Məhkəmə qərarları › İş №2(103)-361/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-361/2021

04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-361/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyana görə zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 4538/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ona məxsus Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 103 saylı evin 147 saylı mənzilinə vurduğu maddi zərərə görə 3000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Gəncə prospekti, 103 saylı evin 147 saylı mənzili onun mülkiyyətindədir. Onun mənzilinin üst mərtəbəsində yaşayan qonşusu öz mənzilindən su axıdaraq ona xeyli miqdarda maddi zərər vurmuşdur. O, mənzilinin təmir olunması ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlayaraq söhbətlər aparsa da, müsbət nəticə əldə edə bilməmişdir. Məcbur olub Xətai RPİ-nə və digər aidiyyəti qurumlara cavabdehin hərəkətləri ilə bağlı müraciətlər etsə də, faydası olmamışdır. Xətai RPİ-nin xx.xx.2019-cu il tarixli məktubunda ona dəymiş zərərlə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Buna görə də, ona dəymiş 3000 manat məbləğində zərərin ödənilməsi ilə bağlı məhkəməyə müracət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 4538/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-4538/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə işə baxarkən işin araşdırılması üçün ekspertiza təyin etmişdir. Ekspert isə rəy verərkən hamam vannasının, mətbəxin tavanının xarab olmasını, mətbəxin döşəməsinin və yataq otaqının döşəməsinin çürüyüb sıradan çıxmasını, mənzildəki yataq dəstlərinin hamısının çürüyüb iylənməsini və mənzildəki bütün mebellərin sıradan çıxmasını qeyd etməmişdir. İddiaçı həmin əşyaların da sıradan çıxmasını nəzərə alaraq iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından müəyyən olunur ki, , Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 103 saylı evin 147 saylı mənzili iddiaçının mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 103 saylı evin 149 saylı mənzili cavabdehin mülkiyyətindədir. İddiaçıya məxsus mənzil yuxarıda qeyd edilən ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının 2-ci, cavabdehə məxsus mənzil isə 3-cü mərtəbələrində yerləşir. Hazırkı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 14397 saylı, xx.xx.2019-cu il tarixli rəyi ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 103 saylı evin 147 saylı mənzilinin tavanında, divarlarında və döşəməsində su sızma ləkələrinin olması nəzərə alınaraq, həmin mənzilə yuxarı mərtəbədə yerləşən 149 saylı mənzildən suyun sızması və iddiaçıya məxsus mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 755 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarında olan ekspert rəyi tam və aydın olmadığından işə apellyasiya instansiya məhkəməsində baxılan zaman məhkəmə tərəfindən iddiaçıya məxsus mənzilin mətbəxinin döşəməsinə, həmçinin yataq otağının döşəməsinə dəyən zərərin aradan qaldırılması üçün zəruri olan xərclərin miqdarının müəyyən edilməsi məqsədi ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1369 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinin əvəzi 368 manat məbləğində müəyyən edilmişdir (rəyin nəticə hissəsində həmin məbləğ səhvən 351 manat göstərilsə də, rəyin tədqiqat hissəsindən bu məbləğin 368 manat olması müəyyən edilir). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır, bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi zərərin tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mənzilə su axıdılması nəticəsində dəyən zərərin əvəzi kimi Cavabdeh 1123 manat (755 + 368 manat) pul alınaraq İddiaçı xeyrinə tutulmalı və ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat məbləğində pul məbləği cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 4538/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 1123 (min yüz iyirmi üç) manat pul İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 (yüz) manat məbləğində pul məbləği cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar