Məhkəmə qərarları › İş №2(103)-3614/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3614/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3614/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndələri X1 və X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 2460 manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş №2(004)-82/22) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi 6, 29 saylı mənzildə yaşayır. 09.02.2021-ci il tarixdə, səhər saatlarında enerji gərginliyinin həddindən artıq artırılması səbəbindən mənzilindəki avadanlıqlar sıradan çıxmışdır. Cavabdehin təqsirli hərəkəti nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, kondisioner, aspirator, kombinin transformatoru, telefon aparatı tam işləksiz vəziyyətdədir. Yararsız vəziyyətə düşmüş əmlakın ümümi dəyəri 2460 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının mənzilində olan əşyaların hər hansı qısa qapanma və ya cərəyanda gərginliyin artması və ya azalması nəticəsində sıradan çıxmasına görə "xxxx" ASC cavabdehlik daşımır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 5.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 volta qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhəd kabelə daxil olduqda-binanın xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edildiyindən və Həmin Qaydaların 3.4-cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşdüyündən dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşımır. Mənzildə işlədicilərin gücünə uyğun fərdi mühafizə qurğularının quraşdırılması mülkiyyətçiyə aiddir. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. Həmin binanın sakinləri Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə müraciət edərək 09.02.2021ci il tarixində, səhər saatlarında enerji gərginliyinin həddindən artıq artması səbəbindən evlərdəki avadanlıqların sıradan çıxdığını bildirmiş və dəymiş ziyanın kompensasiya olunmasını xahiş etmişlər (zərərə məruz qalmış avadanlıqların siyahısı əlavə olunmaqla). 09yx-1561 saylı, 15.02.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Yasamal rayonu, Həsən Məcidov küçəsi 6 saylı binanın sakinləri tərəfindən Yasamal Rayonu Enerji Təchizatı və Satış idarəsinə ünvanlanmış şikayət ərizəsi yerində araşdırılmış, araşdırma zamanı 342 saylı TM-dən binanı elektrik enerjisi ilə təmin edən 0,4 kV-luq kabel xətti və elektrik avadanlıqlarının normal vəziyyətdə olması məlum olmuşdur. Şikayətçilərin iddia etdikləri gərginliyin artması halı müşahidə edilməmişdir. 07.05.2021-ci il tarixli Aktda Yasamal RETSİ-nin mühəndisi X2, elektrik montyoru X4 və iddiaçı mənzilə baxış keçirmiş və 09.02.2021-ci il tarixdə binanın girirş hissəsində baş vermiş qısa qapanma nəticəsində aktda adları sadalanan məişət avadanlıqları zədələndiyi qeyd edilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı 18.05.2021-ci il tarixli, 6-02/06-10/S-181/3887 nömrəli məktubda qeyd edilmişdir ki, qeyd edilən ərazinin enerji təchizatı 6/0,4 kV-luq 342 nömrəli TM-nin 0,4 kVluq paylayıcı qurğusundan yeraltı kabel elektrik verilişi xətti vasitəsilə yerinə yetirilir. Abonentləri fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin etmək məqsədilə elektron sayğacları və sayğacdan sonra hər bir mənzili qısaqapanmadan və artıq yüklənmədən mühafizə etmək üçün avtomat quraşdırılmışdır. Belə ki, AR NK-nin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 5.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 volta qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhəd kabelə daxil olduqda-binanın xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edildiyindən və həmin Qaydaların 3.4-cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşdüyündən dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşımır. Mənzildə işlədicilərin gücünə uyğun fərdi mühafizə qurğularının quraşdırılması mülkiyyətçiyə aiddir. İddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə Ekspertizası Mərkəzinin 11.11.2021-ci il tarixli, 10/3607-9/5049 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında binanın ümumi elektrik lövhəsində mənzillərin sayğaclarına gedən “0” xəttinin qırılması nəticəsində həmin binanın 29 saylı mənzilində şəbəkəyə qoşulu vəziyyətdə olan məişət cihazlarının gərginliyin artması zamanı sıradan çıxması mümkündür. “Red Alarm” mütəxəssis AKTda göstərilən əşyaların hal-hazırda orta bazar qiyməti ilə ümümi dəyəri təxminən 3374 manat müəyyən olunur. Birinci instansiya məhkəməsi ekspert rəyini və eləcə də işdə olan digər sübutları əsas götürərək iddianı əsaslı saymışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1097-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı (apellyator) öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar