Məhkəmə qərarları › İş №2(103)-3610/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3610/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3610/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “uşağın ataya verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil2, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin nikahından doğulmuş 1 uşağın – xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən onun xeyrinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında hər ay tutulan 175 manat məbləğində alimentin xx.xx.2024-cu tarixdən etibarən artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə əsasında tutulan 175 manat məbləğində aliment, artıq 11 yaşına çatmış uşağın tələbatların ödənilməsi üçün hazırkı dövrdə kifayət etmir.

3. Cavabdeh də öz növbəsində İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, həmin uşağın iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia isə onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin arasında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və uşaq anasının – hazırkı iş üzrə iddiaçının yanında saxlanılmışdır. Baxmayaraq ki, məhkəmə qərarı ilə Cavabdeh uşaqla ünsiyyətdə olmaq üçün ünsiyyət vaxtı müəyyən edilmiş və İddiaçı ünsiyyətə maneənin yaradılması qadağan edilmişdir, İddiaçı məhkəmə qərarını icra etməmiş, ünsiyyətə mane olmuşdur. Bundan sonra Cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə verdiyi şikayət ərizələri əsasında İddiaçı sonuncu dəfə xəbərdarlıq edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh işsiz olsa da, uşaqla ünsiyyətdə olanda, uşaq üçün, təyin edilmiş alimentin məbləğindən daha çox pul xərcləyirdi. O, bu uşaqdan başqa, artıq yetkinlik yaşına çatmış digər övladına da maddi dəstək göstərmişdir. Daha sonra nəzərə alınmalıdır ki, Cavabdeh uşağına bağlı olduğu kimi, uşaq da atasına – Cavabdeh bağlıdır, lakin iddiaçının təsiri altındadır. Azərbaycan Respublikasının qanunlarına görə, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göstərilənlərə əsasən o, hesab edir ki, uşaq iddiaçıdan alınıb, ona verilməlidir. Uşağı yetkinlik yaşana çatana kimi saxlanılması üçün o, iddiaçıdan onun xeyrinə alimentin tutulmasını istəmir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, Məcəllənin 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Buna görə də minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə verilmiş hazırki iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, uşaqlar üçün yaşayış minimumunun artırılması tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması, sonuncunun zənginləşməsi anlamına gəlmir. Buna görə də ilk iddia təmin edilməməlidir. Eyni zamanda qarşılıqlı iddia da təmin edilməməlidir. Çünki xx.xx.2012-ci il təvəllüdlü qız uşağının üstün mənafeyi rəhbər tutulmalı və o, anasının yanında saxlanılmaldır. c) apellyasiya şikayəti barədə məlumat

7. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddia ilə bağlı sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qarşılıqlı iddianı rədd etməklə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

9. Apellyasiya baxışında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

10. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) apellyasiya baxışının hədləri barədə məlumat

11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi həm ilk iddianı, həm də qarşılıqlı iddianı təmin etməsə də, ilk iddia üzrə iddiaçı, ilk iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir.

13. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin ilk iddiaya aid hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Apellyasiya baxışının predmetini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə tərəflər arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Lalənin anasının – (hazırkı işdə ilk iddia üzrə iddiaçı) İddiaçı yanında saxlanılmasını, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün (hazırkı işdə ilk iddia üzrə cavabdeh) Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur.

17. Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən hazırkı iş üzrə Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Komissiya xx.xx.2012-ci il təvəllüdlü Lalənın anasının yanında saxlanmasını uşağın mənafeyinə uyğun hesab edir.

18. Həmin rəydən həmçinin görünür ki, Komissiya tərəfindən fikri öyrənilmiş Lalə bildirmişdir ki, anasının yanında qalmaq onun üçün rahatdır. Atasının yanında qalmaq onun üçün rahat olmayacaq. O anasının yanında qalaraq, atası ilə görüşmək istəyir.

19. Apellyasiya şikayətinin dəlillərini nəzərə almış Məhkəmə iş üzrə psixoloji ekspertiza təyin edərək, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş və ekspertizanın rəyini almışdır.

20. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli, 11/488 saylı rəydən görünür ki, iş üzrə tərəflərin nikahından doğulmuş uşağın – xx.xx.2012-ci il tarixli Lalənin əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Uşağın hazırda psixoloji durumu qənaətbəxşdir. Uşağın hazırda anasına bağlılığı müəyyən olunmaqla, atasına bağlılığı üzə çıxmır. Uşaq əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə fikir və mülahizələrini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışında hansı valideynin yanında qalması seçimi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Lakin ailədaxili qarşılıqlı münasibətlərində yaranmış gərginlik uşağın emosionaliradi sferasına və atasına olan münasibətinə sirayət etmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu həmin Qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması qeyd olunmuşdur (bənd 7.6.).

24. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1.).

25. Yuxarıda artıq qeyd edilmişdir ki, Binəqədi Rayonu İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Lalənın anasının yanında saxlanmasını uşağın mənafeyinə uyğundur. Çünki hazırda uşağın anasına bağlılığı müəyyən olunur, lakin atasına bağlılığı üzə çıxmır. Uşaq anasının yanında qalmaq istəyir və uşağın hansı valideynin yanında qalması seçimi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.

26. Məhkəmə bildirir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyasının” 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməlidir (“Mustafa və X4rşı” iş).

27. “Elşolts Almaniyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi dövlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir.

28. Avropa İnsan Hüquqları Məhkəməsi “Ləman Babayeva Azərbaycana qarşı” iş üzrə xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, uşaqların ən üstün maraqlarına uyğun olan cəhətlərin nəzərə alınması şübhəsiz ki, belə işlərin hər birində çox vacibdir.

29. Eyni zamanda qeyd edilməlidir ki, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli xx.xx.1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş “Uşaq Hüquqları Bəyannaməsinin” 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Hazırkı iş üzrə belə müstəsna hallar ümumiyyətlə müəyyən edilməmişdir.

30. Məhkəmə heç bir müstəsna hal olmadığı halda azyaşlı uşağın anasından ayrı yaşamasını uşağın mənafeyinə zidd hesab edir. Odur ki, qəbul edilməlidir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

31. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 33 Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə həmçinin qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) hazırki qətnamədən kassasiya şikayəti verə bilməz, apellyator olan qarşılıqlı iddia üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

35. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar