Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3636/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı 27.01.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.10.2016-cı il tarixdə mülki iş üzrə qiyabi qətnamə qəbul edilmiş, lakin 22.02.2017- ci il tarixdə cavabdeh "xxxx" MMC-nin direktoru X2 məhkəməyə ərizə ünvanlayaraq qiyabi qətnamənin ləvğ edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı, 26.04.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil 20.12.2021-ci il tarixində məhkəməyə elektron kabinet vasitəsilə apellyasiya şikayəti təqdim edərək, Bakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2017-ci il tarixli, 2(005)- 2711/2017 nömrəli qətnaməsının ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-2711/2017 saylı 27.01.2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı, 27.01.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli, 2(005)-2711/2017 saylı qərardadının ləğv edilməsi və mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Kərimzadə Rüstəm qətnamənin surətini 13.12.2021-ci il tarixdə almışdır. Bu barədə apellyasiya şikayətində göstərilmişdir. Lakin, qəbzə imza etdirilərkən həmin qəbzdə qətnamənin 20.12.2021-ci il tarixdə alınmasının göstərilməsi həqiqətə uyğun deyildir. Qətnamənin cavabdehə göndərilməsi barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Məhkəmə o suala cavab verməyib ki, qətnamə cavabdehə göndərilmədiyi halda, cavabdeh qətnamənin dəlillərinə necə istinad edə bilərdi? Təbii ki, bu hal onu təsdiq edir ki, həmin qətnamə 20.12.2021-ci ildə deyil, iddiaçının göstərdiyi kimi 13.12.2021-ci il tarixdə alınmışdır. Həmçinin, Bakı Ağır Cinayət Məhkəməsinin 31.03.2021-ci il tarixli, 1(101)- 85/2021 saylı hökmündən görünür ki, X2 28.05.2019-cu il tarixdən 28.05.2021-ci il tarixədək həbsdə olmuşdur. Hazırda həmin iş Kərimzadə Rüstəmin apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Yəni, bu hal onu sübut edir ki, həbsdə olan şəxs qətnaməni ala bilməzdi və həmin qətnamədən də apelyasiya şikayəti verə bilməzdi. Lakin, məhkəmə aydınlaşdırmamışdır ki, 19.12.2021-ci il tarixdən əvvəl qətnamə nə vaxt cavabdehə göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Halbuki, qətnamənin qəbulu barədə sənədə 20 dekabr yazılması işin halları ilə müəyyən edilir ki, həqiqəti əks etdirmir. Məhkəmə qərardadda qeyd edir ki, cavabdeh qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə verdiyinə görə və qətnamədən apelyasiya şikayəti verdiyinə görə o, işi uzatmaq üçün apelyasiya şikayəti vermişdir. Bu tamamilə yalnış nəticədir və həqiqəti əks etdirmir. Belə ki, qətnamədən apelyasiya şikayətindən görünür ki, apelyasiya şikayətinin forma və məzmununa tam əməl edilmişdir. Forma və məzmuna əməl edildiyindən həmin qətnamənin mübahisələndirilməsi üçün faktiki, h maddi və prosessual hüquq normalarının pozulması əsasları mövcuddur. Apelyasiya şikayəti formal deyildir. Beləliklə məhkəmənin öz qətnaməsinin qanuni hesab etməsi, verilmiş apelyasiya şikayətinin işi uzatmaq üçün verməsi əsasına görə apelyasiya şikayətinin ger qaytarılmasına yol verilmir. Məhkəmə qətnamənin alınmasını bildirsə də, nə vaxt alınmasını müəyyən etməmişdir. Çünki qətnamə tərəfə göndərilməmişdir, ona çatdırılmamışdır. Məhkəmənin apelyasiya şikayətini qaytarmasının əsası qanunvericilikdə yoxdur. Qətnamənin cavabdehə 19.12.2021-ci il tarixdən əvvəl çatması barədə sənəd varsa, işə əlavə edilməlidir. Məhkəmə faktiki olaraq icraata xitam verməklə onun məhkəməyə müraciət etmək hüququnu, yəni iş üzrə ədalətli mühakimə aparılması hüququnu pozub. Ərizəçi tam əmindir ki, bu cavabdehlərin fırıldaqlarının üstünü örtmək və haqlı iddia üzrə araşdırma aparmamaq üçün edilib. Ərizəçi bildirir ki, tərəflər eyni olsa da, predmet başqadır. Ərizəçi bu iddia ilə tələb etdiyi məbləği 2002-ci ildə tələb etməmişdir. 2002-ci ildə tələb etmədiyinə və bu barədə məhkəmə qərar qəbul etmədiyinə görə ərizəçinin bu hüquqdan məhrum edilməsi qanunsuz olmuşdur. Lakin, iş materiallarından cavabdehin apelyasiya şikayəti verməzdən əvvəl qətnamənin ona verilməsi müəyyən edilməyib. Ona görə də apelyasiya şikayəti vermək üçün müddətin axımı başlamayıb. Məhkəmənin qətnaməsinin verilməsi dedikdə bu konkret tarixi əhatə edir ki, onu müəyyənləşdirmək mümkün olsun. Hazırkı işdə qətnamənin verildiyi tarixi məhkəmənin təbirincə desək müəyyən etmək mümkün deyil. Müəyyən etmək mümkün deyilsə də bu şikayətçinin xeyrinə həll edilməlidir. Hələ onu demir ki, qətnaməni 13.12.2021-ci ildə təqdim edib oraya 20.12.2021-ci il tarixi qeyd ediblər. Göründüyü kimi, məhkəməni AR MPM-nin 360-cı maddəsini pozması mahiyyəti üzrə yanlış qərardadın qəbul edilməsinə səbəb olub. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı, 15.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan ərizədən müəyyən olunur ki, cavabdeh məhkəmənin 26.04.2017-ci il tarixli qətnaməsindən 31.10.2017-ci il tarixdən xəbərdar olmasına baxmayaraq, 20.12.2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, bununla da apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüş və müddətin bərpa edilməsi ilə bağlı vəsatət verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hazırkı iş materiallarında məhkəmənin qətnaməsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılmasına dair hər hansı sübut aşkar edilmir. Bundan başqa, iş materiallarından görünür ki, qətnamə cavabdehin ünvanına göndərilsə də, (ünvan: ünvan 1öçüb” səbəbi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində olan məlumatlardan isə görünür ki, "xxxx" MMC-nin hüquqi şəxs kimi ünvanı ünvan 2 qənaətə gəlmək olur ki, rayon məhkəməsi cavabdeh tərəfindən verilmiş 31.10.2017-ci il tarixli məktuba istinad edərək onun məhkəmə qətnaməsindən həmin vaxt məlumatının olmasına, bu səbəbdəb də qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin həmin vaxtdan hesablanmalı olmasına dair gəldiyi nəticəni mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Kollegiya qeyd edir ki, belə bir ərizənin iş materiallarında mövcud olması qətnamənin həmin tarixdə rəsmi qaydada verilməsi anlamına gəlmir. Bu səbəbdən kollegiya hesab edir ki, qətnamə cavabdeh Elit SRC Group MMC-nin direktoru X1 onu əldə etdiyi 21 dekabr 2021-ci il tarixdə rəsmi qaydada verilmiş hesab edilməlidir. Qeyd edilən tarixdən hesabladıqda isə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilərkən prosessual müddətin ötürülmədiyi müəyyən edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi səhvən sözügedən qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla cavabdeh "xxxx" MMC-ni məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarındakı məhkəmə müdafiəsi hüququnun təbiəti ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “...məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir...Konstitusiyanın 60cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə də, məhkəmə aktı qanunsuz hesab edilə bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə həmçinin müəyyən edilmişdir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərə, xüsusən şikayətlərin qəbul edilənliyinə münasibətdə müəyyən məhdudiyyətlərə məruz qala bilər. Dövlətlər bununla bağlı müəyyən mülahizə sərbəstliyinə malik olsalar da, həmin hüquqlarından elə tərzdə istifadə etməlidirlər ki, bu, məhkəməyə müraciət etmək hüququnu onun mahiyyətinə toxunacaq dərəcədə məhdudlaşdırmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kollegiya qeyd edir ki, heç bir halda məhkəməyə müraciət hüququ məhdudlaşdırılmamalıdır. Bu hüquq şəxsin prosessual hüququnun lazımi ünsürü qüvvəsinə malik olaraq şəxsin hüquq və azadlıqlarının keyfiyyətli dərəcədə müdafisinə xidmət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı 27.01.2022-ci il tarixli qərardadı ləğv edilməli, həmin Məhkəmənin 26.04.2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı 27.01.2022-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2017-ci il tarixli, 2(005)- 2711/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3636/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3636/2022
28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver