Məhkəmə qərarları › İş №2(103)-3674/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3674/2023

15.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3674/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Süleyman qızının cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh2 MMC-in nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-131/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Süleyman qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hundayi Sonata markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətindən müştərək qaydada 20 000 manat və mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 14:00 radələrində, iddiaçıya məxsus Hundayi Sonata markalı, EL-033-İK nömrəli avtomobili etbarnamə ilə idarə edən X3 Bakı şəhəri, H.Əliyev prospektində, Sabunçu rayon ərazisində mərkəz istiqamətində 90 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olarkən Cavabdeh1 idarə etdiyi KİA Oprima ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə edərək, iddiaçıya məxsus avtomobili arxa hissəsindən vurmuş, nəticədə X1 idarə etdiyi avtomobil yolun ortasında dövrə vuraraq sağ tərəfində quraşdırılmış dəmir dirəklərə çırpılmışdır. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Hadisə ilə bağlı Bakı şəhəri DYPİ əməkdaşı araşdırma aparmış və müəyyən olunmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar Cavabdeh1dur. Bakı şəhəri DYPİ əməkdaşı tərəfindən tərtib edilən protokol və qərarla cavabdehin əməli İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Qəza zamanı iddiaçıya məxsus Hundayi Sonata markalı, EL-033-İK nömrəli avtomobilə 20.000 manat ziyan dəymişdir. Toplanmış sənədlərdən sübut olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar Cavabdeh1dur. Həmçinin sənədlərdən görünür ki, Tərtər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətində - xx.xx.2020-ci il tarixinədək məhdudlaşdırılmışdır. Lakin, Cavabdeh1 sürücülük vəsiqəsini təqdim etmədiyi üçün həmin qərar icra olunmamışdır. Qərar ica olunmadığı üçün də Cavabdeh1 tətbiq edilən intizam tənbehi hələ qüvvədədir, yəni o, intizam tənbehini icra etməmişdir, bu səbəbdən o, hadisəni törətdiyi xx.xx.2022-ci il tarixdə də qüvvədə olan məhkəmə qərarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs hesab olunur. Cavabdeh1 sürücülük hüququ olmamasına baxmayaraq, Cavabdeh2 MMC şirkətə məxsus olan KİA optima markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarəçiliyinə verərək qanunvericiliyin tələbini pozmuşdur. Sürücülük hüququ olmayan şəxsə avtomobili verən BAKU CARS 066 MMC yüksək təhlükə mənbəyinin - avtomobilin sahibi kimi vurulmuş zərər üzrə maddi məsuliyyət daşıyır. Odur ki, iddia tələbini hər iki cavabdehə qarşı yönəldir. Hundayi Sonata markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətndən müştərək qaydada 20.000 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-131/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada maddi zərərə görə 15437 (on beş min dörd yüz otuz yeddi) manat tutularaq İddiaçı Süleyman qızına ödənilməsi və iddianın qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti vermişdir.

5. İşə apellyasiya qaydasında baxılarkən KİA Oprima ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddia tələbi ilə bağlı cavabdeh MMC öhdəlik daşımamalıdır, belə ki, MMCdən avtomobili icarəyə götürən digər Cavabdeh1 hadisə zamanı qanunvericiliyin tələbini pozmuş, inzibati xəta törədib və yüksək təhlükə mənbəyi-avtomobilin sahibi kimi də məsuliyyəti o daşıyır. Bundan əlavə iddia ərizəsində qeyd edilir ki, Cavabdeh1 sürücülük hüququ məhdudlaşdırılmış şəxs olsa da, MMC avtomobili onun idarəçiliyinə verməklə qanunvericiliyin tələbini pozmuşdur, bununla bağlı cavabdeh MMC-nin nümayəndəsi bildirir ki, Cavabdeh1 ilə MMC arasında müqavilə bağlananda sürücülük vəsiqəsi MMC-yə təqdim edilmişdir, lakin MMC-nin belə bir imkanı və ya X7 məlumat bazasına çıxışı yoxdur ki, həmin vaxt sürücülük fəaliyyətinin məhdudlaşdırılması və Tərtər Rayon Məhkəməsinn Cavabdeh1 nəqliyyat vasitəsindən istifadə hüququnun məhdudlaşdırılması barədə informasiya əldə edə bilsin, bu halda MMC hər hansı məsuliyyət daşımır. Delikt üzrə məsuliyyət təqsirli, hüquqa zidd əməl nəticəsində yaranır. Lakin, burada "xxxx" MMC-nin hər hansı təqsirli əməli, hərəkət və ya hərəkətsizliyi yoxdur. Eyni zamanda avtomobilin mülkiyyətçisi də Cavabdeh2 MMC deyil, X2r. Göstərilənləri nəzərə alaraq qətnamənin MMC-yə aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-in nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi, bildirdi ki, müəssisənin sürücülük vəsiqəsinə qadağa qoyulubqoyulmadığını yoxlamaq səlahiyyəti yoxdur, müqavilə bağlananda Cavabdeh1 sürücülük vəsiqəsi təqdim edilib, buna görə də maşın icraəsinin rəsmiləşdirilməsi qanunauyğun aparılıb.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, cavabdeh MMC-nin icarəyə verdiyi "xxxx" markalı avtomobilin icbari sığortası olmayıb, buna baxmayaraq MMC tərəfindən həmin avtomobil sürücüyə icarəyə verilib, əgər maşının icbari sığortası olsaydı, dəyən zərərin bir hissəsi sığorta hesabına qarşılana bilərdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh1 Cəmaləddin oğlu və müstəqilə tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. 202 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 MMC şirkəti ona məxsus olan Kia Optima markalı **-CK-*** qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının hüdudlarında AE 238130 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh1 xx.xx.2022-ci il saat 18-00 tarixindən, xx.xx.2022 saat 21-00 tarixinədək idarə etməyi həvalə etmişdir.

11. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən DİN Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-38214- 1222 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 238130 nömrəli «VC» kateqoriyalı sürücülük vəsiqəsi vermiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2020-ci il tarixdə Tərtər Rayon Məhkəməsi tərəfindən 6 ay xx.xx.2020-ci il tarixədək məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Cavabdeh1 sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyatı üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətinə axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır.

12. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

13. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* №-li qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə olunmuşdur.

14. “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Hundayi Sonata markalı, EL-033-İK dövlət qeydiyyat nişanlı avtomaşının cəmi təmir xərcləri 17 237,00 manat məbləğində təşkil edir.

15. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli, 9/9414 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan «Auto Azərbaycan» şirkətinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Sonata” markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 15437,0 manat müəyyən edilir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. İnzibati Xətalar Məcəlləsi

23. Maddə 152.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir.

24. Maddə 152.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

25. Maddə 153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.

26. Maddə 153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 MMC-nin şikayətinə əsasən iddia tələbinin ona aid təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin Cavabdeh2 MMC-yə aid hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməməlidir.

40. Cavabdeh MMC-nin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdi ki, Cavabdeh1 avtomobili götürən zaman öz sürüclük vəsiqəsini təqdim etmişir. MMC-nin elə bir səlahiyyəti yoxdur ki, Cavabdeh1 sürücülük hüququnun məhdudlaşdırılmasını yoxlaya bilsin. Hesab edir ki, MMC-nin hər hansı təqsirli əməli, hərəkət və ya hərəkətsizliyi olmadığından, iddia tələbi ona aid hissədə təmin edilə bilməz.

41. Kollegiya qeyd edir ki, MMC-nin apellyasiya şikayətinin avtomobilin Cavabdeh1 tərəfindən götürülməsi zamanı sürücülük vəsiqəsinin MMC-yə təqdim edilməsi barədə dəlili mülki iş materialları ilə təsdiq olunur.

42. Belə ki, mülki iş materiallarənda olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən DİN Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-38214-1222 saylı məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 238130 nömrəli «VC» kateqoriyalı sürücülük vəsiqəsi vermiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2020-ci il tarixdə Tərtər Rayon Məhkəməsi tərəfindən 6 ay xx.xx.2020-ci il tarixədək məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Cavabdeh1 sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır (i/v 14).

43. İnzibati Xətalar Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

44. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.

45. Kollegiya apellyasiya şikayətinin MMC-nin Cavabdeh1 sürücülük hüququnun məhdudlaşdırılmasının yoxlamaq imkanının olmaması ilə bağlı dəlili ilə razılaşaraq onu əsaslı hesab edir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

47. Qeyd olunan normaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranma əsasları aşağıdakılardır.

48. - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) hüquqazidd olmalıdır;

49. - törədilmiş həmin əməl nəticəsində başqa şəxsə birbaşa ziyan yetirilməlidir;

50. - zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticə arasında səbəbli

51. əlaqə olmalıdır;

52. - hüquq pozan şəxsin təqsiri olmalıdır

53. Yuxarıda qeyd edilənlərə əsasən, Cavabdeh1 sürücülük hüququnun xx.xx.2020ci il tarixdə Tərtər Rayon Məhkəməsi tərəfindən 6 ay xx.xx.2020-ci il tarixədək məhdudlaşdırılmasına baxmayaraq, sürücülük vəsiqəsinin qərara əlavə edilmədiyi, nəticədə onun avtomobili MMC-dən götürdüyü zaman sürüclük vəsiqəsini MMC-yə təqdim etməsi mülki iş materialları ilə təsdiq olunduğundan, hazırkı deliktin törədilməsində MMCnin təqsiri müəyyən edilmir, bu səbəbdən hazırkı iddia tələbi cavabdeh MMC-yə münasibətdə təmin edilə bilməz.

54. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

55. Beləliklə, hadisənin baş verdiyi vaxt avtomobil qanuni əsaslarla Cavabdeh1 sahibliyində olduğundan iddia tələbi cavabdeh MMC-yə aid hissədə təmin edilə bilməz.

56. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə qeyd etdiyi cavabdeh MMC-nin icarəyə verdiyi "xxxx" markalı avtomobilin icbari sığortası olmaması barədə dəlili üzrə bildirilir ki, bu hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Nəticə:

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, cavabdeh MMcyə aid iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi cavabdeh "xxxx" MMC-yə aid hissədə təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdeh "xxxx" MMCyə verilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-131/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, cavabeh "xxxx" MMC-yə aid iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi cavabdeh "xxxx" MMC-yə aid hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu İddiaçı Süleyman qızından alınaraq cavabdeh "xxxx" MMC-yə verilməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar