Məhkəmə qərarları › İş №2(103)-3622/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3622/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3622/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X15 və X6 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-17/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 7, 18 saylı mənzilinə (bundan sonra mübahisəli mənzil) istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil qaynanası X8 məxsus olmuşdur. Onlar X10 ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahdan iki övladları 2012-ci il təvəllüdlü X19 və 2014-cü il təvəllüdlü X18 dünyaya gəlmişdir. Evləndikdən sonra onlar müvəqqəti olaraq atasının bacısının Dübəndidə yerləşən bağ evinə köçmüşlər. Hal-hazırda yoldaşı uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır. Pirallahı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Yekaterina Həsənova mübahisəli mənzilə köçürülmüşdür. O, həmin mənzildə böyüyüb boya-başa çatıb. Cavabdeh qaynının keçmiş həyat yoldaşı olmuşdur. Otağın birində qızı ilə bərabər hal-hazırda yaşayır. Onun uşaqları da orada məktəbə gedirlər. Lakin cavabdeh onu mənzilə buraxmır. O da ailəsi ilə birlikdə sözügedən mənzildə yaşamaq istəyir. X17 da sözügedən mənzildə yaşamağına etirazı yoxdur. Lakin cavabdeh onu mənzilə buraxmır. Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli mənzil özbaşına tikili deyil, mənzilin yerləşdiyi bina mənzil istismar sahəsinin balansındadır. Apellyasiya baxışı zamanı apelyator şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçı sonuncu məhkəmə iclasında iddia tələbini dəqiqləşdirmiş, iddia ərizəsinə əlavə təqdim edərək X12, X10, Cavabdeh, X3 da cavadeh qismində cəlb edərək onlara qarşı tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsi isə iddia ərizəsinə əlavəni (iş vərəqi səh.61) nəzərə almamış, həmin şəxsləri əlavə cavabdeh qismində işə cəlb etmədən, onları məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar etmədən işə baxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə (MPM) əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X12, X10, X18, X19 və Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı ilə X11 xx xxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan onların iki - xx.xx.2012-ci il təvəllüdlü Emil və xx.xx.2014-cü il təvəllüdlü Riyad adlı övladları anadan olmuşdur. İşdə olan Ali Məhkəmənin 2(102)-4836/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(094)-331/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X4rşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddiası rədd, X2rşılıqlı iddiası isə təmin edilərək onun mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 984/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən, Ali Məhkəmənin 2(102)- 4470/17 saylı, xx xxxx 2017-ci il tarixli Qərarından görünür ki, cavabdeh Yuliya X1rşı mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə iddiası təmin edilmiş, qətnamə yuxarı məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyətli olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. İşdən mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı cavabdehlərdən biri X10 ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Mübahisəli mənzilin icarədarı iddiaçının arvadının anasının (qaynanası) olmuş və dünyasını dəyişmişdir. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(094)-331/2018 saylı qətnaməsi ilə iddiaçının arvadının mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Hal-hazırda arvadı uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Digər Cavabdeh isə iddiaçının qaynı arvadı olmaqla, mübahisəli mənzildə qeydiyyatdadır, həmin mənzildə uşaqları ilə birlikdə yaşayır və iddiaçının mənzilə köçməyinə etiraz edir. Kollegiya nəzərə alır ki, mübahisəli mənzil iddiaçının arvadının valideyninə anasına məxsus olmuşdur. İddiaçı X10 ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq yaşayış sahəsi kirayəçisinin ailə üzvünün razılığı ilə mübahisəli mənzilə köçmüşdür. İddiaçı mübahisəli mənzilə köçdüyü vaxtdan həmin sahədən yaşayış sahəsi kirayəçisi ilə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Ona görə də, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır və onun mübahisəli mənzilə istifadə hüququ tanınmalıdır. İşin istinad olunan hallarını nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-17/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 7, 18 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar