Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3607/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı İKB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13 mart 2019-cü il tarixli kredit müqaviləsi üzrə 4078.73 manat əsas borc, 396.42 manat faiz borcu və 73.05 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4548.2 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş № 2(004)-785/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 6000 manat kredit götürmüş olsa da, müqavilə şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19 oktyabr 2020-dək Cavabdeh banka 13 mart 2019-cü il tarixli kredit müqaviləsi üzrə 4078.73 manat əsas borc, 396.42 manat faiz borcu və 73.05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4548.2 manat borcu yaranmışdır və xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən yayınır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, onun qətnamədə göstərilən məbləğ qədər borcu yoxdur, belə ki, məhkəmənin son iclasından 1 həftə öncə qrafikə əsasən 2300 manat gecikmiş pulu ödəmişdir. Məhkəmə ətraflı araşdırma aparmadan iddanı təmin etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini kredit borcunun tutulması hissəsində mübahisələndirmişdir. Qətnamə ilə kredit müqaviləsi ləğv edilmiş olsa da tərəflər qətnaməni həmin hissədə mübahisələndirməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, 13 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC Cavabdeh illik 20 faiz ödənilməklə 36 ay müddətinə 6000 manat məbləğində borc pul verməyi, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. 19 oktyabr 2020-ci il tarixli maliyyə arayışında cavabdehin kredit müqaviləsi üzrə 4078.73 manat əsas borc, 396.42 manat faiz borcu, 73,05 manat cərimə borcu olmaqla, cəmi 4548,20 manat kredit borcunun olduğu qeyd edilmişdir. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmış və sözügedən maliyyə arayışına əsaslanaraq orada göstərilən borcun cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçının tələbi maliyyə arayışında göstərilən borc məbləğinin – 4078.73 manat əsas borc, 396.42 manat faiz borcu və 73,05 manat cərimə borcunun cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ondan cəmi 4548,20 manat (4078.73 manat əsas borc, 396.42 manat faiz borcu və 73,05 manat cərimə borcu olmaqla) məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445-ci və s. maddələrinə istinad etmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən işin hallarının ətraflı araşdırılmaması və aparılmış ödənişlərin nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası işin halları və apellyasiya şikayətinin dəlilləri üzrə tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.09.2021-ci il tarixli, 9/6258 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh 03.11.2020-ci il tarixə (iddia qaldırılan tarixə) əsas borc üzrə 3984,59 manat, faiz borcu üzrə 104,60 manat; 25.01.2021-ci il tarixə (qətnamə qəbul edilən tarixə) 1830,69 manat əsas, 1,78 manat faiz borcu olmuşdur. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitməmiş və məhkəmə tərəfindən 25.01.2021-ci il tarixli qətnamə ilə həmin müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Tərəflər qətnaməni bu hissədə mübahisələndirməmişlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin son günü 13.03.2022-ci il müəyyən edilmişdir. Müvafiq ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddia qaldırılan tarixdə - 03.11.2020-ci il tarixinə, eləcə də qətnamə qəbul edilən tarixə - 25.01.2021-ci il tarixdə cavabdehin iddiaçıya cərimə borcu olmamışdır. Bu səbəbdən də, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 73,05 manat məbləğində cərimə tutulmasında da haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə “Cavabdeh 13 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4078,73 (dörd min yetmiş səkkiz manat yetmiş üç qəpik) manat əsas borc, 396,42 (üç yüz doxsan altı manat qırx iki qəpik) manat faiz borcu və 73,05 (yetmiş üç beş qəpik) manat cərimə, cəmi 4548,20 (dörd min beş yüz qırx səkkiz manat iyirmi qəpik) manat borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində dəyişdirilməli, tutulacaq əsas borcun məbləği 1830,69 manat, faiz borcunun məbləği isə 1,78 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh 13 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4078,73 manat əsas borc, 396,42 manat faiz borcu və 73,05 manat cərimə borcu olmaqla, cəmi 4548,20 (dörd min beş yüz qırx səkkiz manat iyirmi qəpik) manat borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə tutulan əsas borcun məbləği 1830,69 manat, faiz borcunun məbləği isə 1,78 manat müəyyən edilsin. Cərimə borcunun tutulması hissəsində tələb təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3607/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3607/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver