Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3636/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovnaya qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı - ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. QSC “Bank Standard” KB (bundan sonra – bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 02 sentyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/122401/14 saylı müqavilə (bundan sonra – kredit müqaviləsi) bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2070 manat məbləğində kredit verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 sentyabr 2014-cü il tarixli 1xx/xx/122401/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 798,54 manat məbləğində əsas borc, 602,26 manat məbləğində faiz borcu, 972,41 manat məbləğində cərimə borcu, 241,78 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2614,99 manat məbləğində pulun, 46,15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-510/23 saylı iş üzrə 15 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia tələbi iddia müddəti tətbiq olunmaqla rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti kimi 24 ay müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 376, 377.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Hazırkı iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
13. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;
14. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir;
15. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1).
20. Bununla yanaşı, Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
22. Mülki Məcəllənin 380.1-ci maddəsinin məzmununa görə iddia müddətinin axımının kəsilməsi üçün məhz borclunun özü tərəfindən borcu etiraf edən hərəkət edilməlidir. İş materiallarından görünür ki, iddiaçı bundan əvvəl cavabdehə qarşə hazırkı tələblə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, 2(007)-3110/2019 saylı iş xx.xx.2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin tarixdən cavabdeh borcu etiraf edən hərəkət etməmiş, müqavilə üzrə ödəniş etməmişdir.
23. İşdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 2018-ci ilin sentyabr ayında bitmiş, iddiaçının həmin müqavilə üzrə borcun tələb edilməsi barədə ilk iddia ərizəsi xx.xx.2019-cu il tarixdə baxılmamış saxlanılmış, iddiaçı bundan 3 il 1 ay sonra sonra xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
24. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur.
25. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.