Məhkəmə qərarları › İş №2(103)-3623/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3623/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3623/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh X8 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsədən tutulması) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsədən tutulması tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-185/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının Cavabdeh iddiaçı "Azərbaycan Beynəlxalq Bankı’ ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********59 nömrəli Kredit müqaviləsinə əsasən 2162.98 manat əsas, 1442.68 manat faiz borcu olmaqla, cəmi 3605.66 manatın tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş rüsumunun və 0.80 AZN bank xidmət haqqının tutulması barədə (tələbinin dəqiqləşdirilməsi üzrə) iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-185/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh X3 iddiaçı "xxxx" ASC- nin xeyrinə 2162,98 manat əsas və 18 manat faiz borcu olmaqla, cəmi 2180,98 manat borc, ödənilmiş dövlət rüsumunun 41.81 manat hissəsinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manatın 70 manat hissəsinin cavabdeh X4, 30 manat hissəsinin isə "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödəbnilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4, 739.1, 1306.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəsimi filialı ilə X5 arasında bağlanmış xx.xx.2019- cu il tarixli BPM**********59 nömrəli kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən X2 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2760 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borcalan X1 Banka kredit borcu yaranmışıdr. İş üzrə borcalan X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və iş üzrə cavabdeh X9 onun vərəsəsi kimi tanınmışdır. X5 iddiaçı "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni vəfat etdiyi vaxtdan sonra müqavilə şərtlərinə əsasən ödənişlər vaxtında aparılmamış öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən Bank qarşısında hazırda borclunun vərəsəsi məsuliyyətcavabdehlik daşıyır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan X1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2105.99 manat əsas və vəfat etdiyi tarixə 1464.20 manat faiz borcu hesablanmaqla, cəmi 3570.19 manat məbləğində kredit borcu vardır. Göründüyü kimi, iddiaçı tələb etdiyi faiz borcunun borclunun vəfat etdiyi tarixədək hesablandığını göstərmişdir. Ekspertiza rəyindən də görünür ki, borclunun vəfat etdiyi, yəni 07 oktyabr 2020-ci il tarixədək faiz borcu 18 manat, xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc 2162,98 manat olmuşdur. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar:- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli 9/342 saylı ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********59 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2020-ci il tarixə (sualda soruşulan tarixə) və xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2020-ci il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə 2249,41 manat, faiz borcu üzrə-18 manat, xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 2162,98 manat, faiz borcu üzrə- 1442,68 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(009)-185/2024 saylı qətnaməsinin qismən - faiz, rüsum və ekspertiza xərci hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.2, 445.3, 445.8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.7,106.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, maliyyə arayışına əsasən,X1 Banka ödənilməmiş borcu - 2105.99 manat əsas borcu, 1464.2 manat faiz borcu olmaqla, cəmi 3570.19 manat borcu qalmışdır. Cavabdeh X1 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 3570.19 manat olduğundan, tərəflərindən 55.71 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********59 nömrəli kredit müqaviləsi üzrə - 2105.99 manat əsas borcu, 1464.2 manat faiz borcu olmaqla, cəmi 3570.19 manat, ödənilmiş 55.71 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi üçün müraciət edilmişdir. Məhkəmə gedişatı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixinə 2249.41 manat əsas borc, 18 manat faiz borcu olmaqla cəmi 2267.41 manat, xx.xx.2023-cü il tarixinə 2162.98 manat əsas borc, 1442.68 manat faiz borcu olmaqla cəmi 3605.66 manat borcun olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********59 nömrəli kredit müqaviləsi üzrə - 2162.98 manat əsas borc, 1442.68 manat faiz borcu olmaqla cəmi 3605.66 manat, ödənilmiş 56.06 manat dövlət rüsumunun və 0,80 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi üçün müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə tələb tam təmin edilməmiş, məhkəmə iddia tələbinin faiz və digər xərclər hissəsində düzgün qərar qəbul edilməmişdir, bu səbəbdən Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(009)-185/2024 saylı qətnaməsinin faiz, rüsum və ekspertiza xərci hissəsi ləğv edilməli, xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tam təmin edilməlidir. Belə ki, məhkəmə faiz tələbini vəfat etmiş borclunun ölüm tarixinə yəni xx.xx.2020-ci il tarixinədək hissədə təmin etmiş və bununla bağlı qətnamədə hansı qanunvericiliyin tələbinə əsaslandığı barədə qeyd etməmişdir. Halbuki, Mülki Məcəllənin maddələrinə və müqavilənin şərtlərinə əsasən faizin dayandırılması halı mövcud deyildir. Borclu öhdəliyi gecikdiyi təqdirdə qanunvericilik və müqavilə üzrə tələbləri nəzərə alaraq, kreditor qarşısında məsuliyyət daşıyır. Bununla da, müqavilənin və qanunverciliyin tələblərinə əsasən müəyyən faiz dərəcəsi ilə əsas borca öhdəlik tam icra edilənədək faiz hesablanır. Qeyd edilən halları məhkəmə nəzərə almadan yekun qərar qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsində keçirilən ekspertiza zaman faiz borcuna münasibətdə onların iddia tələbində tələb etdikləri məbləğin azaldığını, belə ki, təqdim etdikləri maliyyə arayışına əsasən Şahbazova Dilyara öldükdən sonra da faiz məbləği hesabladıqlarını, belə ki, faizin dayandırılması ilə bağlı nə müqavilədə, nə də qanunvercilikdə hər hansı qeyd olmadığını, bu səbəbdən birinci instansiya məhkəməsinin nəyə əsasən belə bir qərar qəbul etməsinin də müəmmalı olduğunu, onların öhdəliyinin yaranma səbəbi vərəsəlik üzrə deyil, müqavilə üzrə öhdəlik olduğunu, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçı tərəfindən şəxs öldükdən sonrakı dövr üçün faiz məbləğinin tələb edilməsinin mümkün olmadığını qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744, 1306, 1151; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə, kredit və vərəsəlik (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran , habelə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.558.2. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir.740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 10.Göründüyü kimi, müqavilə münasibətlərində olan borclunun ölməsi onun müki hüquq (fəaliyyət) qabiliyyətini və bununla da bu münasibətlərdə şəxsi iştirakını istisna edir. Lakin vəəsəlik institutu onun ölən məqamadək mövcud olmuş öhdəlikləri üzrə vərəsələrin mülki məsuliyyətini müəyyən edir. Deməli bu məqamdan sonra ölən borclunun müqavilə münasibətlərində vərəsələrinin iştirakı yalnız onun bu anadək mövcud olmuş vəzifələrini (miras passivini) əhatə edir.

11. Apellyasiya şikayəti əsassız olduğundan verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. Hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 12.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)- 185/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar