Məhkəmə qərarları › İş №2(103)-367/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-367/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-367/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)-4136/2012 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2010-cu il tarixli 27 saylı kredit müqaviləsi üzrə 900000 manat əsas borc, 218550 manat faiz borcu olmaqla cəmi ******* manat məbləğində kredit borcunun və xx.xx.2012-ci il tarixdən etibarən öhdəliyin tam icra olunacağı günədək 900000 manat əsas borca illik 17 faiz dərəcəsi ilə hesablanacaq faizlərin və iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)- 4136/2012 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 900000 manat məbləğində əsas borcun, 218550 manat məbləğində faiz borcunun, cəmi ******* manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən onun tərəfindən ödənilən pullar nəzərə alınmamış, faiz məbləği yüksək hesablanmışdır. O, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikdən yayınmır və hissə-hissə ödənişlər edir. Buna görə də faiz məbləğinin yenidən hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə müvafiq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməsini xahiş edərək izahatında bildirdi ki, cavabdeh tərəfindən banka 586191,67 manat məbləğində ödəniş edilmiş, lakin ödənilən pullar bütünlüklə faiz borcuna silinmişdir. Əsas borcun isə məbləğində dəyişiklik olmamışdır. Cavabdeh tərəfindən ödənilən məbləğdən müqavilənin bitdiyi tarixə olan faiz məbləği silindikdən sonra yerdə qalan məbləğ əsas borcun məbləğindən silinməli idi. İddiaçının nümayəndəsi X6 isə apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)- 4136/2012 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 27 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik 17 faiz dərəcəsi ilə 12 ay müddətinə 900000 manat məbləğində kredit verilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Apelyasiya icraatı zamanı təyin olunub keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 30404 nömrəli və təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1780 nömrəli rəyinə görə xx xxxx 2010-cu il tarixli 27 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh “xxxx” ASC-yə müqavilənin bitdiyi xx xxxx 2011-ci il tarixinə 900000 manat əsas borcu, 50250 manat faiz borcu, xx xxxxxxxx 2019-cu il tarixə isə 900000 manat əsas borcu və 815599,99 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 30404 nömrəli və təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1780 nömrəli rəylərinə əsasən, Cavabdeh tərəfindən banka xx xxxxxxxx 2019-cu il tarixədək 586191,67 manat məbləğində edilmiş ödəniş bütövlükdə faiz borcundan silinmişdir. Həmin 586191,67 manat pulun 101191,67 manat hissəsi müqavilə müddətində, 485000 manat hissəsi isə müqavilədən sonrakı müddətdə ödənilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəylərindən görünür ki, Cavabdeh tərəfindən xx xxxx 2010-cu il tarixdən müqavilənin başa çatdığı xx xxxx 2011-ci il tarixə qədər 101191,67 manat ödəniş edilmiş, həmin ödənişlərin hamısı faiz borcuna silinərək kredit müqaviləsinin bitdiyi tarixə, yəni xx xxxx 2011-ci il tarixə olan əsas borcu 900000 manat, faiz borcu isə 50250 manat təşkil etmişdir. Müqavilə bitdikdən sonra xx.xx.2016-cı il tarixədək isə Cavabdeh tərəfindən banka 485000 manat məbləğində pul ödənilmiş, həmin ödənişlərin də hamısı faiz borcuna silinmişdir. Halbuki, müqavilə müddəti başa çatdıqdan sonra kredit müqaviləsi üzrə faizlər hesablana bilməzdi. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən müqavilə müddəti başa çatandan sonra ödənilən 485000 manat puldan ilk növbədə faiz məbləği silinməli, qalan pul isə əsas borcdan çıxılaraq ödənilməli məbləğ müəyyən edilməlidir. Beləliklə, Cavabdeh xx xxxx 2010-cu il tarixli 27 saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 900000+50250-485000=465250 manat əsas borcu qalmış olur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyləri ilə kredit borcunun məbləği düzgün müəyyən edilmədiyinə görə həmin rəylər əsas və faiz borcunun müəyyən edilməsində nəzərə alınmamalı, apelyasiya şikayəti qismən əsaslı olduğuna görə qətnamə dəyişdirilməli, Cavabdeh 465250 manat məbləğində əsas borc tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)- 4136/2012 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 465250 manat məbləğində əsas borc tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun 10 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 15 manat pul cavabdehə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat pul tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar