Məhkəmə qərarları › İş №2(103)-3625/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3625/2025

11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3625/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1534/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1534/2025 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir.

3. xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1534/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1534/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1534/2025 nömrəli qətnaməsindən verdiyi xx.xx.2025-ci il və xx.xx.20025-ci il tarixli apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixlərində verilmiş apellyasiya şikayətlərinin hər ikisi elektron qaydada imzalanmamış, eyni zamanda xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti “abunə müqaviləsi” adı altında yükləmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edildiyi məhkəmələrdə sənəd dövriyyəsi elektron qaydada həyata keçirildiyindən apellyasiya şikayətinin düzgün başlıq adı altında verilməməsi gələcəkdə mülki işin apellyasiya instansiyasına göndərilməsində müxtəlif problemlərin yaranmasına, appellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə səbəb olacaqdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1534/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Məhkəməsi 22 aprel 2025-ci il tarixli və 28 aprel 2025-ci il tarixli apellyasiya şikayətlərinin forma və məzmun tələblərinə uyğun olmadığına istinad edir, amma konkret olaraq nəyi pozmağını, hansı qaydalara əməl etməməyini, necə, hansı forma və hansı məzmunu apelyasiya şikayətlərimdə qeyd etməli olduğunu, lakin yalnış qeyd etdiyini məhkəmə açıq-aşkar göstərmir ki o da öz növbədə onlarla razışlaşsın, razılaşdığı təqdirdə aradan qaldıra bilsin. Hesab edir ki, məhkəmənin yanaşması formaldır, bu vəziyyət vətəndaşın məhkəməyə müraciət etmək imkanının məhdudlaşdrılması kimi qiymətləndirilməlidir. Digər tərəfdən, 22 aprel 2025 və 28 aprel 2025-ci il tarixlərdə verilmiş apelyasiya şikayətlərinin “müvafiq qaydada imzalanmaması və MPM-nin 363.1.5, 10-1.3-cü uyğun olmaması” işin həqiqi halları əks etdirmir. Belə ki, 22 aprel 2025-ci il tarixli apelyasiya şikayətinin şəxsi kabinetdə imza olunmaqla “abunə müqaviləsi” kimi adı qeydiyyata düşməsi və 28 aprel 2025-ci il tarixli apelyasiya şikayətinin elektron Kabinet vasitəsi ilə göndərilməsi və eyni tarixdə, müddətdə Elektron Məhkəmə Sistemində yerləşdirilməklə qeydə alınması vətəndaşın gücləndirilmiş imzası ilə sənədlərin imzalanmaması həmin sənədlərin EMS-də görünməsini mümkünsüz edərdi. Halbuki hər iki apelyasiya şikayətini EMS-də görmək mümkündür. Beləliklə, məhkəmənin bu vəziyyətdə yanaşmasının əsassızlığı təkzibedilməzdir. Məhkəmənin diqqətinə çatdırır ki, eyni hakim eyni tərəflər arasında baxdığı digər 2(011) 1566/2024 saylı iş üzrə hazırki iş üzrə olduğu kimi oxşar əsassız qənaətə gəlmiş, tərəflərindən açılmış mübahisə nəticəsində məhkəmə qənaətinin əsassızlığı tanınmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)5301/2024 saylı qərardadı ilə Xətai Məhkəmənin qərardadı ləğv edilmişdir. Aydındır ki, Xətai Məhkəməsi bu mübahisəli qərardad üzrə təkrar qaydada səhvə yol vermiş, yalnış nəticəyə gəlmiş və əvvəllər apellyasiya qaydasında düzəldilmiş səhvi bir daha təkrarlamaqla məhkəməyə çatım hüququnu açıq-aşkar pozmağa davam etmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: -361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; -361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti -361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; -361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; -361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; -361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; -361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: -363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. -363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Bu forma MPM-ə 2 saylı Əlavədə müəyyən edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.

12. Birinci instansiya məhkəməsi iddiaçının apelyasiya şikayətlərinin forma və məzmun tələblərinə uyğun olmadığına, MPM-ə 2 saylı Əlavəya uyğun qaydada verilmədiyinə istinad edərək apellyasiya şikayətlərinin hər ikisinin elektron qaydada imzalanmadığını, xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin “abunə müqaviləsi” adı altında yükləndiyni, xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin isə mülki prosessual qanunvericiliyin tələbinə uyğun və MPM-də qeyd edilən həmin əlavəyə uyğun formada verilmədiyini qeyd etmişdir. 13.Kollegiya məhkəmənin mövqeyini əsassız hesab edərək qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sisemindən görünür ki, hər iki apellyasiya şikayəti İddiaçı tərəfindən elektron qaydada imzalanmışdır. 14.Digər tərəfdən xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti “abunə müqaviləsi” adı altında elektron sistemə daxil edilsə də şikayətin özü mahiyyət etibari ilə apellyasiya şikayəti olmaqla forma və məzmun baxımından apellyasiya şikayətinin tələblərinə uyğun qaydada tərtib edilmişdir. 15.Həmçinin iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı pozulduğunu və ya düzgün tətbiq edilmədiyini iddia etdiyi maddi və prosessual hüquq normalarını göstərmiş, onun qarşısına düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair izah verilmişdir.

16. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instaniysa məhkəməsi hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərini geri qaytararkən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1534/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. 18.Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1534/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar