Məhkəmə qərarları › İş №2(103)-3663/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3663/2024

08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3663/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: real zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-133/2024 saylı, 6 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Səbail rayon DYPŞ-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:03-də “Fiat Doblo” ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

2. Səbail rayon DYPŞ-də tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 17:03-də, Badamdar qəsəbəsi istiqamətində “Fiat Doblo” ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməsi qərara alınmışdır.

3. Fiziki şəxs (fərdi sahibkar) X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “X6 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 6410 manat məbləğində, işçilik üçün 1310 manat olmaqla, cəmi 7720 manat zərər dəydiyi hesablanmışdır.

4. “Hermes Avto MMC” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “X6 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 4180 manat məbləğində, işçilik üçün 1120 manat olmaqla, cəmi 5300 manat zərər dəydiyi hesablanmışdır.

5. "xxxx" MMC (İcarəyə verən) və İddiaçı (İcarəyə götürən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 116 nömrəli icarə müqaviləsindən görünür ki, icarə verən “Hyundai Sonata” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında icarəyə götürənə icarəyə verir. İcarə müqaviləsinin qiyməti hər gün üçün 100 manat olmaqla, ümumilikdə 4000 manat təşkil edir.

6. 01.08.2022-ci il tarixli, 42748 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “sığorta hadisələri üzrə ödəniş” təyinatı ilə İddiaçı 5000 manat məbləğində sığorta ödənişi edilmişdir.

7. "xxxx" MMC tərəfindən İddiaçı 2022-ci ilin iyun-avqust aylarında “Hyundai Sonata” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilmişdir.

8. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən 4.000 manat məbləğində ödəniş edilmişdir.

9. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində təhvil verilmiş nəqliyyat vasitəsi (“Hyundai Sonata” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil) xx.xx.2022-ci il tarixində geriyə təhvil götürülmüşdür. Hər bir gün üçün qarşılıq 100 manat ödənilmişdir.

10. İddiaçı və “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 319 nömrəli müqavilədən görünür ki, birinci instansiya məhkəməsində vəkilin hüquqi yardımına görə haqq qarşılıqlı razılıqla 980 manat, 20 manat marka pulu, 1 manat bank xidməti xərci müəyyən olunur.

11. xx.xx.2023-cü il tarixli, 20177 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Hüquqi yardım. “De Fendo” Vəkil Bürosu” təyinatı ilə “De Fendo” Vəkil Bürosunun hesabına 1000 manat məbləğində pul köçürmüşdür.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7526 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, xx.xx.2022-ci ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X7” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5320 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 4160 manat, təmir-bərpa işlərinin qiyməti 1160 manat; nəzəri hesablama yolu ilə iş materiallarında olan f/ş X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X7” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5860 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 4655 manat, təmir-bərpa işlərinin qiyməti 1205 manat. Respublikada yerləşən avtobazarlada mövcud olan qiymətlərdən, yerli internet saytlarında, eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X7” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətində 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 43000 manat müəyyən olunur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni modelli, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktlarıa əsasən təmirə məruz qalmış 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X7” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 4300 manat (təxminən 10 %) fərq olması istisna edilmir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2015-ci il tarixli, 422 nömrəli məktubunda göstərilənlərə əsasən, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədəmüvafiq hesab olunduğundan 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X7” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(010)-3527/2023 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus “X6 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş ziyana görə 2.000 manat, baş vermiş hadisənin nəticəsində “X8” MMC şirkətindən məcburiyyət qarşısında qalaraq icarəyə götürdüyü avtomobilə görə 4.000 manat, əlavə olaraq avtomobilin hazırda bazar qiyməti 20% aşağı düşdüyünə görə 8.000 manat pulun və məhkəməyə müraciət etmək məcburiyyətində qaldığı üçün hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə görə 1000 manat, ümumilikdə 15.000 manat və 135 manat rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 16:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi ərazisində “Araz” marketin qarşısında Cavabdeh idarə etdiyi “Fiat Doblo” ** DD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə parklanmada olan ona məxsus “X6 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə ciddi şəkildə ziyan vurmuşdur. Bundan sonra hadisə yerinə “Azərsığorta” şirkətinin əməkdaşları yaxınlaşaraq sığorta ödənişi ilə bağlı 14091 saylı akt tərtib etmişdir. Bununla yanaşı, Bakı şəhəri Səbail rayon DYPŞ tərəfindən zərərvuran şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində xx.xx.2022-ci tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinə müvafiq olaraq TP ******* saylı qərarla 40 manat məbləğində cərimə edilmişdir. Qeyd etmişdir ki, mülkiyyətində olan “X6 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilinə 7000 manat dəyərində zərər dəymişdir. Həmin dəymiş zərər məbləğindən 5000 manat hissəsi “Azərsığorta” şirkəti tərəfindən qarşılanmışdır. Baş vermiş hadisədən sonra zərurət yarandığı üçün “X8” MMCyə müraciət edərək “Hyundai Sonata” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə götürmüşdür. Həmin icarəyə götürdüyü avtomobilin hər gününə görə 100, ümumilikdə isə 4000 manat ödəniş etmişdir. Əlavə olaraq qeyd edir ki, ona məxsus olan “X6 Prado” markalı avtomobilin bazar qiyməti 40000 - 45000 manat aralığındadır. Lakin baş vermiş hadisədən sonra hazırda avtomobilinin qiyməti bazar qiymətindən 20% aşağı düşmüşdür. Bu da o deməkdir ki, zərərvuran şəxs əlavə olaraq ona ən azı 8000 manat dəyərində zərər vurmuşdur. Təəssüflə qeyd edir ki, zərərvuran şəxs Cavabdeh ona xeyli miqdarda ziyan vurmaqla kifayətlənməyərək, zərəri ödəməkdən boyun qaçırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqlarının müdafiəsi üçün “De Fendo” vəkil bürosunun vəkili Vəkil1 ilə hüquqi yardım göstərilməsi haqqında 1000 manat dəyərində müqavilə bağlamışdır.

15. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən yol-nəqliyyat hadisəsi baş vermişdir və hadisəni özü törətmişdir. Hadisədən sonra dərhal sığorta və yol polisi nümayəndələri hadisə yerinə gəlmişlər. Sonradan iddiaçının qardaşı ona sığortanın dəymiş zərəri 2300 manat hesabladığını bildirmiş, ondan da 2000 manat pul istəmişdir. Ona görə ki, onlar qırılanı düzəltdirmək yox, təzəsini qoymaq istəyirlər. Bir sözlə, “nol” maşın istəyirlər. Hadisədən 15 gün sonra iddiaçı ona zəng vurub başına oyun açacağını, pulu ödəməli olduğunu demişdir. İddiaçının qardaşı da demişdir ki, iddiaçı 14-15 gündür ki, “rent a car”dan maşın götürüb və onun pulunu ödəməlidir. O demişdir ki, belə bir qaydaqanun yoxdur. Həm də iddiaçı 40 günlük icarə haqqının ondan tutulmasını tələb edir. Hansı ki, həmin avtomobilin təmiri bir aydan artıq vaxt tələb edə bilməzdi. O özü taksi sürücüsüdür. Dəfələrlə onun maşınını da vuran olub, amma o heç vaxt belə etməmişdir. İddiaçı isə onu pulu ödəməsi üçün narahat edir. Halbuki iddiaçının avtomobilinə dəymiş zərəri sığorta qarşılamışdır. Hesab edir ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya dəymiş zərəri ödədiyindən ondan pul tutulmamalıdır.

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-133/2024 saylı, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh iddiaçıya məxsus avtomobilə vurduğu zərərə görə 320 (üç yüz iyirmi) manat məbləğində təmir-bərpa xərci, 4.300 (dörd min üç yüz) manat məbləğində avtomobilin azalmış bazar dəyəri, 3.000 (üç min) manat məbləğində icarə haqqı xərci olmaqla, cəmi 7.620 (yeddi min altı yüz iyirmi) manat məbləğində pulun, 106,2 manat (yüz altı manat iyirmi qəpik) məbləğində dövlət rüsumunun, 1.000 (min) manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin özü də hadisənin baş verməsində məsuliyyətini inkar etməmişdir. Bununla belə, cavabdeh həm iddiaçı tərəfindən avtomobilə dəymiş zərər kimi ondan tələb edilən pulun məbləği ilə razılaşmamış, həm də bu zərərə görə sığortaçı tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilməsinə əsaslanaraq, iddianı qəbul etməmişdir. Cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin, eləcə də bu hadisədən sonra iddiaçıya məxsus avtomobilin bazar dəyərinin nə qədər aşağı düşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

18. Müvafiq ekspert rəyinə əsasən məhkəmə hesab etmişdir ki, baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edildiyindən, cavabdehdən dəymiş zərərin yalnız sığorta ödənişi ilə əhatə edilməyən hissəsi, yəni 320 (5320-5000) manat məbləğində pul tutulmalıdır. Bundan əlavə məhkəmə baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus avtomobilin bazar qiymətinin 10 %, yəni avtomobilin bazar qiymətinin aşağı düşmüş hissəsinin 4300 manat məbləğində olduğu nəticəsinə gəlmişdir.

19. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçının işi ilə əlaqədar gündəlik avtomobildən istifadəyə ehtiyacı olmuşdur. İddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsindən cəmi iki gün sonra – xx.xx.2022-ci il tarixdə günü 100 manata, 40 günlük avtomobil icarəyə götürmüşdür. İddiaçının avtomobil icarəyə götürməyə məcbur qalmasının səbəbi cavabdehin təqsirli hərəkətləri olduğundan iddiaçı icarəyə götürməli olduğu avtomobilə görə ödədiyi icarə haqqını dəymiş zərər kimi cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə, dəymiş zərər kimi tələb edilən icarə haqqının məbləği ilə razılaşmamış, işin halları, iddiaçının avtomobilinin zədələnmiş hissələri nəzərə alındıqda, bu müddət təmir üçün ağlabatan müddət kimi qəbul etməmiş, iddiaçının yol nəqliyyat hadisəsindən cəmi iki gün sonra avtomobil icarəyə götürməsi də onun özünə məxsus avtomobildən müəyyən müddət istifadə edə bilmədiyini nəzərə almış, avtomobilin ağlabatan müddətdə - bir ay təmirdə olduğu müəyyən edilməli, iddiaçının həmin müddətdə ödəməli olduğu icarə haqqı – 3000 manat məbləğində pul dəymiş zərər kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğu nəticəsinə gəlmişdir.

20. Məhkəmə həmçinin vəkil xərci olaraq 1000 manat məbləğində çəkilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğunu qeyd etmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin avtomobilin azalmış bazar dəyərinə görə 4.300 (dörd min üç yüz) manat, icarə haqqı xərcinə görə 3.000 (üç min) manat məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi, habelə vəkil xərci üçün 1.000 (bir min) manat məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması, yəni məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ağlabatan məbləğ müəyyən edilməklə dəyişdirilməsi haqqında qətnamənin çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus avtomobilin iddia edilən azalmış bazar dəyəri nə real zərər, nə də əldən çıxmış faydadır. İş materiallarında olan və birinci instansiya məhkəməsinin istinad etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği 5320 manat olmuşdur. İddiaçının əmlakı, yəni avtomobili zədələndiyindən və zədələnmiş avtomobilin təmir edilərək bərpa olunması üçün tələb olunan məbləğ, yəni 5320 manat iddiaçıya vurulmuş real zərəri təşkil edir. İstinad edilən normanın hüquqi mənasına görə, real zərər kimi müəyyən edilmiş 5320 manat məbləğdən kənar heç bir məbləğ, həmçinin avtomobilin iddia edilən bazar dəyərinin aşağı düşməsindən irəli gəlməsi mümkün olan itki və icarəyə başqa avtomobilin götürülməsi üçün ödənilmiş vəsait real zərər hesab edilə bilməz. Əgər iddiaçı cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsindən sonra özünə məxsus olan avtomobili satışa çıxarıb onu bazarda eyni göstəricilərə malik avtomobilin dəyərindən aşağı satmaq məcburiyyətində qaldığını iddia edib müvafiq dəlillər təqdim etsəydi, satış zamanı yaranmış fərqi iddiaçının əldən çıxmış faydası kimi qiymətləndirmək olardı. Lakin iddiaçının məhkəməyə verdiyi iddia ərizəsindən və birinci instansiya məhkəməsi zamanı iddiaçı tərəfin verdiyi izahatlardan görünür ki, avtomobil satışa çıxarılmamış, təmir edildikdən sonra iddiaçı tərəfindən idarə olunması davam etdirilmişdir. Başqa sözlə desək, zərərin əldən çıxmış fayda formasında vurulduğunu yalnız real itkilərin olması və həmin itkilərin olduğunu göstərən sübutların mövcudluğu halında müəyyən etmək mümkündür. İstənilən digər halda əldən çıxmış fayda formasında zərərin vurulduğunu iddia etmək ehtimal xarakterli olacaqdır. Birinci instansiya məhkəməsinin hadisə nəticəsində avtomobilin bazar qiymətinin aşağı düşmüş hissəsinin 4300 manat məbləğində olması qənaətinə gəlməsi də ehtimallar üzərində baş vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi bu qənaəti əsaslandırmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7526 nömrəli ekspert rəyinə istinad etsə də, həmin rəy avtomobilin bazar qiymətinin aşağı düşmüş hissəsinin 4300 manat təşkil edə biləcəyini avto servis müəssisələrinin səviyyəsi və təmirin keyfiyyəti ilə şərtləndirmişdir. Eyni zamanda həmin rəydə eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin göstəriciləri tətbiq edilməklə avtomobilin bazar qiymətində təxminən 10 faiz fərqin olması istisna edilmir. Lakin həmin rəydə, eyni zamanda rəyin hazırlanması zamanı istinad edilmiş və birinci instansiya məhkəməsinin də istinad etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında iddiaçıya məxsus Land-Cruiser Prado model “Toyota” markalı,**-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı iş üzrə cavabdehin təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəlki dövrdə qəzaya uğrayıb-uğramaması, hansısa başqa şəraitdə (təbii fəlakət, təbii qəza və s.) zədələnibzədələnməməsi, ümumilikdə təmir edilib-edilməməsi barədə heç bir qeyd mövcud deyil. Birinci instansiya məhkəməsi də bu halı araşdırmamışdır. Beləliklə, Mülki Məcəllənin 21.2ci maddəsinin müddəaları birinci instansiya məhkəməsi tərəfindən düzün tətbiq edilməmişdir.

24. İş materiallarından görünür ki, iddiaçının irəli sürdüyü tələblərdən biri ona məxsus olan avtomobil zədələndikdən sonra icarəyə götürdüyü bildirilən avtomobilə görə ödədiyi məbləğlə bağlı olmuşdur. İddiaçı bu tələbinin sübut olunması üçün məhkəməyə yalnız iddiaçı ilə “X8” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 116 nömrəli icarə müqaviləsini təqdim etmişdir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin həqiqətən də icra edilib-edilməməsi birinci instansiya tərəfindən müəyyənləşdirilmədiyindən həmin müqavilənin mötəbər və tutarlı sübut hesab olunması mümkün deyil. Belə ki, iddiaçı məhkəməyə qeyd edilən müqavilə əsasında “X8” MMC-yə iddia etdiyi pul vəsaitlərinin həqiqətən də ödənildiyini göstərən elektron qaimə-faktura, ödəniş tapşırığı, nəzarət-kassa aparatlarının (POS terminal aparatları daxil olmaqla) çekləri yaxud digər ciddi maliyyə-mühasibatlıq sənədlərini təqdim etməmişdir. Belə olan halda iddia tələbi bu hissədə birinci instansiya məhkəməsi tərəfindən təmin edilə bilməzdi. Maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayət edici sübutlarla təsdiq edilməlidir. İddiaçı tərəfindən ancaq müqavilə məhkəməyə təqdim edilmiş, bu isə kifayətedici hesab edilə bilməzdi və bu birinci instansiya məhkəməsi üçün iddianı həmin hissədə rədd etmək üçün əsas idi. Lakin birinci instansiya məhkəməsi mötəbər və kifayətedici sübut olmadan iddiaçının həmin tələbini təmin etməklə MPM-nin 77.1-ci maddəsini düzgün tətbiq etməmişdir. İstinad edilən normanın hüquqi mənası ondan ibarətdir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoyur. İddiaçının avtomobili icarəyə götürməsi ilə bağlı iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

25. Məhkəməyə müraciət etmək üçün hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə görə iddiaçının ödədiyi 1000 manat məbləğində xərcin cavabdehdən tutulması hissəsindən narazıdır. Bu məbləğ ağlabatan deyildir və həmin məbləğin tam həcmdə ondan tutulması qənaətinə hansı hallar və məlumatlar əsasında gəlinməsinin geyrimüəyyəndir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən 3 hissədə razılaşmır. Onlardan birincisi 4300 manat məbləğində avtomobilin azalmış bazar dəyəri ilə bağlıdır. Hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi ehtimallar üzərində səhv qənaətə gəlmişdir. Belə ki, həmin azalmış bazar dəyərini iş materiallarında təsdiq edən heç bir mötəbər sübut yoxdur. Çünki qüsr aktında bir fazi qeyd olunur, 20 faiz, daha sonra ekspertiza rəyi alınır. Həmin ekspertiza rəyində 10 faizə qədər istisna edilmir deyə bir ifadə istifadə olunur. Belə çıxır ki, 10 faizdən aşağı məbləğ də ola bilər. Məhkəmə mötəbər hesab edilməyən iki dəlilə istinad edərək o qənaətə gəlmişdir ki, avtomobilin bazar dəyəri 10 faizə qədər azalmışdır. İkinci məsələ isə ondan ibarətdir ki, avtomobilin bu hadisəyə qədər olan vəziyyəti öyrənilməmişdir. Lakin istehsal ilə hadisənin baş verdiyi il arasında avtomobilə başqa qəza nəticəsində zərər dəyə bilərdi və onun avtomobilə xas başqa vacib bir elementi dəyişdirilə bilərdi və həmin zaman bu avtomobilin dəyərini avtomatik olaraq azalda bilərdi. Hesab edir ki, bazar dəyərinin bu formada azalmasını müəyyən etmək düzgün deyildir. Bundan başqa MM-nin 21.2-ci maddəsində qeyd olunmuş zərər anlayışı ilə də hesablama baxımından düzgün gəlmir, çünki burada müəyyən etmək olmur ki, bu real zərərdir, ya əldən çıxmış faydadır. Hazırkı iş üzrə avtomobil satılmamışdır, təmir olunmuş və iş üzrə iddiaçı tərəfindən istifadə edilmişdir. İkinci məsələ isə avtomobilin icarə haqqı ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində iş materiallarında olan qaimə-fakturaya istinad olunmamışdır. Qətnamədə yalnız tərəflər arasında bağlanmış müqaviləyə istinad vardır. İş materiallarında olan qaimə-fakturanı onlar həmin xərci dəqiqliklə göstərən mötəbər sübut kimi hesab etmir. Çünki qaimə-fakturaya baxan zaman müəyyən olunur ki, onun nömrəsi daxili istifadə üçün nəzərdə tutulmuşdur. Bu o anlama gəlir ki, şirkət onu çox rahatlıqla tərtib edə bilərdi. Ümumilikdə həmin qaimə-faktura 2015-ci il tarixində Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun deyildir. Həmin hissədə birinci instansiya məhkəməsi mötəbər olmayan sübuta əsaslanaraq 3.000 manat məbləğində icarə haqqı ödənilməsi nəticəsinə gəlmişdir. Burada digər məqam ondan ibarətdir ki, 3.000 manatın hesablanmasının özü sual doğurur, çünki təqdim edilmiş sənəd 4.000 manatdır. Məhkəmə isə heç bir sübuta əsaslanmadan faktiki olaraq qeyd edir ki, orada 40 gün, yox 30 gün ağlabatan müddətdir. Həmin yanaşma ilə əslində məbləğ xeyli az olmalı idi. Burada avtomobilin təmir-bərpa işlərinin hansı müddətə aparılması dəqiqləşdirilməli idi. Sonuncu məqam isə vəkil yardımı üçün hesablanmış 1000 manat vəsaiti MPM-nin tələbləri baxımından ağlabatan deyildir.

28. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, maşın təzə maşın deyildir, onun aşınmış vəziyyətinin qiyməti 43 min manatdır. Avtomobilin təzəsinin qiyməti 120 min manatdan bahadır. Maşın həmin vaxt işlək vəziyyətdə hərəkətsiz şəkildə yolun kənarında dayanmış idi. İş materiallarında hadisə yerinin fotoşəkilləri mövcuddur. Ona görə də hesab edir ki, məhkəmə azalmanı 4300 manat verməklə az vermişdir. Həmin maşının həmin dövr üçün real bazar dəyəri 43 min manat qoyulsa da, maşın məhkəmə prosesi zamanı 25 min manata zədəli olduğu üçün satılmışdır. Maşın rent a cardan icarəyə götürülən zaman təhviltəslim aktı tərtib olunmuşdur.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, o, mübahisələndirilən qətnamənin iddiaçının xeyrinə zərər olaraq tutulmuş 3.000 manat məbləğində icarə haqqının, avtomobilin bazar qiymətinin 10% aşağı düşdüyünə görə 4.300 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə görə ödənilmiş 1.000 manat məbləğində xərcin tutulması hissəsindən narazı olduğunu göstərir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

35. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

38. 14.2-ci maddəsinə əsasən, maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər

41. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

42. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. 115.0.6-cı maddəsinə əsaəsn, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

44. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Belə ki, mübahisələndirilən qətnaməni apellyasiya şikayətində qeyd edilən dəlillər üzrə yoxlayan kollegiya aşağıdakıları qeyd etməti zəruri sayır.

47. Apellyasiya şikayətindən göründüyü kimi cavabdeh iddiaçıya məxsus avtomobilin iddia edilən azalmış bazar dəyərinin nə real zərər, nə də əldən çıxmış fayda olduğunu qeyd edir. Hesab edir ki, iddiaçıya məxsus avtomobilin təmir edilərək bərpa olunması üçün tələb olunan məbləğ 5.320 manat təşkil edir, real zərər kimi müəyyən edilmiş bu məbləğdən kənar da heç bir məbləğ, həmçinin avtomobilin iddia edilən bazar dəyərinin aşağı düşməsindən irəli gəlməsi mümkün olan itki və icarəyə başqa avtomobilin götürülməsi üçün ödənilmiş vəsait real zərər hesab edilə bilməz.

48. Belə ki, Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

49. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri işin mübahisələdnirilməyən hallarıdır. İşin mübahisəli halı isə iddiaçının pozulmuş hüququnu tam bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin həcmi təşkil edir.

50. Kollegiya Mülki Məcəllənin 21-ci maddənin müddəalarını nəzərə alaraq qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

51. Belə olan halda maddənin dispozisiya şərtləri baxımından qeyd edilməlidir ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş real zərərin miqdarı hesablanarkən avtomobilə dair çəkilmiş və ya çəkiləcək təmir-bərpa işlərinin dəyəri, yəni avtomobilin tam bərpa olunması üçün müvafiq xərclərin məbləğindən başqa, həmçinin nəqliyyat vasitəsinin əmtəə dəyəri ilə bağlı itkilərin məbləği - əmlakın zədələnməsindən və sonrakı təmirindən sonra avtomobilin bazar dəyərinin aşağı düşməsi də nəzərə alınmalıdır. Çünki “real zərər” anlayışına, zərərçəkənin təkcə çəkdiyi xərclər deyil, həm də pozulmuş hüququnun tam bərpası üçün çəkməli olduğu xərclər də daxildir.

52. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7526 nömrəli ekspert rəyindən də müəyyən edilir ki, Respublikada yerləşən avtobazarlada mövcud olan qiymətlərdən, yerli internet saytlarında, eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X7” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətində 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 43000 manat müəyyən olunur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni modelli, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktlarıa əsasən təmirə məruz qalmış 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X7” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 4300 manat (təxminən 10 %) fərq olması istisna edilmir.

53. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, nəqliyyat vasitəsinin əmtəə dəyəri ilə bağlı itkilərin real zərər olaraq yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdehdən tutulması mülki qanunvericiliyə zidd deyildir və bu hadisənin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilin bazar dəyərinin təxminən 10 % aşağı düşməsi ağlabatandır.

54. Bundan başqa birbaşa zərər dəymiş əmlakla bağlı olmayan, lakin yolnəqliyyat hadisəsi nəticəsində şəxsin çəkdiyi digər xərclər də real zərər anlayışına aiddir. Hazırki halda da qeyd edilməlidir ki, baş vermiş qəza nəticəsində iddiaçı əmlakından müvəqqəti olaraq məhrum olmuş, bununla əlaqədar, o, "xxxx" MMC ilə icarə müqaviləsini bağlamağa məcbur olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 116 nömrəli icarə müqaviləsindən görünür ki, icarə verən “Sonata”markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında iddiaçının istifadəsinə verməyi, iddiaçı isə öz növbəsində icarəyə götürdüyü avtomobildən istifadə etdiyi hər gün üçün 100 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.

55. "xxxx" MMC ilə iddiaçı arasında həqiqətən də icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına dəlalət edən sübutlar (icarə müqaviləsi, mədaxil qəbzi, təhvil-təslim aktı, etibarnamə və s.) iş materiallarına əlavə edilmiş, məhkəmənin isə həmin sənədlərin mötəbərliyini şübhə altına alaraq qəbul etməməsi üçün cavabdeh tərəfindən hər hansı tutarlı səbəb göstərilməmişdir.

56. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

57. Cavabdeh məhkəməyə müraciət etmək üçün hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə görə iddiaçının ödədiyi 1000 manat məbləğində xərcin ondan tutulması hissəsindən narazı olduğunu da göstərmişdir. Belə ki, cavabdeh tərəf qeyd etmişdir ki, bu məbləğ ağlabatan deyildir və məhkəmə tərəfindən həmin məbləğin tam həcmdə ondan tutulması qənaətinə hansı hallar və məlumatlar əsasında gəlinməsi geyrimüəyyəndir.

58. Bununla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, qeyd olunan xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla, məhkəmə xərclərinin tərkibinə daxildir. Belə ki, Mülki Prosessual Məcəllənin 107, 115.0.6, 119.1, 121.1 və 220.5-ci maddələrinin mənasına görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə, yəni məhkəmə xərclərinə aiddir, məhkəmə qətnamənin nəticə hissəsində iddianın təmin yaxud rədd edilməsi haqqında nəticəyə gəlməklə yanaşı, məhkəmə xərclərinin bölüşdürülməsi qaydasını da əks etdirir, bu məqsədlə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar qiymətləndirilməklə digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

59. Beləliklə, vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin məhkəmə tərəfindən müəyyən edilən məbləği ağlabatan olmalı, bu zaman göstərilən yardımın həcmi, müddəti, baxılan işin mürəkkəbliyi və s. amillər nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırki işdə vəkil qismində iştirak edən Vəkil1 iddiaçının məhkəməyə müraciət etməsini təmin etmiş, bunun üçün müvafiq sübutları toplamış, mülki iş üzrə vəkil olaraq birinci instansiya icraatı zamanı bütün iclaslarda iştirak etmiş, onun məhkəmədə aktivliyi, prosessual hərəkətlərinin sayı da az olmamışdır.

60. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

62. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-133/2024 saylı, 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar