Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-365/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi,iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-2377/21) iddia qismən təmin olunaraq Cavabdeh 6710,61 (altı min yeddi yüz on manat altmış bir qəpik) əsas borc və ödənilmiş dövlət rüsumunun 12,73 (on iki manat yetmiş üç qəpik) hissəsinin tutularaq ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış 04.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcafana 12 ay müddətinə illik 24 % dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Ölkə başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə cavabdehə bildiriş (qoşmaya əlavə olunur) göndərilmişdir. Lakin, cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu it 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın 6.16-cı bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”. Cavabdeh qeyd olunan tarixə qədər müraciət etmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində qətnamənin faiz borcu, cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilməsini və Bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məlum Fərmanın icrası qaydaları ilə bağlı, restrukturizasiya olunacaq kreditlər üzrə cavabdeh müştəri banka yaxınlaşaraq yeni müqavilə bağlamalıdır. Belə ki, yeni müqavilə məhkəmədə işin dayandırılması üçün əsasdır. Əks halda müştəri tərəfindən tərəfindən heç bir müraciət olunmaması və ya Bankın müraciətinə məhəl qoyulmaması, həmin müştərinin borc barədə razılığa gəlmək istəməməsi, öz qeyri-qanuni mövqeyində dayanaraq Bank qarşısındakı borc öhdəliyini nəzərə almaması kifayət edir ki, həmin öhdəliyin məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etsinlər. Beləliklə, müştəri yeni müqavilənin bağlanması üçün razılıq vermədiyi təqdirdə Bankın əvvəlki müqavilə üzrə tələb etməyə haqqı olan faiz və cəriməni məhkəmənin təmin etməməsi qanuna ziddir. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Qeyd edilən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu qismində məhz 1159,71 manat cavabdehdən tutulmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdirdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Cavabdehdən tutulmalı olan dəbbə pulunu silərkən məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini, yaranmış borc pul məbləğinin ona aid təmin olunmuş hissədə tamamilə rədd olunmasını, qarşılıqlı iddia üzrə cavabdeh X2 6710 manat 61 qəpıik məbləğində borcun və ödənilmiş dövlət rüsumu 12,73 manat pulun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə borcverən "xxxx" ASC arasında bağlanmış 04.12.2014-cü il tarixli, 91 saylı Plastik kart kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 12 müddətinə, illik 24% ödəmək şərtilə 10000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışında Cavabdeh 21 may 2019-cu il tarixə əsas borcnun 6710,61 manat, faiz borcunun 2436,55 manat, cərimə borcunun 5578,75 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun 1159,71 manat olmaqla, cəmi borcun 15885,62 manat təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi maliyyə arayışında göstərilən borc məbləğinin – 6710,61 manat, faiz borcu 2436,55 manat, cərimə borcu 5578,75 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 1159,71 manat olmaqla, cəmi borcu 15885,62 manat olmaqla cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmişdir. Məhkəmə mövqeyini əsaslandırarkən hazırkı məhkəmə baxışının predmeti olan kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsini xüsusi olaraq qeyd etmişdir. Məhkəmə bunu nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1, 470.1, 472 və 739-cu maddələrini rəhbər tutaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmaqla Cavabdeh cəmi 6710,61 manat əsas borc tutulmalı və ləğv prosessində olan İddiaçı ASCyə ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında hər iki tərəf mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsi barədə mövqeyi əsaslı olmuşdur və bu baxımdan məhkəmə iddia tələbini yalnız əsas borca münasibətdə təmin etməkdə haqlı olmuşdur. İddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirsə də, məhkəməyə həmin hissənin əsassızlığına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası araşdırma nəticəsində cavabdehin apellyasiya şikayətinin qismən əsaslı olduğu qənaətinə gəlir. Belə ki, apellyasiya baxışı zamanı işin tam, hərtərəfli, obyektiv araşdırılmasını və apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7844 saylı, 18 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, iddia ərizəsində borcun hesablandığı 21.05.2019-cu il tarixə Cavabdeh "xxxx" ASC-yə olan əsas borcunun məbləği cəmi 6317,79 manat təşkil edir. Məhkəmə kollegiyası ekspert rəyinin mötəbərliyini qəbul edərək hesab edir ki, qətnamə cavabdehdən tutulan əsas borcun məbləği hissəsində dəyişdirilməlidir. Ekspert rəyi tam və aydın olduğundan məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin təkrar ekspertiza təyin olunması barədə vəsatətini təmin etmədi. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-cü il tarixli qətnaməsi “Cavabdeh 6710,61 (altı min yeddi yüz on manat altmış bir qəpik) əsas borcun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh tutulacaq əsas borcun məbləği 6317,79 manat müəyyən edilsin. Qətnamə mübahisələndirillən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-365/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-365/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver