Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3652/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2020-ci il tarixli qətnamədən iddiaçı İdarənin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı İdarənin vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı İdarə, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 3.647.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İdarənin Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X1 arası qaz kəmərinin 8 kilometr uzunluğunda olan hissəsinin oğurlanması faktına görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 17.07.2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaqın nəticəsi ilə müəyyən edilmişdir ki, qeyd edilən oğurluq hadisəsi Cavabdeh tərəfindən törədilmişdir. Cavabdeh 04.10.2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli hökmü ilə Cavabdeh həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş İdarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulmuşdur. İdarə bildirir ki, həmin boru kəmərinin bərpa edilərək işlək vəziyyətdə gətirilməsi üçün 3.647.000 manat məbləğində pul vəsaiti tələb olunur. Odur ki, həmin məbləğ və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı İdarə həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı İdarənin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və apellyasiya baxışı iclasında onun iştirakının təmin edilməsi barədə vəsatət vermədiyindən Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli hökmündən (İş №1(002)-85/2018) görünür ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh (hazırki iş üzrə iddiaçı) İdarənin Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 kmlik Səngəçal Baş Qurğuları X1 arası qaz kəmərinin 8 kilometr uzunluğunda olan hissəsinin oğurlamasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş İdarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan dəymişdir. İddiaçı İdarə tərəfindən hazırki mülki işə baxmış Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, boru kəmərinin bərpa edilməsi üçün 3.647.000 manat məbləğində pul vəsaiti tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən yuxarıda qeyd edilən cinayət işi üzrə verilmiş 21.06.2019-cu il tarixli ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “Magistral qaz kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyri-mümkündür. İşə baxmış Rayon Məhkəməsi həmin ekspert rəyinə əsaslanaraq hesab etmişdir ki, müvafiq qaz kəməri cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır və hazırki iddia tələbini bu boruların dəyəri deyil, bərpası təşkil edir. Buna görə də yararsız boruların bərpasının cavabdehdən tutulması əsaslı deyil. Göstərilənlərə əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır. Məhkəmə iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı bildirir ki, yuxarıda qeyd edilən və qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Cavabdeh CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və müvafiq cəzaya məhkum edilmişdir. Cavabdeh törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş İdarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4. maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı İdarə, iddia ərizəsində cinayət əməli nəticəsində vurulmuş maddi ziyanı tələb edir. İddiaçının tələb etdiyi 3.647.000 manat, boru kəmərinin talanması nəticəsində iddiaçı İdarənin həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş maddi ziyanı, həm də boru kəmərinin bərpası üçün çəkiləcək xərcləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddiaçının ödənilməsini tələb etdiyi maddi zərərin məbləği ilə bağlı Məhkəmə qeyd edir ki, boru kəmərinin talanması nəticəsində iddiaçı İdarənin həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş ziyan tutulmalıdır. Yuxarıda qeyd olunan hökmdən görünür ki, talanmış boru xəttinin uzunluğu 7.700 metr təşkil edir və 1 metri 5.50 manatdır. Cavabdeh boru xəttini talamaqla iddiaçı İdarəyə 42.350 manat məbləğində ziyan vurmuşdur. Mülki Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, 42.350 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı İdarəyə ödənilməlidir, digər hissədə isə iddia tələbi rədd edilməlidir. Çünki iddia tam həcmdə təmin edilərsə onda, Mülki Məcəllənin 1115-ci maddəsinin tələbi pozulmuş olar. Beləliklə də MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə apellyasiyanın nəticələrini nəzərə alaraq və MPM-nin 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2020-ci il tarixli ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 42.350 (qırx iki min üç yüz əlli) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 15 (on beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3652/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3652/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver