Məhkəmə qərarları › İş №2(103)-3647/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3647/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3647/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(004)-1186/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01363 nömrəli kredit müqaviləsinin, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01363/ZM nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi, xx.xx.2020ci il tarixli, 01363 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 aid 4899,99 manat məbləğində əsas borcun, 124,14 manat hesablanmış adi faizlər üzrə borcun, 12,71 manat məbləğində vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 5036,84 manat məbləğində pul vəsaitinin, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 5066,84 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01363 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 18 ay müddətinə qaytarmaq şərti ilə illik faiz dərəcəsi 24 faiz olmaqla 5000 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2020-ci il tarixli, 01363/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri xx.xx.2020-ci il tarixədək həyata keçirmiş və həmin tarixdən bugünədək müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın qismən təmin edilməsi, tutulacaq məbləğin müqavilə üzrə nəzərdə tutulmuş qrafikə uyğun olaraq hissə-hissə və yalnız ondan tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, 01363 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC-dən 18 ay müddətinə qaytarmaq şərti ilə illik faiz dərəcəsi 24 faiz olmaqla 5000 manat məbləğində kredit almışdır. Digər Cavabdeh2 isə onunla bağlanmış kredit müqaviləsi üzrə sadəcə zamin dayanmışdır. Bir müddət kreditini ödəsə də, lakin sonra maddi çətinliklər səbəbindən ödənişlərində axsamalar yaranmışdır. Hazırda tələb edilən məbləği birdəfəyə ödəməyə imkanı çatmır. Müəyyən məbləğdə hissə-hissə ödənişlər edə bilər. Bundan başqa borc onun borcudur və digər cavabdeh sadəcə zamin dayanmışdır. Hazırda borcun ondan da tutulması ədalətsizdir. Hazırda maddi vəziyyəti çox aşağıdır. Tələb edilən məbləği bir dəfəyə ödəyə bilmir. Odur ki, məhkəmədən dediklərinin nəzərə alınmasını xahiş edərək qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə onun hazırki maddi vəziyyətini və iddiaya dair etirazını nəzərə almamışdır. O, iddianı etiraf edərkən də pulu bir dəfəyə ödəməli olduğunu anlamamışdır. Hesab etmişdir ki, məhkəmədə bankla olduğu kimi qrafik müəyyən edərək borcunun hissə-hissə ödənilməsinə şərait yaradacaqdır. Məhkəmə onun hazırki maddi vəziyyətini və ümumiyyətlə hazırda pandemiya şəraitinin, işsizliyin olmasını, karantin elan olunmasını nəzərə almamış, yalnız bir tərəfin mənafeyini üstün tutaraq işin hallarını nəzərə almamışdır. Əgər dövlət tərəfindən karantin elan olunursa və hətta çölə çıxmaq belə qadağandırsa o, pulu hardan tapıb versin. Məhkəmənin nəzərinə çatdırır ki, onun hazırda həmin pulu bir dəfəyə ödəmək imkanı yoxdur. Odur ki, tutulmuş məbləğin hissəhissə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, əgər pulu bir dəfəyə ödəməsə, bu onun barəsində bir sira məsuliyyətlər, eləcə də, cinayət məsuliyyəti belə yarada bilər. Belə olan halda məhkəmədən hazırki vəziyyətini, eləcədə ödəniş qabiliyyətini nəzərə alaraq məbləğin ayda qrafiq üzrə hissə-hissə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya baxışı zamanı Cavabdeh1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01363 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə illik 24 % olmaqla 5000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə bank arasında xx.xx.2020-ci il tarixli, 01363/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 İddiaçı BOKT MMC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01363 saylı kredit müqaviləsindən, Cavabdeh2 isə İddiaçı BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 01363/ZM saylı zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında birgə məsuliyyət daşıyırlar, ona görə də onların bank qarşısında müştərək qaydada əsas borc üzrə 4899,99 manat, faiz borcu üzrə 124,14 manat, cərimə borcu üzrə 12,71 manat, ümumilikdə 5036,84 manat məbləğində borcları yaranmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, borcalan Cavabdeh1 iddiaçı qarşısında kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam lazımınca yerinə yetirməmişdir. Bank qarşısında öhdəliklərini yerinə yetirmədiyi üçün borcalanla birgə zamin Cavabdeh2 məsuliyyət daşıyır. Borcun tutulmasına dair məhkəmə qətnaməsini mübahisələndirməsinə baxmayaraq, cavabdeh tərəf borcun ödənilməsini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Belə olan mübahisələndirilən qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1186/2021 saylı mülki iş üzrə xx xxxxxx 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar