Məhkəmə qərarları › İş №2(103)-3638/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3638/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3638/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2024 saylı 23 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçının istinad etdiyi və cavabdehin inkar etmədiyi işin faktiki hallarından göründüyü kimi, tərəflər şifahi formada borc müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar.

2. İddiaçının müraciəti əsasında cavabdehin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırma aparılmış və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 135.000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə Binə Ticarət Mərkəzində tanış olmuşdur. Cavabdehlə tez-tez görüşməli olmuş, aralarında yaxın münasibətlər yaranmışdır. 2014-cü ildə ona bildirmişdir ki, pula ehtiyacı var, ona borc versin, işləsin, əldə etdiyi gəlirdən ona da verəcək, o isə razılaşmışdır. O, cavabdehi yaxından tanıdığından və bazarda mal satdığından inanıb, Binə bazarında ona 75.000 ABŞ dolları vermişdir. Həmin pulu qaytarmadan cavabdeh yenidən ona bildirmişdir ki, qış malları qalıb sata bilmir, o, əlavə 60.000 ABŞ dolları versin. Cavabdeh qardaşı Erkin və bacanağı Ruslan ilə onun yanına gəlmiş, qardaşı Erkin və bacanağı Ruslan zamin oldular ki, o, cavabdehə borc versin qaytarmasa, onlar ödəyəcəklər. O da onlara inanaraq həmin pulu ona vermişdir. 2014-cü ildən ondan pullarını qaytarmasını istədikdə pullarını ödəyəcəyini deyərək onu inandırmışdır. Dəfələrlə evinə getmiş, ata-anası ilə görüşmüş, doğulduğu Gədəbəy rayonuna gedib babası ilə görüşmüş, sonra başa düşmüşdür ki, cavabdehin onun pulunu qaytarmaq fikri yoxdur. O, aldadıldığını görüb 2020-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşıkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, ona qarşı dələduzluq edildiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşıkkil Cinayətkarlıqla Mübarizə İdarəsi xx.xx.2020-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, iş araşdırılmış və müəyyən olunmuşdur ki, mübahisə mülki xarakterlidir və məhkəmədə baxılmalıdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2024 saylı 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 125.000 ABŞ dolları məbləğində pul vəsaitinin və 502,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olması, yəni iddiaçının etibarından sui-istifadə edərək ondan 150.000 ABŞ dolları məbləğində pul vəsaitini alaraq, bunun müqabilində əldə edəcəyi gəlirdən ona da fayda verəcəyini vəd etməsi, lakin verilən vədə əməl etməməsi, eləcə də iddiaçıdan aldığı pul vəsaitinin tam qaytarılmaması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubu ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən pul vəsaitinin ona qaytarılmaması nəticəsində vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 1096.1 və 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2024 saylı 23 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır. Qeyd edilməlidir ki, o, Binə Ticarət Mərkəzində ayaqqabı satışı ilə məşğul olmuş və İddiaçı həmin mühitdən, təxminən 2012-ci ildən tanıyır. İddiaçı sələmçilik fəaliyyəti ilə məşğul olurmuş – daha dəqiq, Çin Xalq Respublikasından mal gətirən şəxslərə faiz qarşılığında pul vəsaiti verirmiş. Bu fəaliyyət mahiyyət etibarilə qeyri-rəsmi kredit vermə kimi qiymətləndirilə bilər və belə fəaliyyətin müvafiq hüquqi əsaslar olmadan həyata keçirilməsi yolverilməzdir. O, da ticarət fəaliyyətini genişləndirmək məqsədilə Çin Xalq Respublikasından mal gətirilməsi ilə bağlı müəyyən məbləğdə vəsaitə ehtiyac duymuş və bu məqsədlə qeyri-rəsmi pul dövriyyəsi– yəni, faiz qarşılığında pul vermə fəaliyyəti ilə məşğul olan İddiaçı müraciət etmişdir. Tərəfindən sonuncu dəfə 2013-cü ilin əvvəllərində iddiaçıdan müəyyən məbləğdə pul vəsaiti alınmış və həmin vəsait üzrə əsas borc tam şəkildə ödənilmişdir. İddiaçı halhazırda faiz borcu tələb edir. Çünki iddiaçı verdiyi borcu hər zaman etdiyi kimi faizi ilə birlikdə gündəlik alverdən götürmüşdür. İddiaçının faiz tələbinin hüquqi cəhətdən əsaslı hesab oluna bilməsi üçün tərəflər arasında bu şərtləri əhatə edən, yazılı şəkildə rəsmiləşdirilmiş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiqlənmiş etibarlı bir müqavilənin mövcudluğu zəruri idi. Hazırda isə iddiaçı tərəfindən təqdim edilmiş heç bir yazılı müqavilə, borcun konkret məbləği və şərtlərini təsdiq edən sənəd mövcud deyil. Həmçinin iddiaçının 75.000 ABŞ dolları və 60.000 ABŞ dolları olmaqla iki dəfə borc verdiyini iddia etməsi də tamamilə əsassızdır. Çünki iddiaçı faizə verdiyi əvvəlki pulunun tam məbləğini almadan ikinci dəfə eyni şəxsə borc vermirdi və belə bir hal da mümkünsüz idi. Göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülmüş iddia yalnız subyektiv və formal xarakterli mülahizələrə əsaslanır, hər hansı hüquqi qüvvəyə malik, obyektiv və inandırıcı sübutlarla təsdiq edilməmişdir. İddia ərizəsində göstərilən arqumentlər yalnız iddiaçının şəxsi iddialarından ibarət olub, hüquqi baxımdan qanunsuz və əsassızdır. İddiaçının əzirəsi 13 mart 2024-cü il tarixində icraata qəbul edilmişdir. Ancaq bu müddət ərzində ona yazılı və sms bildiriş göndərilməmişdir. Məhkəmə tərəfindən təyin olunan ilkin hazırlıq iclası 16 aprel 2024-cü il tarixində keçirilmişdir və bu iclasda yalnız iddiaçı iştirak etmişdir. Sonrakı məhkəmə hazırlıq iclası 14 may 2024-cü il tarixində keçirilmiş və bu dəfə də tərəflərdən heç biri iştirak etməmişdir. İclasın nəticəsində növbəti iclas 11 iyun 2024-cü il tarixinə təxirə salınmışdır. Ancaq, həmin tarixdə də tərəflərin hər ikisi iclasa gəlməmiş və məhkəmə hazırlıq iclası növbəti dəfə 2 iyul 2024-cü il tarixinə təyin olunmuşdur. Bu iclasda da tərəflər iştirak etməmiş və nəticədə məhkəmə baxışı 23 iyul 2024-cü il tarixinə təyin edilmişdir. Nəhayət, 23 iyul 2024-cü il tarixində keçirilən ilk məhkəmə baxış iclasında hakim müvafiq dəlilləri və tərəflərin iştirakını nəzərə almadan işi yekunlaşdırmış və araşdırmadan dərhal qətnamə çıxarmışdır. Bu vəziyyətdə, onun məhkəmə iclaslarında iştirak etməməsi və izahatını təqdim etməməsi, hüquqi baxımdan ciddi bir problem yaradır. Çünki, mülki prosessual qanunvericiliyə əsasən, tərəflər məhkəmə iclaslarına müntəzəm olaraq dəvət edilməli və bildirişlər düzgün qaydada göndərilməlidir. Onun işə cəlb edilməsi və onun izahatlarının alınması, məhkəmənin ədalətli qərar verməsi üçün vacibdir. Bildirişlərin ona göndərilməməsi və onun məhkəmə prosesində iştirakının təmin edilməməsi, bu cür bir qətnamənin qəbulunu qanun və ədalət prinsipinə zidd hesab etmək üçün əsaslar yaradır. Müəyyən edilmiş prosessual qaydalara əməl edilməməsi, məhkəmənin təsdiq etdiyi qərarın düzgünlüyünü və obyektivliyini sual altına alır. Nəticə etibarilə, belə bir vəziyyətdə çıxarılan qətnamənin hüquqi baxımdan qanuni və əsaslı olması mümkünsüzdür, çünki cavabdehin müdafiə hüququ pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bidirmişdir ki, iddiaçı bazarda pul dövriyyəsi ilə məşğuldur. Cavabdeh isə bazarda ayaqqabı satışı ilə məşğuldur. İddiaçı Çin Xalq Respublikasından mal gətirən şəxslərə faiz qarşılığında pul vəsaiti verirmiş. İş materiallarında pulun verilməsinə dair sübutlarda yoxdur. İddia tələbi ilə hakimin gəldiyi nəticə arasında ziddiyyət vardır. Hüquqlarını müdafiə etdiyi şəxs pulu 2013-cü il tarixində götürmüşdür. Cavabdehin bildirdiyinə görə qarşı tərəfə yalnız faiz borcları qalmışdır. İddia 11 il sonra qaldırılmışdır. Bundan başqa iddia müddəti keçirilmişdir, bununla bağlı ərizə elektron kabinet vasitəsilə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə proseslərindən məlumatlı olmamışdır. Onlar Binə bazarında işləyirdilər. Cavabdehin ona 65 min borcu var idi. Cavabdehin malı var idi, qış malı idi və yay malını vurmalı idi. Cavabdeh gəldi ona dedi ki, Pekinə gedir və 60 min pul lazımdır. O dedi ki, necə pul versin. Belə olan halda cavabdeh yeznəsini və qardaşını gətirdi. Onların yanında pulu verdi. Daha sonra öyrəndi ki, cavabdehin yeznələrinə borcu var imiş və ondan pulu alaraq vermişdir. Sonuncu olaraq 65 min vermişdir. İddiaçı tərəf pulu nağd şəkildə vətəndaşa vermir. Bunların nümayəndəsi Çində oturur. Burada pul dövriyyəsi işi ilə məşğul olurdular. Razılaşma belə idi ki, gündəlik dövriyyədən pul götürürdü. Cavabdeh 100 Dolları 82 manatdan qaytarırdı. Cavabdeh bildirir ki, o, götürdüyü pullları geri qaytarmışdır. Hissə-hissə çox pul götürmüşdür və geri qaytarmışdır. Cavabdeh bildirir ki, ona birbaşa pul verilməmişdir. Düzdür, burada faizə pul danışılmamışdır, lakin gündəlik qazanc götürürdü. Cavabdeh bildirir ki, onun iddiaçıya ən çoxu 5-10 min manat borcu qalmışdır. Əsas borcu tam şəkildə ödəmişdir. Onlar hər 100 dolları 82 manatdan geri qaytarmışlar. Lakin qaytarılma ilə bağlı qəbz yoxdur. Nə qarşı tərəf, nə də cavabdeh pulu qəbzlə verməmişdir. Axırıncı verilən pul qaytarılmasa idi, yenidən pul verilməzdi. Sonuncu dəfə pulun nə qədər olması barədə məlumatı yoxdur. Lakin sonuncu götürülən pul geri qaytarılmışdır. Ən yaxşı halda faizlə bağlı borcu qalmışdır. 2013-2014-cü ildən sonra iddiaçı və cavabdeh arasında heç bir pul münasibəti olmamışdır. İddiaçı tərəf borc verməmişdir, bununla əlaqədar heç bir sübut yoxdur. Bundan başqa iddia müddəti də ötürülmüşdür, bununla bağlı yazılı ərizəni məhkəməyə təqdim etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, polisə müraciət etmiş, orada araşdırmanın hansı formada olması barədə məlumatı yoxdur. Oradan ona məktub verildi ki, bu əməl cinayət tərkibli olmadığına görə məhkəməyə müraciət edilməlidir. Polis İdarəsində araşdırma aparılan zaman cavabdehin izahatının alınıb-alınmaması barədə məlumatı yoxdur. O, birbaşa DİN-ə ərizə yazmışdı. Onlar da onu çağıraraq izahatını aldılar, lakin qarşı tərəflə üz-üzə gəlməmişdilər. Müraciət etdikdən sonra nəticəsi barədə maraqlandı, o, təhqiqatın qərarını istədi, lakin onlar məktub verildi. Qarşı tərəf 3 nəfər idi, yeznə, qayın və qardaş idilər. O, müraciətində bu formada yazmışdı. Bütün sübutları Polisə İdarəsinə təqdim olunmuşdur O, cavabdehə 150 min pul vermişdir. İddia tələbi 135 min olaraq qeyd edilmişdir. 15 min geri qaytarıldığı üçün 135 min manat qeyd etmişdir. 150 min dolları 2 dəfəyə vermişdir. Sonuncu 65 min dolları isə 3 nəfər gəlmişdir, onların qarşısında vermişdir. O, cavabdehn dayısının və s. yanına getmişdir ki, pulu geri qaytarılsın. Cavabdeh birinci dəfə müraciət edən zaman təqribi 25 min manat vermişdi. İddia tələbindəki pul təqribi bir il müddətində hissə-hissə verilmişdir. O, cavabdehin dayısının yanına getdi, dayısı bildirdi ki, 600 min də ona borcu vardır. Cavabdeh pulu qazancla birgə versə 200 min dollar borcu olardı. Cavabdehlə hər ikisi bazarda işləyirdilər. Cavabdeh alverlə məşğul idi. Onların arasında inam yaranmışdı. Cavabdehin atası bildirmişdi ki, torpağı sataraq ödəyəcəkdir. Bu söhbətlər elə həmin vaxtdan uzanaraq gəlmişdir. Daha sonra araya pandemiya düşdü, rəhmətə gedəni oldu, ona görə müddət bu formada uzandı. Borc 2014-cü ildə verilmişdir. Ondan sonra cavabdehin atası, dayısı və s. ilə görüşmüşdür. Bu formada müddət uzanmışdır. Daha sonra polis idarəsinə müraciət etmişdir. Təqribi 2019-2020-ci il tarixlərində müraciət etmişdir. Daha sonra orada da müddət 1 il keçdi. O, polis idarəsində izahat vermiş, lakin qarşı tərəfdən məlumatı yoxdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17.372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 18.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 19.375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 20.377.1 və 377.3-cü maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 21.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 24.406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 25.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 26.427-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 27.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.739.1-ci və 740-cı maddəlrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redksiyada)

29.Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

30. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 33.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 34.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 36.İddia ərizəsindən müəyyən edildiyi kimi iddiaçı 2013-2014-cü il tarixlərində cavabdehə ümumilikdə 135.000 ABŞ dolları məbləğində pul verdiyini, tələbinə əsasən tərəfindən pul qaytarılmadığı üçün cavabdehin qohumlarına müraciət etdiyini, özünə və qohumlarına etdiyi müraciətlərin nəticəsiz olduğu üçün daha sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edərək sonuncunun aldığı pulu geri qaytarmasının təmin edilməsini tələb etdiyini qeyd etmişdir. DİN tərəfindən aparılmış araşdırmanın yekununda yaranmış mübahisənin mülki xarakterli olmaqla həllinin polis orqanlarına aid olmadığından iddiaçıya mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmiş, o, verilmiş tövsiyəyə uyğun davranaraq məhkəmə müdafiəsi hüququndan istifadə etmək qərarına gəlmişdir.

37. İşə baxan birinci instansiya məhkəməsi, iddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olmasını, yəni iddiaçının etibarından sui-istifadə edərək ondan 150.000 ABŞ dolları məbləğində pul vəsaitini alaraq, bunun müqabilində əldə edəcəyi gəlirdən ona da fayda verəcəyini vəd etdiyini, lakin verilən vədə əməl etmədiyini, eləcə də iddiaçıdan aldığı pul vəsaitinin tam qaytarılmadığını müəyyən etmişdir. Məhkəmə işin bu hallarının iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubu ilə tam şəkildə öz təsdiqini tapdığını qeyd etmişdir. Yekunda məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən pul vəsaitinin ona qaytarılmaması nəticəsində vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır. 38.Həmin qətnamədən narazı qalmış cavabdeh verdiyi apellyasiya şikayətində, habelə işə apellyasiya baxışı zamanı verdiyi izahatda İddiaçı sələmçilik fəaliyyəti ilə məşğul olan şəxs olaraq 2012-ci ildən tanıdığını, ticarət fəaliyyətini genişləndirmək məqsədilə Çin Xalq Respublikasından mal gətirilməsi ilə bağlı müəyyən məbləğdə vəsaitə ehtiyacı olduğunu, bu məqsədlə faiz qarşılığında pul vermə fəaliyyəti ilə məşğul olan iddiaçıya müraciət etdiyini, sonuncu dəfə 2014-cü ilin əvvəllərində iddiaçıdan müəyyən məbləğdə pul aldığını qeyd edərək, götürdüyü vəsait üzrə əsas borcu tam şəkildə ödədiyini, iddiaçının hazırda istədiyi məbləğin faiz borcu olduğunu bildirmişdir. Cavabdeh həmçinin məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş emişdir. 39.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 40.İddiaçının istinad etdiyi və cavabdehin inkar etmədiyi işin faktiki hallarından göründüyü kimi, tərəflər şifahi formada borc müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Nəzərə alınmalıdır ki, mübahisəli münasibətlər yarandığı zaman, yəni 31 may 2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 740-cı maddəsinin mətninə redaktə edilənədək mülki qanunvericilikdə, borc müqaviləsinin yazılı formada bağlanması tələbi mövcud deyildi. Müqavilənin bağlanmasının yazılı formadan istifadə etməklə təsdiq edilməsi yalnız tərəflərin razılaşması ilə mümkün olduğu müəyyən edilirdi. 41.Bu zaman qüvvədə olan normaların məzmunundan müəyyən edilir ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (MM-in 389.1, 406.1 və 740-ci maddələri). 42.Məhkəmə kollegiyası qeyd edir ki, borc müqaviləsi üzrə pulun verildiyini sübut etmək vəzifəsi borc verənin, alınmış pulun geri qaytarılmış olduğunu sübut etmək isə borc alanın üzərinə düşür. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. 43.Hazırda da məhkəmə kollegiyası cavabdehin, iddiaçı ilə borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını, iddiaçıdan müəyyən məbləğdə pul aldığını etiraf etməklə təsdiq etdiyini; pulun qaytarılmasına dair yaranmış öhdəliyin tam və ya qismən icra edildiyini sübut etmək yükünü daşımasına baxmayaraq pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, cavabdeh yaranmış öhdəliyi kreditorun-iddiaçının xeyrinə lazımınca icra etdiyi halı sübuta yetirə bilməmişdir. 44.Belə olan halda, iddiaçı cavabdehdən aralarında bağlanmış borc müqaviləsinə əsasən verilmiş pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir və o, həmin müqaviləyə istinad edərək verdiyi pulu cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur (135.000-25.000 ABŞ dolları). Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini ona qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPMnin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 45.Buna baxmayaraq cavabdeh apellyasiya şikayətində, birinci instansiya məhkəməsində iştirak etmədiyini bildirərək məhkəmədən iddia müddətinin tətbiq etməsini xahiş emişdir. 46.İlk öncə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2024 saylı 23 iyul 2024-cü il tarixli qətnaməsi poçt xidməti tərəfindən “qapı bağlıdır” qeydi yazılmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə tərəfindən cavabdehi məlumatlandırmaq məqsədilə elektron məhkəmə sistemində aşkar olunmuş telefon nömrələrinə elektron qaydada SMS-lərin göndərilməsi təmin edilsə də, çatdırılması (“çatdırılmadı” statusundadır), ümumiyyətlə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçdiyi, “elektron kabinet”inin mövcudluğu da müəyyən edilməmişdir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 147-ci maddəsinin məzmununa uyğun şəkildə hər hansı prosessual hərəkət etməmişdir. Bununla da məhkəmə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozmaqla qətnamə qəbul etmişdir. 47.Bundan başqa iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2024 saylı 23 iyul 2024-cü il tarixli qətnaməsi cavabdehə rəsmi qaydada yalnız 15 aprel 2025-ci il tarixində verilmişdir. Cavabdehin vəkili Vəkil 2(011)-3695/2024 saylı mülki işin materialları ilə tanış olmasına 21 aprel 2025-ci il tarixində şərait yaradılmışdır. 48.“K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. 49.Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən cavabdehin barəsində aparılan məhkəmə icraatından məlumatsız olduğu, bununla da iddia müddəti barədə ərizənin tətbiqinin mümkün olması qənaətinə gəlmişdir. 50.Ərizə ilə əlaqədar da qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1). 51.Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu öhdəliyini ağlabatan müddətdə icra etmədikdə, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirildikdə borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Məcəllənin 377.3-cü maddəsinə müvafiq olaraq icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 52.Həmçinin Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, istinad olunan maddədə göstərilən halların yalnız iddia müddəti bitmədən baş verməsi iddia müddətinin axımını kəsə bilər. Əgər bu hallar baş verənədək artıq iddia müddəti keçibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz. 53.Beləliklə, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur. 54.İddiaçının bildirdiklərindən də belə aydın olur ki, o, 2014-cü ildən başlayaraq verdiyi pulun qaytarılmasını cavabdehdən tələb etmiş, tələbi təmin edilmədiyi üçün cavabdehin qohumlarına (ata-anası ilə görüşmüş, doğulduğu Gədəbəy rayonuna gedib babası ilə danışmış), daha sonra (2020-ci il tarixində) DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək cavabdehin aldığı pulu geri qaytarmadığını bildirmiş, İdarənin xx.xx.2020-ci il tarixli məktubu ilə mübahisəyə mülki xarakterli olduğundan məhkəmədə baxılmalı olduğunu müəyyən etmişdir. 55.Beləliklə də, iddiaçının 2014-cü ildən etibarən cavabdehdən üzərinə düşən ohdəliyi icra etməsini tələb etdiyinə baxmayaraq sonuncunun hərəkətsizliyi, yəni pulu qaytarmaması, iddiaçının hüququnun pozulmasını bildiyi an kimi qiymətləndirilməlidir. Həmçinin hazırkı tələb müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edilməlidir. Belə olan halda da iddiaçının məhkəməyə 22 may 2025-ci il tarixində müraciət etməsi tərəfindən göstərilən müddətin ötürüldüyünü təsdiq edir. Cavabdeh də apellyasiya şikayətində, birinci instansiya məhkəməsində iştirak etmədiyini bildirərək məhkəmədən iddia müddətinin tətbiq etməsini xahiş emişdir. 56.Belə ki, kreditorun öz hüququndan vaxtında istifadə etməməsi, yəni onun hərəkətsizliyi, qanunvericiliyin tələblərinə əsasən borcluya iddia müddətinin tətbiqi imkanından istifadə etmək, yəni müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququ yaradır. Qeyd edilməlidir ki, iş materiallarından iddia müddətinin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu da müəyyən edilmir. 57.Beləliklə tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn tələb üzrə iddia müddəti keçdiyindən və cavabdeh tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia rədd edilməlidir. 58.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. 59.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 60.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2024 saylı 23 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar