Məhkəmə qərarları › İş №2(103)-3657/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3657/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3657/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “kredit və ona hesablanmış faiz”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-720/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 21,5% olmaqla, 9570 manat məbləğində kredit vermişdir.

2. xx.xx.2023-cü il tarixli maliyyə arayışında həmin kredit müqaviləsi üzrə Cavabdeh Banka 8491.29 manat əsas, 480.71 manat faiz olmaqla, cəmi 8972 manat məbləğində borcunun olduğu qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin və ona hesablanmış faiz borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8491.29 manat məbləğində əsas, 480.71 manat məbləğində faiz, cəmi 8972 manat məbləğində pul vəsaiti və 111 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-720/2024 saylı, 04 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbinin təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8491.29 manat məbləğində əsas, 480.71 manat məbləğində faiz olmaqla, cəmi 8972 manatın və 111 manat dövlət rüsumuna görə xərcin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Cavabdeh müqavilə üzrə ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, əslində o, öhdəliklərini yerinə yetirməkdən qətiyyən yayınmır və ödənişlərini etməkdə davamlılıq göstərib, lakin iddiaçı təşkilat onun ödədiyi pulları əsas borcdan çıxmaq əvəzinə yalnız faiz borcundan çıxmışdır. Bunu etməklə hazırki mübahisəli vəziyyətin yaranmasında bank günahkardır və onu öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. O, ödəniş etməkdən boyun qaçırmır və bu hal işin mübahisəsiz halıdır. Ödənişləri fazi borcuna hesablanır və elə görüntü yaradılır ki, guya o, ödəniş etmir. Lakin məhkəmə hansı sənədlərə istinad etdiyini qətnamədə göstərməmişdir. O, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatdadır, faktiki olaraq ünvan 2 ünvana məhkəmə tərəfindən bildiriş göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

19. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti və ödənilmə qaydası dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən mülkiyyəti kimi də cavabdehdən tələb etmək hüququ vardır.

20. İddiaçı bank cavabdehə qarşı məhkəməyə müraciət etməzdən əvvəl bildiriş göndərərək borcun ödənilməsini və müqavilənin birtərəfli qaydada ləğv edildiyini bildirmişdir (bax.i.v.17). Müqavilə üzrə öhdəlik hissə-hissə, yəni hər ay icra olunmalı olsa da, cavabdeh bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh rəsmi qeydə alındığı ünvan üzrə bildirişlə, eləcə də SMS bildirişlə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin üzrlü səbəblər olmadan məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh şikayətində göstərir ki, qeydə alındığı ünvanda deyil, faktiki olaraq başqa ünvanda yaşayır. Ancaq bu barədə banka da məlumat verməmiş və işdə olan sənədlərdən də bu hal müəyyən edilmir. Demək cavabdeh qeydə alındığı ünvanda yaşamırsa, yaşadığı ünvanda qeydə alınmalıdır, yaşadığı ünvanda qeydə alınmırsa, qeydə alındığı ünvanda yaşamalıdır. Bu cür vəziyyətdə, məhkəmə onun iştirakını başqa hansı formada təmin etməli idi yaxud edə bilərdi ki, cavabdeh bundan “razı” qalsın. Əlbəttə ki, bu ritorik sual kimi səslənsə də, bu cür dəlillərdən istifadə edilərkən veriləcək uyğun suala da cavab verməyə hazır olmaq tələb olunurdu.

21. Cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı, iddiaçı da məhkəməyə müraciət etməzdi. Cavabdeh apellyasiya şikayətində “... lakin iddiaçı təşkilat onun ödədiyi pulları əsas borcdan çıxmaq əvəzinə yalnız faiz borcundan çıxmışdır...” göstərsə də, bu dəlilləri, yəni ümumilikdə hansı məbləğdə ödəniş etdiyini təsdiq edəcək sübutu apellyasiya baxışındada təqdim etmədi və ona görə həmin dəlili də əsaslı ola bilməz. Çünki cavabdeh bunu yalnız fikir olaraq bildirir. Əks halda bəyan etdiklərinə və öhdəliklərini lazımı qaydada icra etməsinə dair məhkəməyə hansısa sübut təqdim edərdi, ancaq etməyib. Ona görə də göstərdiyi bu dəlillər də əsaslı sayıla bilməz.

22. Apellyasiya baxışı zamanı cavabdehin izahatından da bəlli oldu ki, əslində apellyasiya şikayəti verməkdə məqsədi qətnamənin hissə-hissə icrasına nail olmaqdır. Başqa sözlə, qət olunan məbləği birdəfəyə ödəməyə imkanı olmadığından borcun hissəhissə ödənilməsini istəyir. Məhkəmənin cavabdehin maddi vəziyyətini və kredit ödəmək imkanını araşdırmaq kimi bir öhdəliyi də yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, hansı ki, bu şərait yaradılsa da, cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak etməmiş, apellyasiya baxışındada şikayətdə göstərdiklərinə dair hansısa sübut təqdim etmədi.

23. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilələrdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-720/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-720/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar