Məhkəmə qərarları › İş №2(103)-3652/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3652/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3652/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(003)-26/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, AK-2/15809 saylı təbbi qazın satılması barədə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh məxsus ünvanda iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlar tətib edilmişdir. Abonent saldosuna əsasən, İddiaçı tərəfindən təbbi qazdan istifadəyə görə abonent Cavabdeh 3536,40 manat borc yazılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3584,03 manat dəymiş ziyanın, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 3614,03 manat pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 3584,03 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(003)-26/2022 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 13-cü maddəsinin 9-cu bəndinə «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 4.8 maddəsinə və 4.9-cu bəndinə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3 və 217.4-ci maddələrinə istinadla əsaslandırılmışdır. İddiaçı İB-nın nümayəndəsi apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(003)-26/2022 nümrəli qətnaməsini ləğv edərək yeni qərar verilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir. İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı qüsurlu sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə olaraq bildirilir ki, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Təqdim olunmuş sübutlara yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli, 80 №-li Qərarı:

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.1.3. Qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki iş materiallarında olan xx.xx.2017-ci il tarixli, AK-2/15809 saylı müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh təbii qazın satılması barədə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı alıcının qazla təmin etməyi, satıcı isə istifadə edilmiş təbii qaza görə ödəniş etməyi öz üzərinə öhdəlik götürmüşlər. İddia tələblərinə əsasən cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış, həmin aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi, cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 3584,03 manat ziyan vurması iddia edilmişdir. İş üzrə cavabdeh iddiaya yalnız qəbul edilmiş qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsində mövqeyini bildirməklə həmin qətnamə ilə razılaşmadığını göstərmiş, digər hallarda isə iddia ilə bağlı mövqeyi olmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə isə iddiaçı tərəfin istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz Apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq rədd etdiyini üz qərarında bildirməmişdir. Göstərilən hallar ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza və yerində müayinə təyin edilməsi zəruri və qaçınılmazdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsaslı olub-olmamasını və iş üzrə obyektiv nəticəyə gəlmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə məhkəmə trasoloji ekspertizası təyin edilmiş və apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 3/1186 saylı ekspertizə rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik iz vardır. Azərbayjan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası ekspertiza rəyinə işin digər sübutları ilə birgə qiymət verərək hesab edir ki, həqiqətən də cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması kimi hərəkətə yol verilmişdir. İddia ərizəsindən görünür ki, qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıdakı borcla bağlı göstərilən aktlar tərtib edilmişdir: xx.xx.2017-ci il tarixli akt üzrə dəyəri 388,80 manat, xx.xx.2018-ci il tarixli akt üzrə dəyəri 896,80 manat, xx.xx.2019-cu il tarixli akt üzrə dəyəri 486 manat, xx.xx.2019-cu il tarixli akt üzrə dəyəri 426,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə dəyəri 295,20 manat, xx.xx.2020-ci il tarixli akt üzrə dəyəri 295,20 manat, xx.xx.2020-ci il tarixli akt üzrə dəyəri 295,20 manat, xx.xx.2020-ci il tarixli akt üzrə dəyəri 295,20 manat, xx.xx.2020-ci il tarixli akt üzrə dəyəri 157,40 manat. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması kimi hərəkətlərə yol verməsi iddiaçı tərəfə 2017-ci ildən məlum olduğu halda həmin ildən etibarən akt əsasında yaranmış borcun tələb edilməsi ilə bağlı iddia qaldırmayaraq bu kimi hərəkətlərin qarşısını almaq üçün Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enercidaşıyıcıları və təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli 356 №li Fərmanın 9-cu bəndinə əsasən müvafiq tədbirlər görülməmişdir. Həmin bənddə göstərilmişdir ki, İddiaçı GB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerji daşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Həmçinin, məhkəmə kollegiyası iddiaçı tərəfin cavabdeh tərəfindən sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması kimi hərəkətlərə yol verməsinin 2017-ci ildən məlum olduğu halda müvafiq tədbirlər görməməklə, sonrakı illər ərzində eyni hal üzrə aktlar tərtib etmələri ilə kifayətlənmələrini, yalnız 2020-ci ildə borcla bağlı iddia qaldırmalarını, eləcə də, hazırki iş üzrə göstərilən ekspert rəyinin olmasına baxmayaraq hesab edir ki, sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmanın hansı tarixə aid olmasını müəyyən etmək mümkün olmadığı üçün iddiaçının təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3584,03 manat dəymiş ziyanın ödənilməsinə dair iddia tam əsaslı sayıla bilməz. Lakin cavabdehin sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması kimi hərəkətlərə yol verməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hər bir halda cavabdeh bu hərəkəti ilə bağlı iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısıdır və məhkəmə kollegiyası qənaətinə görə sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmanın hansı tarixə aid olmasını müəyyən etmək mümkün olmadığına görə borc məbləği təqribi hesablamalar əsasında həyata keçirilməlidir. Belə ki, işin materiallarından görünür ki, sayğac quraşdırılandan sonra cavabdeh tərəfindən hər ay üçün ən çoxu 30,80 manat, ən az 3 manat təbii qaz sərf etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehə məxsus mənzilə qaz sayğacı quraşdırlan tarixədək yəni 2017-ci il dekabr ayından 2020-ci ilin aprel ayları üçün orta hesabla hər aya görə 15 (iyirmi beş manat) sərfiyyat hesablanmalıdır. 28 (iyirmi səkkiz) ay 15 manat aylıq sərfiyat yəni 28x15= 420 (dörd yüz iyirmi) manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Abonentin saldosundan görünür ki, cavabdeh həmin mənzildən təbii qazdan mütəmadi olaraq isitifadə edir. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı saymır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalı, Cavabdeh 420 (dörd yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı İB-ya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən keçirilmiş eskpertiza təqdiqatinin dəyəri olaraq 64 manat məbləğində pul məbləğindən 32 manat iddiaçıdan və 32 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi:

İddiaçı İB-nin apellyasiya şikayəti qismən edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(003)-26/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 420 (dörd yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı İB-ya ödənilsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Eskpertiza təqdiqatinin dəyəri olaraq 64 manat məbləğində pul məbləğindən 32 manat iddiaçıdan, 32 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar