Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3648/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-255/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə “iPhone 15 Pro 256 GB Blue” markalı smartfonla bağlıdır. 2.Smartfonu iddiaçı nisyə alqı-satqı müqaviləsi əsasında satıcıdan öz adına əldə edərək cavabdehə verib, cavabdeh isə smartfonun qiymətini satıcıya hissə-hissə ödəyəcəyini iddiaçıya vəd edib. Belə ki, satıcı "xxxx" MMC ilə alıcının - İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03457128 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, smartfon iddiaçının adına əldə edilib (iş v. 23). Cavabdehin yazdığı xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, o, etiraf edib ki, 22 mart tarixində iddiaçının adına ilkin qiyməti 3.500 manat olan “iPhone 15 Pro” markalı smartfonu oğlu üçün götürüb, pulu özü ödəyəcək (iş v. 6). Cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, iddiaçı smartfonu “Kontakt Home” mağazasından öz adına alaraq ona verib (iş v.48). 3.Smartfona görə alıcı tərəfindən satıcıya ödənilməli olan məbləğ 4.209,84 manat təşkil edib. Belə ki, alqı-satqı müqaviləsinin “əlavə”sinə görə, smartfona görə 4.209,84 manat ödənilməlidir, həmin məbləğ hər ay 233,88 manat olmaqla 18 ay ərzində hissə-hissə ödənilməlidir: 233,88 manat x 18 ay = 4.209,84 manat (iş v. 5). 4.Satıcıya olan qalıq borc xx.xx.2025-ci il tarixinə 3.273,34 manat təşkil edir. Belə ki, satıcı "xxxx" MMC-nin Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 134/25 nömrəli məktubda qeyd olunub ki, xx.xx.2024-cü il tarixli 03457128 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçının əldə etdiyi məhsul və xidmətin ümumi dəyəri 4.209,84 manat, bugünə (məktubun tərtib olunduğu xx.xx.2025-ci il tarixinə) olan qalıq borc 3.273,34 manat təşkil edir. Ödənişlərin ümumi gecikmə müddəti 178 gün olduğu üçün 1.383,46 manat dəbbə məbləği hesablanıb. Ödənişlər onlayn qaydada həyata keçirildiyi üçün ödənişləri edən şəxsi müəyyən etmək mümkün olmamışdır (iş v. 52). 5.Smartfon cavabdehin sahibliyindədir. Belə ki, smartfonun iddiaçı tərəfindən cavabdehə verildiyi sübut olunur, bunu cavabdehin özü də etiraf edir. Lakin smartfonun geri – iddiaçıya qaytarıldığı sübut olunmur. Cavabdeh birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarında smartfonu iddiaçıya qaytardığını bildirsə də, bu barədə sübut təqdim etməyib. İddiaçı smartfonun ona qaytarılmadığını bildirir. Odur ki, smartfonun iddiaçıya qaytarıldığını sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh bunu sübut edə bilmədiyinə görə, hesab olunur ki, smartfon cavabdehin sahibliyindədir. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, “iPhone 15 Pro 256 GB Blue” markalı smartfonun ilkin qiyməti olan 3.500 manat, kreditdən sonra qiyməti olan 4.554 manat cavabdehdən alınaraq iddiaçıya verilsin 7.İddiaçı həmin tələbi onunla əsaslandırıb ki, cavabdehin xahişi əsasında “Kontakt Home” mağzasından cavabdehin oğlu üçün öz adına smartfon əldə edərək cavabdehə vermiş, cavabdeh smartfonun qiyməti kimi müəyyən olunmuş aylıq ödənişləri hər ay ödəyəcəyini vəd etmiş, cavabdeh ödənişlərin bir hissəsini ödəmiş, sonra isə pulunun olmadığını bildirmişdir. Cavabdehin barəsində əvvəlcə polisə müraciət etmiş, polisdə məsələni aydınlaşdırdıqdan sonra ona bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. 8.Məhkəmə iclas protokolundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatda bildirib ki, iddiaçını əvvəldən tanıyır, oğlu üçün smartfon almaq istəyirdi, iddiaçı ona bildirmişdir ki, “Kontakt Home” mağzasısına gəlsin, onun üçün smartfon alacaq. İddiaçı smartfonu öz adına almış, lakin smartfonun aylıq ödənişlərini hər ay özü ödəmişdir. Lakin sonra iddiaçı problem yaratdığı üçün ödənişlərin qalan hissəsini ödəməmişdir. Smartfonu artıq iddiaçıya qaytarıb, smartfon onda deyil (iş v. 48). 9.Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. 10.Qətnamə onunla əsaslandırılıb ki, cavabdeh alqı-satqı müqaviləsinin tərəfi deyil, müqavilə üzrə satıcı "xxxx" MMC, alıcı isə iddiaçıdır, habelə cavabdeh məhkəmə iclasında smartfonun onda olmadığını bildirib. Apellyasiya instansiyası məhkəməsində icraat 11.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 12.Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdehin xahişi əsasında smartfonu öz adına alaraq cavabdehə verib, cavabdeh smartfonun qiymətini mağazaya ödəyəcəyini vəd etsə də qiyməti qismən ödəyib, smartfonu isə ona qaytarmayıb. 13.Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, smartfonu iddiaçıya qaytarıb, iddiaçının qarşısında hər hansı pul öhdəliyi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 14.Cavabdeh iddiaçının hesabına əsassız varlanıb. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh smartfonu geri qaytarmaqdan və ya onun qiymətini tam ödəməkdən imtina etdiyinə görə, mövcud vəziyyət belə qiymətləndirilir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına smartfon əldə edib. 15.Cavabdehdən iddiaçının xeyrinə 3.273,34 manat tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Smartfonun iddiaçıya qaytarılması mümkün deyil. Belə ki, cavabdeh smartfonun onda olmadığını bildirərək qaytarmaqdan imtina edir. Satıcı "xxxx" MMC smartfona görə ödənilməli olan 4.209,84 manatdan xx.xx.2025-ci il tarixinə olan qalıq borcun 3.273,34 manat təşkil etdiyini bildirib. Bu hesabla smartfona görə satıcıya 936,5 manat ödənilib (4.209,84 manat – 3.273,34 manat = 936,5 manat). Həmin məbləği satıcıya cavabdeh ödəyib. Belə ki, iddiaçı bildirir ki, özü xx.xx.2025-ci ilədək satıcıya hər hansı ödəniş etməyib, smartfonun qiymətinin bir hissəsini satıcıya cavabdeh ödəyib. Cavabdeh də birinci instansiya məhkəməsində verdiyi izahatında smartfonun qiymətinin bir hissəsini satıcıya ödədiyini bildirib (iş v. 48). Qalan 3.273,34 manatı satıcı "xxxx" MMC-yə ödəmək alıcının (iddiaçının) vəzifəsidir. Ona görə də iddiaçı 3.273,34 manat pulu əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən tələb etmək hüququna malikdir. 16.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia qismən təmin olunmalıdır. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-255/2025 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh 3.273,34 (üç min iki yüz yetmiş üç tam yüzdə otuz dörd) manat alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 manat, cəmi 99 (doxsan doqquz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3648/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3648/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver