Məhkəmə qərarları › İş №2(103)-3628/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3628/2024

12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3628/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-697/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəf olduğu mülki işdə İddiaçı Cavabdeh təmsil edirdi.

2. Əliyev X1 Natiq Rəşid oğluna xidmət haqqı və borc olaraq verdiyi pulu tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat pulun və 135 manat məbləğində dövlət rüsumunun, etibarnamə üçün ödənilmiş 19 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2015-ci il tarixdə tanış olmuşdur. Cavabdeh özünü vəkil kimi təqdim etməklə ondan 7000 manat pul almış, daha sonra 8000 manat borc alaraq, qısa müddətdə qaytaracağı barədə söz vermiş, lakin ümumilikdə 15000 manat pulu qaytarmamışdır. İddiaçı 15 sentyabr 2023-cü il tarixdə cavabdeh ilə olan telefon danışığını qeydə almış, həmin danışıq zamanı cavabdeh pulu həftə sonuna qaytaracağını bildirmişdir. İddiaçı polisə müraciət edəcəyini bildirəndə cavabdeh ona şikayət etməməsi üçün yalvarmışdır. İddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir.

5. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 15000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 manat dövlət rüsumu və 19 manat etibarnamənin verilməsi üçün ödənilmiş xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddia tələbinin 8000 manat borcun verilməsi hissəsində qəbul etmir və bu məbləğin ona ödənilmədiyini qeyd edir. Məhkəmə iş üzrə tərəflərin izahatını və şahid X3 ifadəsində qeyd olunanları, təqdim edilmiş səs yazılarını qiymətləndirməklə hesab etmişdir ki, iddia cavabdehin etiraf etmədiyi hissədə də, yəni 8000 manat pulun cavabdehə ödənilməsi hissəsində də sübuta yetir. Belə ki, telefon danışıqlarında da cavabdeh bu pulun ona ödənildiyini inkar etmir. Qısa müddət ərzində aldığı bütün məbləği iddiaçıya qaytaracağı ilə bağlı söz verir. Cavabdeh təqdim edilən səs yazılarının əksini sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Həmçinin təqdim edilən səs yazılarını və verilən şahid ifadəsini şübhə altına alacaq faktiki hallar da müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilərək, 15000 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, bu mübahisə üzrə ümumi iddia müddəti tətbiq edilməlidir. Belə olan halda isə iddia müddəti ötürülməmişdir. Digər tərəfdən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun (tələbkarın) öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Həmçinin qeyd edilməlidir ki, qanunla müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tərəflərin arasında olan telefon danışıqları və məhkəmə iclasında verilən izahatlarla müəyyən edilir ki, cavabdeh aldığı pulu qaytarmaqla bağlı iddiaçıya söz verir, lakin qaytara bilməyəcəyini qeyd edir. Qeyd olunanlar isə iddiaçının tələb etmə müddətini ötürmədiyinə dəlalət edir. Bu əsasla cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini məhkəmə əsassız hesab etmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 135.1, 135.2, 372.2, 1096.1, 1097.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 216-220, 217.4, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 473/2024 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı onunla 2015-ci il tarixdə tanış olmuşdur. Guya o, özünü vəkil kimi təqdim etməklə ondan 7000 manat pul alıb, daha sonra 8000 manat borc alaraq, qısa müddətdə qaytaracağı barədə söz verib. O, İddiaçı nə 7000 manat, nə də 8000 manat pul almayıb. Məhkəmənin gəldiyi nəticə əsassızdır. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Birinci instansiya məhkəməsi ona qarşı münasibətdə iddiaçının iddia ərizəsini təmin etməməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, aydınlaşdırmamış, qərəzli olan qətnaməsində Azərbaycan Respublikası MPM-nin müvafiq maddəsinin tələblərini pozmuşdur. Belə ki, o İddiaçı nə 7000 manat, nə də 8000 manat pul almayıb. Məhkəmənin gəldiyi nəticə əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti yalnız müddəti qəsdən uzatmaq və qətnamənin qüvvəyə minməsinin qarşısını almaq məqsədi güdür. İş materilarına əlavə olunmuş audio sübutlardan aydın görünür ki, cavabdeh 15 sentyabr 2023-cü il və ondan sonrakı tarixlərdə iddiaçı ilə telefon danışıqlarında müxtəlif bəhanələr gətirməklə aldığı on beş min manat pulu qaytarmaqdan yayınır və bunu guya işi artıq iddiaçının xeyrinə həll etdiyi və Ali Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qaldığını bidirir. Lakin məhkəmə araşdırması ilə cavabdehdehin ümumiyyətlə kassasiya şikayəti vermədiyi məlum olmuş o, məhkəmə iclasında bunu etiraf etmişdir. Bundan başqa cavabeh məhkəmənin ilk iclasında ümumiyyətlə iddiaçıdan pul almadığını bildirsə də sonrakı iclaslarda səs yazıları nümayiş etdirildikdən sonra yeddi min manat aldığını etiraf etmişdir. Buna baxmayaraq, apellyasiya şikayətində yenə də nə yeddi min nə də səkkiz min olmaqla ümumilidə on beş min manat pulu almadığını göstərmişdir ki, bu da cavabdehin özü özünü təkzib etməsi və vicdansızcasına yalan dediyini göstərir. Halbuki əlavə olunmuş həmin danışıqlarda cavabdeh on beş min manatı işin həllinə görə verdiyini və iş alınmasa pul qaytaracığını bildirir, etiraf edir. Cavabdeh məhkəmədə səsin özünə məxsus olmasını və həmin sözləri zarafatcasına dediyini əslində on beş min manat pul almadığını bildirsə də, gətirdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh birinci instansiya baxışı zamanı da məhkəməni dəfələrlə aldatmağa cəhd etmişdir. Göründüyü kimi cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olması işdəki sübutlara əsasən təsdiq olunduğundan apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanmalıdır.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o, hüquq sahəsində çalışıb. İddiaçının anasının vərəsəlik işi ilə məşğul olub. İddiaçıdan 1 illik müddət üçün 2015-ci ildə 4 min manat borc alıb. İddiaçı ilə sonra əlaqəsi olmadı. Anasının vərəsəlik işi ilə bağlı 3 min manat pul almışdı, iddiaçıdan almayıb. Həmin pul da xidmət haqqı kimi verilmişdi. İddiaçını da həmin zaman tanıyıb. İddiaçı müddəti də ötürüb. Telefonuna iddiaçının yoldaşı zəng edib, onu tanımır, görməyib, danışan zaman səsini yazıb. Pulu niyə 2023-cü ildə istədi bilmir. İddiaçının yoldaşı zəng edəndə metroda idi. Ətrafda səs-küy var idi. Telefonu söndürmək istəməyib, utanıb, nəzakət xətrinə danışıb, xanım olduğu üçün söndürməyib. Sonradan iddiaçı dedi ki, yoldaşıdır. Ona deyib ki, müzakirəni onunla etsin. Səs yazma 2023-cü ildə məhkəmədə iddia qaldırmamışdan 1 həftə əvvəl yazılıb. 15 min manat qaytaracağını deməyib, borcunu qaytaracaq deyib. İddiaçı müddəti ötürüb. İddia müddəti tətbiq edilməli idi. İddiaçının yoldaşını tanımır, 1 dəfə məhkəmədə görüb. Viktordan işə görə pul almayıb. 4 min manatı etiraf edib, onu da qaytarmağa hazırdır. Həmin pulu Viktorun qohumlarından alıb, onlara da qaytaracaq.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (2016-cı ildə edilmiş dəyişikliyədək olan versiya) Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1.Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

19. İddiaçı cavabdehdən 15000 manat pul tələb edir. Bildirir ki, məhkəmədə olan mübahisəsinin həlli üçün cavabdehə 7000 manat, daha sonra isə borc olaraq 8000 manat pul vermişdir. 17 yanvar 2024-cü il tarixli məhkəmə iclasının protokolundan müəyyən olunur ki, Sabunçu rayon məhkəməsində baxılan işə görə 3000 manat, Ali Məhkəməyə kassasiya şikayətinin verilməsi üçün 4000 manat, şirinlik olaraq 1000 manat və 8000 manat borc olaraq verildiyi, Sabunçu rayon məhkəməsində baxılan işə görə 3000 manatı onun işinin həlli üçün onun əvəzinə yoldaşının qardaşının verdiyi qeyd olunur.

20. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, o, iddiaçının həyat yoldaşıdır. İddiaçını cavabdeh ilə Sabunçu Rayon Məhkəməsində olan mülki işlə əlaqədar qardaşı Ramiz tanış etmişdir. Cavabdehə iddiaçı tərəfindən məhkəmə mübahisəsi ilə bağlı 3000 manat, daha sonra kassasiya şikayəti verilməsi üçün 4000 manat məbləğində pul ödənilmişdir. Bundan əlavə cavabdehə 4000 manat və 3000 manat olmaqla, ümumilikdə 7000 manat məbləğində borc verilmişdir. Həmçinin 1000 manat da işlərin tezləşdirilməsi üçün ödənilmişdir. Beləliklə, cavabdehə İddiaçı tərəfindən 15000 manat məbləğində pul verilmişdir.

21. Cavabdeh işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı verdiyi izahatında 4000 manat borcu iddiaçıdan 2015-ci ildə 1 illik müddətə aldığını bildirir. 3000 manat pulu isə iddiaçıdan deyil, onun anasının mülki işi ilə bağlı aldığını bildirir.

22. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirir ki, o, iddiaçını tanımır, onun anası ilə iş görüb. İddiaçının anasının məhkəmə mübahisəsi olub və o, nümayəndə kimi orada çıxış edib. Onun niyyəti yalnız iddiaçının anasına köməklik etmək olub. 7000 manat pul məsələsi olmayıb, anası dünyasını dəyişdəndən sonra paylar bölünüb. Ali Məhkəmədə iş 2016-cı ildə baxılıb. Sabunçu rayon Məhkəməsindəki işə görə 3000 manat alıb. 4000 manatı isə borc alıb, onu qəbul edir. Borcu 2016-cı ildə alıb. Ali Məhkəmədə işin həlli üçün pul almayıb, iddia tələbini qismən qəbul edir.

23. Beləliklə, cavabdeh iddiasında 4000 manat borc aldığını təsdiq edir, xidmət haqqı olaraq 3000 manatı onun anasının işi ilə əlaqədar qohumundan aldığını bildirir. Lakin səs yazısında iddiaçının arvadı ona verilmiş pulları sadalayır və 15000 manat pul verildiyini bildirir. Cavabdeh də bu halı inkar etmir. Əksinə kassasiya qaydasında işi həll etməyəcəyi təqdirdə pulu qaytaracağına əmin edir.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə 15000 manat pul verildiyini sübut edə bilir. Lakin iddiaçın özünün bildirdikləri və şahid ifadəsi ilə müəyyən olunur ki, 3000 manat Sabunçu rayon məhkəməsində işə baxılması ilə əlaqədar xidmət haqqı olaraq verilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-697/2016 saylı qətnaməsi ilə müəyyən olunur ki, cavabdeh iddiaçının nümayəndəsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Sabuncu rayon məhkəməsində baxılan işə görə verilmiş xidmət haqqının geri tələb edilməsi üçün əsas yoxdur. Belə ki, cavabdeh xidmət göstərmiş, həmin məhkəmədə işə baxıldıqdan sonra hətta iddiaçının özününün bildirdiyi kimi 1000 manat da şirinlik də verilmişdir.

26. Mülki qanunvericiliyə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

27. Digər tərəfdən iddiaçı izahatında 1000 manat şirinlik olaraq verdiyini bildirir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı çıxış edən şahid X3 1000 manat pulun işin tezləşdirilməsi üçün verildiyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, 1000 manat pulun cavabdehdən alınması ilə bağlı hissədə iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Görünür iddiaçı hədiyyə olaraq o pulu vermişdir.

28. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 4000 manat kassasiya qaydasında işə baxılması üçün, 7000 manat borc olaraq verildiyi pulu tələb etməkdə haqlıdır.

29. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

30. Buna baxmayaraq səs yazısından müəyyən olunur ki, cavabdeh mülki işi qanunvericilikdə nəzərədə tutulmuş hallara görə işin 6 il uzandığını, səbrli olmalarını, bugün sabaha alınacağını, qanuna əsasən valideynlər vəfat etdikdə mülkün övladlar arasında tam bölünməli olmasını..... işi həll etməyə çalışdığını, işi həll edə bilmədiyi təqdirdə pulu qaytaracağını bildirir.

31. Göründüyü kimi cavabdeh 4000 manat məbləğində iddiaçıdan mülki işin kassasiya qaydasında baxılmasına kömək etmək adı ilə almış, lakin kassasiya şikayətinə 2016-cı ildə baxılmasına baxmayaraq iddiaçıya əsassız vədlər verməklə işi həll edəcəyini, əks halda pulu qaytaracağını bildirmişdir.

32. Bütün bunlara baxmayaraq cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

33. Tərəflər borcun 2015-ci ildə verildiyini bildirir. Həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyə əsasən borc müqaviləsi şifahi bağlanırdı. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilərdi.

34. Cavabdehin izahatından da göründüyü kimi borcun verilməsini inkar etmir. Sadəcə 4000 manat borc verildiyini və iddia müddətinin ötürüldüyünü bildirir. Lakin həm şahid ifadəsi ilə, həm də səs yazıında ümumilikdə 15000 manat pulun verilməsini cavabdehdeh inkar etmir.

35. İddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Səs yazısından da müəyyən edildiyi kimi cavabdeh işi həll edə bilməyəcəyi təqdirdə pulu qaytaracağını bildirir. Kollegiya hesab edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir.

36. Belə ki, mülki qanunvericiliyə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

37. Məhkəmə kollegiyası hesab edir ki, 7000 manat məbləğində borc və 4000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, işə baxan məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, tərəflər arasında tapşırıq və borc müqavilələrindən irəli gələn münasibətlərin olmasına baxmayaraq məhkəmə mülki hüquq pozuntularından əmələ gələn öhdəlik hüquq münasibətlərinə tətbiq edilən normalara istinad etmişdir.

39. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh 11000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

40. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Həmin Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

42. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. İddia tələbi qismən təmin olunduğundan və mübahisələndirilə bilən hissədə iddianın qiyməti 4000 manat olduğundan, iddiaçı tərəfindən kassasiya şikayəti verilməsinə yol verilmir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar