Məhkəmə qərarları › İş №2(103)-3618/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3618/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3618/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə “xxxxxxxx” ASC-nin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış borcun tutulması, tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və mənzilin boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsininxx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxx” ASC-nin (bank) Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış borcun tutulması, tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və mənzilin boşaldılması” tələblərinə dair iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, bankla Cavabdeh1Kamal oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli SMN-00051-16/16A kreditmüqaviləsinə 01 saylı saylı əlavənin ləğv edilməsi, xx.xx.2016-cı il tarixli SMN-00051-16/16A saylı kredit müqaviləsindən və həmin kredit müqaviləsinə 01 saylı əlavədən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 5695.21 manat əsas, 1189.27 manat faiz, 20 manat dəbbə borcunun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 bankın xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2016-cı il tarixli SMMG-00051-16/16A saylı ipoteka müqaviləsi və xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə razılaşma əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, İpoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, ipoteka predmeti olan ünvan 1 saylı fərdi yaşayış evinin 45 000 manat dəyərində qiymətləndirilməsi, evdə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ipoteka predmetinin 45 000 manat qiymətləndirilməsi hissəsində ləğv edilməsini, mənzilin ilkin satış qiymətinin 130 000 manat müəyyənləşdirilməsini və tutmanın mənzilin ipoteka qoyulan hissəsinə yönəldilməsini xahiş etmiş, şikayətini ipoteka predmetinin qiymətinin düzgün müəyyənləşdirilmədiyi, mənzilinin 57m2-ni ipotekaya qoyduğu halda, mənzilin bütününə tutma yönəldildiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “ünvan 1 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi və onun ilkin satış qiymətinin 45 000 manat dəyərində müəyyənləşdirilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, Cavabdeh1 isə yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən digər cavabdehlər şikayət vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya (ipoteka qoyana) və ipoteka predmetinə müəyyən hüquqları olan şəxslərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun (ipoteka qoyanın) ipotekanın qiyməti ilə bağlı şikayətinə əsasən qətnamənin bütünlüklə və digər şəxslərə münasibətdə yoxlanılması sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Beləliklə qətnamənin, iddia tələbinin təmin edilməyən, eləcə də “bankla Cavabdeh1Kamal oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli SMN-00051-16/16A kreditmüqaviləsinə 01 saylı saylı əlavənin ləğv edilməsi, xx.xx.2016-cı il tarixli SMN- 00051-16/16A saylı kredit müqaviləsindən və həmin kredit müqaviləsinə 01 saylı əlavədən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 5695.21 manat əsas, 1189.27 manat faiz, 20 manat dəbbə borcunun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 bankın xeyrinə tutulması, evin açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, evdə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması” ilə bağlı hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz ödəmək şərtilə 16 000 (on altı min) manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipotekaya qoyularaq ipoteka predmetinin qiyməti 38 000 manat müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 öhdəliyini lazımi qaydada icra etmədiyini, habelə ondan tutulan borc məbləğlərini ümumiyyətlə mübahisələndirməyərək sadəcə ipoteka predmetinin bütününə tutma yönəldilməsi, habelə onun ilkin satış qiyməti ilə razılaşmamışdır və bu səbəblə də kollegiya məhz həmin məsələlərə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur; əmlakın yalnız 57m2 hissəsinə tutma yönəldilməli olması barədə apellyatorun dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, iş materiallarından ünvan 1 saylı fərdi yaşayış evinin sahəsinin 57,6 m2 olduğu, bankın ipoteka hüququnun məhz bu ölçüdəki əmlak üzərində qeydə alındığı, məhkəmənin də həmin əmlaka tutma yönəltdiyi, yəni işin halına uyğun nəticəyə gəldiyi aydın olur. Kollegiya apellyatorun, evin dəyərinin daha yüksək olması barədə arqumentini də əsassız hesab edir: Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinin bazar dəyəri 45 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2017-ci ilin noyabr ayında bağlanmış ipoteka müqaviləsində əmlak 38 000 manat məbləğində qiymətləndirilmişdir; bu qiymətlə müqayisədə isə qiymətləndiricinin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-196/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar