Məhkəmə qərarları › İş №2(103)-3633/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3633/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3633/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X3” Bakı Filialının (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13 dekabr 2023-cü il tarixinə olan 4759.57 manat məbləğində kredit borcunun və ödənilmiş 67.60 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Məmmədov, iş № 2(001)-1330/2024) iddiası təmin edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi qismində Vəkil qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2). İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (74.2). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Apellyasiya şikayəti nümayəndə və Vəkil tərəfindən imzalanmışdır. O, apellyasiya şikayətini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi qismində imzalamışdır. Lakin iş materiallarında və elektron kabinetdə onun Cavabdeh2 nümayəndəsi olmasını təsdiq edən sənədlər (etibarnamə və order) müəyyən edilməmişdir. Yaranmış vəziyyətdə şikayət Cavabdeh2 münasibətdə səlahiyyətsiz şəxs tərəfindən imzalandığı üçün qeyri-mümkün hesab edilməli və mülki iş Cavabdeh2 münasibətdə şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Cavabdeh2 apellyasiya şikayətinin qaytarılması ilə bağlı prosessual hərəkətlər həyata keçirildikdən sonra digər Cavabdeh3 apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar