Məhkəmə qərarları › İş №2(103)-3616/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3616/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3616/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 saylı, 05 aprel 2024cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24.000 (iyirmi dörd min) manat pulun və 162 (yüz altmış iki) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 saylı, 11 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 17.000 (on yeddi min) manatın və dövlət rüsumu qismində ödənilmiş 141 (yüz qırx bir) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6450/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Cavabdeh qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Cavabdeh ərizəsini bununla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia qaldırmasından və bu iddianın təmin edilməsindən icra məmuru onunla əlaqə saxladıqdan sonra məlumatı olmuşdur, onun yaşadığı ünvana məhkəmə bildirişi və qətnamə göndərilməmişdir. Onun məhkəmə qətnaməsini almağına dair iş materiallarında xəbərnamə olsa da, həmin xəbərnaməni imzalamamışdır, onun qeydiyyatda olduğu ünvanda qardaşı öz ailəsi ilə birlikdə yaşamışdır və qardaşıgil ilə küsülü olduqlarından məhkəmə sənədini ona təqdim etməmişlər. Buna görə də, qətnaməni almamış, qətnamədən məlumatı olmamışdır. Xəbərnamədəki imza da bunu sübut edir. Belə ki, xəbərnamədə onun soyadı latın qrafikası ilə yazılmışdır, o, isə, ancaq kril əlifbası ilə yaza bilir, etibarnamədə bunu görmək olar. Qətnaməni almadığına görə hesab edir ki, onun apellyasiya şikayət vermə müddəti bərpa edilməli, iş apellyasiya məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 saylı, 05 aprel 2024cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədləri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdehin ləğv edilməsini tələb etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)- 3276/2023 saylı qətnaməsi onun ünvanına göndərilməklə xx.xx.2023-cü il tarixdə onun tərəfindən rəsmi qaydada alınmışdır, bununla belə apellyasiya şikayəti vermə müddəti onun tərəfindən 4 ay 22 gün ötürülmüşdür. Digər tərəfdən, məhkəmə, ərizəçinin “qətnamənin ona təqdim edilməməsi, ünvanına göndərilmiş qətnamənin onun tərəfindən deyil, başqası tərəfindən təhvil alınması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, həmin qətnamə xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinin alıcı qrafasında “Baxışov” qeyd edilməklə və şəxsən qrafasına imza edilməklə alınmışdır, ikincisi, cavabdeh qeyd edir ki, onun qeydiyyatda olduğu ünvanda qardaşı öz ailəsi ilə yaşayır və onların biri-biri ilə münasibətlə yaxşı olmadığından məhkəmə sənədi ona təqdim edilməmişdir. Buna baxmayaraq, qətnamənin cavabdeh və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən biri tərəfindən alınmaması, həmçinin məhkəmə sənədinin ailə üzvləri tərəfindən alındıqdan sonra ona çatdırılmaması hallarına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)- 3276/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyündən və onun buraxılmış müddətin bərpası barədə ərizəsi məhkəmə tərəfindən təmin edilmədiyindən verilmiş apellyasiya şikayəti də geri qaytarılmalıdır. Qərardaddan Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) şikayət verərək ləğv edilməsini, qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, məhkəmənin gəldiyi nətiçəyə görə hazırkı apellyasiya şikayəti məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3276/2023 saylı qətnaməsinin ləğv olunması barədədir, həmin Qətnamə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanına xəbərnaməli poçt vasitəsilə göndərilmiş, həmin xəbərnamə xx.xx.2023-cü il tarixdə alıcı qrafasında “Baxışov” qeyd edilməklə və şəxsən qrafasına imza edilməklə rəsmi qaydada alınmışdır, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədikdən sonra qətnamə qanuni qüvvəyə minmiş və qətnamə icraya yönəldilmişdir, hazırda icra mərhələsindədir. Prosessual müddətin bərpasına dair ərizə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən mübahisələndirilən qətnamənin ünvan 1 ünvanına çatdırılıb çatdırılmaması barədə məlumatın əldə edilməsi məqsədilə "xxxx" MMC-nin 3 saylı Poçt Filialının 1018 saylı Poçt şöbəsinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq poçt işçisi tərəfindən göndərilmiş ərizədə qətnamənin Cavabdeh qeyd olunan ünvanda yaşayan baldızı tərəfindən alması öz əksini tapmışdır. Cavabdehin qeyd olunan həmin məhkəmə prosesindən xəbəri olmamış, ən azı hər hansı bir məhkəmə bildirişi və qəbul edilən məhkəmə qərarı göndərilməmişdir. Bundan əlavə xəbərnaməli poçt vasitəsilə təqdim olunan sənəd həqiqətəndə Rasim Baxışıovun baldızi imza edibsə onda həmin poçt qəbzində sənədin kim tərəfindən alınması qeyd olunmaqla ünvan sahibinə olan münasibəti, yəni qohumluq əlaqəsi də qeyd olunmalı idi. Lakin hal qeyd olunmayıb. Bu halda məhkəmə tərəfindən araşdırılmamış və MPM-nin 135.3-cü maddəsinin tələbi kobud surətdə pozulmuşdur. Əgər məhkəmə bu halı tam obyektiv araşdırılmaqla gələcəkdə qanuni və əsaslı qərar qəbul etmək niyyəti olsa idi onda cavabdeh Rasim Baxşovun və poçt qəbzinə imza etmiş şəxsin (Cavabdeh baldızı olub-olmamsı hələ bəlli deyil) imza nümünələrinin götürməklə həqiqətə nail olmaq üçün müvafiq ekspertiza təyin etməli idi. Çox təəssüf ki, məhkəmə bunu etməyərək ədalətsiz və qanunsuz qərar qəbul edərək cavabdehin müdafiə üçün məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 saylı, 05 aprel 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin etməməsinə dair qərardadında mövqeyini belə əsaslandırıb ki, mübahisələndirilən qətnamənin ünvan 1 ünvanına çatdırılıbçatdırılmaması barədə məlumatın əldə edilməsi məqsədilə Azərpoçt MMC-nin 3 saylı Poçt Filialının 1018 saylı Poçt şöbəsinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq poçt şçisi tərəfindən göndərilmiş ərizədə qətnamənin Cavabdeh qeyd olunan ünvanda yaşayan şəxs tərəfindən alması öz əksini tapmışdır. Cavabdehin ləğv edilməsini tələb etdiyi qətnamə onun ünvanına göndərilməklə xx.xx.2023-cü il tarixdə onun tərəfindən rəsmi qaydada alınmışdır, bununla belə apellyasiya şikayəti vermə müddəti onun tərəfindən 4 ay 22 gün ötürülmüşdür. Belə olan halda şikayət əsaslı deyil. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh elektron kabinet, eləcə də dəftərxana vasitəsilə məhkəməyə təqdim etdiyi müraciətlərində qeyd etmişdir ki, cavabdeh tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət olunaraq həmin qərarın rəsmi qaydada verilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsində iş materialları ilə tanış olan zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən alınması poçt qəbzində qeyd olunmuşdur. Belə ki, həmin məhkəmənin qərarı cavabdeh tərəfindən alınmamış, poçt qəbzində olan imza ona məxsus olmamışdır. Poçt qəbzində olan imza cavabdehin soy adı latın qrafikası ilə qeyd olunmuşdur. Cavabdehin isə latın qrafikasından anlayışı yoxdur. Buna bariz nümunə etibarnamədə olan imzadır. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə tərəfindən mübahisələndirilən qətnamənin ünvan 1 ünvanına çatdırılıb çatdırılmaması barədə məlumatın əldə edilməsi məqsədilə Azərpoçt MMC-nin 3 saylı Poçt filialının 1018 saylı Poçt şöbəsinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq poçt işçisi tərəfindən göndərilmiş ərizədə qətnamənin Cavabdeh qeyd olunan ünvanda yaşayan baldızı tərəfindən alınması öz əksini tapmışdır. Maraqlıdır ki, poçtalyon həmən insanın cavabdehin baldızı olduğunu necə müəyyən etmişdir? Məhkəməyə göndərilən poçt qəbzində qanunvericiliyin tələblərinə riayət edilməyib, çünki poçt işçisi fərd olaraq öz adından məhkəmənin sorğusuna yazılı qaydada cavab vermək səlahiyyəti yoxdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq poçt şöbəsinin müdiri və ya səlahiyyətli nümayəndəsi rəsmi qaydada sorğuya cavab verməli olduğu halda sorğuya heç bir səlahiyyəti olmayan poçt şöbəsinin poçtalyonu öz adından ərizə ilə cavab vermişdir. Bundan əlavə xəbərnaməli poçt vasitəsilə təqdim olunan sənədi həqiqətəndə Cavabdeh baldızı imza edibsə onda həmin poçt qəbzində sənədin kim tərəfindən alınması qeyd olunmaqla ünvan sahibinə olan qohumluq əlaqəsi qeyd olunmalı idi. Lakin hal qeyd olunmayıb. Bu halda məhkəmə tərəfindən araşdırılmamış və MPM-in 135.3-cü maddəsinin tələbi kobud sürətdə pozulmuşdur. Əgər məhkəmə bu halı tam obyektiv araşdırmaqla gələcəkdə qanuni və əsaslı qərar qəbul etmək niyyəti olsa idi onda Cavabdeh və poçt qəbzinə imza etmiş şəxsin (Cavabdeh baldızı olub-olmaması hələ bəlli deyil) imza nümunələrini götürməklə həqiqətə nail olmaq üçün müvafiq ekspertiza təyin etməli idi. Çox təəssüf ki, məhkəmə bunu etməmiş, ədalətsiz və qanunsuz qərar qəbul edərək müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Yuxarıda qeyd olunan məsələlər, həmçinin ekspertizanın keçirilməsi tələbi məhkəmə iclasında cavabdeh tərəfindən bildirilmişdir. Lakin məhkəmə bunu nəzərə almamış və bu halı məhkəmə iclas protokolunda qeyd etməmişdir. Bununla bağlı məhkəmə iclas protokoluna qeydlər barəsində ərizə verilmiş, lakin bu günə kimi həmən məsələyə baxılmamışdır. Bundan əlavə xx.xx.2024-cü il tarixli qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətin dəlillərinə heç bir hüquqi qiymət verilməmiş, bu barədə bir kəlmə də olsun məhkəmə qərardadında qeyd edilməmişdir. Ona görə də hörmətli məhkəmə kollegiyasından işin tam, hərtərəfli, obyektiv hallarını araşdırmaqla gələcəkdə qanuni və əsaslı qərar qəbul etmək məqsədilə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini və işin halları barədə daha ətraflı fizahat vermək üçün cavabdeh tərəfin iştirakının təmin olunması xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində bildirir ki, Cavabdeh bildirir ki, guya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)- 3276/2023 saylı qətnaməsi onun ünvanına göndərilməklə xx.xx.2023-cü il tarixdə onun tərəfindən rəsmi qaydada alınmışdır, bununla belə apellyasiya şikayəti vermə müddəti onun tərəfindən 4 ay 22 gün ötürülmüşdür. Digər tərəfdən, məhkəmə, ərizəçinin “qətnamənin ona təqdim edilməməsi, ünvanına göndərilmiş qətnamənin onun tərəfindən deyil, başqası tərəfindən təhvil alınması” barədə dəlillərinə münasibətdə qeyd edib ki, əvvəla, həmin qətnamə xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinin alıcı qrafasında “Baxışov” qeyd edilməklə və şəxsən qrafasına imza edilməklə alınmışdır, ikincisi, cavabdeh qeyd edir ki, onun qeydiyyatda olduğu ünvanda qardaşı öz ailəsi ilə yaşayır və onların biri-biri ilə münasibətlə yaxşı olmadığından məhkəmə sənədi ona təqdim edilməmişdir. Buna baxmayaraq, qətnamənin cavabdeh və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən biri tərəfindən alınmaması, həmçinin məhkəmə sənədinin ailə üzvləri tərəfindən alındıqdan sonra ona çatdırılmaması hallarına dair sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda qeydiyyatının ora olması, məhkəmədən daxil olan sms bildirişləri və yazılı bildirişləri, o cümlədən məhkəmənin qətnaməsini almasına baxmayaraq həmin qətnamədən müddəti ötürməklə apelyasiya şikayəti vermişdir. Ona görə də, cavabdehin məhkəmə xətşünaslıq ekspertizasının keçrilməsi barədə vəsatətini təmin edilməməsi və Cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və şikayət verilən qərardadın dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər təsdiq olunmadığından şikayət təmin edilə bilməz. Əvvəla, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün 4 ay 22 gün ötürülmüşdür. Bu müddətin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh onun yaşadığı ünvana məhkəmə bildirişi və qətnamə göndərilmədiyini qeyd etsə də, əksinə həmin sənədlər onun rəsmi qeydə alındığı ünvana göndərilmişdir. Cavabdeh rəsmi qeydə alındığı ünvanda yaşamırdısa, onda yaşadığı ünvan üzrə qeydiyyata alınmalı idi ki, məhkəmə sənədləri də həmin ünvana göndərilsin. Çünki məhkəmədə cavabdehin rəsmi qeydə alındığı ünvandan fərqli ünvanda yaşaması barədə heç bir məlumat olmamışdır. Cavabdehin rəsmi qeydə alındığı ünvanda qardaşının öz ailəsi ilə yaşadığı və küsülü olduqları üçün məhkəmə sənədlərini ona təqdim etmədikləri barədə dəlillər də inandırıcı və ağlabatan sayılmır. Üstəlik, burada cavabdeh yeni bir hala istinad edir. Demək ki, istinad etdiyi yeni halı sübut etmək yükü də onun üzərinə düşür. Bundan əlavə, iddiaçının apellyasiya şikayəti üzrə qətnamə birinci dəfə apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılarkən də cavabdehin rəsmi qeydə alındığı ünvana məhkəmə sənədləri göndərilmişdir və 19 oktyabr 2023-cü ildə qəbzə imza edilməklə həmin sənəd də qəbul edilmişdir(bax.cild 1.i.v.183). Bu faktın özü də cavabdehin məhkəmə iclaslarından xəbərdar olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 saylı, 05 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 saylı, 05 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar