəfindən Babəkə borc olaraq verilməsi barədə müqavilə bağlamışlar və o notariusda 10.000 manat pulu şəxsən Babəkə verib. Həmin zaman Qəhrəman da yanlarında olmuşdur. Bundan təxminən iki gün keçdikdən sonra Babək oğlunun işə qəbul olunması məqsədilə hansısa rəisə təcili 20.000 manat pul vermək lazım olduğunu bildirdi. O, etiraz etməyərək, 08 aprel 2023-cü il tarixdə yenə də Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Asan Xidmətdə Babəkə notarial qaydada aralarında bağlanmış borc müqaviləsi əsasında 20.000 manat pulu şəxsən Babəkə vermişdir. Həmin zaman yanlarında digər şəxs olmamışdır. Bir neçə gün keçmiş Babək oğlunun artıq 29 yaşı olduğundan tibbi komissiyada problemlər yarandığını, həmin problemi həll etmək üçün 12.000 manat pul lazım olduğunu bildirdi. O, etiraz etməyərək, Nizami rayonu, Qara Qarayev prospekti metronun “Neftçilər” stansiyasının çıxışında yerləşən “Unibank”ın yaxınlığındakı çayxanada Babəklə görüşdü. Həmin görüşdə Qərhrəman və Əli adlı ortaq tanışları da iştirak etmişdir. Söhbət zamanı o milli ulunun olmadığını bildirib Babəkə 7.000 ABŞ dolları pul verdi. Pul verilən zaman Qəhrəman və Əli adlı ortaq tanışları da yanlarında olmuşlar. Təxminən bir ay ərzində Babək müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirdi. O, işin alınmadığını görüb Babəkə verdiyi pulların geri qaytarmasını tələb etdi. Babək ona verilmiş pulları geri qaytarmaqdan yayındığından aralarında narazılıq yarandı. Dəfələrlə Babəkdən verdiyi pulları geri tələb etsə də o, ona heç bir məbləğdə pul qaytarmamışdır. Babəkə oğlunun işə düzəltməli olan qardaşı, Baş Dövlət Yol Polisi İdarəsində növbətçi işləyən, polis mayoru X3 ilə görüşdürməsini xahiş etmişdir. Babək bir müddət keçmiş qardaşından pulları geri aldığı və oğlunun işə qəbul olunması üçün ortaq tanışları, makler fəaliyyəti göstərən Aidə adlı qadına verdiyini söylədi. Babək pulları geri qaytarmaqdan yayındığı üçün məcbur olub hadisə ilə bağlı xx.xx.2023-cü il tarixdə Nizami PRİ-nə ərizə ilə müraciət edilmişdir. Müraciətlə bağlı Nizami RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılarkən Babək ondan aldığı pullardan 10.000 manat geri qaytardı. Bundan başqa Babək verdilmiş pullarda heç bir məbləği geri qaytamamışdır. Məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il kredit müqavilələri üzrə borclu İddiaçı Ziyaddin oğluna “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”lər qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərildiyindən və qeyd olunan müqavilələrə əsasən borc məbləğlərinin tutulması (müvafiq olaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10.000 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 20.000 manat) üçün icra qeydlərinin verilməsində qanunla müəyyən edilmiş ümumi qaydaların ziddinə yönəlmiş hallar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Gəldiyi nəticəni məhkəmə belə əsaslandırmışdır ki, iddia tələblərinin əsas dəlilləri tərəflər arasında bağlınmış kredit müqavilələri üzrə qalıq borcların məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Borc müqavilələri üzrə icra qeydləri verildiyindən, borcun məhkəmə qaydasında mübahisədəndirilməsi istisna olunur. İcra qeydləri üzrə pulun ödənililib-ödənilməməsi və ödənilmiş pulun həcmi müstəqil iddianın verilməsi yolu ilə iddia icraatı çərçivəsində deyil, icra qeydinə əsasən başlanmış icra icraatı çərçivəsində müəyyənləşdirilir. Hər iki kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun tam ödənilməsi, yəni öhdəliyin icra ilə əlaqədar müqavilələrə məhkəmə qaydasında xitam verilməsi barədə iddia tələblərinə münasibətdə, məhkəmə yuxarıdakı mövqeyini rəhbər tutaraq, qeyd etmişdir ki, həmin müqavilələr üzrə borcun tutulmasına dair icra qeydləri verildiyindən, həmin müqavilələr üzrə borcların tutulması və ya buna dair öhdəliklərə xitam verilməsi məsələlərinə iddia icraatı qaydasında deyil, icra qeydləri üzrə icraat çərçivəsində hüquqi qiymət verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşsa da, gəldiyi nəticəni əsaslı saymır. Kollegiya da hesab edir ki, iddiaçının tələblərinə icra icraatı qaydasında baxılmalıdır. Bu isə o deməkdir ki, həmin tələblərə iddia icraatında baxılmalı deyil və bu səbəbdən də işin icraatına xitam verilməlidir. Belə ki, iddia tələbi iki hissədən - öhdəliklərin icra olunması ilə əlaqədar İddiaçı Ziyaddin oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinə xitam verilməsi və bu kredit müqavilələri əsasında 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsindən ibarətdir. Tərəflərin izahatlarından da göründüyü kimi, onlar arasında kredit (pul) münasibətləri olmuşdur. Tərəflər öz iradələrini sərbəst şəkildə həyata keçirməklə əqd bağlamışlar. İddiaçı da həmin əqdləri mübahisədəndirmir. Hazırda iddiaçı hər iki müqavilə üzrə öhdəliyini icra etməsinə əsaslanaraq müqavilələrə xitam verilməsini tələb edir. Yəni, iddiaçı hesab edir ki, Mülki Məcəllənin 528ci maddəsinə əsasən öhdəliyə icra nəticəsində xitam verilməlidir. Kollegiya qeyd edir ki, öhdəliyə icra nəticəsində xitam verilib-verilməməsi məhkəmə aktından asılı olan hal deyil, bu (xitam) müqavilələr üzrə müəyyən olunmuş qanuni rejimdən irəli gəlir, yəni borclu öhdəliyini lazımi qaydada icra etdikdə öhdəliyə avtomotik olaraq xitam verilir. Lakin cavabdeh hər iki müqavilə üzrə icra qeydi alaraq icraya yönəltmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Odur ki, iddiaçı hər iki müqavilə üzrə öhdəliyini icra etməsi ilə bağlı icra məmuruna müraciət etməlidir. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliklərindən) narazı qaldıqda isə həmin hərəkət və ya hərəkətsizlikdən məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 391, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-772/2025 nömrəli 14 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki işin icraatına işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya izah olunsun ki, müqavilələr üzrə borcun tutulmasına dair icra qeydləri verildiyindən, həmin müqavilələr üzrə borcların tutulması və ya buna dair öhdəliklərə xitam verilməsi məsələlərinə icra qeydləri üzrə icraat çərçivəsində baxılmalıdır. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar