Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-362/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mərkəzi Bankın (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının) nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-383/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh” MMC BOKT-a qarşı “hesablanmış kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Cavabdeh" MMC BOKT-dan İddiaçı xeyrinə 4644.63 (dörd min altı yüz qırx dörd manat altmış üç qəpik) manat konpensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «Cavabdeh” MMC BOKT -la İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, ********* saylı təminatlı Kredit Müqaviləsinə əsasən 23 ay müddətinə illik 28 faizlə 8624 ABŞ dolları məbləğində kredit götürülmüş, kreditin təminatı olaraq 2008-ci ilin buraxılışı olan, “Toyota" markalı “Camry" modelli minik avtomobili ipoteka ilə yüklü edilmişdir. O, kredit götürdükdən sonra 21 dekabr 2015-ci ildə ikinci devalvasiya baş vermiş, ABŞ dollarının məzənnəsi qalxmışdır. Həmi vaxta onun cavabdehə 7741.05 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. 18 iyul 2017-ci ildə o, cavabdehə olan kredit borcunu tam ödəmişdir. Bununla bağlı cavabdeh tərəfindən 18 iyul 2017-ci il tarixli məktubla AR DİN BDYPİ-ə müraciət edilmiş, öhdəliyini tam icra etdiyinə görə ona məxsus olan “Toyota" markalı "Camry” modelli ** UJ *** qeydiyyat nişanlı minik avtomobilin girovunun ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərman (irəlidə Fərman adlanacaq) imzalanmışdır. Onun krediti sözügedən Fərmanın təsiri altında düşdüyündən AR Maliyyə Bazarlarına Nəzarət Palatasına (irəlidə MBNP) müraciət etmişdir, lakin onun adı konpensasiya alan şəxslərin siyahısında aşkar edilməmişdir. Bununla bağlı 16 aprel 2019-cu ildə MBNP-nin Apellyasiya komissiyasına müraciət etmişdir, 11 iyun 2019-cu il tarixli bildirişlə ona məlumat verilmişdir ki, şikayətinin baxılma müddəti daha 30 (otuz ) iş günü uzadılmışdır. Xeyli müddət keçməsinə baxmayaraq heç bir məlumat əldə etmədiyindən, 17.09.2019-cu ildə yenidən MBNP-yə yazılı müracət etmişdir, 28.09.2019-cu il tarixli bildirişlə cavab verilmişdir ki, kredit təşkilatı (cavabdeh “OMNİ FİNNACE") tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrində Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyindən, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə olunur. Sözügedən Fərmanın 1-ci hissəsinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-383/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, Cavabdeh MMC BOKT-dan İddiaçı xeyrinə 4644.63 (dörd min altı yüz qırx dörd manat altmış üç qəpik) manat kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspertiza rəyi ilə razıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mərkəzi Bankın (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının) nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, bu qəbildən olan işlərə ümumi məhkəmə də deyil, inzibati məhkəmədə baxılmalıdır. İddia tələbindən görünr ki, iddiaçı cavabdeh «Cavabdeh” MMC BOKT göstərilsə də, qətnamənin icrasını məhz Mərkəzi Bank həyata keçirəcək. Ona görə də, hesab edir ki, Mərkəzi Bank cavabdeh qismində işə cəlb edilməklə işə inzibati qaydada baxılmalıdır. Hazırda isə cavabdeh «Cavabdeh” MMC BOKT olduğundan mülki iş üzrə qərar qəbul edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxıram. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh «Cavabdeh” MMC BOKT-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-383/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən «Cavabdeh” MMC BOKT-a ünvanlanmış 22 oktyabr 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, 5 (beş) iş günü müddətinə ona 4644.63 (dörd min altı yüz qırx dörd manat altmış üç qəpik) manat məbləğində konpensasiyanın ödənilməsini təmin etmələrini xahiş etmiş, əks halda həmin məbləğin və məhkəmə xərclərinin Cavabdeh MMC BOKT-dan tutulmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalacağını bildirmişdir. İş materiallarında olan Cavabdeh MMC BOKT ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı qeyd olunan kredit təşkilatından 23 ay müddətinə illik 28 faiz olmaqla 8624 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC BOKT ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli ipoteka müqaviləsininə əsasən borclu İddiaçı məxsus “Toyota Camry” markalı 2008-ci il buraxılışlı minik avtomobili ipoteka yükü ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş 03.04.2019-cu il tarixli SF 5980 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı çıxarış verilən tarixə kredit borcu yoxdur. İş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci tarixli, 9/869 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə, o cümlədən Məhkəmənin Mərkəzə ünvanladığı 16.03.2021-ci il tarixli məktubuna əsasən 31 iyul 2015-ci tarixli, ********* saylı təminatlı Kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixə olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşəcəyi halda kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinin kompensasiya məbləği 4951,24 manat müəyyən edilir. 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərman Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qərara alınmışdır. Sözügedən Fərmanda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi həmin Fərmanın 1-ci hissəsində qeyd edilən qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qeyd edilmişdir. Həmin Fərmanın 2-ci hissəsindən görünür ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsini, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi kredit üzrə vaxtında ödənilmiş borc məbləğləri sözügedən Fərmanın təsir dairəsi ilə əhatə olunmur. Bununla belə İddiaçı vaxtında kredit müqaviləsi üzrə yaranmış borcunu ödədiyi halda 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasında iddia tələbi ilə cavabdeh tərəfindən ona kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmişdir. İddiaçı iddia ərizəsindən göründüyü kimi Cavabdeh MMC BOKT ilə arasında bağlanmış 31 iyul 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən qeyd olunan kredit təşkilatından 23 ay müddətinə illik 28 faiz olmaqla 8624 (səkkiz min altı yüz iyirmi dörd) ABŞ dolları məbləğində götürdüyü kredit məbləğini 18.07.2017-ci il tarixdə ödəmiş və bu halı məhkəmə iclasında bildirmişdir. Fərmanın 2-ci hissəsində fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulsa da, İddiaçı Cavabdeh MMC BOKT ilə arasında bağlanmış 31 iyul 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borc məbləğini tam ödədikdən sonra cavabdehdən pul kompensasiyasının ödənilməsinə dair iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh MMC BOKT ilə arasında bağlanmış 31 iyul 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş borcun ödənilməsinə dair 23 aylıq kredit müddəti və iddiaçının qeyd etdiyi kimi kredit məbləğinin 18.07.2017-ci il tarixdə ödənildiyi halda hazırki mübahisəli kredit müqaviləsi Fərmanın 1-ci hissəsində nəzərdə tutulan qaydada kredit borcunun gecikdirilməsini də istisna edir. Qeyd edilən Fərmanın: 6.1-ci bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. 7.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. 8.3-cü bəndində qeyd edilmişdir ki, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. 8.6-cı bəndində qeyd edilmişdir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Yuxarıda sadalanan müvafiq Fərmanın bəndlərindən də görünür ki, bu Fərmanın tətbiqi dairəsi vaxtı keçmiş kredit borcu, əsas kredit borcları üzrə qalıq məbləğlərini əhatə etməklə, borcluların siyahısını müəyyən edərək banklara və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına bu Fərmanda qeyd edilən vəzifələrinin icra edilməsini nəzərdə tutur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 3.1-ci bəndinə görə Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırki halda «Cavabdeh” MMC BOKT-a qarşı iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmandan görünür ki, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin müəyyən edilməsi vəzifəsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı), kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi vəzifəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına və Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görülməsi vəzifəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Kollegiya iş üzrə təyin edilmiş ekspertizaya münasibətdə qeyd edir ki, ekspertizanın təyin edilməsi məqsədi iddia tələbinin əsaslı olub-olmadığını müəyyən etmək deyil, götürülmüş kredit borcuna görə hesablanmalı olan məbləğin müyyən edilməsi olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, «Cavabdeh” MMC BOKT hazırkı iddia tələbinə cavab verməli şəxs hesab oluna bilməz. Ona görə apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci tarixli, 9/869 nömrəli rəyi kompensasiya məbləğini müəyyən etdiyindən əsaslıdır və iş üzrə sübut əhimiyyəti kəsb edir. Göründüyü kimi, iddiаçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Hazırki halda iddiaçının iddia tələbi sübut olunsa belə, iddiaçı hesablanmış kompensasiya məbləğinin ödənilməsi tələbi ilə «Cavabdeh” MMC BOKT-nin qarşı iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətdə göstərilənlər formal mülahizələr olmaqla, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-383/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-383/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-362/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-362/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver