Məhkəmə qərarları › İş №2(103)-3667/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3667/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3667/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli, 2(005)- 5327/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka qoyulmuş avtomobilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 6917 ABŞ dolları 03 sent əsas borc, 2912 ABŞ dolları 18 sent məbləğində faiz borcu olmaqla, cəmi 9829 ABŞ dolları 21 sent məbləğində borcun tutulması, cavabdehin mülkiyyətində olan ipoteka qoyulmuş ** KK *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-5327/14) iddia təmin edilmişdir. Hazırda Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin “Səbail” filialı və Cavabdeh arasında 15.08.2011-ci il tarixdə bağlanmış 1023 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə 7450 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 20% illik faiz borcu hesablanmalı və hər ay banka ödənilməli idi. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu, faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdeh Banka olan borcu 9829 ABŞ dolları 21 sent təşkil edir. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə bankla Cavabdeh arasında 15.08.2011-ci il tarixdə, 1023 nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ** KK *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyi üçün bankla razılığa gələrək ipoteka predmeti olan avtomobili banka təqdim etmişdir. Bank işçiləri ilə ralarında olan razılığa görə bank tərəfindən girov predmeti onlar tərəfindən qəbul edildikdən sonra, ona qarşı heç bir iddia və tələbləri olmamışdır. Avtomobil banka təhvil verilmiş və o, bütün öhdəliklərdən azad olunmuşdur. Qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC-nin “Səbail” filialı və Cavabdeh arasında 15.08.2011-ci tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz ödəmək şərtilə 24 ay müddətinə, 7450 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus “VAZ 21074” markalı, ** KK *** dövlət nömrə nişanlı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun hazırki vaxta kimi 6917,03 ABŞ dolları əsas, 2912,18 ABŞ dolları faiz borcu vardır. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi maliyyə arayışında göstərilən həmin borc məbləğinin cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, ipoteka saxlayanın (iddiaçının) tələbinin ödənilməsi ipoteka predmeti olan mülkiyyət hüququ üzrə Cavabdeh məxsus “VAZ 21074” markalı, ** KK *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdehin “xxxx” ASC-yə ödənilməlidir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445-ci və s., eləcə də «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə istinad etmişdir. Cavabdeh avtomobili banka təhvil verdiyinə və heç bir öhdəliyinin qalmadığına istinad etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verdiyi 21 aprel 2021-ci il tarixli məlumatından müəyyən olunur ki, “VAZ 21074” markalı, ** KK *** dövlət nömrə nişanlı avtomobil hazırda ipoteka ilə yüklü olmaqla Cavabdeh mülkiyyətindədir və etibarnamə üzrə başqa şəxslərin istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası həmçinin məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli, 9/3255 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı “xxxx” ASC-yə 15.08.2013-cü il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) olan ümumi borcu 8857,29 ABŞ dolları məbləğində, 20.11.2014-cü il tarixə (qətnamə çıxarılan tarixə) olan ümumi borcu isə 9294,40 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 15.08.2013-cü il tarixə olan borcu üzrə əsas borc 6917,03 ABŞ dolları, faiz borcu 1940,26 ABŞ dolları; 20.11.2014-cü il tarixə olan borc üzrə əsas borc 6917,03 ABŞ dolları, faiz borcu üzrə 2377,37 ABŞ dolları təşkil edir. Ekspert rəyindən göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri faiz borcunun tutulması hissəsində öz təsdiqini tapmışdır. Belə ki, iddia tələbində və ona uyğun çıxarılmış məhkəmə qətnaməsində müqavilə müddətinin bitdiyi tarixədək faiz borcunun 2912,18 ABŞ dolları olduğu qeyd edilmişdisə, məhkəmə mühasibatlıq ekspertizasının rəyində faiz borcunun müqavilə müddətinin bitdiyi tarixə 1940,26 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2912,18 ABŞ dolları faiz borcun tutulması hissəsində dəyişdirilməli və müqavilə müddəti üçün tutulacaq faiz borcunun məbləği 1940,26 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli qətnaməsi “Cavabdeh 2912,18 ABŞ dolları məbləğində faiz borcunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh tutulacaq faiz borcunun məbləği 1940,26 (min doqquz yüz qırx dollar, iyirmi altı sent) ABŞ dolları müəyyən edilsin. Buna müvafiq olaraq cəmi tutulacaq məbləğ 8857,29 (səkkiz min səkkiz yüz əlli yeddi dollar, iyirmi doqquz sent) ABŞ dolları (6917,03 ABŞ dolları əsas borc və 1940,26 ABŞ dolları faiz borcu) müəyyən edilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin 120 manatı Cavabdeh, 25 manatı isə iddiaçı “xxxx” ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar