Məhkəmə qərarları › İş №2(103)-3656/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3656/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3656/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı2 vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1la Cavabdeh1 arasında bağlanmış və 11 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməllərinə obyektiv hüquqi qiymət verilməsi üçün barələrində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı2, həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və məhkəməyə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə daxil olmadığından geri qaytarılmışdır. İddiaçı2, həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia ərizəsindən və ona əlavə etdiyi sənədlərdən görünür ki, iddiaçının qeydiyyat yeri Tərtər rayonu, Bəyimsərov kəndidir. Məhkəmə qərardadında göstərib ki, qətnamə iddiaçıya həmin ünvan üzrə göndərilmişdir. Lakin məhkəmə, qətnamənin iddiaçıya rəsmi qaydada verilməsi barədə qeyd etməmiş və bunu sübut edən hər hansı sənədə istinad etməmişdir. Halbuki, qətnamənin poçt vasitəsilə göndərilməsi iddiaçıya rəsmi qaydada verilməsi və ya çatdırılması kimi qiymətləndirilə bilməz. İddiaçı qətnaməni xx.xx.2021-ci il tarixdə məhkəmə gələrək əldə etmiş və 1 aylıq müddət daxilində ondan apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili şikayətin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, “xxxx” MMC iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubunda qətnamənin iddiaçıya qeydiyyatda olduğu ünvan üzrə çatdırılmadığını təsdiq etmişdir. Odur ki, göstərilənlərə əsasən şikayətin təmin olunmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi isə, şikayətə etiraz edərək, rədd olunmasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından görünür ki, Nərimanov Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci tarixli məktubla tərəflərə, o cümlədən İddiaçı2 onun qeydiyyatda olduğu ünvan üzrə (Tərtər rayonu, Bəyimsərov kəndi) rəsmi qaydada göndərilmişdir. SS69053688AZ nömrəli poçt xəbərnaməsinə əsasən (səh.124), göndəriş xx.xx.2020-ci il tarixdə ünvanda digər qaydada (qohumluq dərəcəsi üzrə) imza edilməklə rəsmi qaydada alınmışdır. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci, 135.3-cü və 135.5-ci maddələrinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya vurğulayır ki, İddiaçı2 poçt ünvanında dəyişiklik olmamış və birinci instansiya məhkəməsi tərəfindən qətnamə onun iddia ərizəsində göstərdiyi və qeydiyyatda olduğu həmin ünvana göndərilmişdir. Hətta, iddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində, hətta onun geri qaytarılması barədə məhkəmə qərarddadından verdiyi şikayətində də poçt ünvanı kimi eyni ünvanı qeyd etmişdir. Digər tərəfdən, işdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri də (həm birinci, həm də apelyasiya instansiya məhkməsində icraat zamanı) iddiaçıya yuxarıda qeyd olunan ünvan üzrə göndərilmiş və poçt xəbərnamələrinə (səh.59) əsasən, ünvanda eyni qaydada, yəni qohumluq dərəcəsi üzrə, eyni imza ilə qəbul edilmiş və iddiaçı iş üzrə keçirilmiş məhkəmə iclasları barədə məlumatlı olmaqla, iclaslarda iştirak etmişdir. Göründüyü kimi, İddiaçı2 məhkəmə qətnaməsini rəsmi qaydada xx.xx.2020-ci il tarixdə almışdır. Buna baxmayaraq, iddiaçı həmin qətnamədən apelyasiya şikayətini qanunla nəzərədə tutulmuş 1 aylıq prosessual müddəti ötürməklə xx.xx.2021-ci il tarixdə rayon məhkəməsinə təqdim etmiş və prosessual müddətin bərpası barədə ərizə verməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin şikayəti geri qaytarması əsaslıdır. Kollegiya, iddiaçı tərəfin istinad etdiyi “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunanları isə mötəbər hesab etmir, ona görə ki, sözügedən məktubda SS69053688AZ saylı şifarişli poçt göndərişinin çatdırılması zamanı alıcının qeydiyyat ünvanında yaşamadığı müəyyən edilməklə göndərişin sənədləşdirilərək, geri - göndəriciyə qaytarıldığı bildirilsə də, işdən görünür ki, məhkəməyə göndərişin özü deyil, onun ünvanda imza edilməklə qəbul edilməsi barədə həmin saylı poçt xəbərnaməsi daxil olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar