Məhkəmə qərarları › İş №2(103)-3625/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3625/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3625/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-772/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh arasında (bundan sonra cavabdeh) bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00093 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) və kombi istifadə edilir. xx.xx.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 11.880 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2021-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz sayğacının orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 11880 m3 həcmində ziyanın vurulması barədə qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 8.640 m3 həcmində ziyanın vurulması qeyd edilmişdir. Qeyd edilən xx.xx.2021-ci il tarixli akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. xx.xx.2022-ci il tarixli aktda isə qazla işləyən cihazlar barədə hər hansı məlumat qeyd edilməmiş, həmçinin abonentə aid hissədə hər hansı məlumat, o cümlədən aktı imzalamaqdan imtina etməsi göstərilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5405 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilərək, onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan pulun ondan tutulmasına son qoyulması və onun hesabına yazılmış ümumilikdə 2.052 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən onun evində quraşdırılmış qaz sayğacına əsassız hesablanmış 2.240.64 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən evdə yaşayır. Bir neçə ay əvvəl qaz pulu ödəyən zaman müəyyən etmişdir ki, onun hesabında 2.052 manat borc məbləği yazılıb. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edəndə ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsasən qeyd edilən tarixlərdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, dəymiş ziyan məbləği xx.xx.2021-ci il tarixə 1.188 manat, xx.xx.2022-ci il tarixə isə 864 manat müəyyən edilmişdir. O, həmin aktlarla razı deyil, çünki o, sayğacdan kənar qazdan istifadə etməmişdir. Sadəcə olaraq cavabdehin əməkdaşları əraziyə baxış keçirən zaman qazdan sayğacdan kənar istifadə halını aşkar etmiş və səhvən həmin istifadəçinin o olduğunu zənn edərək onun adına aktlar tərtib etmiş, dəymiş zərər məbləği hesablamışlar. Lakin aşkar edilmiş hal ona aid deyildir. Qazdan sayğacdan kənar istifadə edən onun qonşusudur.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-772/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********00093 saylı abunə koduna hesablanmış 2.240,64 manat məbləğində borcun silinməsi, cavabdehdən 42.41 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. (hakim X7)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, abonent kodu **********00093 nömrə olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsindəki ünvana xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə ziyan hesablansa da, sayğacdankənar əlavə qaz xəttinin məhz iddiaçıya məxsus olması öz təsdiqini tapmamışdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 560cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 124.1-ci maddələrinə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci, 9.1.5-ci, 9.4-cü maddələrinə və “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq və aşkar şəkildə görünür ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyriqanuni birləşmə vasitəsi ilə qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, Cavabdeh ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və sair hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və iddianın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (əvvəlki redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçının dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

25. İddiaçı qanunsuz qoşulma halına yol vermədiyini, bu hala onun qonşusu tərəfindən yol verildiyini, həmin xəttin də məhz qonşuya aid olduğunu bildir. Cavabdeh isə iddiaçıya məxsus olan fərdi yaşayış evində quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə edilməsinin təsdiqi olaraq iddiaçıya aid abonent saldosunu, fotoşəkillər, habelə qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli aktları və həmin aktlar əsasında qəbul edilmiş eyni tarixli qərarları təqdim edir. Konkret olaraq, iddiaçının sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə etdiyini iddia edir.

26. Lakin xx.xx.2021-ci il tarixli aktda iddiaçının həmin aktı imzalamaqdan imtina etdiyi göstərilsə də, iddiaçının bu akt barədə həmin vaxt ümumiyyətlə məlumatlı olması öz təsdiqini tapmır. xx.xx.2022-ci il tarixli aktın həmin hissəsində də iddiaçı barədə ümumiyyətlə hər hansı məlumat əks etdirilməmişdir. Halbuki, iddiaçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu səbəbdən yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

27. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən də iddiaçı tərəfindən abonent olduğu ünvan üzrə qaz sayğacından kənar, yəni qaz xəttinə qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi müəyyən edilmir. Həmin şəkillərdən birində boru, digər şəkildə isə qaz sayğacı əks etdirilmişdir. Lakin bu şəkillərin ümumiyyətlə birinin-digərinə aidiyyətinin olmasını (vahid mənzərə yaratmır) müəyyən etmək olmur. Bu səbəbdən həmin fotoşəkillər qanunsuz qoşulmanı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Fotoşəkillərlə müqayisədə mötəbərliyi baxımından bu halı daha dəqiq və etibarlı şəkildə təsdiq edən videogörüntü isə cavabdeh tərəfindən təqdim edilmir.

28. Həmin ünvan üzrə qanunsuz qoşulma halının olması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/293 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapmır. Belə ki, rəyə əsasən tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

29. İddiaçı tərəfindən qanunsuz qoşulmaya yol verilməməsini onun tərəfindən məhkəmə iclasında iştirakı təmin edilmiş və onun qonşusu olan şahidlər X3 və X9 da öz ifadələrində təsdiq edirlər. Bu şahidlərin hər ikisi iddiaçı ilə eyni mövqedən çıxış edərək, qanunsuz qoşulma halına yan qonşu tərəfindən yol verildiyini, hətta bu barədə Cavabdehnə də məlumat verildiyini bildirmişdilər.

30. Cavabdeh tərəfindən tərtib edilmiş aktların əhatə etdiyi müddətlə bağlı həmçinin, nəzərə alınmalıdır ki, həmin ünvanda quraşdırılmış sayğac mexaniki tipli olduğundan cavabdehin əməkdaşları hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Bu da öz növbəsində onların hər ay həmin ünvanda olmalarını özündə ehtiva edir. Belə olan halda, həm ilk, həm də ikinci akt üzrə zərər məbləğinin 90 gün müddətinə hesablanmasının özü qanunsuzdur. Əks halda, belə qənaətə gəlmək olur ki, cavabdehin əməkdaşları öz xidməti vəzifələrini tələb olunan səviyyədə yerinə yetirməyərək hər ay həmin ünvanda olmamışlar və ya iddiaçı tərəfindən yol verilmiş bu qanunsuzluğa “göz yunmuşdular”, bununla da təbii qazın talanmasına şərait yaratmışdılar.

31. Aktların əhatə etdiyi dövrdə həmin ünvan üzrə təbii qazdan sayğac üzrə istifadə edilməsi abonentin saldo məlumatları ilə də öz təsdiqini tapır. Belə ki, həmin ünvan üzrə 2021-ci oktyabr ayında 17,70 manat, dekabr ayında 143 manat, 2022-ci ilin yanvar ayında 50,76 manat, fevral ayında 41,88 manat, mart ayında 32,16 manat dəyərində qazdan istifadə edilmişdir.

32. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının təbii qazdan sayğacdan kənar, yəni qanunsuz qoşulma yolu ilə istifadə etməsi öz təsdiqini tapmır. Bu səbəbdən (məhkəmə kollegiyası onların bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmasına istinad edilməsinə hər hansı zərurət görmür) cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli aktlar və oların əsasında tərtib edilmiş eyni tarixli qərarlar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

34. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-772/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar