Məhkəmə qərarları › İş №2(103)-3665/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3665/2022

20.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3665/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs Rəfail Kərimov cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildə edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1016/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rəfail Kərimov cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildə edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Səmədov X3 rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1B saylı ünvanda yerləşən evin 47,48,49,51 və 52 saylı mənzillərində binanın əsas yük daşıyıcı divarları dağıdılaraq genişləndirilmiş olan pəncərə boşluğunun öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən evin 47 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1, 48 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2, 49 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3, 51 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 və 52 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 üzərinə müvafiq olaraq mənzillərində öz vəsaiti hesabına layihə əsasında, tikinti norma və qaydalarına uyğun bərpa-gücləndirmə işlərinin aparılması vəzifəsinin həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili X4 12.01.2022-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(001)-1016/2021 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Apellyator 19.01.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2022-ci il tarixli, 2(001)- 2320/2022 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(001)-1016/2021 saylı qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd edilən hallara əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyator 31.03.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsi rəsmi olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh6 28 dekabr 2021-ci il tarixdə məhkəmə qəbzinə şəxsən imza etdirilməklə təqdim edilmişdir. Bundan sonra apellyator 12.01.2022-ci il və 19.01.2022-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmiş, lakin apellyasiya şikayətləri məhkəmənin yuxarıda qeyd edilən qərardadları əsasında geri qaytarılmışdır. Apellyator yenidən apellyasiya şikayəti ilə 31.03.2022-ci il tarixdə müraciət etmişdir və yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etdikdə artıq qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri ötürmüş, ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili X4 tərəfindən verilmiş şikayət mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verimədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili X4 tərəfindən 31 mart 2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar