Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3619/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2021 saylı, 31.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri və mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 2000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni Yasamal-2, ev 2, 5 saylı mənzilin sahibidir. Həmin mənzil Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 25.08.2000-ci il tarixdə verilmiş 102 saylı reyestr kitabında, səhifə 15677, qeydəalma nömrəsi 30/10189 olan ÖM №048712 Qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur. 2020-ci ilin yanvar ayından bu günədək mütəmadi olaraq onun mənzilini dördüncü mərtəbədə yerləşən on birinci mənzildən suyun axması nəticəsində su basmışdır. Həmin mənzilin su xətti sisteminə baxış keçirərkən həmin xəttin tamamilə istismara yararsız olduğunu aşkar etmişdir. Dəfələrlə xahiş etmişdir ki, yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində tədbir görülsün, amma bu günədək heç bir nəticə verməmişdir. Buna baxmayaraq, sonuncu dəfə 25.07.2020-ci il tarixdə bağdan evə qayıdaraq mənzili yenidən suyun axması nəticəsində su basmışdır. Baş verənlərin səbəbi həmin mənzilin su xətti sisteminin bütövlüyünün pozulması, bağlama qurğularının sıradan çıxması və şəxsən cavabdehin məsuliyyətsizliyi və hərəkətsizliyi nəticəsində dəfələrlə xəbərdar etdiyinə baxmayaraq sonuncu dəfə 25.07.2020-ci il tarixdə bağdan evə qayıdaraq mənzili yenidən suyun axması nəticəsində su basmışdır. Baş verənlərin səbəbi həmin mənzilin su xətti sisteminin bütövlüyünün pozulması, bağlama qurğularının sıradan çıxması və şəxsən cavabdehin məsuliyyətsizliyi və hərəkətsizliyi nəticəsində dəfələrlə xəbərdar etdiyinə baxmayaq vəziyyətin həlli istiqamətində heç bir iş görülməmişdir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılığın mövcudluğu foto və videomateriallarla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni mətbəx otağı, sanitar qovşağı və dəhlizi su basaraq mənzilin tavanı, laminat örtüklü döşəməsi, mətbəx mebeli və divar kağızları zədələnərək yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 2000 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2021 saylı, 31.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 844 (səkkiz yüz qırx dörd) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Orxan Məmmədli). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2021 saylı, 31.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasını onunla əsaslandırmışdırki, Bakı şəhəri, Yeni yasamal-2, ev 2, 5 saylı mənzilin sahibidir. 2020-ci ilin yanvar ayından dördüncü mərtəbədə yerləşən 11-ci evdən mütəmadi su axaraq onun evini su basmışdır. Həmin mənzilin su xətti sisteminin bütövlüyünün pozulması bağlama qurğularının sıradan çıxması və şəxsən cavabdehin məsuliyyətsizliyi və hərəkətsizliyi nəticəsində dəfələrlə xəbərdar etdiyinə baxmayaraq sonuncu dəfə 25.07.2020-ci il tarixdə bağdan evə qayıdaraq yenidən suyun axması nəticəsində su basmışdır. Cavabdeh hesab edir ki, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin ilk iclasında qeyd etmişdir ki, adı çəkilən mənzil cavabdehin mülkiyyətində olub, orada qanunsuz olaraq evi cavabdehə satan şəxslər yaşayırdı. Bununla bağlı məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur. Lakin qətnamə qüvvəsini almadığından icraya yönəlməmişdir. Bu səbəbdən cavabdeh mülkiyyətində olan mənzilinə daxil ola bilmirdi. Adıçəkilən mənzil Kapital Banka geri qaytarılmışdır. Mənzil cavabdehin mülkiyyətində olan vaxtda cavabdeh orda yaşamadığına görə qonşuya su axıdılması evin baxımsız qalması məsuliyyətini həmin vaxt orada yaşayanlar daşıyır. Onları məhkəməyə verməsi ilə bağlı sübutları da var. Məhkəmə qərar qəbul edərkən cavabdehin məhkəmədə iştirakını təmin etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı A.Orucov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 048712 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi 2 saylı evin 28.88 kv.m yaşayış sahəsi 2 otaqlı 5 saylı mənzili İddiaçı Oktay oğlunun adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materillarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi 2 saylı evin 11 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23.02.2021-ci il tarixli 10/4217 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, 2 saylı yaşayış evinin 5 saylı mənzilin üst mərtəbəsində yerləşən 11 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 5 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, 2 saylı yaşayış evinin 5 saylı mənzilin üst mərtəbəsində yerləşən 11 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmadığından və eləcə də, mülki iş materialında MKİS-in əməkdaşlarının su sızma faktını təstiq edən Akt olmadığından, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, 2 saylı yaşayış evinin 5 saylı mənzilə 11 saylı mənzildən suyun sızıb-sızmadığını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, 2 saylı yaşayış evinin 5 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 844 manat məbləğində olduğu müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi 2 saylı evin 11 saylı mənzili Cavabdeh mülkiyyətindədir və həmin mənzildən aşağı mərtəbədə yerləşən, İddiaçı mülkiyyətində olan 5 saylı mənzilə su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilinə zərər vurulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan yaşayış sahəsində aşkar olunmuş qüsurlar məhz cavabdehin mülkiyyətində olan mənzildən axıdılmış su nəticəsində əmələ gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, məhkəmə İddiaçı mülkiyyətində olan yaşayış sahəsində aşkar olunmuş qüsurların cavabdehin mənzilindən axıdılmış su nəticəsində əmələ gəldiyini bildirməklə kifayətlənmiş, lakin həmin mənzildə kimin yaşadığını mənzilin mülkiyyətçisinin təqsirinin olub-olmamasını araşdırmamışdır. İşə apellyasiya instansiyası məhkməsində baxılan zaman həmin nöqsan aradan qaldırılaraq həmin mənzildə kimin yaşaması kollegiya tərəfindən araşdırılmışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi kimi, kollegiya iclasında verdiyi izahatında da ona məxsus olan əmlakın başqa şəxslərin qanunsuz sahibliyində olmasını, hətta həmin şəxslərin mənzildən çıxarılması ilə bağlı məhkəmə mübahisəsi də olmasını bildirmişdir. İddiaçı da öz növbəsində bildirdi ki, sözügedən mənzil mülkiyyət hüququ ilə E. Rüstəmova məxsus olsa da o ümumiyyətlə həmin mənzildə heç vaxt yaşamamış, həmin mənzildə müxtəlif şəxslər kirayədə yaşamışlar, hal-hazırda da cavabdeh özü deyil, başqa şəxslər yaşayırlar. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 1111.2-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Bundan başqa, Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən maddələrin məzmunundan da görünür ki, zərər binadan nəyinsə axıdılması nəticəsində baş vermişdirsə, məsuliyyəti mənzilin mülkiyyətiçisi deyil, müvafiq otağı tutuan şəxs daşımalıdır. Hazırki mübahisədə mənzildə mülkiyyətçinin (cavabdehin) deyil, başqa şəxslərin yaşaması öz təsdiqini tapdığından və belə olduğu təqdirdə zərərin də Cavabdeh tərəfindən vurulması sübut edilmədiyindən iddiaçı mənzilin mülkiyyətçisi olan Cavabdeh qarşı iddiasında haqlı deyildir. Belə olan halda, iddiaçının həmin zərərin ödənilməsi ilə bağlı mənzildə yaşayanlara qarşı iddia qaldırmaq hüququnun olması ona izah edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və qeyd edilən hüquq normalarının tələblərinə əsasən vurğulayır ki, cavabdehin mülkiyyətçisi olduğu mənzildə yaşamaması, həmin mənzildə başqa şəxslərin yaşaması və zərərin onlar tərəfindən vurulması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2021 saylı, 31.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3619/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3619/2022
20.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver