Məhkəmə qərarları › İş №2(103)-3658/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3658/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3658/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1569/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Cavabdeh məxsus 2006-cı il buraxılış ili olan “Toyota Prado” markalı **-XC-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “Toyota Prado” markalı **-XR-*** dövlət nişanlı, 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “X5” markalı **-TR-*** dövlət nişanlı, 2008-ci il buraxılış olan “Mercedes E350” markalı **-RM- *** dövlət nişanlı, 1998-ci il buraxılış olan “Mercedes C200” markalı **-HB-*** dövlət nömrə nişanlı, 2007-ci il buraxılış olan “Lexus GX470” markalı avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərin dəyərinin pul formasında 2/3 hissədə onun və 1/3 hissədə cavabdehin payının bölünməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikah Bakı Nikah Evi tərəfindən qeydə alınmış və buna dair xx xxxxxx 2008-cü il tarixdə nikah haqqında şəhadətnamə verilmişdir. Onların birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxx 2012-ci il təvəllüdlü X2 dünyaya gəlmişlər. Onun tərəfindən Cavabdeh qarşı “nikahın pozulmasına, az yaşlı övladlarının onun yanında qalmalarına və aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-2975/2020 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli nikahın pozulması, az yaşlı övladlarının onun yanında qalmaları və müvafiq aliment məbləğinin tutulması qət edilmişdir. Birgə nikah dövründə, yəni Cavabdeh 2006-cı il buraxılış ili olan “Toyota Prado” markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobili xx xxxxxxx 2013-cü il tarixdə, 2010-cu il buraxılış ili olan “Toyota Prado” markalı **-XR-*** dövlət nişanlı avtomobili xx xxxxxx 2010-cu il tarixdə, 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomonbili xx xxxxx 2020-ci il tarixdə, 2010-cu il buraxılış ili olan “X5” markalı **-TR-*** dövlət nişanlı avtomobili xx xxxx 2020-ci il tarixdə, 2008-ci il buraxılış ili olan “Mercedes E350” markalı **-RM-*** dövlət nişanlı avtomobili xx xxxxxxx 2014-cü il tarixdə, 1998-ci il buraxılış ili olan “Mercedes C200” markalı **-HB-*** dövlət nömrə nişanlı avtomobili xx xxxxxxxx 2014-cü il tarixdə və 2007-ci il buraxılış ili olan “Lexus GX470” markalı avtomobili xx xxxxxx 2020-ci il tarixdə onların birgə nikah dövründə onun razılığı olmadan satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Naziriliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, 016- 116869-1220 nömrəli məktub da təsdiq edir. Bu avtomobillərin Cavabdeh tərəfindən özgəninkiləşdirilməsindən onun heç bir zaman xəbəri olmamış və avtomobillər satılarkən də onun razılığı alınmamışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyaların özgəninkiləşdirilməsinə dair müqavilələr notariat qaydasında təsdiq edilməli olan əqdlər kateqoriyasına aid edilmişdir. Bundan başqa ər-arvaddan birinin əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Göründüyü kimi, sözügedən avtomobillər nikah dövründə əldə edilmiş, lakin sonradan Cavabdeh tərəfindən onun məlumatı və razılığı olmadan avtomobilləri özgəninkiləşdirmişdir. Bununla da, rəsmi reyestrdə qeydə alınan avtomobil üzərində Cavabdeh tərəfindən sərəncam verilərkən onun həmin avtomobillər üzərində olan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, mübahisələndirilən maşınların satılmasına dair heç vaxt onun razılığının olmadığını bildirsə də, buna əhəmiyyət verməmişdir. Buna görə də Cavabdeh ona bu barədə məlumat vermədən avtomobilləri satmışdır. Həmçinin qeyd edilməlidir ki, o Cavabdeh ilə arasında uzun müddət davam edən ailədaxili söz-söhbətlər və münaqişələrin nəticəsində onlar 2019-cu il tarixində onun tərəfindən nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2(005)- 3424/2019 nömrəli iş üzrə iclas təyin edilmişdir. Lakin sonradan həmin məhkəmə iclası baxılmamış saxlanılmışdır. 2020-ci ilin ilk aylarından faktiki olaraq Cavabdeh ilə birlikdə yaşamırlar. Həmçinin işdə olan materiallardan görünür ki, mübahisələndirilən avtomobillərdən 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomonbili xx xxxxx 2020-ci il tarixdə, 2010-cu il buraxılış ili olan “X5” markalı **-TR-*** dövlət nişanlı avtomobili xx xxxx 2020-ci il tarixdə və 2007-ci il buraxılış ili olan “Lexus GX470” markalı avtomobili xx xxxxxx 2020-ci il tarixdə satılması onu göstərir ki, onların arasındakı münasibətlər kəskinləşmiş və boşanma həddinə çatdığı son bir il ərzində satmışdır. Həmin avtomobillərin özündən deyil real dəyərindən pul formasında pay tələb etmək hüququnu pozmuşdur. Mübahisəli avtomobillərin Cavabdeh ilə birgə nikah dövründə əldə edildiyindən avtomobillərin dəyərinin 2/3 hissədə onun xeyrinə ödənilməsinin təmin olunması qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin olunmalıdır. Beləliklə, göründüyü kimi, Cavabdeh tərəfindən mübahisə predmeti olan avtomobillər birgə nikah dövründə əldə edildiyindən həmin avtomobillərin dəyərinin tələb edilməsi üçün əsasdır. Yuxarıda deyilənlər onu deməyə tam əsas verir ki, alqı-satqı müqavilələri etibarsız hesab edilməli, avtomobillərin real dəyərinin pul formasında onun 2/3 hissədə pay hüququ müəyyən edilməlidir. Eyni zamanda, iddiaçı Həşimova Rasim qızı iddianı təmin etmək məqsədi ilə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, yəni Cavabdeh məxsus 2006-cı il buraxılış ili olan “Toyota Prado” markalı **-XC-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “Toyota Prado” markalı **-XR-*** dövlət nişanlı, 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “X5” markalı **-TR-*** dövlət nişanlı, 2008-ci il buraxılış ili olan “Mercedes E350” markalı **-RM-*** dövlət nişanlı, 1998-ci il buraxılış ili olan “Mercedes C200” markalı 90- HB-696 dövlət nömrə nişanlı və 2007-ci il buraxılış ili olan “Lexus GX470” markalı avtomobillərin üzərinə həbs qoyularaq cərimə meydançasında yerləşdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1569/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddanı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi qismən təmin edilmiş, Cavabdeh məxsus 2006-cı il buraxılış ili olan “Toyota Prado” markalı **-XC-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “Toyota Prado” markalı **-XR-*** dövlət nişanlı, 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “X5” markalı **-TR-*** dövlət nişanlı, 2008-ci il buraxılış ili olan “Mercedes E350” markalı **-RM-*** dövlət nişanlı, 1998-ci il buraxılış ili olan “Mercedes C200” markalı **-HB-*** dövlət nömrə nişanlı və 2007-ci il buraxılış ili olan “Lexus GX470” markalı avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək onların ləğvini və ərizənin təmin edilməməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə şikayətlərin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, qərardadlar isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının cavabdehə qarşı yönəlmiş çoxsaylı əmlak tələbi əsasında başlanmaqla, iddiaçı məhz cavabdehə məxsus olduğunu və onunla birgə nikahları dövründə əldə etdiklərini irəli sürdüyü həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan olunmasını, yəni həmin obyektlərin iddiasının təmini üsulu kimi (gələcəkdə lehinə çıxarılacaq qətnamənin icrasının təmini məqsədilə) qorunmasını xahiş etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbində sözügedən avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1569/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar