Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3612/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)- 1140/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC cavabdehlər Rüstəmova (İmanova) Roza Əsgərovna və Cavabdeh2 qarşı “zərərin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə müddəti bitdiyi tarixdən 5%-lə hesablanmış 6071, 09 manat zərər, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Vəlikov küçəsi, 7 saylı evin 17 saylı mənzilinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 1140/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, öhdəliyin icra edilməməsi kredit müqaviləsinin bitdiyi tarixdən sonra da davam etmiş, bu isə banka faktiki olaraq ziyan vurmuşdur, çünki bank verdiyi krediti və ona hesablanmış faizləri razılaşdırılmış vaxt ərzində geri ala bilməmişdir. Rayon məhkəməsi maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol vermişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Ramazanova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, müqavilənin icra müddəti isə xx.xx.2015-ci il tarixdə başa çatmışdır. Öhdəlik vaxtında icra edilməmiş, bank Sabunçu Rayon Məhkəməsinə “borc tələbinə” dair iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 2(008)- 624/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə əsas və cərimə borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi qət edilsə də, öhdəlik icra edilməmişdir. Göründüyü kimi öhdəliyin icra edilməməsi kredit müqaviləsinin bitdiyi tarixdən sonra da davam etmişdir ki, bununla da banka real zərər dəymişdir. Eyni zamanda, nümayəndə məhkəməyə Cavabdeh1 tərəfindən yazılı olaraq banka ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəni təqdim edərək bildirmişdir ki, həmin ərizədə cavabdeh kredit müqaviləsinə görə illik 5% məbləğində banka dəymiş zərəri hissə-hissə ödəməyə dair yazılı öhdəlik də götürmüşdür. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işdə olan 3567 saylı, xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Rüstəmova (İmanova) Roza Əsgərovnanın xx.xx.2014-cü il tarixli, 20/14 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə 41709.78 manat əsas borcu, 6071.09 manat faiz borcu, cəmi 47780.87 manat kredit borcu yaranmışdır. İddiaçı ASC-nin Rüstəmova (İmanova) Roza Əsgərovnaya və Cavabdeh2 ünvanladığı 14/5002 saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2014cü il tarixli, 20/14 nömrəli kredit müqaviləsinin müddəti bitdikdən sonra borc məbləğinin ödənilməsi gecikdirildiyi üçün MM-nin 445.7-ci maddəsinə əsasən ümumilikdə 12031.35 manat 5 faiz məbləğində banka dəymiş zərər hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2014-cü il tarixli, 20/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 7 gün ərzində tam icra edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Rüstəmova (İmanova) Roza Əsgərovnanın İddiaçı ASC-yə ünvanladığı xx.xx.2018ci il tarixli ərizəsindən görünür ki, o, banka müraciət edərək, ümumilikdə 12031.35 manat 5 faiz məbləğində banka dəymiş zərər məbləğinin hissə-hissə ödəyəcəyini öhdəsinə götürərək, həmin məsələnin məhkəmədən kənar həll edilməsinə kömək göstərilməsini xahiş etmişdir. İddiaçı ASC-nin Rüstəmova (İmanova) Roza Əsgərovnaya və Cavabdeh2 ünvanladığı 14/7909 saylı xx.xx.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2014cü il tarixli, 20/14 nömrəli kredit müqaviləsinin müddəti bitdiyi tarixdən xx.xx.2018-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6071.09 manat borcun ödənilməsini təmin etmələri xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-624\17 saylı qətnaməsinə əsasən Rüstəmova (İmanova) Roza Əsgərovnadan İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 20/14 nömrəli kredit müqaviləsi üzrə 40649 manat əsas, 100 manat cərimə, cəmi 40749 manat borcun tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Vəlikov küçəsi, 7 saylı evin 17 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 68000 manat müəyyən edilərək, açıq hərracdan satılması və əldə olunan vəsaitin Rüstəmova (İmanova) Roza Əsgərovnanın kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, hazırda iddiaçı cavabdehin öhdəliyin icrasını gecikdirməsi səbəbindən, öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin qanununi əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir.Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bununla bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014cü il tarixli Qərarında qeyd etmişdir ki: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda göstərilir ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. Bundan əlavə, mülki iş materiallarında olan Cavabdeh1 tərəfindən yazılı olaraq banka ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə (iddiaçının nümayəndəsi tərəfindən həmin ərizənin əsli kollegiyaya təqdim edilmişdir) cavabdeh kredit müqaviləsinə görə illik 5% məbləğində banka dəymiş zərəri hissə-hissə ödəməyə dair yazılı öhdəlik də götürmüşdür (i/v səh. 7). Kollegiya qeyd edir ki, rayon məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına istinad etsə də, işin faktiki hallarına uyğun düzgün qiymət verməmişdir. Belə olan halda, müəyyən olunur ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin tutmanın ipoteka predmetinə yönəlməsi hissəsi barədə aşağıdakıları qeyd edir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd edilən Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə). Kollegiya qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-624/17 saylı qətnaməsinə əsasən Rüstəmova (İmanova) Roza Əsgərovnadan İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 20/14 nömrəli kredit müqaviləsi üzrə 40649 manat əsas, 100 manat cərimə, cəmi 40749 manat borcun tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Vəlikov küçəsi, 7 saylı evin 17 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 68000 manat müəyyən edilərək, açıq hərracdan satılması və əldə olunan vəsaitin Rüstəmova (İmanova) Roza Əsgərovnanın kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Beləliklə, rayon məhkəməsinin qeyd edilən qətnaməsi ilə eyni kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı tutmanın yönəldiyi mənzilin ilkin satış qiyməti 68000 manat müəyyən edildiyindən, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən müqavilə müddəti bitdiyi tarixdən 5%-lə hesablanmış 6071,09 () manat zərər, (30+15+45) 45 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Vəlikov küçəsi, 7 saylı evin 17 saylı mənzilə yönəldilməli, həmin mənzil (ilkin satış qiyməti 68000 manat olmaqla) açıq hərracdan satılmalı və əldə olunan vəsait Rüstəmova (İmanova) Roza Əsgərovnanın kredit borcunun ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)- 1140/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. CavabdehRüstəmova (İmanova) Roza Əsgərovnadan müqavilə müddəti bitdiyi tarixdən 5%-lə hesablanmış 6071, 09 (altı min yetmiş bir manat, doqquz qəpik) manat zərər, (30+15+45) 45 (qırx beş) manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun, tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Vəlikov küçəsi, 7 saylı evin 17 saylı mənzilinə yönəldilsin, mənzil (ilkin satış qiyməti 68000 manat olmaqla) açıq hərracdan satılsın və əldə olunan vəsait Rüstəmova (İmanova) Roza Əsgərovnanın kredit borcunun ödənilməsinə yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3612/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3612/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver