Məhkəmə qərarları › İş №2(103)-3650/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3650/2021

15.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3650/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-283/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 6A saylı fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və vurulmuş maddi zərərə görə 2800 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı 20600 manat pulun, 800 manat evə çəkdiyi xərcin əvəzi və 5000 manat maddi ziyanın cəmi 26400 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-283/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 155.1, 155.2, 155.3-cü maddələrinə istinadən) qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işin birinci baxış iclası xx.xx.2021-ci il tarixdə, saat 10:10-da keçirilmiş, işə mahiyyəti üzrə baxılmağa başlanılmışdır. Cavabdeh İddiaçı qarşı «pul və dəymiş ziyan» tələbinə dair qarşılıqlı iddiaərizəsi birinci məhkəmə baxışı keçirildikdən, işə mahiyyəti üzrə baxılmağa başlanıldıqdan sonra məhkəməyə daxil olmuş, hazırki iş üzrə qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlanana kimi verilməmiş, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmiş, bu barədə sübutlar Cavabdeh tərəfindən təqdim edilməmişdir. Cavabdeh şikayət vermiş (Azərbaycan Respublikasının Konstitusiyasının 26, 71; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1,155.2, 269.2, 269.3-cü maddələrinə istinadən) və qeyd edilmişdir ki, məhkəmə hazırlıq iclasında evin hüquqi vəziyyəti barədə sənəd təqdim edilmədiyindən tərəfindən etiraz və vəsatət təqdim edilmiş və bildirilmişdir ki, evin hüquqi vəziyyəti barədə rəsmi sənəd təqdim edilsin. Birinci məhkəmə baxışı zamanı iddiaçı tərəfim nümayəndəsi və vəkili növbəti məhkəmə iclasında evin hüququ vəziyyəti barədə sənədlər təqdim edəcəyinə söz verərək işin xx xxxxxx 2021-ci il tarixə təxirə salınmasını xahiş etmişdir. Bununla əlaqədar birinci məhkəmə proseindən sonra hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə gedişatı zamanı qarşılıqlı iddia verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi vəkil X5 apellyasiya şikayətini müdfaiə edərək, mübahisə predmetinin özbaşına tikili olduğunu, həmin tikiliyə iddaiçının hüquqi statusunun olmadığını, qarşılıqlı iddianın həmin işlə bağlı olduğundan ayrıca iddia kimi verilmədiyini, həmin ərazinin onlara məxsus olduğunu, qərardadın ləğv edilib qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 13, 14, 155, 156, 190, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş (səbəbləri düzgün əsaslandırılmamış) qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə qarşılıqlı iddia ərizəsinin işin baxılmasına başlanana kimi verilmədiyini və onun verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmədiyini qeyd etsə də iş materiallarından məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmağa başlanması deyil, tərəflərə əlavə sübutların təqdim edilməsi üçün vaxt verilməsi əsası ilə təxirə salınması müəyyən edilir, habelə tələblərin əsaslandırılmasından məhz qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldiyi, qarşılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsinin aradan qaldırdığı, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisələrə daha tez və düzgün baxmaqla nəticələndiyi müəyyən edilir. Diqqətə çatdırılmalıdır ki, qanunvericilik cavabdehin ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddianın işin baxılmasına başlanana kimi və ya (verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğu halda) məhkəmə baxışı zamanı verilməlisini ehtiva edir. Qarşılıqlı iddianın ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş olduğu, onun təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırdığı, onunla ilk iddia arasında qarşılıqlı əlaqə olduğu və onlara birlikdə baxılmasının mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnə bildiyi hallarda qarşılıqlı iddianın qəbul edilmə mümkünlüyü qanunvericiliklə şərtlərindirilmişdir. Deməli qanunvericilik qarşılıqlı iddianın verilməsi və qəbul edilməsi mümkünlüyünü müvafiq olaraq prosessual zaman və şərtlərlə səciyyələndirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual mərhələyə münasibətdə işin baxılması zamanı qarşılıqlı iddianın verilməsini və onun verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olmadığı qənaətinə gəlmiş olsada bunu hansı meyyarlarla qiymətləndirdiyini açıqlamamışdır. Halbu ki, qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması cavabdehə məxsus çoxşahəli subyektiv amillərlə səciyyələnən haldır. Bundan əlavə, məhkəmə qarşılıqlı iddianın qəbul edilmə şərtlərinə ümumiyyətlə qiymət verməmişdir. Halbu ki, qanunvericilik zamana görə qarşılıqlı iddianın verilməsini müəyyən etdiyi halda, şərtlərə münasibətdə məhz onun qəbul edilməsini müəyyən edir. Yəni, qarşılıqlı iddianın verilməsi və qəbul edilməsi qanunvericiliklə (normativ struktur cəhətdən) fərqləndirilmiş olsada bu normaların ayrılmaz dispozitiv bağlılığı onların əlaqəli təfsir edilməsini tələb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh vəkili və nümayəndəsi X5 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-283/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. Qarşılıqlı iddia ərizəsinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar