Məhkəmə qərarları › İş №2(103)-3672/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3672/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3672/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iş üzrə icraat xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı Cavabdeh 8200 manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 manatın tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı Cavabdeh 8200 manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 manatın tutularaq İddiaçı ödənilməsi barədə iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən təsdiq etdiyi icra qeydinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində rəsmiləşirilmiş 3M-14 reyestr nömrəli Kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 8200 manat 00 qəpik (səkkiz min iki yüz manat sıfır qəpik) və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 25 manat 00 qəpik (iyimi beş manat sıfır qəpik), cəmi 8225 manat 00 qəpik (səkkiz min iki yüz iyirmi beş manat sıfır qəpik) pul tutulmalıdır. Göründüyü kimi, tələb Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş icra qeydinin icrası ilə bağlıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab etmişdir ki, hazırki iddianın icra vərəqəsinin icrası ilə bağlı olduğunu nəzərə alaraq iddianın mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də iddiaçının hazırki iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyim iddia ərizəsi tərəflər arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən, borc pulun cavabdehdən alınıb ona verilməsi ilə əlaqədardır. İddia ərizəsinin mahiyyətini və məzmununu tənzimləyən Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.3-cü maddələrinə görə iddia ərizəsi iddianın predmetini, iddiaçının tələblərini, onların öz tələblərinin əsası kimi istinad etdiyi faktları və halları əhatə etməlidir. Məlumdur ki, iddianın predmetinin və əsaslarının hüquqi təbiətini nəzərdən keçirilməsi məsələnin düzgün həlli üçün əhəmiyyətlidir. Çünki,mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının mənasına görə iddianın predmeti iddianın elementlərindən biri olmaqla, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən yaranan maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə, mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan tələbi və ya tələbləri başa düşülür. Həmçininqeyd edilməlidir ki, iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə, iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar və hallar başa düşülür. İddiaçının tələblərinin əsasını o hüquqi faktlar və hallar təşkil edir ki, iddiaçı öz tələblərini əsaslandırmaq üçün onlara istinad edir. Bu faktlar tərəflər arasındakı maddihüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı olur. İddianın hüquqi əsası dedikdə, iddiaçının öz tələblərini əsaslandırmaq üçün istinad etdiyi faktların və halların aid olduğu hüquq münasibətlərinə və həmin münasibətləri tənzim edən hüquq normalarına istinad edilməsi başa düşülür. İddia tələbinin predmeti cavabdehə verdiyi borc pulun qaytarılması barədədir, iddianın əsası isə cavabdehlə aralarında notariat qaydasında təsiqlənmiş kredit müqaviləsinin mövcudluğu və cavabdehin borcunu qaytarmaması ilə əlaqədardır. Hazırkı mübahisəyə məhkəmədə baxılanda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc münasibətlərini tənzimləyən müvafiq normalarına istinad edilməlidir. İşə baxan hakim qərardadda iddia tələbinin predmetini yanlış olaraq, icra vərəqinin yəni, notariusun icra qeydinin icrası ilə bağlı olduğunu göstərmişdir. Ona görə də bu halda məhkəmənin qərardadı qanuni və əsaslı sayıla bilməz. Məlum olduğu kimi,məhkəməyə daxil olan iddia ərizəsi hökmən daxil olduğu gün qeydiyyata alındıqdan sonra baxılması üçün hakimə verilir və bu zaman həmin iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi həll edilməlidir. Qeyd edilməlidir ki, MPM-nə görə iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanmasının qeyri-mümkünlüyü anlaşılır. Mülki işdən görünür ki, işə baxan hakim iddia ərizəsinin mümkün hesab edilməsi barədə qərardad qəbul etmişdir. Bundan başqa, mülki məhkəmə icraatının bundan sonrakı mərhələsində yəni, işin məhkəmə baxışına hazırlanması mərhələsində MPM-in 170.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllənin 254-cü maddəsində müəyyən edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin qeyd edilməlidir ki, işə baxan hakim məhkəmə baxışına hazırlanması mərhələsində də MPM-in 261.0.1-261.0.3-cü maddələrində göstərilən əsaslar olduqda, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edə bilərdi. Göründüyü kimi, işin məhkəmə baxışına hazırlanması mərhələsində də iddia ərizəsı üzrə başlanmış icraata xitam verilməsi barədə qərardad qəbul edilməmişdir. Mülki işin məhkəmə baxışı mərhələsində isə məhkəmənin təşəbbüsü ilə MPM-in 261.0.1-ci maddəsinə əsaslanmaqla iş üzrə icraata xitam verilməsi halı nəzərdə tutulmamışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1490/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir.

7. İddiaçı yenidən şikayət verərək eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi və apellyasiya şikayəti 2(011)-7028/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində qeyd edilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçı hazırkı iddia tələbində Cavabdeh borc olaraq vermiş olduğu puldan qalan 8200 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən ona istinad etmişdir ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən borcun cavabdehdən tutulması barədə icra qeydi verildiyi üçün işə məhkəmədə baxıla bilməz.

15. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 may 2023-cü il tarixli, 17/74№195972/13 nömrəli məktubda qeyd edilir ki, Bakı Şəhəri 36 saylı Notariat Kontorunun 8İ-2420 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 25 manat, 8200 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi Xətai rayon İcra şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını könüllü qaydada təmin etməmişdir. İcra sənədinin icrasının təmin edilməsi üçün borclunun mülkiyyətində olan əmlakların müəyyən edilməsi üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Alınmış cavablara əsasən Cavabdeh məxsus “Renault Megane” minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı,“Renault Megane” minik markalı **-HH-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Verna” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobillər barəsində axtarış elan olunduqdan sonra üzərinə həbs qoyulması üçün təqdimatla Xətai rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(011)-252/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən “Hyundai Verna” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qərardad icra olunması üçün xx.xx.2023-cü il tarixdə AR DİN BDYPİ-nə göndərilmişdir. İcra sənədi nəzarətdə saxlanılır.

16. Hazırkı işin materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri 36 saylı Notariat Kontorunun borc məbləği ilə bağlı icra qeydi üzrə 8İ-2420 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmiş və icra sənədi üzrə icra hərəkətləri aparılmışdır və icra qeydi nəzarətdə saxlanılır.

17. “Notariat haqqında” Qanunun 78-ci maddəsində qeyd edilir ki, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən pul tələbinin tutulması barədə iddia tələbinə məhkəmədə baxılması cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan borcla bağlı daha bir icra sənədinin verilməsi ilə nəticələnəcəkdir, bu isə qanunvericiliyin tələbinə uyğun deyil. İcra qeydinə əsasən icra sənədi icra məmurunun icraatında olduğundan eyni tələbə məhkəmədə baxıla bilməz.

19. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur və qərardad formal mülahizələrə görə ləğv edilməməlidir.

20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar