Məhkəmə qərarları › İş №2(103)-3657/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3657/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3657/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun və faizlərin silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə hesablanmış qalıq borcun və faizlərin Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ xx.xx.2019-cu il tarixli Fərmanına əsasən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 28 faiz dərəcəsi və borcu hissə-hissə, aybaay ödəmək şərti ilə 48 ay müddətinə Bankdan 3.170 ABŞ dolları məbləğdə pulu borc almışdır. İddiaçı, aldığı kredit üzrə aylıq ödənişləri əvvəllər vaxtında Banka versə də, ölkədə ikinci dəfə baş vermiş devalvasiya nəticəsinə iddiaçının maddi vəziyyəti pisləşmiş və ödənişlərdə problemlər yaranmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ xx.xx.2019-cu il tarixli Fərmanına görə, problemli kreditlərin həlli məsələsini məhz banklar həll etməlidir. Həmin fərmanda bu barədə vətəndaşların banka müraciət məsələsi heç bir yerdə göstərilməmiş, əksinə banklara həmin məsələnin həll edilməsi tövsiyə edilmişdir. İddiaçı da həmin Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, həmin vaxt ona cəmi olaraq 4.788,29 manat məbləğdə borc hesablanmış, həmin borcdan 2.173 manat məbləği azaldılmış və onun cəmi ödəyəcəyi məbləğ 2.615,29 manat olmalı idi. Lakin cavabdeh Bank bunu etməmiş və əksinə, iddiaçıya qarşı “kredit borcunun ödənilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə qət edilmişdir ki, iddiaçıdan cəmi 3.718,56 ABŞ dolları məbləğdə pul alınaraq Banka ödənilsin. Hüquqi savadı olmadığı üçün iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Göstərilənlərə əsasən iddiaçı, cavabdeh Banka qarşı irəli sürdüyü iddianın təmin edilməsini xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh Banka qarşı irəli sürdüyü şərtlər daxilində borcun silinməsi əsassızdır. Çünki Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (İş № 2(051)- 392/2021) qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, onların arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.889,33 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 829,24 dolları, cəmi isə 3.718,56 ABŞ dolları məbləğdə borcun (qətnamə icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı tutularaq Banka ödənilməsi və sair məsələlər qət edilmişdir. Lakin həmin iş üzrə cavabdeh olan hazırki iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmiş və hazırda preyudisial xarakter daşıyır. c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşür. Lakin Bank həmin Fərmanın şərtlərinə uyğun olaraq iddiaçı ilə restrukturuzasiya müqaviləsi bağlamamış, işə baxmış Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmiş, əsaslı olan iddianı əsassız olaraq təmin etməmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

7. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

8. İş üzrə cavabdeh Bank işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verilməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, işdə olan sənələrdən görünür ki, iddiaçı, onunla cavabdeh Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 28 faiz dərəcəsi və borcu hissə-hissə, aybaay ödəmək şərti ilə 48 ay müddətinə Bankdan 3.170 ABŞ dolları məbləğdə kredit almışdır.

11. Kredit borcunun ödənilməsində problemlər yaranmışdır.

12. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (İş № 2(051)-392/2021) qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə cavabdeh olan Bankın hazırki iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, onların arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.889,33 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 829,24 dolları, cəmi isə 3.718,56 ABŞ dolları məbləğdə borcun (qətnamə icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) hazırki iş üzrə iddiaçıdan tutularaq hazırki iş üzrə cavabdeh olan Banka ödənilməsi və sair məsələlər qət edilmişdir.

13. İşdə xx.xx.2019-cu il tarixli “Problemli kreditlərin kompensasiyasına” dair çıxarışdan görünür ki, “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Fərmana əsasən cavabdeh Bank tərəfindən iddiaçıya 2.173 manat məbləğində kompensasiya hesablanmışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 9/188 nömrəli rəydən görünür ki, “Hesabdan çıxarışa” əsasən müəyyən edilir ki, Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” şərtlərinə və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının cavabdeh Banka xx.xx.2016-cı il tarixinə olan əsas borcu 2.889,33 ABŞ dolları, faiz borcu isə 829,24 ABŞ dolları təşkil edir. “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Fərman ilə güzəşt edilmiş məbləğ xx.xx.2019-cu il tarixdə 1.278,24 ABŞ dolları təşkil edir. Həmin məbləğ əsas borc məbləğindən çıxdıqda müəyyən edilir ki, iddiaçının cavabdeh Banka olan əsas borcu 1.611,11 ABŞ dolları, faiz borcu isə 829,24 ABŞ dolları təşkil edir.

15. Hazırda iddiaçı tələb edir ki, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə hesablanmış qalıq borcu və faizlər yuxarıda qeyd edilən Fərmana əsasən silinsin.

16. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ xx.xx.2019-cu il tarixli Fərmanına görə aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi... 5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3.borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: ...8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);... 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;... 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

17. İddiaçı qeyd edilən Fərmanın cavabdeh Bank tərəfindən ona tətbiq olunmadığını bildirsə də, yuxarıda artıq qeyd edildiyi kimi (bax: hazırki qətnamənin 13 və 14-cü bəndlərinə) cavabdeh Bank iddiaçıya münasibətdə həmin Fərmanın tələblərini tətbiq etmişdir.

18. Bununla yanaşı Məhkəmə qeyd edir ki, MPM-nin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə tərəflər üçün məcburi (preyudisial) xarakter daşıyan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (İş № 2(051)-392/2021) qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsi qeyd edilən həmin mülki işə baxarkən yuxarıda qeyd edilən Fərmanın tələb və şərtlərini nəzərə almamışdır. Amma işin hallarından görünür ki, həmin iş üzrə cavabdeh olan hazırki iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir.

19. Odur ki, qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır. f) apellyasiya baxışının nəticəsi

20. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışınski (imza) Azad İmanov

“Əsli ilə düzdür”

Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar