Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3664/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-471/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 nömrəli kredit müqaviləsinə görə Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 nömrəli Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 20% (iyirmi faiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 16.523 (on altı min beş yüz iyirmi üç manat) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür.
2. Cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixə Banka 15157,12 manat əsas borc, 2681,55 manat faiz borcu, 3261,35 manat cərimə borcu, ümumilikdə isə 21100,02 manat məbləğində borcu yaranmışdır. 21100,02 manat məbləğində borcun ödənilməsinin 3 iş günü ərzində təmin edilməsi tələb edilmiş və əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun (məhkəmə aktı və ya notariusun icra qeydi ilə bağlı) tədbirlər görüləcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 nömrəli Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2023-cü Banka borclu olduğu 15.157,12 AZN məbləğində əsas borc, 2.681,55 AZN məbləğində faiz borcu, 3.261,35 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21.100,02 AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 153,30 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi Haqqında” Müqavilənin ümumi şərtləri ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 nömrəli Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 20% (iyirmi faiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 16.523 (on altı min beş yüz iyirmi üç manat) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixə 15.157,12 manat məbləğində əsas borc, 2.681,55 manat məbləğində faiz borcu, 3.261,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21.100,02 manat məbləğində borcu qalmışdır.
5. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 15.157,12 manat məbləğində əsas borc, 2.681,55 manat məbləğində faiz borcu, 3.261,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21.100,02 manat məbləğində borcu vardır. Müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 fevral 2024-cü il tarixli 2(010)-471/2024 nömrəli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 341356-CNS32785 nömrəli kredit xətti müqaviləsi üzrə 15.157,12 manat məbləğində əsas borc, 2.681,55 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 145,01 manat olmaqla, cəmi 18 483,68 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.
8. Tələb olunan cərimə borcu ilə bağlı məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 3261,35 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 500 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmən hesab etmişdir ki, müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739, 421.2, 442, 443.1, 448.2, 465.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunan hissəsində tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin ləğvinə dair hər hansı pretenziya məktubu tərəfindən əldə olunmamış və iş üzrə xəbərdar edilmədiyindən məsələyə hər hansı münasibət bildirmək imkanı da olmamışdır. Məhkəmə iclasları barədə vaxtında məlumatlandırılmamış və məhkəmə onun iclaslarda iştirakını təmin etməmişdir. İrəli sürülmüş faiz borcunun tutulması barədə tələblər tam təmin edilə bilməz. Bağlanmış kredit müqaviləsinin müddəti 60 aydır və xx.xx.2027-ci il tarixdə bitir. Tərəfindən banka ödənişlər lazimı qaydada aparılmışdır. Sonra baş vermiş maddi sıxıntılar ilə əlaqədar vəziyyət bir qədər çətinləşmişdir. Borcunu ödəməkdən imtina etməmiş, lakin hesablanan əsas, faiz və cərimə borcu mütənasibsiz və ədalətsiz şəkildə hesablanmışdır. Borcu daha azdır. Müqavilənin müddətinin bitməsinə 3 ildən çox vaxt qalmasına baxmayaraq, bank əsassız olaraq 2027-ci ilə qədər ödənilməli olan borcu tələb edir. Kredit müqaviləsinin xitamı tələbi irəli sürülməmişdir.Maliyyə vəziyyəti pisləşənə qədər ödənişlər vaxtında edilmiş, buna görə də tələb edilən əsas borc məbləği şişirdilmiş məbləğdir. Borcun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir, məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün bu halı vaxtında mübahisələndirə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
14. Cavabdeh teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etsə də, qeyd edilən hala dair hər hansı sənəd əlavə edilmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 462. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
21. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə cavabdehin apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
32. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
33. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.
34. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ona kredit müqaviləsinin ləğvinə dair pretenziya göndərilməmişdir, müqavilənin müddətinin bitməsinə 3 ildən çox vaxt qalmasına baxmayaraq, bank əsassız olaraq 2027-ci ilə qədər ödənilməli olan borcu tələb edir. Kredit müqaviləsinin xitamı tələbi irəli sürülməmişdir.
35. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, bank tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu cavabdehin ünvanı üzrə (cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində həmin ünvan qeyd edilmişdir) göndərilmiş və poçt xəbərnaməsinə “Kərimova” soyadı qeyd edilməklə qəbul edilmişdir. Həmin pretenziya məktubunda banka olan bütün borc məbləğinin (xx.xx.2023-cü il tarixə Banka 15157,12 manat əsas borc, 2681,55 manat faiz borcu, 3261,35 manat cərimə borcu, ümumilikdə isə 21100,02 manat məbləğində) tam olaraq 3 iş günü müddətində ödəməsi tələb olunmuş, əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir.
36. Göründüyü kimi bank aralarında bağlanmış müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilmişdir.
37. Cavabdehin digər dəlili ondan ibarətdir ki, borc məbləği düzgün hesablanmamışdır.
38. Borc məbləğinin düzgün hesablanmamsı və bu məqsədlə ekspertizanın təyin edilməsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmış, hər hansı bir konkret dəlil göstərməmişdir. Digər tərəfdən borcun düzgün hesablandığı hesabdan çıxarışla da müəyyən olunur.
39. Cavabdehin sonuncu dəlili isə məhkəmə iclasının vaxtı barədə ona məlumat verilməməsidir.
40. Kollegiya qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, iş materiallarından görünür ki, cavabdehin iş materiallarına əsasən məlum olan, həmçinin tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan telefon nömrəsinə “AZEMİS” vasitəsi ilə SMS Bildiriş göndərilmişdir.
41. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-471/2024 nömrəli iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.