Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3618/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimənin tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1021/2023 saylı 15 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 0064075AZN03063 saylı, xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 20,65 %-lə, illik cərimə faizi 180% olmaqla, 13500 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Tərəflər arasında bağlanmış 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə 3382,92 AZN əsas borc, 737,75 AZN faiz borcu, 4639,58 AZN cərimə borcu olmaqla, cəmi 8760,32 AZN məbləğində borcu vardır. Gecikmə 803 gün təşkil edir.
3. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3382,92 AZN əsas borc, 737,75 AZN faiz borcu, 4639,58 AZN cərimə borcu olmaqla, cəmi 8760,32 AZN məbləğində borcun və ödənilmiş 108 AZN dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-08909İB/2018 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu X2 qeyd edilmiş şərtləri qəbul edir. Sonradan tərəflər arasında X4 çərçivəsində 0064075AZN03063 saylı xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 20.65%, illik cərimə faizi 180% olmaqla, 13500 AZN məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0064075AZN03063 saylı müştərinin maliyyələşdirilməsi üçün ərizə üzrə 725 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 mart 2023-cü il tarixli 2(006)-1021/2023 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 0064075AZN03063 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3382,92 AZN əsas borc, 737,75 AZN faiz borcu, 300 AZN cərimə borcu olmaqla, ümumilikdə 4420,67 AZN məbləğində borc və ödənilmiş 108 AZN dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilə əsasında borc münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır.
8. Məhkəmə cavabdehin Vətən müharibəsi iştirakçısı və hal-hazırda işsiz olduğunu, həmçinin cərimə məbləğinin əsas borca mütənasibliyini nəzərə alaraq cərimə məbləğinə aid hissədə iddianı qismən təmin etmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 443.1, 448.1, 449.1, 467, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmi hissədə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə cərimə borcunun təmin edilməyən hissəsində əsassızdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Cavabdehin nümayəndəsi isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə yalnız cərimə borcuna aid hissədə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. İddia tələbində 3382,92 manat əsas borc, 737,75 manat faiz borcu və 4639,58 manat cərimə borcu tələb edilmiş, məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq cərimə məbləği azaldılaraq 300 manat müəyyən edilmişdir.
32. İddiaçı tərəfindən də apelyasiya şikayətində yalnız cərimə məbləğinə münasibətdə qətnamə mübahisələndirilmişdir.
33. Kollegiya borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassızdır, məhkəmə haqlı olaraq cavabdehin Vətən müharibəsi iştirakçısı və hazırda işsiz olduğunu, həmçinin cərimə məbləğinin əsas borca mütənasibliyini nəzərə alaraq tənasübsüz surətdə yüksək həddə olan cərimə məbləğini azaltmışdır.
34. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
37. Beləliklə, iddiaçının apelyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1021/2023 saylı 15 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.