Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3614/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh Vadimoviçə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3614/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulmasıi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-140/2024 saylı 06 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyun 2022-ci il tariхli 109804-396276/4 nömrəli kredit müqaviləsi üzrə 7000 manat məbləğində əsas bоrc və 1427,36 manat faiz borcu оlmaqla, cəmi 8427,36 manat məbləğində borcun, 21 sentyabr 2020-ci il tarixli 102892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 441.49 manat əsas borc və 136.64 manat cərimə borcu olmaqla, cəmi 578,13 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 9005,49 manat borcun və 110,46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 iyun 2022-ci il tariхli, 109804-396276/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 7000 manat məbləğində krеdit vеrilmişdir. Həmçinin İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21 sentyabr 2020-ci il tarixli, 102892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 0 faiz dərəcəsilə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 26 aprel 2023-cü il tarixinə cavabdehin 29 iyun 2022-ci il tariхli, 109804-396276/4 nömrəli kredit müqaviləsi üzrə 7000 manat məbləğində əsas bоrc və 1427.36 manat faiz borcu оlmaqla,cəmi 8427.36 manat məbləğində, 21 sentyabr 2020-ci il tarixli 102892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 441.49 manat əsas borc və 136.64 manat cərimə borcu olmaqla, cəmi 578.13 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan kreditləri vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2(011)- 140/2024 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsi üzrə 6767,97 manat əsas, 1040,05 manat faiz borcu olmaqla, cəmi 7808 manat 02 qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 98 manat 08 qəpiyin alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 449.1, 449.4, 739.1, 741-ci madəlləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə icraatı mərhələsində xx.xx.2023-cü il tarixdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilmişdir. xx.xx.2023-cü tarixli ekspertiza rəyinə əsasən 1-ci kredit üzrə əsas borc 6767.97 manat, faiz borcu 1040.05 manat məbləğində, 2-ci kredit üzrə isə borcun olmaması ekspert tərəfindən müəyyən edilmişdir. Ekspert rəyi ilə razı olmadıqlarına görə tərəflərindən ərizə ilə müraciət olunduqdan sonra xx.xx.2023-cü il tarixdə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilmişdir. xx.xx.2023-cü tarixli təkrar ekspertiza rəyinə əsasən 1-ci kredit üzrə əsas borc 7000 manat, faiz borcu 839.47 manat məbləğində, 2-ci kredit üzrə isə 441.49 manat əsas borcun olması ekspert tərəfindən müəyyən edilmişdir. Məhkəmə 1-ci ekspert rəyini sübut növü kimi qiymətləndirməklə bankın irəli sürdüyü tələbi qismən təmin etmiş və cavabdehdən yalnız 1-ci kredit üzrə 6767.97 manat əsas borcun, 1040.05 manat faiz borcunun və 98.08 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, birinci ekspertiza rəyinin düzgün aparılmaması məhkəmə tərəfindən qəbul olunaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə baxmayaraq verilmiş təkrar ekspertiza rəyinə münasibət bildirməmiş və nəticədə səhv qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi iş üzrə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməməyə məlumat verməmişdir.
9. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir.
13. Maddə 429.1.3. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
17. Maddə 449.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirdiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan yüksək dəbbə pulunu azalda bilər.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki iş üzrə qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
30. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirsə də, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmaması müəyyən olunmuşdur.
31. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC-ə müraciət edərək, ona Şəxsi istehlak məqsədi ilə illik 20,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
32. xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında 36 ay müddətinə illik 20,5 faiz olmaqla, 7000 manat məbləğində kredit ayrılması haqqında müqavilə bağlanmışdır.
33. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 7000 manat pul məbləği verilmişdir.
34. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsinə əsasən, 7000 manat əsas borcu, 1427,36 manat faiz borcu olmaqla, cəmi 8427,36 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 209 gün təşkil edir.
35. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 8301,36 manat təşkil edən borcunu xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir.
36. xx.xx.2020-ci il tarixli Ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC-ə müraciət edərək, ona Şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə 500 manat məbləğində Smilekart vasitəsilə kredit xətti ayrılmasını xahiş etmişdir.
37. xx.xx.2020-ci il tarixli, 102892-PC********** saylı “Smile kredit xətti” müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır.
38. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 1 ədəd plastik kart verilmişdir.
39. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 102892-PC********** saylı kredit xətti müqaviləsinə əsasən, 441,49 manat əsas borcu, 136,64 manat faiz borcu olmaqla, cəmi 578,13 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 198 gün təşkil edir.
40. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 470,66 manat təşkil edən borcunu xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4545 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) olan borcu əsas borc üzrə - 6767,97 manat, faiz borcu üzrə - 1040,05 manat; tərəflər arasında imzalanmış xx.xx.2020ci il tarixli, 102892-PC********** saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh banka olan borcunun tam ödənilməsi müəyyən edilir.
42. O cümlədən iş materiallarında olan olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7457 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsində qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) olan borcu əsas borc üzrə - 7000 manat, faiz borcu üzrə - 839,47 manat; tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 102892- PC********** saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) olan borcu 441,49 manat müəyyən edilir.
43. Göründüyü kimi iş üzrə eyni kredit müqavilələri üzrə iki fərqli ekspert rəyi mövcud olmuş və həmin rəylərin arasında olan müxtəliflik işin obyektiv həllinə ciddi maneə törətmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də bu fərqliliyə, o cümlədən həmin rəylərdən nəyə görə məhz birinci rəyə əsaslanmasına dair heç bir münasibət bildirilməmiş, işin bütün halları lazımi qaydada araşdırılmamışdır.
44. Buna görə də apellyasiya baxışında Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə olan borc məbləğinin konkret olaraq müəyyənləşdirilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/5263 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsində qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) olan borcu əsas borc üzrə - 7000 manat, faiz borcu üzrə - 839,47 manat; tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 102892- PC********** saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) olan borcu 441,49 manat müəyyən edilir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
47. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilən xx.xx.2023-cü il tarixli ekspert rəyi nəzərə alınmamış və apellyasiya baxışında təyin olunmuş ekspertizaya əsasən təqdim edilən rəy də məhz sözügedən rəylə eynilik təşkil etmişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdehdən tutulmalı borcun məbləği də məhz sonuncu ekspert rəylərinə müvafiq olaraq müəyyən edilməlidir.
48. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
49. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
50. Qeyd olunanlara istinadən məhkəmə bu qənaətə gəlir ki, kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 21 sentyabr 2020 il tarixli kredit xətti müqaviləsinə əsasən hesablanmış 136.64 manat məbləğində dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 20 manat məbləğinədək azaldılmalıdır.
51. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia qismən təmin edilməlidir.
52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110,46 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 101,74 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 55,03 manat məbləğində dövlət rüsumunun 50,67 manat olan hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.
57. O cümlədən birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 manat məbləğində pulun 138,16 manat hissəsi cavabdehdən, qalan 11,84 manat olan hissəsi isə iddiaçıdan tutulmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-140/2024 saylı iş üzrə 06 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsi üzrə 7000 (yeddi min) manat əsas borc, 839.47 (səkkiz yüz otuz doqquz manat qırx yeddi qəpik) manat faiz borcu, xx.xx.2020-ci il tarixli, 102892-PC********** saylı kredit xətti müqaviləsinə əsasən 441.49 (dörd yüz qırx bir manat qırx doqquz qəpik) manat və 20 (iyirmi) manat cərimə məbləği, ümumilikdə 8300,96 (səkkiz min üç yüz manat doxsan altı qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 110,46 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 101,74 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 55,03 manat məbləğində dövlət rüsumunun 50,67 manat olan hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 manat məbləğində pulun 138,16 manat hissəsi Cavabdeh, qalan 11,84 manat olan hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova