Məhkəmə qərarları › İş №2(103)-3645/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3645/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3645/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : “aliment artırılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1622/2023 saylı işi üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı "aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün təyin olunmuş alimentin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1622/2023 saylı işi üzrə 03 aprel 2023cü il tarixli qətnaməsi ilə İddia ərizəsinin qismən təmin edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1 -ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Belə ki, əvvəllər qəbul edilmiş məhkəmə qətnamələrindən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən iddiaçı işləyir, cavabdehin hal-hazırda işləyib işləməməsi barədə məlumat yoxdur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçı barədə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsində müəllim vəzifəsində işləməklə 476 manat əmək haqqı alır. Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdeh barədə əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh adına qeydiyyata alınmış əmək müqaviləsi mövcud deyildir. İddiaçı isə məhkəməyə cavabdehin işləməsini, gəlir əldə etməsini təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də iddiaçının vəzifəsi olması, iddiaçının işləməsini, cavabdehin isə hazırda işləyib işləməsi barədə məlumatın olmamasını, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1551/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1997/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, 320 sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək,Yasamal rayon Məhkəməsinin 2 (004)-1622/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1; Mülki Prosessual Məcəllənin 9.1, 9.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə onun alimentin artırılması üçün maddi imkanının olub-olmamasını müəyyən etməmiş və vəziyyətini ağırlaşdıran qətnamə qəbul etmişdir. Məhkəmə iştirakımı məhkəmədə təmin etməmiş, çəkişmə prinsipinin şərtlərini pozmuşdur,alimentin məbləğinin artırılmasına əsas ola bilən hallar araşdırılıb müəyyən edilməmişdir.İddiaçının tələbi qismən təmin edilsə də, təmin edilmiş hissə əsaslandırıla bilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə proses iştirakçılarının izahatları:

5. İddiaçı övladının Norveçdə təhsil alacağı üçün xərclərinin artacağını, bu səbəbdən alimentin artırılması ilə bağlı iddia qaldırdığını, mediasiya prosesi zamanı cavabdehin alimentin artırılmasına etiraz etmədiyini bildirdiyini və parket ustası kimi çalışdığını, məhkəmədə vəkillə təmin olunduğunu, artırılmış aliment miqdarını ödəyə biləcəyini düşündüyünü qeyd etmişdir.

6. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosessual Məcəllənin 14, 76, 77, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin tam və ya qismən ləğv edilməsi onun dəyişdirilməsi üçün əsas deyildir.Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən, 9 dekabr 2022 tarixli “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Övladın bu təminatının bir valideyn tərəfindən həyata keçirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Əlbəttə, uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış etsə də, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Ona görə 2023-cü il üçün yaşayış minimumu həddi və ayrı yaşayan uşaqlar üzərində cavabdehin vəzifələri alimentin 200 manat məbləğində müəyyən edilməsində qanuni əsaslar yaratmışdır. Diqqətə çatdırılmalıdır ki, dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı iddia üzrə sübuta yetirilməyən dəlillərə əsasən aliment məbləğinin dəyişdirilməsi və ya əlavə xərclərdə iştirakçılıq üzrə digər əsaslı tələblərin yenidən baxılmasını istisna etmir

9. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir.

10. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1622/2023 saylı işi üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar