Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3673/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc müqaviləsi üzrə pul tələbi, transfer ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-971/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 20.000 manat borc pul vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat pul, hüquqi yardıma görə ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 20.000 manat pulu cavabdehə borc qismində vermişdir. Müqavilə öhdəliklərinə əsasən cavabdeh sözügedən borc məbləğini xx.xx.2024-cü ilədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-971/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilərək Cavabdeh 20.000 (iyirmi min) manat, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu olaraq ödənilmiş 150 (yüz əlli) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 739 və 740.2-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Beləliklə müəyyən olunur ki, iddiaçı (borc verən) İddiaçı ilə cavabdeh (borc alan) Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 20.000 manat pulu cavabdehə borc qismində vermişdir. Müqavilə öhdəliklərinə əsasən cavabdeh sözügedən borc məbləğini xx.xx.2024-cü ilədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə öhdəliyinin icrasının təmin edilməsinin sübut edilməsi yükü cavabdehin üzərindədir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki proses iştirakçıları (xüsusilə cavabdeh) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı əsasları hazırda müəyyən edilmir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh 20.000 (iyirmi min) manat pul, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu olaraq ödənilmiş 150 (yüz əlli) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 115.0.6, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-971/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat pul, hüquqi yardıma görə ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 20.000 manat pulu cavabdehə borc qismində vermişdir. Müqavilə öhdəliklərinə əsasən cavabdeh sözügedən borc məbləğini xx.xx.2024-cü ilədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli İş № 2(004)-971/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 20.000 (iyirmi min) manat, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu olaraq ödənilmiş 150 (yüz əlli) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, o, iddia tələbini qəbul etmir və qətnamə ilə razı deyil. Çünki aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Əslində aralarında işlə bağlı müqavilə bağlanmalı idi. Lakin iddiaçı onu aldadaraq borc müqaviləsi bağlayıb. Bu aralarında olan səs yazıları ilə də öz təsdiqini tapır. Həmin səs yazısında iddiaçı bunu etiraf edir. Birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından, o, səs yazısını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə zamanı o, həmin səs yazısını məhkəməyə təqdim edəcək. Məhkəmə bütün bunları aydınlaşdırmadan aralarında olan kredit müqaviləsinə əsasən qətnamə qəbul etmişdir. Müqavilədə göstərilən məbləğ iddiaçı tərəfindən ona verilməmişdir. Aralarında kredit müqaviləsi bağlansa da, müqavilə üzrə borc verən hesab edilən iddiaçı müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş 20.000 manat məbləğində pul vəsaitininin ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən onun iştirakı təmin olunmadığından o, iddia tələbinə etirazını vermək hüququndan da məhrum olmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında“ Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri və eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.05-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarxili Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn: bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilə bağlandığı (imzalandığı) anadan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavildən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirmə öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmaq öhdəliyi əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yuxarıda qeyd etdiyi kimi aralarında bağlanmış borc müqaviləsində göstərilən məbləğ ona verilməmişdir. Müqavilə üzrə məbləğ ona verilməmişdir. Müqavilə üzrə borc verən müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş pul vəsaitini ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Ona görə də onun iddia tələbi təmin oluna bilməz. Həmin müqavilənin bağlanmasına əsas olan hallar isə hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin ona verilməməsi təşkil edir. Ona pul verilmədiyi halda ondan pul tələb olunması qanunsuz və əsassızdır. Məhkəmənin isə işi araşdırmadan, məhkəmədə onun iştirakını təmin etmədən belə nəticəyə gəlməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, həmin müqavilə formal olaraq bağlanmışdır. Əslində isə işlə bağlı müqavilə bağlanmalı idi. Hazırkı vəziyyətdə iddiaçı hüquqdan sui-istifadə edərək, aralarında olan müqaviləyə əsasən məhkəməyə müraciət edərək, əsassız olaraq valanmışdır. Qanunun tələbinə görə də hüquqdan sui-istifadə yolverilməzdir. MPM-nin 4.1ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsi əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə maddi hüquq normalarını pozmuş və iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir. Əgər hazırkı qətnamə qüvvədə qalarsa, o zaman iddiaçı hüquqdan sui-istifadə edərək, əsassız olaraq varlanmış olacaq. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdeh Türkiyə vətəndaşıdır və saç ustasıdır. Cavabdeh əvvəl iddiaçının icarəyə verdiyi bir yerdə icarə haqqı 500 manata olmaqla öz yoldaşı ilə birlikdə işləmişdir. Cavabdehin müştərisi çox olduğundan iddiaçı ona transfer müqaviləsi bağlamağı təklif etmiş və onlar müqavilə bağlamaq üçün notariusa gediblər. Sonradan artıq müqavilə borc müqaviləsi kimi bağlanmışdır. Halbuki bu müqavilə borc yox, tərəflər arasında transfer müqaviləsi bağlanması, qazancın bərabər bölünməsi, bunun müqabilində iddiaçının cavabdehə 20.000 manat məbləğində pul vəsaitinin verilməsi barədə razılıq olmuşdur. Bu məbləğ borc kimi cavabdehə verilməmişdir. İddiaçı cavabdehin müştərisinin, gəlirinin çox olmasını görüb belə təklif irəli sürmüşdür. Cavabdehin 9 ay fəaliyyəti nəticəsində 26.000 manata yaxın vəsait iddiaçıya verilmişdir. Cavabdeh notariusda iddiaçıya deyib ki, transfer müqaviləsi bağlamışdın niyə borc müqaviləsi bağlayırsan? Pul cavabdehə borc olaraq verilməyib. Cavabdeh gün ərzində ən azı 80 manat, ən çoxu 400-500-600 manat qazanc verib iddiaçıya. Birinci instasiya məhkəməsində iştirak etmədiklərindən şahidlər barəsində məhkəməyə hər hansı məlumat verə bilməmişlər. Anoloji bir iş də hal-hazırda məhkəmənin icraatındadır. Səbinə həmin işdə də eyni əsasla 8.000 manat məbləğində pul vəsaitini həmin iş üzrə cavabdeh Kamilə vermişdir. Cavabdeh Aytac Kamil ilə salonda birlikdə işləmişlər. Kamilin işinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq yekunlaşmış, tərəflər arasında borc deyil, transfer barədə razılaşmanın olması öz təsdiqini tapmışdır. Həmin işdə iddiaçı ilə Kamil qazanılmış məbləğin xaricində çatışmayan hissənin Kamil tərəfindən iddiaçıya ödəniləcəyi barədə razılaşmışlar. Tərəflər arasında olan razılıq adından bəllidir ki, transferdir. İddiaçı 20.000 manatı verərək risk edir. 20.000 manatı itirə də bilər, artığını da qazana bilər, yarısını da qazana bilər. İddiaçı görür ki, cavabdehin müştərisi çoxdur. Görür ki, onun gündəlik 200, 300, 500 manat qazancı var. Ona görə risk edib, 20.000 manat cavabdehə verir. Burada elə hesablayanda cavabdehin dediyi kim 24.000 manata yaxın pul qazanılıb. İddiaçı adını borc müqaviləsi qoyub, cavabdehin daha yaxşı usta olmasını görüb onun qaçışını əngəlləyir ki, yəni onu əlindən çıxarmır. Onsuz da belə ustaları əlbəəl gəzirlər ki, onun müştəri bazası var, ondan istifadə edib pul qazanırlar. Hətta tərəflər arasında transfer müqaviləsi bağlansa idi belə, transfer müqaviləsinin şərtində bunun qarşısına öhdəlik qoya bilməzdi ki, 20.000 manatın qarşılığında 40.000 manat qazandırılmalıdır. Belə bir öhdəlik qoysaydı cavabdeh razılaşmazdı. Çünki cavabdehin 9 ay ərzində 48.000 manat qazancı olub və onun 24.000 manatını iddiaçıya qazandırıb. Aytaç qazancını hesablayıb, 22.519 manat iddiaçıya çatıb. O qədər də Aytaça qalıb. Bu transferdir. İddiaçının deməsi ilə deyil, müqaviləni 1 illik bağlaya bilirdisə, 2 illik, 3 illik də bağlaya bilərdi. Məntiqə sığmır ki, cavabdeh borc götürsün, gündəlik qazancını da iddiaçıya versin. Əgər gündəlik qazancını verəcəksə elə borcunu qaytarardı. Qazanc hesablansın cavabdeh iddiaçıya 20.000 manatdan az qazandırıbsa onlar qalan hissəni iddiaçıya qaytarılması ilə razıdırlar, lakin onlar iddiaçıya 22.000 manat pul qazandırmışlar. Məhkəmə kollegiyasının iclasında cavabdeh Tümen Aytac izahatında göstərmişdir ki, o, 13 yaşından bu işlə məşğuldur, 10 ildir Azərbaycanda işləyir, ümumilikdə 17-18 ildir ki, qadın saç ustası kimi fəaliyyət göstərir. Əvvəl iddiaçı Səbinə xanımın obyektində otaq icarəyə götürmüş, öz bazası, öz müştəriləri olmuş, hər ay iddiaçıya 500 manat icarə haqqı ödəmişdir. 2-3 ay işlədikdən sonra iddiaçı onun müştərilərinin olmasını, işlərinin yaxşı getməsini görüb ona 20.000 manat ödəmək qarşılığında 1 il müddətinə öz salonuna transfer olunmasını təklif etmişdir. O, Səbinənin təklifi ilə razılaşmışdır. Səbinə ona 20.000 manatı borc olaraq deyil, salona transfer olunub 1 il müddətində işləməsi qarşılığında verdiyi halda notariat ofisində iş müqaviləsi deyil, onunla borc müqaviləsi bağlamışdır. Razılığa görə 1 il transfer müddətində o, öz müştərilərindən, Səbinənin verdiyi müştərilərdən əldə etdiyi qazancı Səbinə ilə yarıya bölməli idi. O, 9 ay müddətində Səbinənin yanında işləmiş, işdən çıxmaq fikri olmamış, müştəriləri göstərdiyi xidmətə görə ödənişləri salonun kassasına, karta və ya nəqd olaraq ödəmiş, o da, Səbinə də, öz dəftərlərində gündəlik qazancları barədə qeydlər aparmış, ümumi məbləğdən salonda istifadə kosmetik məhsulların dəyəri çıxıldıqdan sonra gəlir yarıya bölünmüş, işlədiyi müddətdə o, Səbinəyə 20.000 manatdan çox qazanc vermişdir. 9 ay yarımdan sonra o, Səbinəyə otaq boşaldığı halda 3 aydan sonra yenə otağa keçib öz işini işləmək istədiyini bildirmiş, Səbinə isə ona «sənə verdiyim pulun ikiqatını mənə qazandırmamış buradan gedə biləcəyini fikirləşirsən?» demişdir. Bundan sonra münasibətləri pozulmuş, o, bütün əşyalarını toplayıb salondan getmişdir. Onun salonda işlədiyi vaxta onunla birlikdə 3 nəfər salona transfer olunmuş, onlardan biri Kamil olmuşdur. Kamil ilə Səbinə arasında 8.000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. O, iddiaçıya borc müqaviləsindən imtina etməsini, onun qalan 3 ayı işləməsini təklif etmiş, lakin iddiaçı onun təklifi ilə razılaşmamışdır. Hesab edir ki, onun iddiaçıya borcu yoxdur. Ona verilən pulun artığını iddiaçıya qazandırmışdır. Aralarında verilmiş pulun iki qatının qazanılacağı barədə danışıq olmamışdır. Həyat yoldaşı salonda işləsə də, onunla rəsmi qaydada müqavilə bağlanmamışdır. O, salonda işlədiyi dövrdə avtomobil almış, lakin avtomobil almasına görə kimdənsə borc istəməmişdir. İddiaçı ilə aralarında qətiyyən belə bir söhbət olmamışdır. Həmçinin təqdim etdi səs yazısı ilə onların iddiaçıdan borc almadıqları, transfer olunaraq iddiaçının yanında işləmələri təsdiq olunur. O, notariat ofisində olmuş, 20.000 manat pulu Səbinədən aralarında olan transfer razılığı ilə bağlı almışdır. Səbinə onun işini görüb özü ona birgə işləməyi təklif etmişdir. Kimsə ona pul vermədikdən sonra niyə gedib öz müştəri bazası ilə o, kiminsə yanında işləyib ona xeyir verməli idi. O, transfer olunarkən müqavilə bağlayanda pulu banka qoyub çıxararkən iddiaçı ona pulun yarısını borc aldığını demişdir. Ona görə də, ona 20.000 manatın yarısını verib, qalan hissəsini də 3-5 günə, 1 həftəyə verəcəyini dedi. İddiaçı ilə aralarındakı yazışma onun qalan pulu istəməsindən qaynaqlanır. Onlar bankda olarkən iddiaçı ondan transfer olunması üçün verdiyi pulun yarısını istəmiş, onlarda vermişlər. İddiaçı pulu tez qaytarmalı idi, amma müddət uzandığına görə o, iddiaçıya yazmışdır ki, qalan pulu ala bilsin. O, transfer olunduqdan 3 ay sonra özünə maşın almışdır. O, iddiaçıya deyil, iddiaçı ona qalıb onunla işləsini təklif etmişdir. Çünki onun müştəriləri çox olmuşdur. Ona görə də, o, salondan çıxdıqdan 1 həftə sonra obyekt müflis olub. İddiaçının özü də dediyi kimi o, borc müqaviləsinə qol çəkmək istəməmişdir. Çünki onu notariusa iş müqaviləsi bağlamaq üçün aparmışdılar. O, qallıb işləyəcəyi üçün müqaviləni imzalamışdır. Amma razılaşmaları onun 1 il işləsi idi. O, 9 ay 15 gün - 9 ay 20 gün işləmişdir. Onun 1 il dolmadan çıxmasının səbəbi aralarında münaqişənin olması olub. Belə ki, orada onun haqqı yeyilir, öz müştəri, öz işi olduğu halda onun qazanmalı olduğu pul ona verilmirdi. O, ortalama illik 30.000- 40.000 manat pul qazanmasını iddiaçı bilirdi. Üstəlik bu hal onun uşağının doğulacağı dövrə təsadüf elədi. Düşünürdü ki, bu pulu niyə götürməsin, onsuz gedib o salonda da yenə pul qazanacaqdır. O, müqaviləni imzalayarkən şərtlərini oxumuşdur. O, 1 il dolmadan getsə də iddiaçının ona verdiyi pulu artıqlaması ilə ona geri qaytarmışdır. O, öz müştəriləri ilə də iddiaçıya pul qazandırmışdır. İddiaçı isə ona kifayət qədər müştəri verməmişdir. Onun haqqı yeyildiyinə görə o, salondan çıxmışdır. Öz istəyi ilə çıxmamışdır. O, halda pulu geri qaytarardı ki, iddiaçıya 20.000 manatdan çox pul qazandırmazı. O, salonda işçi kimi götürülsə də, vergi ödənişini iddiaçıya özü ödəmişdir. O, 28 oktyabr 2023-cü ildən salonda işləməyə başlamış, 2024-cü ilin avqust ayında işdən çıxmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, apellyasiya məhkəməsinin icraatında olan iddiaçının başqa bir işi ilə bağlı yekun məhkəmə aktı çıxıb, qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından qüvvəyə minmişdir. İddiaçı özü həmin məhkəmə iclasında iştirak etmişdir. Orada deyilib ki, guya iddiaçı gözəllik salonu işlətdiyi dövrdə cavabdehə həmin salonda gəlib işləməsi üçün pul verilib. Bu çox absurd məsələdir. Onlar bununla bağlı məhkəməyə sübut da təqdim etmişlər. Məhkəmə iddianı qismən təmin edib, 8.000 manat borcu ikiyə bölmüşdür. Əgər işə o prizmadan baxılırsa ki, cavabdehi iddiaçı həqiqətən salona transfer edib, bu halda məhkəmə iddianı ümumiyyətlə təmin etməli deyildi. Borc kimi tanınılrsa bu halda necə müəyyən edilib ki, bu borc 8.000 manat deyil, 4.000 manatdır. Tərəflər arasında borc münasibətləri var. Bağlanmış müqavilə isə notarius tərəfindən təsdiq edilmiş kredit müqaviləsi formasında rəsmiləşdirilib. Cavabdeh özünə avtomobil almaq üçün iddiaçıdan pul istəyib. Bununla bağlı da cavabdehin özünün iddiaçıya yazdığı sms sübut kimi məhkəməyə təqdim edə bilər. Mesajda cavabdeh bildirir ki, ayın 15-i sürücülük vəsiqəsi hazırdır. Yəni, cavabdeh pulu avtomobil almaq adı ilə Səbinədən almışdır, bunun digər heç bir məsələyə aidiyyəti yoxdur. Səbinə salon işlədib, salonun da işləmə qaydaları var. Məsələn 10 manat gün ərzində qazanc olacaqsa, onun 5 manatı Səbinənin, 5 manatı da cavabdehin olmalıdır. İddiaçı ilə cavabdeh birlikdə təxminən 8-9 ay işləmişlər. Onlar aralarında olan razılığa əsasən gəliri bərabər bölməli idilər. Borc 2023-cü ildə verilmişdi və 2024-cü ildə qaytarılmalı idi. 6 noyabrda müqavilə müddəti bitib, 1 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilib. Cavabdeh salonda işləyərkən iddiaçı ilə aralarında xidmət müqaviləsinin və ya əmək müqaviləsinin olub-olmadığını o, bilmir. Cavabdehin yoldaşıda salonda işləmiş, onunla iddiaçı arasında müqavilə bağlanmamışdır. İddiaçı bildirir ki, transferlə bağlı danışıq olmayıb. Salonda əldə edilən gəlirlərin kassaya daxil oması qaydası haqqında onun məlumatı yoxdur. Onun tələbinin hüquqi əsası əlindəki borc müqaviləsidir. İddia qaldırıb ona əsasən pulunu tələb edir. Qarşı tərəf məhkəmədə iştirak edib buna əks arqument gətirməyib. Notarial qaydada təsdiq edilmiş müqavilədir, məhkəmə onsuz da həmin əqdin etibarlı olub-olmamasına hüquqi qiymət verir. O, hüquqularını müdafiə etdiyi şəxslə müqavilə bağlayarkən borc müqaviləsini görmüş, ona transfer, salon barədə deyilməyib, bu məsələlər apellyasiya şikayətində ortaya çıxıb. Ona görə də, onlar heç zəruri hesab etməyiblər ki, telefonda yazışma gətirib faktı sübut etsinlər. Əgər qarşı tərəf gəlsəydi, mübahisələndirsəydi onlar da sübutlarını təqdim edərdilər. Yazışmanı iddiaçı ona göstərmişdir. Cavabdehlə arasında olan yazışmadır, deyilir ki, 5.000 manatı indi ver, 15.000 manatını da maşını alanda verərsən. Kağızda yoxdur, amma telefonda var. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında göstərmişdir ki, Aytaç onlara məxsus “Sabi beauty lab” salonda saç rəngləmə ustası işləmişdir. Əvvəlcə Aytac 3-4 ay otağı icarəyə götürüb işləmişdir. Dövlət qeydiyyatında “Sabi beauty lab” Gözəllik Mərkəzi kimi qeydiyyatdan keçmişdir. Həmin obyekt ona məxsus olmuş və o, salonun rəhbəri olmuşdur. Obyekti 2022-2023-cü illərdə Günel Vəlizadədən icarəyə götürüb salon kimi işlətmişdir. Bununla bağlı hansısa əmr və ya qərar olmamış, əvvəlcə o, inzibatçı işləmiş, sonra da obyekti icarəyə götürüb salon açmışdır. O, əvvəl işlədiyi salonda Əliyeva Kəmalə ilə əmək müqaviləsi bağlamaqla işləmiş, hazırda işlətdiyi salonla bağlı o, sahibkar kimi qeyiyyatdan keçmiş, vergi ödəyicisidir. Salonu icarəyə götürdükdən sonra o, salona işçilər cəlb etməyə başlamış, boya götürdüyü firmalara ona işçi lazım olmasını demiş, firmada işləyən Fəridə xanım vasitəsi ilə Aytaçla tanış olmuşdur. Aytaç ona icarəyə otaq götürmək istədiyini bildirmişdir. O, Aytaca salona baxmasını demiş, təxminən 2023-cü ildə Aytaç salona baxmışdır. İki mərtəbəli olan salonda ümumilikdə 7-8 otaq olmuş, hər otağın öz işçisi olmuşdur. Saç rəngləyən ustalardan tutmuş manikür edənlərə qədər hər otağın işçiləri var idi. Aytaç salona baxıb bəyənərək otaq istəmişdir. O, otağın güzgüsü də daxil nə lazım idisə təmin etmişdir. Aytac 4 ay həmin otağı icarəyə götürüb işlətmiş, hər ay 500 manat icarə haqqını ona ödəmişdir. Ona edilən ödənişlər onun özünə aid olmuşdur. O, 4 ay sonra salonu genişləndirmək üçün işçilər götürmək istəmiş, buna görə Aytaça onunla işləməyi təklif etmiş, Aytac ona 20.000 manat verəcəyi halda onunla işləməyə razı olmasını bildirmiş, o, da razılaşıb 20.000 manatı Aytaca vermiş, amma bildirmişdir ki, onun şərti odur ki, «siz mənimlə işləyəcəksiniz». O, Aytacın yaxşı usta olmasını, tərbiyəli olmasını, müştərilərin ondan razı olmasını görüb, ona da müştərilərin salondan razı getmələri lazım olduğundan razılaşmışdır. Onlar “Ferrum” kredit təşkilatı ilə əməkdaşlıq etdiklərindən, kredit götürə bilmədiklərindən Aytaçla razılaşarkən ona 20.000 manat verəcəyini demiş, Aytac da avtomobil və sürücülük vəsiqəsi almalı olmasını, yəni 20.000 manata ehtiyacı olmasını demişdir. Onun şərti olmuşdur ki, Aytac onu qoyub getməyəcəkdir. Yəni 1 il, 2 il hər neçə il olursa olsun, onlar bir yerdə işləməli idilər. Əgər Aytacın gedəcəyi halda o, 20.000 manatı Aytacdan alacaqdı. Aytaç onun borc müqaviləsini bağlamağı təklif etdiyinə görə borc müqaviləsini imzalamaq istəməmişdir. Sonra Aytacın həyat yoldaşı Xəyalə Aytaça narahat olmasına səbəbin olmamasını, müqaviləyə qol çəkmələrini, 1 il də, 2 il də, 3 il də işləmələrini, Səbinənin öz müştərisi, onların öz müştəriləri olmalarını demişdir. O, özü də, həvəslənmiş, düşünmüşdür ki, işləri genişləndirər, başqa yerdə də filial açarlar, işləri də bu qaydada davam edirdi. Aytaçla işlədikləri müddətdə gündəlik nə qazanc əldə edilirdisə istifadə olunan kosmetik vasitələrin qiyməti çıxıldıqdan sonra yerdə qalan vəsait Aytaçla aralarında bərabər hissələrdə bölünürdü. Qazanc bütövlükdə kassaya vurulmurdu, Aytaç öz haqqını gündəlik götürürdü, qalan hissə kassaya vurulurdu. Yəni 400 manat qazanılırdısa, onun 200 manatını Aytaç bəy götürürdü 200 manatı isə kassaya vurulurdu. Onda gündəlik əldə olunan qazancların yazıldığı dəftər var idi. O dəftərdə gündəlik hansı saç ustası nə qədər qazanc əldə edir, onun hansı hissəsini xərclər təşkil edir və nə qədəri kassaya vurulur qeyd olunurdu. Aytaçla bağlanılan borc müqaviləsinə görə Aytac salonda 1 il işləməli idi. Amma onların şərti var idi ki, Aytac 1 il də işləyəcək, 2 il də işləyəcək. Hətta demişdi ki, 1 il, 2 il sonra getsə belə 3 ay, 6 ay əlavə işləyəcəklər ki, halallıq olsun. İndi salon mühütü elədir ki, razılaşmaya baxmayaraq başqa salon daha yüksək məbləğ təklif edəndə usta dərhal o salona qaçır. Ona görə də, onun şərti o idi ki, onlar onu qoyub getməyəcəklər. Əgər getsələr o, 20.000 manatı onlardan alacaqdı. Yenə deyir, Aytaç istədi ki, borc müqaviləsinə imza atmasın. Amma yoldaşı bildirdi ki, heç nə olmaz onlar onsuz heç yerə gedən deyillər, qaçan deyillər. Aytaç 6-7 ay işlədikdən sonra getdi. Getdiyi gün onun nəvəsinin ürək əməliyyatı var idi. O, Mərkəzi Klinikadan gələrkən əsəbi yerində də deyildi. Aytaç onunla danışmaq istədiyini demiş, onun əhvalı olmasa da, mətbəxə keçib çay içərək söhbət etmişlər. Aytac dünənki qaynağı neçəyə gətirildiyini soruşmuş, o, 700 manata gətirdiyini bildirmiş, O, qaynağı illərdir əməkdaşlıq etdiyi adamlardan alır, ona görə də, onlar qaynağı ona öz qiymətindən 15-20 manat aşağı qiymətə verirlər. Bu pul da müştəri ilə aralarında kredit münasibəti olduğuna görə pul ona dərhal verilmir. O, “Ferrum” kredit təşkilatına gedir, kredit götürür, pul 10-15 günə onun hesabına köçür. Amma o, ustanın pulunu və saçın pulunu öz büdcəsindən nəğd olaraq vermişdir. Həmin pul da onun hesabında göründüyünə görə ondan vergi tutulur. Ona görə də, o, vergi pulunu həmişə kənara qoyur ki, bunun müştərilərə ya da ustalara aidiyyəti yoxdur. Sağ olsun Aytaç 20 manata görə aralarında söz-söhbət oldu, dedi ki, salondan çıxır. Bundan sonra o, Aytaca 20.000 manat pul verməsini, oturub işləməli olmasını demişdir. Aytac yox deyib, getmişdir. Müqavilə vaxtını 1 il qoysalarda şifahi olaraq şərtləşmişlər ki, onunla 2 il də işləyəcək, 3 il də işləyəcəklər. Hətat Aytac demişdi ki, müddət bitdikdən sonra əlavə olaraq 3 ay, 6 ay da işləyəcək ki, qoy halallıq olsun. Aytac onun verdiyi 20.000 manata sürücülük vəsiqəsi, maşın alıb. 20.000 manat Aytaca 1 il işləməsinə görə verilməyib. Demişdi ki, maşın alıram, ona görə verilib. Bu şərtlə salonda o, Kamil ilə də müqavilə bağlamışdır. Kamil də maşın almaq üçün pulu ondan almış. O, Kamil və Aytaçın səs yazılarını dinləmişdir. Kimə nə sərf edibsə onu da qeydə alıb. Bilsəydim ki, belə stiuasiya yaranacaq, o, da pulu verərkən onların səslərini yazardı. Qeydə alardı ki, ondan pulu maşın almaq şərti ilə alırlar. O, ustaları işçi kimi götürmüş, hamısının əmək müqaviləsi vardır. Sistemdə yerləşdirilib. Aytac yaxşı usta idi, uzun illər Aytaçla işləyə bilərdir. Lakin Aytac onu müflis etmiş, borca-xərcə salmış, Aytac maşın almaq üçün pul istədiyindən kredit götürmüşdür. Onun Aytaçla danışıqları başqa olub, Aytacla 2 il, 3 il işləsəydilər də, o, verdiyi pulu geri tələb edəcəkdi. O, 20.000 manatı Aytaç bəyə maşın üçün vermişdir. Belə çıxır ki, ondan 40.000 manat qazanır, o, isə veridyi pulu 10 manat -10 manat geri alır. Onda onun burda qazancı nə oldu. Onların qazancla bağlı razılaşmaları əllinin əlliyə bölgü idi. Amma 20.000 manatın buna aidiyyəti yoxdur, o, pulu borc olaraq vermişdir. O, 20.000 manatı Aytaça borc olaraq vermişdir. Maşın almaq, sürücülük vəsiqəsi almaq istəyib deyə borc vermişdir. Aytaca demişdir ki, onu 1 il sonra qoyub getməyəcəkdir, getsə o pulu geri tələb edəcəkdir. Əgər Aytaç getməsəydi, 3 il, 5 il onunla işləsəydi o pulu Aytacdan geri istəməyəcəkdi. Aytaça borc pulu verdikdən sonra icarəçi kimi işləməsini yox, onunla işləməsini ona görə istəmişdir ki, salon sferasında yaxşı usta tapmaq olmur. İstəyirdi ki, gələn müştərilər ondan razı getsin, Aytaçın əl qabiliyyəti yaxşı idi. Ona görə də, Aytaca demişdir ki, ona pulu qalıb onunla işləyəcəyi şərti ilə verir. Əgər işləməsə o pulu geri alacaqdır. Bu gün də Aytac işləməyib çıxıb getdiyinə görə o, öz pulunu geri istəyir. Aytaçın rəsmi əmək müqaviləsi var idi, işçi kimi götürmüşdü, çıxan günündən də müqaviləsinə xitam vermişdir. Aytaçın onlarla dəqiq neçə ay işlədiyini bilmir. Hər neçə ay işləyibsə də sistemdən çıxarıb verə bilər. Kamillə bağlı olan digər mülki iş üzrə məhkəməyə kitabça təqdim etmişlər. Həmin kitabçada bütün qazanclar qeyd olunub. Aytaç salonda işləməyə başladıqdan sonra salonda müştərilərin sayı onu qane edəcək sayda artmasına təsir göstərmişdir. Aytaç notariat ofisinə gəldikdən sonra müqaviləyə əvvəlcə ona görə qol çəkmək istəmədi ki, o, 20.000 manatı borc olaraq sürücülük vəsiqəsi, maşın almaq üçün verməsini deyib, onunla qalıb işləcəklərini, əks halda öz pulunu geri tələb edəcəyəini demişdir. Aytacın maşın almaq üçün pul istəməsi barədə telefonda yazışmaları vardır. O, dəftərində qazancları qeyd etmiş, Aytaçın haqqının yeyilmədiyi dəftərdən görünür. Aytaç elə gün olurdu ki, heç işləmirdi, elə günlər də olurdu ki, 20 manat, 50 manat, 100 manat qazanırdı. 9 ay ərzində Aytacın qazancını hesablamamışdır. Aytaçın qazandırdığı pul onu qane edirdi. Çünki Aytaçın da, onunda öz müştəriləri var idi. Müştərilərinin sayı artmışdır. O, Aytaçın qazancını bilmirdi. 9 ay ərzində özünün qazancını da o, hesablamamışdır. Aytac öz qazancını götürürdü, o, 20.000 manatı Aytaca ona görə verməmişdi ki, ona 50 manat-50 manat qaytarsın. Borc müqaviləsi başqadır, işçi ilə qazancı əllinin əlliyə bölmək başqa bir şeydir. Transferə görə sahibkar 20.000 manata görə 40.000 manat qazanmalıdır. O, cavabdehin işlədiyi aralığı səhv deyə bilər, cavabdeh neçə ay işləyibsə dəftərdə qeyd olunub, bu danılmaz haldır. Aytaçın işdən çıxdığı gündən sonra müqaviləsinə xitam verilib. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı X9 borc almamışdır. Əslində onlar arasında işçi müqaviləsinin bağlanması barədə danışıq olmuşdur. Onlar müqaviləni oxuyarkən Səbinə vergi söhbəti olmasını bildirib müqavilənin problem olmaması üçün bu formada yazılmasını demişdir. Onlar notariusa transfer, işçi müqaviləsi bağlamaq üçün getmişlər. Hələ ofisdə problem yaranmış, 10-15 dəqiqə aralarında danışıqlar olmuş, Aytac müqaviləni imzalamaq istəməmiş, borc müqaviləsinin onlara problem yaradacağını bildirmişdir. Lakin o, həyat yoldaşını Səbinənin sözlərinə əsasən razı salmış və müqavilə imzalanmışdır. Onlar salonda 9 ay işləmiş, müqavilənin bitməsinə 3 ay qalmışdır. Aytac Səbinəyə 3 aydan sonra müqavilənin bitməsini, onlar üçün bir otaq ayırmasını dediyi üçün aralarında problem yaranmışdır. O, hamilə ikən 9 ay salonda işləsə də, Səbinə onu qeydiyyata almamışdır. Xidmət göstərilən müştərilərə Aytac qəbz yazmış, müştəri kassaya yaxınlaşaraq ödənişi Səbinəyə ödəmiş, daha sonra xərclər çıxıldıqdan sonra qazanc yarıya bölünürdü. Birgə işlədikləri müddətdə Səbinə təxminən 26.000 manat qazanc əldə etmişdir. Qeydlər dəftərdə yazılırdı. Müştərilərdən pulu Səbinə və onun bacısı, salonda inzibatçı işləyən Sevinc alırdı. Səbinənin salonunda müştəri yox idi. Onların müştəri bazası Səbinənin başqa işçilərinə də xeyir verirdi, onların müştəriləri salonda lazer, kosmetoloq xidmətindən istifadə edirdilər. Səbinə bundan da qaznc əldə edirdi. Ona görə də, Səbinə onunla işləmələrini istəyirdi. Səbinə onların qazanclarına şərik olurdu. Bir ildən sonra onlar 20.000 manatı Səbinəyə qaytarmalı deyildilər. 20.000 manat onlara Səbinə ilə işləmələri üçün verilmişdir. 1 il ərzində onlar Səbinənin işçisi olub qazanclarını onunla yarı bölməli idilər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, o, Səbinəni sonuncuya məxsus “Sabi Beauty” salonunda işlədiyi üçün tanıyır. O, Səbinəyə məxsus salonda 6 ay işləmişdir. O, Səbinə ilə transfer müqaviləsi bağlamalı olsa da, aralarında borc müqaviləsi bağlanmışdır. O, əvvəl 28 May metrosu yaxınlığında yerləşən salonda işləmiş, Səbinə ona əl işlərinin xoşuna gəlməsini deyib pul müqabilində onunla işləməyi təklif etmiş, o, 1 ay işlədikdən sonra işi Səbinənin xoşuna gəlmiş, 1 ay ərzində Səbinəyə 2.100 manat xeyir vermişdir. Bindan sonra Səbinə ona müqavilə bağlamağı, onu salona transfer etməyi təklif etmişdir. Əslində aralarında transfer müqaviləsi bağlanmalı olduğu halda borc müqaviləsi bağlanmışdır. O, işləyə-işləyə həmin məbləği Səbinəyə qaytarmalı idi. İşlədiyi 6 ay ərzində Səbinəyə təxminən 5.980 manat qaytarmışdır. Sonra onun müştəriləri salonu bəyənmədikləri, Səbinə salonda istifadə olunan məhsulların dəyərini ödəmədiyi üçün münasibətləri pozulmuşdur. Müştəriləri salona gəlmədiyindən o, Səbinəyə çıxmaq istədiyini demiş, Səbinə 8.000 manatı qaytarmadan salondan gedə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, salondan getmiş, Səbinə isə məhkəməyə müraciət etmişdir. O, halallıq üçün Səbinəyə əvvəl 3000 manat, daha sonra əlavə olaraq 1000 manat təklif etmiş, notariusa gedib pulun qaytarılması barədə müqavilə bağlamağı təklif etmiş, Səbinə aralarında transfer münasibətlərinin olmasını etiraf etməmiş, onunla razılaşmamışdır. Bundan sonra o, aralarında olan danışıqların səs yazısını aparmışdır. Səbinə ona 1000 manat beh vermiş, daha sonra 8000 manat məbləğinə borc müqaviləsi bağlamış, o, Səbinəyə 5.980 manat civarında pul qaytarmışdır. Məhkəmənin qərarına əsasən o, Səbinəyə 4.000 manat qaytarmalıdır. Danışığa əsasən o, Səbinə ilə bir il işləyib qazancı yarıya bölməli idilər. Müqavilə müddəti bitdikdən sonra aldığı 9000 manatı o, Səbinəyə qaytarmalı deyildi. Ondan və Cavabdeh başqa salona bir nəfərdə transfer olunmuşdu. Bildiyinə görə daha əvvəllər iddiaçıda belə müqavilələr çox olmuşdur. Salonda Cavabdehla eyni vaxtda işlədiklərindən bilir ki, o da, qazancını yarı bölmək şərti ilə Səbinə ilə müqavilə bağlamışdır. O, salondan çıxdıqdan sonra da Aytac işləməkdə davam etmişdir. Salonda müştərilərin ödənişlərini Səbinə və bacısı Sevinc qəbul etmişdir. Günün sonunda o, kassaya yaxınlaşıraq gün ərzində görülən işin məbləğindən xərclər çıxıldıqdan sonra qalan məbləğ aralarında bölünmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında izah etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. "X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, şahid ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyindən apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 20.000 manat məbləğində pulu borc almış və həmin məbləği xx.xx.2024-cü il tarixədək iddiaçıya qaytarmaq barədə öhdəlik götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Lakin birinci instansiya məhkəməsi müqavilənin etibarlılığı məsələsinə qiymət verərkən səhv hüquqi nəticəyə gəlmiş və tərəflər arasındakı münasibətə borc müqaviləsindən irəli gələn münasibətlər kimi hüquqi qiymət vermişdir. Baxmayaraq ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, məhkəmə ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıbyaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, gözəllik salonu işlədən və özünə işçi axtaran iddiaçı ixtisasca qadın saç ustası olan cavabdehlə tanış olmuş, iddiaçının işlətdiyi gözəllik salonunda cavabdeh əvvəl aylıq icarə haqqı 500 manat olan otağı icarəyə götürüb işlətmiş, daha sonra tərəflər cavabdehin iddiaçının işlətdiyi salonda fəaliyyət göstərməsi barədə razılaşmışlar. Razılığın şərtləri barədə iddiaçı bir birinə zidd izahatlar versə də, sonda borc müqaviləsini imzalamaq istəməyən cavabdehə verdiyi 20.000 manatın qarşılığında sonuncunun azı 2-3 il ərzində onun salonunda arvadı ilə birlikdə işləməli olması, öz müştərilərini salona cəlb edəcəyi, əldə etdiyi gündəlik xalis gəlirini onunla yarıya böləcəyi qarşılığında verdiyini, bu şərtlərə cavabdeh tərəfindən əməl ediləcəyi halda pulun geri qaytarılmayacağını göstərmişdir. Cavabdeh isə izahatında razılığın şərtlərinə əsasən, ona verilən 20.000 manatın qarşılığında onların iddiaçıya məxsus salonda 1 il ərzində işləməli və əldə ediləcək gündəlik xalis gəliri yarıya bölməli olmalarını göstərmişdir. Tərəflər arasında borc müqaviləsindən deyil, birgəfəaliyyət göstərmələri barədə razılaşmadan irəli gələn öhdəlik münasibətlərinin mövcud olması iş üzrə tədqiq olunan şahid ifadələri, iddiaçının səs yazıları, cavabdehin təqdim etdiyi fotoşəkillər, iddiaçının cavabdehdən başqa digər şəxslə də belə qaydada müqavilə bağlamasını müəyyən edən qanuni qüvvəsini alan məhkəmə aktı ilə də öz təsdiqini tapmışdır. Belə ki, Məhkəmə kollegiyasının iclasında ifadələri dinlənilən şahidlər (cavabdehin arvadı) X.V.Tümen və K.T.Rəhimlinin ifadələri ilə iddiaçının 20.000 manat pul vəsaitini cavabdehə borc verməməsi, cavabdehin iddiaçıya məxsus gözəllik salonunda saç ustası kimi fəlaiyyət göstərib, gəliri yarı böləcəyi, tədqiq olunan iddiaçıya məxsus səs yazıları və fotoşəkillərlə cavabdehin də iddiaçıya məxsus salona transfer olması müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsinin iddiaçı X1 cavabdeh X3 qarşı pul tələbinə dair 2(103)-1899/2025 saylı mülki iş üzrə qanuni qüvvəsini alan xx.xx.2025-ci il tarixli qətnaməsi ilə isə müəyyən edilmişdir ki, «cavabdeh X7 İddiaçı ilə tanış olmadan öncə "Beauty Tac” gözəllik salonunda fəaliyyət göstərirmiş. Daha sonra iddiaçı onu işlədiyi "Beauty Tac” salonundan ona məxsus olan Sabi Beauty salonuna gəlməyi təklif etmiş, cavabdeh də həmin salona gəlmək üçün öncədən ödəniş edilməsini istəmiş və transfer qiyməti olaraq öncədən 8.000 manat ödəməyi təklif etmişdir. Lakin həmin məbləği qanunla nəzərdə tutulmuş birgə fəaliyyət kimi transfer müqaviləsi ilə rəsmiləşdirmək əvəzinə borc müqaviləsi kimi rəsmiləşdirilmişdir. Qeyd edilən məbləğin verilməsinin müqabilində cavabdeh iddiaçıya məxsus salonda işləyərkən gündəlik xərclər çıxıldıqdan sonra qalan xalis gəlirin hər dəfəsində iddiaçıya verməklə həmin pul vəsaiti on verilən 8.000 manatdan çıxılacaqdı. Cavabdeh isə 10 avqust 2023-cü il tarixindən 01 mart 2024-cü il tarixinədək 6 ay müddətinə Sabi Beauty salonunda saç ustası olaraq fəaliyyət göstərmişdir. Daha sonra isə məhkəmə kollegiyasının verdiyi izahatından da müəyyən edildiyi kimi, həmin salondan çıxmışdır. Yəni aralarında olan danışığa əsasən bir il ərizində orada işləməli olduğu halda 6 ay sonra çıxmışdır.» Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdlərin bir növü olan yalan əqdlərdə tərəflərin bəyan etdikləri (görünən) iradələri əvvəlcədən danışılmış olur. Belə ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlirlər, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin qəsdi ilə əhatə olunur. Bu səbəbdən pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, “Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.” Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Borc müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı işdə borc müqaviləsini tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti deyil və işin mübahisəsiz halıdır. Mülki iş üzrə tədqiq olunan sübutlarla isə 20.000 manat pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə borc olaraq deyil, peşəkar saç ustası kimi cavabdehdə öz fəaliyyətini iddiaçının işlətdiyi gözəllik salonunda davam etdirməsinə maraq yaratmaq, onu və onun müştərilərini salona cəlb edərək, cavabdehlə birgə fəaliyyət göstərib gəlir əldə etmək, xalis gəliri yarı bölmək məqsədi ilə verməsi öz təsdiqini tapır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanan borc müqaviləsi, onların birgə fəaliyyət göstərmələri barədə əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd olmaqla əhəmiyyətsiz əqd olduğundan iddiaçının borc müqaviləsi üzrə iddia tələbi əsassızdır. Belə ki, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). İstinad olunanlara əsasən kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı cavabdehlə birgəfəaliyyət göstərmələri barədə aralarında olan razılaşmanın şərtlərinə əsasən, icra edilməmiş qalmasını hesab etdiyi öhdəliyin icrasını tələb etmək hüququnu özündə saxlayır. Belə ki, iddiaçının uzun müddət məhkəmə iclaslarına gəlməməsi, aparılan araşdırmada, sübutların tədqiqində qeyri-səmimi olması səbəbindən hazırkı icraatda tərəflər arasında mövcud olan birgəfəaliyyət haqqında müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərin tam icra edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Məhkəmə kollegiyası mülki işdə olan sübutlar əsasında apellyasiya şikayətinin dəlilləri üzrə iddia tələbi ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-971/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3673/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3673/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver